İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

09 yanvar 2014, 17:50

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.

Prezident İlham Əliyevin giriş nitqi

- Nazirlər Kabinetinin bugünkü toplantısında biz 2013-cü ilin yekunlarını müzakirə edəcək, 2014-cü ildə qarşıda duran vəzifələr haqqında danışacağıq.

Deyə bilərəm ki, keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycanda böyük işlər görülmüşdür. Bu işlərin hamısını sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Biz bu gün əsas məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Ancaq bir daha demək istəyirəm ki, 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik.

Azərbaycanın beynəlxalq nüfuzu artdı. Beynəlxalq əlaqələrimizin inkişafı üçün gözəl imkanlar vardır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. 2013-cü ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti başa çatdı. İki il ərzində Azərbaycan öz mövqeyini ortaya qoydu. Mən bəyan etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında biz beynəlxalq hüququ və ədaləti müdafiə etmişik, hər bir məsələ ilə bağlı konkret mövqe sərgiləmişik, prinsipial mövqe tutmuşuq. Deyə bilərəm ki, bu iki il ərzində beynəlxalq birlik tərəfindən Azərbaycana olan inam və dəstək daha da artdı. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasına seçiləndə 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir. Hazırda hesab edirəm ki, bu dəstək daha da böyükdür.

Bu, onu göstərir ki, beynəlxalq aləm dövlətimizin mövqeyini müdafiə edir, dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. Şübhəsiz ki, beynəlxalq birlik bu amilləri nəzərə alaraq Azərbaycana dəstəyini daha da artıracaqdır.

2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş vermişdir. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada böyük əksəriyyət antiazərbaycan kampaniyasına qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus etmişdir və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanmışdır.

Bu hadisə bir də onu göstərmişdir ki, haqq-ədalət həmişə zəfər çalmalıdır. Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar.

2013-cü ildə Azərbaycanda bir sıra beynəlxalq tədbir keçirilmişdir. Mən onlardan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə konfransı qeyd etmək istəyirəm. Azərbaycan bu konfransın keçirilməsində təşəbbüskar kimi çıxış etmişdir. Hesab edirəm ki, bu, bizim mövqeyimizi əks etdirir. Fələstinli qardaşlarımıza olan dəstəyi biz bir daha nümayiş etdirdik. Bakıda İslam Əməkdaşlıq Təşkilatının, üzv ölkələrin nazirlərinin iştirakı ilə böyük donor konfransı keçirilmişdir və Azərbaycan öz tərəfindən Fələstinə maddi yardım da etmişdir.

Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalandı. Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür. Bu münasibətlər gələcəkdə də inkişaf edəcəkdir. Hazırda - təbii ki, 2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir.

Mən dəfələrlə bəyan etmişəm ki, biz Avropa İttifaqı ilə və üzv olmadığımız bütün başqa təşkilatlarla səmərəli işgüzar münasibətlər qurmaq istəyirik. Biz buna nail ola bilmişik. Üzv olmadığımız bütün təşkilatlarla münasibətlərimizin prinsipləri açıqdır, aydındır və beynəlxalq prinsiplərdən kənarda deyildir, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli əməkdaşlıq prinsipləridir. Əminəm ki, biz növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq.

Bakıda III Beynəlxalq Humanitar Forum keçirilmişdir. Bu, artıq gözəl ənənədir və dünya ictimaiyyətinin diqqətini çəkir. Tanınmış siyasətçilər, elm xadimləri, 10-dan çox Nobel mükafatı laureatı bu tədbirdə iştirak etmişlər. Artıq Azərbaycan dünya gündəliyində dözümlülük, tolerantlıq, humanitar əməkdaşlıq məsələləri ətrafında öz böyük rolunu ortaya qoymuşdur. Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilibdir. Artıq beynəlxalq ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir.

İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Təxminən bu forumun da gündəliyi oxşardır. Yəni, bir sözlə, Azərbaycanda keçirilən çoxsaylı tədbirlər, o cümlədən dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya İqtisadi Forumunun - Davos Forumunun toplantısının Bakıda keçirilməsi ölkəmizin önəmini artırdı, beynəlxalq imicini möhkəmləndirdi və Azərbaycanı dinamik, müasir dövlət kimi bir daha dünya ictimaiyyətinə təqdim etdi. Yəni, mən bu gün sadəcə olaraq cəmi bir il ərzində keçirilən əsas beynəlxalq tədbirləri sadalamışam. Görün, nə qədər böyük işlər görülmüşdür və Azərbaycanın mövqeyi nə qədər möhkəmləndirilmişdir.

Bizim başqa ölkələrlə ikitərəfli formatda münasibətlərimiz də inkişaf etmişdir. Mənim çoxsaylı xarici səfərlərim, xarici qonaqların Azərbaycana səfərləri bu əlaqələri daha da möhkəmləndirmişdir. Əminəm ki, bu il də bu meyl davam etdiriləcəkdir.

Xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində, əfsuslar ki, heç bir irəliləyiş olmamışdır. Ermənistan tərəfi il ərzində danışıqlar prosesini yenə də müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçmişdir. Demək olar ki, il ərzində danışıqlar prosesində heç bir irəliləyiş olmamışdır, durğunluq hökm sürmüşdür. Sadəcə olaraq ilin sonunda müəyyən canlanma müşahidə edilib. Görərik, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar vardır, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaqdır. Sözün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqe sərgiləmişdir, vaxtı uzatmaq taktikasını seçmiş və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salmışdır.

Ancaq əgər Ermənistanda realist yanaşmalar üstünlük təşkil edərsə, hesab edirəm ki, qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyiş ola bilər. Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə söykənməlidir. Azərbaycanın artan gücü də burada öz rolunu oynayır və oynayacaqdır. Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial.

Hesab etmirəm ki, hansısa bir ölkə üçün ancaq xarici yardıma arxalanmaq böyük şərəf gətirir. Hər bir ölkə hər halda çalışmalıdır ki, öz müstəqilliyini qorusun, öz seçimini müdafiə etsin, öz dövlətinin gələcəyi haqqında düşünsün. Hər halda güclər nisbəti çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişildi. Mən bu barədə hələ 5-6 il bundan əvvəl demişəm, öz fikirlərimi bildirmişəm. Artıq biz buna nail ola bilmişik və bundan sonrakı dövr də şübhəsiz, Azərbaycan dövləti üstünlüyünü daha da möhkəmləndirəcəkdir.

Ümid edirik ki, danışıqlar prosesində müsbət dəyişikliklər olacaqdır. Beynəlxalq vasitəçilər çalışırlar ki, burada irəliləyiş olsun. Ancaq mən bunu qeyd etməliyəm, onların fəaliyyətinin hələ ki, heç bir nəticəsi olmamışdır. Bu da reallıqdır. Biz vasitəçilər tərəfindən, onların dövlət başçıları tərəfindən müsbət bəyanatları eşidirik. Onların içində xüsusilə qeyd etməliyəm ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatlarında status-kvonun qəbuledilməzliyi haqqında sözlər deyilmişdir. Bu, çox müsbət haldır. Eyni zamanda, onlar daim təkrarlayırlar ki, danışıqlara alternativ yoxdur. Bilirsiniz, müasir dünyada hər bir sahədə kifayət qədər alternativ vardır. Sadəcə olaraq biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan öz konstruktiv mövqeyini ortaya qoyur və ümid edirəm ki, danışıqlarla bağlı prosesdə vasitəçilər daha da fəal rol oynayacaqlar. Sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməlidir, işğal edilmiş torpaqlardan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Razılaşmanın prinsipləri bundan ibarətdir.

Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Mən buna şübhə etmirəm və buna nail olmaq üçün biz hələ ki, danışıqları davam etdirəcəyik, ancaq öz gücümüzü də artıracağıq.

O cümlədən hərbi gücümüz də artır. 2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmışdır. Biz çox ciddi islahatlara başladıq. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaqdır. Qeyd etməliyəm ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə silah-sursat, texnika almışdır, - ən müasir texnikadır, - bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcəkdir.

Bəzi hallarda bu məsələ ilə əlaqəsi olmayan qurumlar, yaxud da, Ermənistanın dəyirmanına su tökən siyasətçilər bizi tənqid etməyə çalışırlar ki, nə üçün Azərbaycan hərbi büdcəsini artırır. O ölkələrin nümayəndələri bunu deyir ki, onların hərbi büdcəsi göylərə qalxıbdır. Bizim təbii hüququmuzdur, biz öz hərbi potensialımızı artırırıq, artıracağıq. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam etdiriləcəkdir.

Erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemləri də keçən il həll olunmuşdur, 20 min köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Bu il də ən azı 20 min köçkünün yeni evlərə köçürülməsi nəzərdə tutulur. Faktiki olaraq, biz il ərzində bir şəhər yaradırıq və bu siyasəti davam etdirəcəyik. Çünki hələ ki, məktəblərdə, uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda ağır vəziyyətdə yaşayan köçkünlər kifayət qədərdir. Artıq bu proses də başlamışdır və davam etdiriləcəkdir.

