İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub

24 iyul 2014, 12:30

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.

Artıq neçə illərdir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycan beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkana çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq bu gün idman ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycanda yeni idmançılar nəslinin yetişdirilməsi də diqqət mərkəzindədir. Dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanmalarına gətirib çıxarır.

2015-ci ildə Azərbaycan daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. Birinci Avropa Oyunları ilk dəfə olaraq Bakıda keçiriləcək. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verdiyi önəmin ifadəsidir.

Bakının Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da təsdiqləyib.

Güclü idman infrastrukturu olan Azərbaycan eyni zamanda beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir. Birinci Avropa Oyunlarına bir ilə yaxın vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Bakıda Su İdmanı Növləri Sarayı, Atıcılıq Mərkəzi və digər mükəmməl infrastruktur obyektlərinin inşası davam etdirilir. Milli Gimnastika Arenası artıq istifadəyə verilib. Ölkədə idman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Bakı Olimpiya Stadionunda da işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, 2011-ci ilin iyununda təməli qoyulan stadionda tikinti işləri başa çatmaq üzrədir. Stadionun tammiqyaslı tikintisinə 2012-ci ilin noyabrında başlanılıb və işlərin gələn ilin fevralında yekunlaşması nəzərdə tutulur. Ümumi layihə üzrə işlərin böyük əksəriyyəti başa çatıb. Stadionun svay işləri bütünlüklə, torpaq və dəmir-beton işlərinin 95 faizi yerinə yetirilib. Dam konstruksiyası yerinə qoyulub və polad konstruksiya işlərinin böyük bir hissəsi yekunlaşıb. Artıq fasad örtüyünün vurulmasına başlanıb və interyer-tamamlama işləri sürətlə davam edir. Bununla yanaşı, köməkçi məşq sahəsində ot örtüyünün və qaçış zolağının salınmasına başlanılıb. Yaxın zamanlarda əsas stadionda da bu işlərə start veriləcək. Landşaft üçün infrastruktur işləri davam edir. Əsaslı yaşıllaşdırma işlərinə sentyabrda başlanacaq.

Qeyd edildi ki, paytaxtda müasir memarlıq üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə yaxın tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun bu tipli idman qurğuları sırasında özünəməxsus yeri olacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Təqribən 50 hektar ərazidə tikilən altımərtəbəli stadion 62 metr hündürlüyündədir. İnşaat işləri Beynəlxalq Tikinti Standartına, FİFA və UEFA standartlarına uyğun aparılır. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VIP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Oyun meydançasına 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada, ictimai nəqliyyatla gəlmələri nəzərdə tutulub ki, bunun üçün də 3103 yerlik avtomobil parkı inşa edilir. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetr yaşıllıq sahəsi salınacaq.

Bununla da orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.

Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.