İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin Mərkəzi Dispetçer Xidmətinin açılış mərasimdə iştirak etmişdir
24 yanvar 2011, 14:30
“Bakıelektrikşəbəkə” ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş 6 yarımstansiyanın açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
“Bakıelektrikşəbəkə” ASC İdarə Heyətinin sədri Baba Rzayev bildirmişdir ki, 2006-cı ilin avqustunda Prezident İlham Əliyevin “Bakıelektrikşəbəkə” ASC-nin yaradılması və onun maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı imzaladığı Fərman paytaxtın elektrik enerjisi təsərrüfatı sistemində mühüm keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdır. Bakının sürətlə inkişaf etməsi, xeyli sayda yeni obyektlərin və yaşayış massivlərinin salınması, əhalinin enerjiyə olan tələbatının artması müasir tələblərə cavab verən elektrik stansiyalarının tikintisi zərurətini yaratmışdı. Qeyd edilmişdir ki, 1946-cı ildən paytaxtda fəaliyyətdə olan 111 saylı yarımstansiyada mövcud avadanlığın köhnəlməsi və yararsız hala düşməsi, ilk növbədə əhalinin və ərazidəki obyektlərin fasiləsiz elektrik enerjisi ilə təchizatında ciddi çətinliklər yaradırdı. Problem qısa vaxtda aradan qaldırıldı və paytaxtda yeni avadanlıqla təchiz olunan, ən müasir standartlara cavab verən elektrik stansiyası tikildi.
Paytaxtın digər yerlərində yeni yarımstansiyaların tikintisi indi də davam edir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində “Bakıelektrikşəbəkə” ASC-nin investisiya proqramına uyğun olaraq yeni enerji güc mərkəzlərinin yaradılması üçün tədbirlər həyata keçirilir.
Diqqət çəkən məqamlardan biri də paytaxtın elektrik təchizatının dayanıqlılığını və etibarlılığını təmin etmək, perspektiv tələbləri ödəyəcək 110 kilovoltluq dairəvi elektrik şəbəkəsinin yaradılmasıdır. Bununla da paytaxtın elektrik enerjisi təchizatında keçmişdə olan bütün problemlər aradan qaldırılır, analoqu olmayan yeni sistem formalaşdırılır.
Prezident İlham Əliyevə 35/10/6 kilovoltluq 111 saylı, 110/35/10/6 kilovoltluq “Badamdar”, 110/35/10 kilovoltluq “Dağlıq”, 110/35/10 kilovoltluq “İçərişəhər”, 35/6 kilovoltluq 486 saylı və 35/10 kilovoltluq “Dağüstüpark” yarımstansiyalarının əvvəlki vəziyyəti və aparılmış yenidənqurma işləri, yaradılmış şərait barədə məlumat verildi. Bildirildi ki, sözügedən 6 yarımstansiyada aparılmış əsaslı yenidənqurma tədbirləri sayəsində onların hər birində yeni və müasir avadanlıq quraşdırılmışdır.
X X X
Mərkəzi Dispetçer Xidmətinin yerləşdiyi ərazidə olan 111 saylı yarımstansiyada aparılmış yenidənqurma işləri nəticəsində qurğunun gücü əvvəlki 35 meqavolt/amperdən 95 meqavolt/amperə qədər artırılmışdır. Bu da ilk növbədə, əvvəllər baş verən qəza hallarının, şəbəkədən açılmaların və digər problemlərin aradan qalxmasına şərait yaradır.
Bununla da Yasamal və Nəsimi rayonlarının bir hissəsinin elektrik enerjisi ilə fasiləsiz təchizatında ciddi keyfiyyət dəyişikliyi əldə edilmişdir. Bu yarımstansiyanın istismara verilməsi ilə “Dağlıq” və 99 saylı yarımstansiyaların yükünün azalmasına, digər yarımstansiyaların qidalandırılma etibarlılığının artırılmasına və dairəvi elektrik təchizatı sisteminin yaradılmasına nail olunmuşdur.
Prezident İlham Əliyev Mərkəzi Dispetçer Xidmətinin yerləşdiyi binada yaradılan muzeylə də tanış oldu. Muzeydə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın energetika sektorunda, o cümlədən paytaxtda yeni elektrik stansiyalarının tikintisi ilə bağlı həyata keçirilən tədbirləri əks etdirən fotolar nümayiş etdirilir. Binada energetiklərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Müasir memarlıq üslubu, rahat iş şəraiti ilə seçilən binanın xidməti otaqları müasir avadanlıqla təchiz edilmişdir.
Dövlət başçısı Mərkəzi Dispetçer Xidmətində yaradılmış şəraitlə də tanış oldu. Bildirildi ki, müasirləşdirilmiş yarımstansiyalara, məhz buradan tam nəzarət edilir. Sistemin əsas özəlliyi onun avtomatlaşdırılmış qaydada idarə olunmasıdır. Belə ki, sistem kənar müdaxilə olmadan baş vermiş qəza hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq edir. Beləliklə, burada tətbiq olunan SCADA sistemi vasitəsilə qəza hallarını müşahidə etmək, onun harada baş verdiyini müəyyənləşdirmək və tezliklə aradan qaldırılmasına nail olmaq mümkündür.
Artıq “Bakıelektrikşəbəkə” ASC-yə məxsus yeni yarımstansiyaların hamısı SCADA sisteminə qoşulmuşdur və hazırda dispetçer xidmətindən idarə olunur.
Prezident İlham Əliyev Mərkəzi Dispetçer Xidmətini və məsafədən idarə etməklə 6 yeni yarımstansiyanı işə saldı.
Dövlət başçısı daha sonra yeni yarımstansiyalarla bağlı filmə baxdı. Filmdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxtın elektrik enerjisi təsərrüfatında həyata keçirilmiş tədbirlərdən və yeni yarımstansiyalarda yaradılmış şəraitdən bəhs olunur.
Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi və kollektivə uğurlar arzuladı.