Əlbəttə ki, ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atıb. Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, əminəm ki, nə beynəlxalq aləmdə, nə də regionda bu uğurlara nail ola bilməzdik. 2013-cü ildə iqtisadiyyatımız inkişafını davam etdirmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz artmışdır. Yəni, təxminən 10 faiz artmışdır və bu da son illərdə aparılan islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edibdir. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir və növbəti illərdə icra ediləcəkdir. Əminəm ki, biz bu dinamikanı saxlayacağıq. Əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə cəmi 2,4 faizdir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir. Bu, onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşır və müsbət dinamika burada da özünü göstərir.

İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Heç vaxt il ərzində bu qədər investisiya qoyulmamışdır. Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard dolları daxili sərmayədir. Bu da artıq neçə ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində əsas sərmayə dövlət sərmayəsidir. Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük yatırımlar edir.

Bizim valyuta ehtiyatlarımız da rekord həddə çatmışdır. Mən dəfələrlə demişəm, yenə də qeyd etmək istəyirəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artmalıdır və artır. Son illər ərzində elə bir il olmamışdır ki, valyuta ehtiyatlarımız aşağı düşsün. Baxmayaraq ki, çoxlu investisiya layihələri icra edilir, keçən il də artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir. Bunu biz yaratmışıq, bunu bizim siyasət, bizim iqtidar yaradıbdır. Bu, Azərbaycanın böyük üstünlüyüdür, bizə əminlik, inam və imkan verir ki, bundan sonra da ölkəmizin inkişafı ilə bağlı böyük layihələri icra edək.

Keçən il işsizliklə bağlı olan problemlər öz həllini tapmışdır. 110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə düşmüşdür. Yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür, 5,3 faizdir. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür.

Budur bizim əsas iqtisadi göstəricilərimiz. Şübhə etmirəm ki, biz iqtisadi inkişafı gələcək illərdə də təmin edəcəyik. Bu barədə biz bir qədər sonra danışacağıq ki, 2014-cü il də ölkəmiz üçün uğurlu olsun.

Keçən il sosial məsələlərin həlli işində önəmli addımlar atılmışdır. İlk növbədə, sovet vaxtından qalan əmanətlərin qaytarılması, daha doğrusu, kompensasiya şəkilində əhaliyə verilməsi prosesi başa çatmışdır. Deyə bilərəm ki, MDB məkanında bu əmanətlərin kompensasiya şəklində verilməsində Azərbaycan təcrübəsi birinci yerdədir. Biz bunu ən qısa müddətdə - iki il ərzində təmin etmişik. Biz bu vəsaiti əhaliyə ən böyük əmsalla çatdırmışıq. Baxmayaraq ki, müstəqil Azərbaycan dövləti bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımırdı – nə hüquqi, nə mənəvi məsuliyyət. Ancaq siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayandığı üçün biz bunu etdik. Böyük vəsait ayırdıq və qısa müddət ərzində bu məsələni həll edə bildik.
Keçən il maaşlar və pensiyalar qaldırılmışdır. Bu da müsbət haldır. Biz yaxşı bilirik ki, bəzi ölkələrdə pensiyalar, maaşlar kəsilir, iş yerləri, xərclər ixtisar edilir. Azərbaycanda heç bir sosial proqrama toxunulmadı, əksinə biz insanların rifah halının yaxşılaşması üçün əlavə tədbirlər gördük. Həm sosial yönümlü, həm investisiya yönümlü. Əlbəttə ki, bu, özünü real həyatda da göstərir.

2013-cü ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır və statistik göstəricilər də bunu təsdiqləyir. Mən onların içində kosmik sənayenin yaranmasını qeyd etmək istəyirəm. 2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Təsadüfi deyil ki, biz ilin əvvəlində 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etdik. Birinci Azərbaycan peyki “Azərspace-1” fəzaya qaldırılmışdır. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir. Biz kosmik kluba üzv olmuşuq.

Turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu istiqamət də çox önəmlidir.

Əlbəttə, kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun deyə bilərəm ki, əsas istiqamətlərindən biridir. Keçən il kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. Ancaq potensial daha da böyükdür. Mən hesab edirəm ki, 2014-cü ildə və ondan sonrakı illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı daha da böyük işlər görüləcəkdir. Böyük proqramlarımız, planlarımız vardır. Həm struktur xarakterli islahatlar, idarəçilikdə təkmilləşmə getməlidir. İndi subsidiyalarla bağlı yeni təkliflər müzakirə edilir. Əlbəttə ki, dövlət investisiyaları, infrastruktur layihələri, xüsusilə suvarma ilə bağlı olan layihələr hesab edirəm ki, kənd təsərrüfatının inkişafına yeni təkan verəcəkdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ən böyük vəsait fermerlərə verilir. Bu il də bu, davam etdiriləcəkdir. Yəni, qeyri-neft sektorunun inkişafı bu il də bizim iqtisadi sahədə prioritet olaraq qalır.

Ancaq biz əlbəttə ki, neft sektorunu da, nəqliyyat sektorunu da unutmamalıyıq. Nəqliyyat sektorunda da böyük işlər görülmüşdür. Beş yüz kilometr yol çəkilmişdir. Həm magistral yollar, həm də dörd yüz yaşayış məntəqəsini birləşdirən kənd yolları çəkilmişdir. Həm dövlət büdcəsinin, həm də Prezidentin ehtiyat fondu hesabına. Yəni, bu sahəyə də böyük önəm verilir. Qlobal nəqliyyat layihələri icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gedir. Bu il də bu işin böyük hissəsi görüləcəkdir. Ümid edirəm ki, biz 2015-ci ildə artıq yolun açılışını qeyd edə bilərik. Gəmiqayırma zavodunun açılışı. Bu da həm sənaye, həm qeyri-neft, həm də nəqliyyat sektorunun güclənməsinə xidmət göstərəcəkdir. Ələt Dəniz Ticarət Limanı tikilir. Bu il biz onun birinci mərhələsinin açılışını gəzləyirik. Dəmir yolunun, hava nəqliyyatının yenilənməsi prosesi gedir. Yəni, bütün nəqliyyat sektoru inkişaf edir.

Əlbəttə ki, neft-qaz sektorunda da 2013-cü il tarixdə qalacaqdır. 2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər bağlanmışdır. 2012-ci ildə TANAP layihəsi ilə bağlı sazişin imzalanması buna gətirib çıxardı ki, 2013-cü ilin iyun ayında Trans-Adriatik boru xətti əsas marşrut kimi seçilmişdir. Ondan sonra müvafiq kontraktlar bağlanmışdır. Artıq Azərbaycan qazının 2018-ci ildən sonra Avropada satılması ilə bağlı bütün kontraktlar bağlanmışdır. Bu da çox önəmli bir hadisə idi. Nəhayət, ilin sonunda - dekabrın 17-də Bakıda “Şahdəniz-2” investisiya Sazişi bağlanmışdır. Bu tarixi nailiyyətdir, tarixi qələbəmizdir. Bu layihə XXI əsrin layihəsidir.

Bu layihə Azərbaycana böyük dividendlər gətirəcəkdir - həm iqtisadi, həm siyasi. Ölkəmizin nüfuzu, bizim iqtisadi gücümüz artacaqdır. Ölkəmizə böyük həcmdə investisiyalar gətiriləcəkdir. “Şahdəniz-2”, TANAP, TAP - yəni, bu məsələ ilə bağlı olan layihələrin icrası ancaq ilkin hesablamalara görə, 45 milyard dollar investisiyanın cəlb edilməsinə xidmət göstərəcəkdir. Nəzərə alsaq ki, artıq Azərbaycanda tikinti sektorunda, infrastruktur layihələrinin icrasında, neft-qaz əməliyyatlarının aparılmasında böyük təcrübə toplamış həm dövlət, həm özəl qurumlar, şirkətlər vardır, əlbəttə, bu şirkətlərə böyük sifarişlər veriləcəkdir. Beləliklə, bizim biznesimizdə qeyri-neft sektorumuz yeni imkanlara çatacaqdır. Əlbəttə, biz çalışacağıq və bunu artıq demişik ki, harada mümkündür, harada bizdə standartlara uyğun işlər görülür bütün kontraktlar Azərbaycan şirkətlərinə verilsin və onlara şərait yaradılsın. Yəni, bu layihə Azərbaycanı dünyaya əvəzolunmaz bir qaz ixrac edən ölkə kimi təqdim edir.

