Əzizağa Əliyev və başqalarından, Bişkek, Qırğızıstan


07 avqust 2014, 11:35
Hörmətli cənab Prezident!
Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi, erməni silahlı qüvvələrinin atəşkəsi müxtəlif istiqamətlərdə pozaraq Azərbaycana qarşı təxribat törətməsi Qırğızıstanda yaşayan həmvətənlərimizi ciddi narahat edir.
Bu ölkədə yaşayan 20 minə yaxın həmvətənimiz adından bir daha bəyan etmək istəyirik ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoyulması, müharibənin sülh və danışıqlar yolu ilə həll edilməsi istiqamətində apardığınız siyasəti dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik.
Heç kəs istəməz ki, nahaq qan tökülsün, gələcəyimiz olan gənclər şəhid olsun, analar göz yaşı töksün. Lakin beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi və işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz azad edilməsi ilə bağlı tələbləri hər dəfə ermənilər tərəfindən qulaqardına vurulmuşdur.
Digər tərəfdən, Sizin Ali Baş Komandanı olduğunuz qüdrətli Ordumuzun düşmənə hər zaman layiqli cavab vermək iqtidarında olduğunun şahidiyik. Son günlər cəbhə xəttində baş verən hadisələr bir daha sübut edir ki, bölgənin ən güclü ordusu düşmənin bəd niyyətlərini gözündə qoymuş, onlara tutarlı cavab vermişdir.
Cənab Ali Baş Komandan! Ermənistan prezidenti ilə keçiriləcək növbəti görüşünüzdə biz Sizdən çox şey gözləyirik. Dünya azərbaycanlılarının ümidi yalnız Sizədir. Sizin qətiyyətli mövqeyiniz müstəqil Azərbaycan dövlətinin gələcək taleyini həll edir. Artıq neçə illərdir zillət, səfalət, aclıq, sosial problemlər içərisində boğulan Ermənistan rəhbərliyinin öz inadkarlığından əl çəkməsi sülhün bərqərar olması və regionun ümumi inkişafı üçün mühüm addım olardı. Ermənistanın hazırkı böhranı da bunu tələb edir və onların başqa çıxış yolu yoxdur. Azərbaycanın getdikcə gücləndiyi, qüdrətli və nüfuzlu bir dövlətə çevrildiyi isə göz qabağındadır.
Biz azərbaycanlılar tarixi Vətənimizdən uzaqlarda yaşasaq da daim ata-babalarımızın doğulduğu ölkəmizlə nəfəs alırıq. Azərbaycanın sevinci, uğuru da bizimdir, kədəri də, qüssəsi də. Əgər Ali Baş Komandan səfərbərlik elan edərsə, yaş həddindən asılı olmayaraq torpaqlarımızın düşməndən azad edilməsi uğrunda ayağa qalxmağa hazırıq. Təki Vətən sağ olsun!
Hörmətli cənab Prezident! Dünya azərbaycanlılarını belə bir şəraitdə Sizinlə, xalqımızla birgə olmağa və öz mövqelərini nümayiş etdirməyə çağırırıq. Allah köməyiniz olsun!
Dərin hörmətlə,
Əliyev Əzizağa Ağababa oğlu, Qırğızıstan Respublikası Baş Prokurorluğunun fəxri işçisi, əməkdar hüquqşünas, diaspora başçısı,
Hökümə Xəlilova, “Türkel” Fondunun prezidenti, jurnalist-filoloq,
Ramiz Məşədihəsənli, “Türkel” qəzetinin baş redaktoru,
Həsənov Əsəd, II Dünya müharibəsinin iştirakçısı, əməkdar inşaatçı,
Arif Qəmərli və Akuf Rəfibəyov, professorlar,
Xaris Turna, tanınmış hüquqşünas,
Alla Qurbanova və başqaları.
Qırğızıstan Respublikası, Bişkek şəhəri.