Yaxşı bilirsiniz ki, bu layihə beynəlxalq birliyin də böyük dəstəyini qazanmışdır. Azərbaycanda aparıcı ölkələrin, yüksək vəzifəli şəxslərin iştirakı ilə təntənəli mərasim keçirilmişdir. Azərbaycan “Cənub” qaz dəhlizinin təşəbbüskarı kimi burada da öz həlledici rolunu oynadı. Mən tam əminliklə deyə bilərəm ki, əgər Azərbaycan bu tarixi məsuliyyəti öz üzərinə götürməsəydi və həlledici anlarda cəsarət, uzaqgörənlik, prinsipial mövqe göstərməsəydi, bu layihə icra edilməzdi. Biz “Cənub” qaz dəhlizi ilə bağlı artıq 10 ilə yaxındır ki, müxtəlif tədbirlərdə iştirak edirdik. Mən şəxsən bəlkə 10-a yaxın beynəlxalq konfransda, tədbirdə, müşavirədə iştirak etmişdim. Ancaq görürdük ki, bu məsələ inkişaf etmir, yəni, elə yerində sayır, tərpənmir, qabağa getmir. Ona görə, biz yenə də məsuliyyəti öz üzərimizə götürdük. Biz anlayırdıq ki, bu layihənin lideri olmalıdır və liderlik funksiyasını öz üzərimizə götürdük. Bu, böyük məsuliyyətdir. Həm siyasi məsuliyyətdir, həm maliyyə məsuliyyətidir. Ancaq son illər ərzində yaratdığımız güclü iqtisadiyyat bu gün imkan verir ki, biz bu layihələrdə də, qlobal xarakter daşıyan layihələrdə də liderlik keyfiyyətlərimizi ortaya qoyaq. Bu gün Avropanın enerji təhlükəsizliyi məsələlərinin bir hissəsi Azərbaycan tərəfindən irəli sürülmüş layihələr hesabına təmin ediləcəkdir. Bu layihənin əhəmiyyəti o qədər böyükdür ki, gələcək illər mənim sözlərimi bir daha təsdiqləyəcəkdir.

Nəhayət, 2013-cü ildə Azərbaycanda ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə baş vermişdir - prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha öz səsini bizim siyasətimizə, real siyasətə vermişdir, boşboğazlığa, boş vədlərə yox, real siyasətə, real işlərə öz səsini vermişdir. Doğma xalqıma bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, on illik fəaliyyətimi yüksək qiymətləndirərək mənə yenidən böyük etimad göstərmişdir. Bildiyiniz kimi, seçkiləri müşahidə edən bütün mötəbər təşkilatlar seçkilərə çox müsbət qiymət vermişlər. Avropa Şurası, Avropa İttifaqı, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar, yəni, qlobal təşkilatlar seçkilərin keçirilməsini birmənalı olaraq yüksək qiymətləndirmişlər və öz bəyanatlarında seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi haqqında rəsmi rəy ortaya qoymuşlar. Ancaq bir daha demək istəyirəm ki, əsas rəyi Azərbaycan xalqı vermişdir. Səsvermə günü və səsvermədən sonrakı dövrdə cəmiyyətdə hökm sürən vəziyyət bir daha seçkilərin nə qədər şəffaf, ədalətli keçirilməsini təsdiqləyir. Əlbəttə ki, bu böyük etimad bizim hamımızı yeni işlərin görülməsinə sövq edir, sövq etməlidir. Biz bundan sonra da fəal işləməliyik, ölkəmizi gücləndirməliyik, Azərbaycan xalqının rifah halını təmin etməliyik.

X X X

Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının 2013-cü ildə öz dinamik inkişafını qoruyub saxladığını bildirən maliyyə naziri Samir ŞƏRİFOV dedi:

- 2013-cü il üzrə makroiqtisadi göstəricilərin dinamikası ölkə iqtisadiyyatının şaxələnməsinə yönəlmiş iqtisadi kursun uğurla icra olunmasını nümayiş etdirir. Belə ki, operativ məlumata əsasən, ötən ildə 57 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,8 faiz olmuş, qeyri-neft sektoru üzrə isə 9,8 faiz artım əldə edilmiş, adambaşına düşən ümumi daxili məhsulun həcmi isə 4,4 faiz artaraq 6 min 132 manata (təxminən 8 min ABŞ dollarına) çatmışdır.
Əhalinin rifah halının göstəricilərində də müsbət dinamika müşahidə olunur. 2012-ci illə müqayisədə işləyənlərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manat, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manat olmuşdur.
Ötən müddət ərzində manatın dəyəri sabit qalmış, inflyasiya 2,4 faiz təşkil etmiş və əhalinin pul gəlirlərinin artımından xeyli aşağı olmuşdur. 2013-cü ildə əhalinin banklarda olan əmanətlərinin məbləği 6,8 milyard manata çataraq 34 faiz artım əldə edilmişdir.

Operativ məlumata əsasən, ötən il dövlət büdcəsinin mədaxili 19 milyard 494 milyon manat və ya 101,8 faiz yerinə yetirilməklə 2012-ci illə müqayisədə 2 milyard 213 milyon manat və ya 12,8 faiz çox olmuşdur. Qeyri-neft sektorundan əldə olunan daxilolmalar 2012-ci illə müqayisədə 584 milyon manat və yaxud 13 faizə yaxın artmışdır.

Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi müvafiq olaraq 104,1 faiz və 100,2 faiz əməl edərək büdcəyə 6 milyard 664 milyon manat və 1 milyard 383 milyon manat vəsait təmin etmişlər ki, bu da 2012-ci ilə nisbətən müvafiq olaraq 639 milyon manat (10,6 faiz) və 175 milyon manat (14,5 faiz) çoxdur.

Ötən ildə dövlət büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin sabit maliyyələşdirilməsi təmin edilmiş, əmək haqları, müavinətlər, pensiyalar üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilmişdir.

2013-cü ildə dövlət büdcəsinin xərcləri 19 milyard 112 milyon manat və yaxud 96,3 faiz yerinə yetirilmişdir. Bu, 2012-ci illə müqayisədə 1 milyard 697 milyon manat və ya 9,7 faiz çox deməkdir.

Ötən il dövlət büdcəsi xərclərinin 32,6 faizi və ya 6 milyard 239 milyon manatı sosial təyinatlı xərclərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idman xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 598 milyon manat və ya 10,6 faiz çoxdur.

Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının məqsədyönlü kursunun davamı olaraq ötən il minimum əmək haqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilmişdir. Dövlət sektorunda çalışanların əmək haqları isə ən azı 10 faiz həcmində artırılmışdır.

Tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaratmışdır.

2013-cü ildə də dövlətin sosial siyasətinin mərkəzində doğma yurd-yuvalarından didərgin düşmüş 1 milyona yaxın məcburi köçkünün mənzil-məişət şəraitinin və sosial təminatının yaxşılaşdırılması məsələləri durmuşdur ki, bu məqsədlərə dövlət büdcəsindən və Neft Fondunun büdcəsindən üst-üstə 522 milyon manat vəsait yönəldilmişdir. Məcburi köçkünlərə ərzaq təminatı ilə bağlı 110 milyon manat sosial müavinət, bəzi kommunal xidmətləri (elektrik enerjisi, qaz, su və s.) üzrə güzəştlərin tətbiqi ilə bağlı 96 milyon manat vəsait ödənilmiş, sosial müavinətlərin aylıq məbləği isə 10 faiz artırılmışdır.

2013-cü ildə xüsusi əhəmiyyət kəsb edən və cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, ən vacib sosial layihələrindən biri kimi vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik ödənilməsi prosesinin başa çatması olmuşdur. Ödənişə başlanıldığı andan MDB məkanında rekord müddətdə, yəni 1 il 7 ay ərzində 1 milyon 623 minə yaxın əmanət hesabı üzrə 597 milyon manat fərdi birdəfəlik ödəmələr həyata keçirilmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi və hərbçilərin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi 2013-cü ildə də prioritet hədəflərdən olmuş, ötən il bu məqsədə dövlət büdcəsinin faktiki xərclərinin 15 faizi (2 milyard 867 milyon manat) səviyyəsində vəsait yönəldilmişdir.

Ölkənin maliyyə balansında tarazlıq gözlənilməklə 2013-cü ildə iqtisadiyyata rekord səviyyədə sərmayə qoyulmuşdur. Dövlət əsaslı vəsait qoyuluşu da ən yüksək səviyyəyə çatmış, 7 milyard manat səviyyəsində vəsait yönəldilmişdir. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idman və s.) tikintisi və yenidən qurulması üçün 2 milyard 37 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 3 milyard 743 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 262 milyon manat, digər layihələrin maliyyələşdirilməsi üçün isə 873 milyon manat vəsait sərf edilmişdir.

Dövlət büdcəsinin investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatına, sosial və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına təxminən 754 milyon manat məbləğində vəsait sərf edilmişdir. Dövlət Neft Fondunun vəsaiti hesabına ölkəmizdə və xaricə qoyulmuş sərmayələr hesabına həyata keçirilən bir sıra investisiya layihələrinin icrası üçün ötən il 1 milyard 74 milyon manat vəsait yönəldilmişdir.

Şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 347 milyon manat vəsait ayrılmışdır.

Hesabat ilində regionların sosial-iqtisadi inkişafında sürətli dinamika təmin edilmiş, bütövlükdə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı bərpa olunmuşdur, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir.

2013-cü ildə sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilmiş, iqtisadiyyatın müxtəlif sahələri üzrə 4468 sahibkara 275 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 150 milyon manatını dövlət büdcəsindən ayrılmış vəsait təşkil edir.

Yuxarıda qeyd olunan işlərlə yanaşı, dövlət və icmal büdcələrin vəsaiti, həmçinin xaricdən cəlb olunmuş kreditlər hesabına növbəti illərdə qeyri-neft sektorunun daha da iri miqyasda inkişafına zəmin yaradacaq və tarixi əhəmiyyət kəsb edən bir sıra infrastrukturlar, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün Samur-Abşeron suvarma sistemi yenidən qurulmuş, Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyası, 780 meqavat gücündə Cənub Elektrik stansiyası istifadəyə verilmiş, regionların elektrik, qaz, su, kanalizasiya şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlər geniş vüsət almışdır.

Böyük İpək Yolunun bərpasına və canlandırılmasına xidmət edəcək və transregional əhəmiyyətə malik olan yeni Bakı Dəniz Limanının, Bakı-Böyükkəsik dəmir yolunun yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri üzrə işlərin davam etdirilməsi üçün dövlət və icmal büdcələrinin vəsaiti, həmçinin xaricdən cəlb edilmiş kreditlər hesabına maliyyələşmələr davam etdirilmişdir.

Dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər 2013-cü ildə də davam etdirilmiş, dövlət büdcəsi xərclərinin yarıdan çox hissəsinin proqramlar və məqsədli tədbirlər əsasında tərtibinə və icrasına nail olunmuşdur.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında baş verən inkişafın informasiya texnologiyaları sahəsində də bir çox nailiyyətlərin əldə olunmasına şərait yaratdığını, 2013-cü ilin dövlətimizin başçısı tərəfindən İKT ili elan olunmasının da qazanılan nəticələrə önəmli təsir göstərdiyini bildirən rabitə və informasiya texnologiyaları naziri Əli ABBASOV dedi:

- İKT sektorunun artım tempi ənənəvi olaraq ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil etmişdir və sahə üzrə ümumi gəlirlər 2 milyon dolları ötmüşdür. Telekommunikasiya sahəsində stasionar telefon şəbəkəsi genişlənərək regionda (MDB və Mərkəzi Asiyada) müasirliyi, keyfiyyəti, əhatə dairəsi və qiymət göstəricilərinə görə ön cərgədədir. Mobil telefon şəbəkəsi isə əhali və ərazi əhatəsinə görə daha da genişlənərək Avropa orta səviyyəsindən yüksək olmuşdur. Hələ dünyanın bir çox ölkələrində 2-ci nəsil rabitə texnologiyası tətbiq edildiyi halda, ölkəmizdə 3-cü nəsil texnologiya tamamilə, Bakı və Abşeronda isə 4-cü nəsil rabitə texnologiyaları tətbiq olunmağa başlanılmışdır. Mobil nömrələrin operatorlar arasında avtomatik daşınma sistemi yaradılmışdır.

Qlobal İnternet şəbəkəsinin Azərbaycan seqmenti hesabat ilində inkişaf etmiş, 70 faiz istifadə sıxlığı ilə MDB və Mərkəzi Asiyada öz liderlik yerini saxlamışdır. Beynəlxalq şəbəkəyə çıxış 35 faiz, ölkədaxili elektron kontent təxmini hesablamalara görə 40-45 faiz, elektron kommersiya və pərakəndə satış 50 faiz artmış, elektron təhsil və səhiyyə xidmətlərindən istifadə xeyli genişlənmişdir. İnternet üzərində işgüzarlıq fəaliyyəti xeyli sürətlənmişdir. Mobil və stasionar genişzolaqlı internetin abonent şəbəkəsi 30 faiz artmışdır. Radio və televiziya texniki yayım infrastrukturunun inkişafında hesabat ili rəqəmli efirə keçidlə yadda qalmışdır. 2013-cü ildə bütün ölkə əhalisinin 95-98 faizi rəqəmli televiziya ilə əhatə olunmuşdur və ölkəmiz analoq efiri ilə vidalaşmağa hazırdır. Bu texnoloji göstərici üzrə ölkəmiz inkişaf etmiş ölkələr sırasında yer almışdır.

Sərhəd zonalarda qonşu ölkələrdən efirə müdaxilələrin qarşısının alınması üçün hesabat ilində üç güclü stansiya quraşdırılmışdır. Müvafiq təhlükəsizlik xidmətləri ilə birgə aparılmış işlər nəticəsində artıq bu gün bu sahədə ciddi problemlərlə üzləşmirik. Ölkəmiz üçün çox vacib əhəmiyyəti olan bütün spektr boyu radiotezliklər resurslarının monitorinqi sisteminin birinci növbəsi, yəni Bakı və Abşeron yarımadası üçün stasionar və digər ərazilər üçün isə 3 mobil stansiya quraşdırılıb istifadəyə verilmişdir.

Hesabat ilində poçt sektorunda gəlirlər 5,5 faiz artmışdır. Poçt sistemində ənənəvi xidmətlərdən əlavə bank və maliyyə xidmətləri, o cümlədən bank hesablarının idarə olunması, nağdsız ödəmələr, pul köçürmələri, kommunal və digər ödənişlərin həyata keçirilməsi, ucqar kəndlərdə pensiyaların paylanması, ümumiyyətlə depozit və kreditlər istisna olmaqla, bütün xidmətlərin göstərilməsi xeyli genişləndirilmişdir. Poçt vasitəsilə elektron kommersiya xidmətlərinin və həmçinin ucqar kəndlərdə xidmətlərin poçt mobil avtomobillər vasitəsilə göstərilməsinə başlanılmışdır.

“Elektron hökumət” portalı vasitəsilə elektron xidmətlərin göstərilməsi genişlənmiş, hesabat ilində portala yeni xidmətlər əlavə olunmuşdur. Beləliklə Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmətdən 281-i hökumət portalı vasitəsi ilə rəsmi verilir. 2013-cü ildə elektron hökumət portalına 262 min vətəndaş müraciət etmiş və 730 mindən çox elektron xidmət alınmışdır. Vergilər Nazirliyinin ASAN mobil imza sertifikat mərkəzi yaradılmış və ölkənin vahid elektron imza sisteminə qoşulmuşdur.

Kosmik fəaliyyət sahəsində “Azərspace-1” telekommunikasiya peyki orbitə çıxarılmış və 2013-cü ilin iyul ayından kommersiya fəaliyyətinə başlamışdır. Peykdə 60-dan çox televiziya kanallarının, əsasən xarici ölkələrin və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir. 6 ay ərzində təxminən 10 milyon ABŞ dolları həcmində xarici ölkələrə ixrac xidmətləri göstərilmiş və bu vəsait “Azərkosmos ASC” tərəfindən Maliyyə Nazirliyinin nəzarəti ilə 2013-cü ilin kredit borclarının təxminən 60–65 faizinin ödənilməsinə yönəlmişdir. Peyklərin yerüstü idarəetmə əsas və ehtiyat mərkəzləri yaradılmışdır və yerli mütəxəssislər tərəfindən idarə olunur. 2016-cı ilə planlaşdırılan yer səthinin monitorinqi peykinin layihə sənədləri və hazırlıq işləri başa çatmışdır və yaxın vaxtlarda tender elan olunacaqdır. Müşahidə peyki özünün texnoloji göstəricilərinə görə ən yeni nailiyyətlər sırasındadır və şəxsən, cənab Prezident, Sizin şəxsi müdaxiləniz layihənin uğurlu olması üçün zəmin yaratmışdır. 2017-ci ildə orbitə çıxarılması planlaşdırılan növbəti telekommunikasiya peykinin layihələndirilməsi üzrə işlər davam etdirilmişdir.

Regional və beynəlxalq səviyyədə tranzit informasiya magistrallarının qurulmasında və regional İKT xidmətlərinin göstərilməsində işlər davam etdirilmişdir. Avropadan Yaxın Şərqə gedən informasiya magistralının Azərbaycan seqmentinin qurulması başa çatmış və istismarına başlanılmışdır. BMT-nin Baş Assambleyasının sentyabrda keçirilən 67-ci sessiyasının xüsusi qətnaməsi və ölkəmizin koordinatorluğu ilə Avro-Asiya Rabitə Alyansı yaradılmış və Trans-Milli Avro-Asiya İnformasiya Magistralı layihəsi üzrə konsorsium yaradılması üçün memorandum imzalanmışdır.

Bu gün Azərbaycanda yeni tipli nanomateriallar, elektron qurğular, işıq elementləri, elektron tabletlər, Azərbaycan dilində tam səslə idarəolunan kompüterlər, proqram təminatı, yeni mobil tətbiqləri və yeni həllərin yaradılması çox tez-tez müşahidə olunur. İndi biz müvafiq dövlət və hökumət strukturları ilə birlikdə bu tip və digər innovativ məhsul və xidmətlərin kütləvi istehsala çevrilməsi üzərində işləyirik. Bu işlərə, cənab Prezident, Sizin xüsusi diqqətiniz, Sərəncamlarınızla yaradılan müxtəlif fondlar, o cümlədən İKT-nin inkişafı üzrə Dövlət Fondu, müxtəlif iqtisadi zonalar, o cümlədən Yüksək Texnologiyalar Parkı və innovativ və texnoloji inkişaf üçün çox vacib olan yüksək səviyyəli mütəxəssis və mühəndislərin hazırlanması üçün həyata keçirilən tədbirlər xüsusi təkan vermişdir.

Cənab Prezident, İKT ili artıq bitmişdir. Sizin İKT ili ilə əlaqədar Sərəncamınızla təsdiq olunan və Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlarla birlikdə həyata keçirilən tədbirlər planı bütün bəndlər üzrə yerinə yetirilmişdir. Tədbirlər planında infrastruktur və istehsal layihələri ilə birlikdə, həmçinin maarifləndirmə, elmi texniki konfrans, forum və sərgilərin keçirilməsi ilə bərabər, onlayn kütləvi aksiyalar da keçirilmişdir. Bunların sırasında ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Mən Azərbaycanlıyam” onlayn bilik yarışması cəmiyyətdə xüsusi maraqla qarşılanmışdır. 6 ay davam edən bu onlayn yarışmada 230 mindən çox insan iştirak etmiş və intellektual oyunlara 8 milyondan çox müraciət olunmuşdur.

Bu ilin nəticələrinə görə biz, həmçinin gələcək 5 ilin əsas hədəflərini təyin etmişik. Bunlar aşağıdakılardır:

Birincisi, şəbəkə infrastrukturunun inkişafı sahəsində 2017-ci ilin sonuna mobil və stasionar şəbəkələr üzərində yüksək sürətli genişzolaqlı optik və simsiz şəbəkələrin qurulması və hər bir vətəndaş, iş və ev təsərrüfatının bu şəbəkəyə çıxışını təmin etmək və inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaqdır. Həmçinin, radio-televiziya şəbəkələrində bütün növ rəqəmli yayım texnologiyalarının tətbiqinin genişləndirilməsi və hər bir vətəndaşa çatdırılmasıdır;

İkincisi, rəqəmli iqtisadi sektorun inkişafında yüksək texnologiyalara əsaslanan elektronika və nanoelektronika, kosmik peyklər və yeni informasiya texnologiyaların tətbiqi ilə ixrac potensialının gücləndirilməsinə yönələn innovativ və rəqabətə davamlı məhsul və xidmətlərin istehsalının təmin edilməsidir. Bu istiqamətdə bir neçə transmilli şirkətlə böyük həcmli birgə layihələrin müzakirəsinə başlanmışdır.

Üçüncüsü, regional və beynəlxalq səviyyədə informasiya və tranzit xidmətlərinin genişləndirilməsi, müvafiq təhlükəsizlik strukturları ilə birlikdə kibertəhlükəsizliyin möhkəmləndirilməsidir

Nəhayət, dördüncüsü müvafiq hökumət strukturları ilə əhali və sahibkarlara göstərilən dövlət xidmətlərinin elektronlaşdırılması və elektron hökumət portalı vasitəsilə yerlərə çatdırılmasının sürətləndirilməsidir.

X X X

Səhiyyə naziri Oqtay ŞİRƏLİYEV 2013-cü ilin ölkə səhiyyəsi üçün uğurlu olduğunu, Prezident İlham Əliyevin Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının gücləndirilməsinə böyük diqqət göstərdiyini, bunun nəticəsində ölkəmizdə yüksək texnologiyalarla təchiz olunan tibb mərkəzlərinin yaradılmasının geniş vüsət aldığını vurğulayaraq dedi:

- Təkcə 2013-cü ildə Azərbaycanda 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Onların 56-sı artıq istifadəyə verilib. Bundan əlavə, yeni ilin ilk günlərində möhtəşəm çoxprofilli klinikanın – ən müasir səviyyədə inşa və təchiz edilmiş Bakı Sağlamlıq Mərkəzinin də dövlət başçısının iştirakı ilə açılışı oldu.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə ocaqlarının açılışında şəxsən iştirakı artıq ənənəyə çevrilib. Dövlət başçısı Tibb Universitetinin Cərrahiyyə Klinikasının, 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının, Astara, Ağcabədi, Cəlilabad, Lənkəran, Yevlax rayon mərkəzi xəstəxanalarının açılış mərasimlərində iştirak edib, bu tədbirlərdə tibb işçiləri ilə görüşüb, onların zəhmətini yüksək dəyərləndirib.

Əlamətdardır ki, son illərdə istifadəyə verilən 500-dən artıq səhiyyə müəssisəsinin 70 faizi regionların payına düşür. İndi Azərbaycanın bütün bölgələrində müasir, yaraşıqlı tibb mərkəzləri fəaliyyət göstərir. Onların hər birində keyfiyyətli tibbi xidmət üçün hər cür şərait və təchizat vardır. Bu gün nəinki Bakıda, hətta bölgələrimizdə ən mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirilir.

Regionların inkişafını yerlərdə əhali də yüksək qiymətləndirir. Ötən il ölkə başçısının göstərişi ilə müxtəlif rayonlarda keçirilən səyyar qəbullar zamanı yüzlərlə vətəndaşla görüşlər olub. Orada müraciət edən insanların problemlərinin operativ həlli ilə yanaşı, hər kəs bölgələrdə yaradılan şəraitdən, müayinə və müalicə imkanlarından razılıq edirdi.

Həyata keçirilən sosial yönümlü siyasətin nəticələri tibbi-demoqrafik göstəricilərdə də öz əksini tapır. Doğum göstəricisi 13,9-dan 18,6-ya qalxmış, ölüm göstəricisi isə 6-dan 5,9-a düşmüşdür. Təbii artım 7,9-dan 12,7-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Tibbi-demoqrafik göstəricilərin müsbət dinamikasında səhiyyənin, xüsusən konkret sahələr üzrə dövlət proqramlarının da mühüm əhəmiyyəti olub. Belə ki, bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə müayinələrin həcmi artıb, ilkin aşkarlama və xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Görülmüş tədbirlər sayəsində diabet xəstələrinin həyat keyfiyyəti yüksəlib, bu xəstəlikdən ölüm göstəricisi 2,6 dəfə azalıb.

Talassemiyalı və hemofiliyalı xəstələrin də müalicəsində müsbət nəticələr əldə edilib. Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə, hemofiliyadan ölüm isə 2 dəfə azalıb.

Bu xəstəliklərdən əziyyət çəkənlərin təhlükəsiz donor qanı ilə təminatı məsələsi də praktik olaraq həll edilib. Qan tədarükü 6,8 tondan 30,1 tonadək artıb. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Respublika Talassemiya Mərkəzinin yaradılması irsi qan xəstəliklərinin müalicəsində dönüş nöqtəsi oldu. İndi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu Mərkəzdə sümük iliyi transplantasiyası əməliyyatlarına hazırlıq işləri gedir. İlk əməliyyatın 2014-cü ildə aparılması nəzərdə tutulur.

Xüsusi dövlət proqramı qəbul edilənə qədər xroniki böyrək çatışmazlığı da səhiyyəmizin qarşısında duran ən çətin problemlərdən idi və hər il yüzlərlə insanın ölümünə səbəb olurdu. İndi xroniki böyrək çatışmazlığından əziyyət çəkən minlərlə xəstənin hemodializ seansları tam həcmdə dövlət hesabına həyata keçirilir.

Ana və uşaq sağlamlığı sahəsində də müsbət dinamika var. Proqramın qəbul edildiyi 2006-cı ildə ana ölümü əmsalı 34,2 idisə, 2013-cü ildə bu rəqəm 14,5-ə enib. Uşaq ölümü 16,2 promillidən 13-dək aşağı düşüb.

Uşaqların sağlamlığı üçün vaksinasiyanın da böyük əhəmiyyəti var. 2013-cü ildə Azərbaycanda uşaqlar inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, 10 xəstəliyə qarşı vaksinasiya ilə əhatə olunublar. Dekabrdan etibarən isə milli peyvənd təqviminə çoxkomponentli pnevmokok vaksini daxil edilib, bu da uşaqları pnevmoniya xəstəliyindən qoruyacaq.

Ölkə səhiyyəsinin ən mühüm nailiyyətlərindən biri də kadr potensialının inkişafıdır. Son illərdə bu sahədə ciddi islahatlar aparılıb. Tibb təhsilinin baza təhsilinə və rezidenturaya bölünməsi, həkimlərin sertifikasiyası, mərkəzləşmiş imtahan yolu ilə işə qəbul – bütün bunlar islahatların tərkib hissələridir. Keçən il artıq rezidenturanın ilk buraxılışı olub.

Bu gün tibb mütəxəssislərinin səhiyyə sahəsində yeni texnologiyalar, diaqnostika və müalicə üsulları barədə biliklərini artırması üçün hər cür şərait var. İstedadlı gənclərə təhsillərini dövlət hesabına xarici ölkələrdə davam etdirmək imkanı yaradılır. Bu praktikanın müsbət nəticələrini Azərbaycanda kardiocərrahiyyənin və transplantologiyanın sürətli inkişafında görmək olar. Hazırda ölkəmizdə açıq ürək əməliyyatları, böyrək köçürülməsi artıq fövqəladə hal deyil, səhiyyəmizin gündəlik hadisəsinə çevrilib. Keçən il minlərlə belə əməliyyat həyata keçirilib.

Azərbaycan dövlətinin səhiyyə sahəsində fəaliyyətini beynəlxalq qurumlar da yüksək qiymətləndirir, bunu digər dövlətlərə nümunə göstərirlər.

Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının rəhbər strukturlarına seçilməsi artıq xoş bir ənənəyə çevrilib. ÜST-nin tarixində ilk dəfə ölkəmiz 2005-ci ildən etibarən ardıcıl olaraq qurumun İcraiyyə Komitəsinə, Avropa Regional Bürosu Daimi Komitəsinə və yenidən İcraiyyə Komitəsinə üzv seçilib. 2013-cü ilin may ayında isə ÜST İcraiyyə Komitəsinin növbəti sessiyasında Azərbaycan bu qurumun birinci vitse-prezidenti kürsüsündə təmsil olunub. Bütün bunlar Vətənimizin gündən-günə artan beynəlxalq nüfuzunun göstəricisidir.

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

- 2014-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilməlidir. Hesab edirəm ki, əvvəlki illərdə qəbul edilmiş qərarlar və 2014-cü ildə görüləcək işlər imkan verəcək ki, biz cari ili də uğurla başa vuraq.

İnvestisiya proqramı kifayət qədər böyük olacaqdır. İnvestisiya proqramında əsas infrastruktur layihələri öz əksini tapıb. Hələ infrastruktur layihələrinin icrasına böyük ehtiyac vardır. Düzdür, son illərdə böyük işlər görülmüşdür, ancaq hələ ki, görüləsi işlər çoxdur. İstisna edilmir ki, Azərbaycana 2014-cü ildə qoyulacaq investisiyalar keçən ildə qoyulan investisiyaların səviyyəsində olacaqdır. Belə olan halda əlbəttə ki, makroiqtisadi vəziyyətin sabitliyi əsas şərtdir.

Azərbaycanda iqtisadi islahatların aparılmasında böyük təcrübə toplanmışdır. Hətta maaşların qaldırılması, əmanətlərin verilməsi və milyardlarla dollar həcmində qoyulan sərmayə makroiqtisadi sabitliyə mənfi təsir göstərmir. Keçən il inflyasiyanın cəmi 2,4 faiz səviyyəsində olması bunu göstərir. Bu, çox müsbət göstəricidir.

Çalışmalıyıq ki, bu il də inflyasiya lazımi səviyyədə olsun. Biz həmişə deyirik ki, birrəqəmli inflyasiya olmalıdır. Ancaq doqquz da birrəqəmli ədəddir. Ancaq keçən il ölkədə inflyasiyanın 2,4 faiz səviyyəsi əlbəttə ki, bizi çox sevindirir.

Çalışmalıyıq ki, təxminən bu səviyyə bu il də saxlanılsın. Belə olan halda əlbəttə ki, insanların rifahının yaxşılaşması üçün daha da gözəl imkanlar olacaqdır. Beləliklə, investisiya proqramının icrası, xarici investisiyaların cəlb edilməsi, makroiqtisadi sabitlik, onun qorunması - bütün bu amillər ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Əminəm ki, 2014-cü ildə bizim statistik göstəricilərimiz də, ümumi daxili məhsul da, qeyri-neft sektorunun inkişafı da yüksək səviyyədə olacaqdır.

Sahibkarlara dəstək davam etdiriləcəkdir. Burada rəqəmlər səsləndi ki, keçən il sahibkarlara güzəştli şərtlərlə 275 milyon manat kredit verilmişdir. Bu, həm də iqtisadiyyatımızın real sektoruna qoyulan əlavə sərmayədir. Çünki bu kreditlərin ancaq iqtisadiyyatın real sektoruna verilməsi nəzərdə tutulur. Eyni zamanda, bu, yerli sahibkarlığın inkişafı üçün də böyük dəstəkdir. Çünki həm bu pul vəsaitidir, eyni zamanda, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən tərtib edilən tövsiyə proqramları da vardır ki, sahibkarlar onlardan da səmərəli şəkildə istifadə edirlər. Ancaq gəlirli sahələrə, gəlir gətirə biləcək layihələrə vəsaitin ayrılması nəzərdə tutulur. Məhz bunun nəticəsidir ki, verilən bütün kreditlər demək olar, vaxtında qaytarılır. Bu gün Sahibkarlığa Kömək Milli Fondunun portfelində qaytarılmış kreditlər də önəmli bir hissə təşkil edir. Bu il biz üçüncü Regional İnkişaf Proqramını qəbul edəcəyik. Keçən il ikinci proqram icra edilmişdir. Artıq onun icrası başa çatmışdır. Bu iki proqramın icrası, onların qəbul edilməsi deyə bilərəm ki, bölgələrdə ciddi dönüşün yaranmasına səbəb olmuşdur. Biz bunu həm statistik göstəricilərdə, həm də həyatda əyani görürük. Bölgələr canlandı, abadlaşdı, müasir infrastruktur yaradıldı. O cümlədən sosial infrastruktur obyektlərinin tikintisi geniş vüsət almışdır.
Bölgələrdə iş yerləri açılmışdır. Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır. Onların böyük hissəsi bölgələrin payına düşür. Bu, həm bölgələrdə gedən canlanmaya müsbət təsir göstərir, şəhərlərə miqrasiya meyllərinin qabağını alır, yerli istehsalın artımına imkan yaradır, həm də idxaldan asılılığımızı azaldır. Bir sözlə, bu sahədəki fəaliyyət cari ildə də davam etdiriləcəkdir. Konkret layihələr vardır və sahibkarlara kömək dövlət tərəfindən davam etdiriləcəkdir.

Əlbəttə ki, qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin fəaliyyət planı da təsdiq ediləcəkdir. İnvestisiya proqramı bütövlükdə təsdiq edildikdə əlbəttə ki, regional proqram da nəzərə alınıbdır.

Eyni zamanda, bu il - yəqin ki, yaxın günlərdə Bakı və onun ətraf qəsəbələrinin inkişafı ilə bağlı yeni proqram qəbul ediləcəkdir. 2013-cü ildə bu proqram başa çatmışdır və yeni proqram hazırlanır. Hesab edirəm ki, növbəti üç illik Proqramın icrası nəticəsində Bakı qəsəbələrində mövcud olan bütün problemlər öz həllini tapmalıdır. İnfrastruktur, sosial infrastruktur, məktəblər, tibb məntəqələri, yollar, su xətləri, kanalizasiya, qaz, işıq - yəni, bütün əsas məsələlərin həlli, o cümlədən iş yerlərinin yaradılması nəzərdə tutulur. Ümid edirəm ki, biz növbəti 3 il ərzində bu proqramın tam şəkildə icra edilməsinə nail ola biləcəyik.

Kənd təsərrüfatının inkişafı ilə bağlı mən giriş sözümdə fikirlərimi bildirdim. Bir daha demək istəyirəm ki, bu, növbəti illər üçün qeyri-neft sektorunun inkişafı istiqamətində prioritetlərdən biri olacaqdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramı da icra edilir. Son illərdə bu istiqamətdə böyük addımlar atılmışdır, idxaldan asılılığımız böyük dərəcədə azalmışdır. Bu gün Azərbaycanda bütün əsas ərzaq məhsulları istehsal edilir, bəzi məhsulların istehsalı tələbatımızı tam ödəyir, bəzi sahələrdə hələ ki, idxaldan asılıyıq. Ancaq, bildiyiniz kimi, mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, Azərbaycanda bütün əsas ərzaq məhsulları tam şəkildə öz tələbatımızı təmin etməlidir. Yəni, bizdə istehsal olunan ərzaq məhsulları tam şəkildə tələbatımızı təmin etməlidir. Biz buna yaxınlaşırıq və çalışmalıyıq ki, növbəti 5 il ərzində, bəlkə də ondan da tez bir müddətdə 3-cü regional inkişaf Proqramının icrası başa çatanda artıq ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər öz həllini tapsın.

Bu məsələlər elə həll edilməlidir ki, biz perspektivi də nəzərə alaq. Çünki burada da səsləndi və biz hamımız yaxşı bilirik ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Bu göstəriciyə görə biz Avropada birinci yerdəyik və getdikcə Azərbaycan əhalisi daha da artacaqdır. Əhalinin artımı birbaşa iqtisadi inkişafla bağlıdır. Əgər biz iqtisadi inkişafın dinamikasına nəzər salsaq görərik ki, bunun əhalinin artımı ilə birbaşa bağlılığı vardır. Ona görə, ərzaq təhlükəsizliyimizlə bağlı məsələlər indiki əhaliyə hesablanmamalıdır, gələcəyə hesablanmalıdır. Əlbəttə ki, kənd təsərrüfatının intensiv inkişafı prioritetdir.

Eyni zamanda, meliorasiya və irriqasiya layihələri nəticəsində on minlərlə hektar torpaq sahəsi dövriyyəyə buraxılacaqdır. Artıq Taxtakörpü Su Anbarı istifadəyə verilmişdir, Şəmkirçay su anbarının tikintisi gedir. Ona görə, burada ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir, inkişaf etmiş ölkələrin təcrübəsi dərindən öyrənilməlidir. Biz indi görürük ki, bəzi fermer təsərrüfatlarında məhsuldarlıq ənənəvi məhsuldarlıqdan ən azı 2 dəfə çoxdur. Ona görə biz mövcud torpaq fondundan səmərəli şəkildə istifadə etsək, məhsuldarlığı daha da artıra bilərik. Hesab edirəm ki, lazım olan bütün əsas ərzaq məhsullarını biz yüz faiz Azərbaycanda istehsal edə bilərik.

Ancaq burada gələcəkdə əlbəttə ki, böyük ixrac potensialı yaranacaqdır və biz əhalinin artımını da nəzərə almalıyıq. İslahatlara gəldikdə, burada struktur islahatlarının aparılmasına ehtiyac vardır və daha da səmərəli struktur formalaşmalıdır. Subsidiyaların verilməsi ilə bağlı məsələlər vardır. Mən bu barədə dəfələrlə öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, biz bu sahədə də tam işlək mexanizm yaradacağıq, şəffaflığı tam şəkildə təmin edəcəyik. Beləliklə, bu, bizə imkan verəcək ki, bundan sonra da kənd təsərrüfatının artımına nail ola bilək.

Eyni zamanda, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması prosesi də getməlidir. Artıq birinci təcrübə vardır. Təcrübə müsbətdir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Kənd təsərrüfatı texnikasının alınması və Azərbaycanda istehsalı ilə bağlı konkret fikirlər, təkliflər vardır. Biz texnika parkımızı yeniləşdiririk, yeniləşdirəcəyik. Dövlət vəsait ayırır və ayıracaqdır. Şəmkirçay su anbarının tikintisi bu il başa çatmalıdır. Bu, qərb zonasında kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir. Qeyd etdiyim kimi, on minlərlə hektar torpaq suvarılacaqdır. Artıq suvarılacaq torpaqların konturları müəyyən edilməlidir. Biz dəqiq bilməliyik ki, artıq neçə min hektar torpaq sahəsi suvarılacaqdır. Ona görə, torpaq fondunun uçotu aparılmalıdır. Biz bu layihəni başa çatdırmalıyıq. Bir daha demək istəyirəm ki, dünyada mövcud olan ən müasir praktika tətbiq edilməlidir. Biz öz imkanlarımızı tam dəqiqliyi ilə bilməliyik və buna görə də fəaliyyət planımızı da tutmalıyıq.

2013-cü ildə, eyni zamanda, yüzdən çox kənddə subartezian quyuları qazılmışdır. Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Bu il hesab edirəm ki, ən azı iki yüz kənddə subartezian quyuları qazılmalıdır. Əhalinin içməli su ilə təmin edilməsi işində bu layihənin də böyük əhəmiyyəti olacaqdır. Bu il infrastruktur layihələrinin icrası davam etdiriləcəkdir.

Elektrik enerjisi ilə bağlı əsas məsələlər öz həllini tapıb. Burada qeyd edildi ki, biz keçən il “Cənub” Elektrik Stansiyasının istifadəyə verilməsini qeyd etdik. Təxminən 800 meqavata yaxın gücü olan elektrik stansiyası bütün cənub zonasının tələbatını təmin edəcəkdir. Hazırda Bakıda “Şimal-2” Elektrik Stansiyasının tikintisi davam etdirilir, yəqin ki, bu il istifadəyə veriləcəkdir. Orada da təqribən 400 meqavata yaxın elektrik gücü yaranacaqdır. Son illərdə biz öz enerji potensialımızı böyük dərəcədə möhkəmləndirə bilmişik, ancaq tələbat artır. Biz iqtisadiyyatın və sənayenin inkişafını, gələcək inkişafı nəzərə alaraq bundan sonra da generasiya layihələrinə investisiya cəlb etməliyik. Yəqin ki, Bakıda yeni böyük elektrik stansiyasının tikintisi məsələsi öz həllini tapacaqdır. Buna ehtiyac vardır. Bizim enerji potensialımız bütün dövrlərdə tələbatdan artıq olmalıdır. Bu gün bu, belədir və gələcəkdə də belə olmalıdır.

Ona görə, gələcək illərdə generasiya işlərinə diqqət azalmamalıdır. Ancaq əlbəttə ki, biz bu layihələri icra edəcəyik. O cümlədən bərpa olunan enerji mənbələrinin yaradılması ilə bağlı işlər daha da ciddi getməlidir. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Artıq əlbəttə ki, müəyyən layihələr icra edilir, xüsusilə su elektrik stansiyaları tikilir, həm də Naxçıvanda. İndi demək olar ki, Naxçıvanın elektrik enerjisinə olan bütün tələbatının, təxminən yüz faizi su elektrik stansiyaları tərəfindən təmin edilir. Bu, Naxçıvanın enerji təhlükəsizliyinə də böyük dəstəkdir, töhfədir. Ölkəmizin digər bölgələrində - Füzulidə 25 meqavatlıq su elektrik stansiyası tikilmişdir. Ondan sonra Taxtakörpü Su Anbarında təxminən 25 meqavatlıq su elektrik stansiyası inşa edilmişdir. Şəmkirçayda da o həcmdə olacaqdır. Balaxanı məişət tullantıları zavodunda da alternativ enerji mənbələri yaranıbdır. Kiçik çaylarda stansiyalar da tikilir. Bu işlər daha da sürətlə getməlidir. Mən dəfələrlə demişəm ki, bizdə bütün su mənbələrimizin xəritəsi vardır və bilirik ki, harada nə qədər güc götürə bilərik. Sadəcə olaraq investisiyalar daha da çox qoyulmalıdır.

Günəş, külək enerji növlərinin inkişafı ilə bağlı işlər daha da sürətlə getməlidir. Mən bu barədə öz fikrilərimi bir neçə dəfə bildirmişəm. Hətta indi Azərbaycanda günəş panelləri istehsal edən müəssisələr də vardır. Ancaq günəş enerjisinin inkişafı ilə bağlı işlər ləng gedir. 2014-cü ildə burada düzəlişlər edilməlidir, işlər daha da sürətlə getməlidir. Nəzərə alsaq ki, Azərbaycanda günəşli günlər kifayət qədər çoxdur, bu imkanlardan istifadə etməmək əlbəttə ki, böyük səhv olardı.

Qazlaşdırma ilə bağlı olan layihələr davam etdirilir. Mənə mütəmadi qaydada məlumatlar verilir. Demək olar ki, hər ay bir neçə kənddə qazlaşdırma işləri başa çatır, Bakıda 96 faizə çatmışdır. Yaxın aylarda əminəm ki, yüz faiz olacaqdır.

Bütövlükdə ölkə üzrə qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmalıyıq və biz növbəti illərdə buna nail olacağıq.
Kənd yollarının tikintisi keçən il xüsusilə geniş vüsət almışdır. Həm Prezidentin ehtiyat fondundan, dövlət büdcəsindən böyük vəsait ayrılmışdır. Bu il də o sahəyə xüsusi diqqət göstəriləcəkdir. Bunun çox böyük mənası, faydası vardır.

Kəndlərdə yaşayan vətəndaşlar üçün biz gözəl imkanlar yaradırıq və bu il də bu məqsədlər üçün vəsait nəzərdə tutulur. İlk növbədə, başlanan layihələr sona çatmalıdır, çünki bəzi layihələrin icrası yarımçıqdır. Yeni layihələr vardır. İndi yerlərdən təkliflər gəlir. Yerli icra orqanları və mənim bölgələrə səfərlərim zamanı vətəndaşların müraciətləri əsasında biz bu işləri görürük və əminəm ki, bu il də yaxşı nəticələr olacaqdır.

İnfrastruktur layihələrinin içində deyə bilərəm ki, hazırda ən böyük önəm daşıyan layihələr içməli su, kanalizasiya layihələridir. Keçən il mən bir neçə şəhərdə içməli su layihələrinin açılışında iştirak etmişəm və bu il də bu proses davam etdiriləcəkdir. Bütövlükdə respublika üzrə əhalinin 55 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Əlbəttə ki, bu, çox aşağı bir göstəricidir. O da həqiqətdir ki, içməli su, kanalizasiya məsələləri bütün dövrlərdə çox kəskin problem olmuşdur. Bölgələrimizdə kanalizasiya xətləri ümumiyyətlə olmamışdır. Bakının kanalizasiya xətləri köhnəlmişdir, bugünkü standartlara uyğun deyildir. Ona görə, bu, böyük maliyyə və texniki resurslar tələb edən layihələrdir. Biz artıq bu layihələrə başlamışıq və işlər uğurla gedir.

Hazırda Bakıda əhalinin 78 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Bu, böyük irəliləyişdir. Biz bu layihələrə başlayanda həmin rəqəm 50 faizdən aşağı idi. Əlli faizdən az əhali 24 saat ərzində su alırdı. İndi 78 faizdir. Yaxşı irəliləyişdir. Amma Bakı kimi gözəl şəhərdə bu təminat 100 faiz olmalıdır. Bakıda və bizim bütün şəhər və qəsəbələrimizdə əhaliyə keyfiyyətli, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su verilməlidir.

Əlbəttə ki, burada əsas işləri “Azərsu” Açıq Səhmdar Cəmiyyəti icra edir. Eyni zamanda, qeyd etdiyim kimi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xətti ilə subartezian quyularının qazılması işləri də aparılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğuların quraşdırılmasını təmin edir. Artıq yüzlərlə kənd o layihələrlə əhatə edilir. Artıq keçən il birinci pilot layihəsi icra edilmişdir. Bu da ilk növbədə, suvarma məqsədləri üçün Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsidir. Artıq bu pilot layihəsi icra edilibdir. Biz bu praktikanı genişləndirməliyik. Gələcəkdə isə, lazım gəldikdə Xəzər dənizinin suyundan içməli su kimi istifadə etmək üçün də imkan olacaqdır. Yəni, bu layihələr deyə bilərəm ki, bu gün sosial infrastruktur layihələri arasında prioritet yerlərdən birindədir. Mən bu layihələrə ona görə infrastruktur layihələri deyirəm ki, bu layihələr sırf sosial məna daşıyır və vəsaitlər ancaq insanların sağlamlığı, rahatlığı üçün qoyulur.

Nəqliyyat sektorunda bu il yol tikintisi layihələri davam etdiriləcəkdir. Bütün bu layihələrin siyahısı artıq təsdiq edilib. Avtomobil yollarının tikintisi davam etdirilir. Mən hesab edirəm ki, biz Bakı-Astara yolunun tikintisinə xüsusi diqqət yetirməliyik, orada işlər bir az ləng gedir. Bakı-Qazax–Gürcüstan sərhədi, ondan sonra Bakı-Rusiya sərhədi yollarında işlər daha sürətlə gedir. Ancaq biz Bakı-Astara-İran sərhədi yolunun tikintisində lazımi tempi əldə edə bilməmişik. Ona görə, bu il bu layihəyə üstünlük daha çox verilməlidir.

Qeyd etdiyim kimi, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsi bu il icra edilməlidir. Beləliklə, hesab edirəm ki, bu il biz şəhərin mərkəzində yerləşən Bakı Ticarət Limanının köçürülməsinə nail ola bilərik. Beləliklə, şəhər sakinləri üçün yeni gözəl ictimai zonalar yaranacaqdır. O ərazilərdə ictimai yerlər, parklar, bağçalar, gəzinti yerləri salınacaqdır. Bulvar uzadılacaq, Dəniz vağzalından sonra “Ağ şəhər” istiqamətində tikilən bulvarla birləşəcək və beləliklə, gəzinti üçün bir neçə kilometri əhatə edən gözəl bulvar yaranacaqdır.

Bakı–Tbilisi-Qars dəmir yolunun tikintisi qrafik üzrə gedir. Hesab edirəm ki, vaxtında icra ediləcəkdir. Biz bu yolun əhəmiyyəti haqqında dəfələrlə danışmışıq. Əlavə etməyə ehtiyac görmürəm. Sadəcə olaraq burada da əlbəttə ki, üç ölkənin əməkdaşlığı bir daha özünü göstərir. Azərbaycan-Gürcüstan-Türkiyə həm enerji, həm nəqliyyat sahələrində artıq uzun illərdir ki, uğurlu əməkdaşlıq edirlər. Hesab edirəm ki, Bakı–Tbilisi-Qars dəmir yolunun tikintisi də bu əməkdaşlığın gözəl nəticəsi olacaqdır.

Bakı şəhərində metro tikintisi gedir. Bir neçə stansiya tikilir. Metro ilə bağlı biz əvvəlki dövrdə böyük proqram qəbul etmişik. Əlliyə yaxın yeni stansiya tikiləcəkdir. İnvestisiya proqramında əlbəttə ki, bu məsələlər öz həllini tapacaqdır.
Sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq ilkin nəticələr vardır. Sumqayıt Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi gedir. Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır. Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir. Ümumi daxili məhsulumuzun artımı da sənaye istehsalının hesabına mümkün olacaqdır.

2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, çox perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstərilməlidir.

Ekoloji vəziyyətin yaxşılaşdırılması işləri hər il diqqət mərkəzindədir. Kompleks tədbirlər görülür. Daha da ciddi tədbirlər görülməlidir. Xüsusilə havanı çirkləndirən amillər bir daha təftiş edilməlidir. Əlbəttə ki, “Avro-3” standartına keçid sürətləndirilməlidir. “Avro-3” də son hədd deyildir. “Avro-4”, “Avro-5” ilə bağlı işlər daha da sürətlə getməlidir. Əlbəttə ki, bu işlərdə Azərbaycanda fəaliyyət göstərən neftayırma zavodlarının da böyük rolu vardır. Orada da yenidənqurma aparılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur. Ancaq o tikilənə qədər mövcud zavodlarda ekoloji tədbirlər görülməlidir. Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılmalıdır.

Mənə verilən məlumata görə, əsas amil minik maşınlarıdır. Keçən il Azərbaycana yüz mindən çox avtomobil idxal edilibdir. Bu, əlbəttə ki, vətəndaşların rifah halının yaxşılaşmasını təsdiqləyən bir faktdır. Ancaq, eyni zamanda, bizim yol infrastrukturumuza nə qədər böyük yükdür. Biz yollar çəkirik, qovşaqlar, tunellər tikirik. Bəlkə də Bakıda, Azərbaycanda olan bu layihələr heç bir başqa ölkədə yoxdur. Nə qədər yollar, tunellər tikilib və tikilir. Nə qədər vəsait ayrılır. Ancaq yüz min maşının – onların da böyük hissəsinin Bakıya gəlməsi, əlbəttə ki, tıxac problemlərini yaradır, ekoloji vəziyyəti pisləşdirir. Ona görə, vaxtilə biz ekoloji standartlara, yaxud da ki, texniki şərtlərə uyğun olmayan maşınların idxalını dayandırmışıq. Hesab edirəm ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və Nazirlər Kabineti bütövlükdə bu məsələyə bir də baxmalıdır. Ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır. Sıradan çıxmış maşınlar, ümumiyyətlə, gətirilməməlidir və mənə konkret təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək.

Havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmalıdır. İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar belə müəssisələrin siyahısını mənə təqdim etsinlər və orada ciddi tədbirlər görülməlidir. Ya o müəssisələri işlədənlər, - istər dövlət, istər özəl qurumlar - lazım olan təmizləyici qurğuları quraşdıracaqlar, ya da ki, o müəssisələr bağlanmalıdır. Birmənalı şəkildə. Havanı çirklədən, insanları zəhərləyən müəssisələr lazım deyildir. Deyə bilərəm ki, cərimələr burada işləmir. Çünki cərimələrin tutulması prosesi çox mürəkkəbdir. Bir də ki, indi cərimələrin məbləği də o qədər böyük deyil ki, bu cərimələrə görə kimsə öz fəaliyyətini dayandırsın. Ona görə, ya təmizləyici qurğular quraşdırılmalıdır, ya müəssisə bağlanmalıdır. Heç bir tərəddüdsüz. Hesab edirəm ki, bu, ekoloji vəziyyətin yaxşılaşmasına böyük təsir göstərəcəkdir. Biz milyonlarla ağac əkirik, ictimai zonalar yaradırıq, içməli su-kanalizasiya xətləri çəkirik. Ancaq havanı çirkləndirən müəssisələr bizim bütün bu işlərimizin üstündən elə bil ki, xətt çəkir. Ona görə bu, çox ciddi məsələdir. Bu, hər bir Azərbaycan vətəndaşının sağlamlığı məsələsidir. Sağlamlıq isə birinci yerdədir.

Digər ekoloji tədbirlər də görüləcəkdir. Böyükşor gölünün təmizlənməsi layihəsi bu il başlanacaq və gələn il onun birinci mərhələsi başa çatmalıdır. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi mənə bu barədə məlumat veribdir. İşlər bu il başlayacaq və Böyükşor gölünün üçdəbir hissəsi bəndlə ayrılacaq, orada ekoloji tədbirlər görüləcəkdir. Əminəm ki, bu təcrübə uğurlu olacaqdır. Ondan sonra qalan hissə təmizlənəcəkdir. Böyükşor gölünün ümumi ərazisi min hektardan çoxdur. Çox böyük bir göldür. Şəhərin mərkəzində yerləşir və bilirsiniz ki, o gölə axıdılan çirkab suları, lay suları, neftlə çirklənmiş sular Bakının ekoloji vəziyyətini böyük dərəcədə pisləşdirir. Ona görə, bu layihələr də icra edilməlidir və digər göllərlə bağlı vaxt gəlib çatıb ki, biz ciddi məşğul olaq. Mən bir neçə il bundan əvvəl bu barədə öz fikirlərimi bildirmişəm. Hətta o göllərin hamısının adlarını da sadalamışam. Ona görə, vaxt gəlib çatıb. Bütün göllərin təmizlənməsi, haradakı bu, mümkün deyil, onların qurudulması, yəni, kompleks tədbirlər planı olmalıdır. Biz xüsusi proqram da qəbul edə bilərik və edəcəyik.

Burada digər sahələrlə bağlı məlumat verildi. Kosmik sənayenin inkişafı ilə bağlı. Birinci peykin orbitə çıxarılması, qeyd etdiyim kimi, böyük tarixi məsələdir. Ancaq ikinci, üçüncü peyklərin də hazırlanması ilə bağlı bu il konkret addımlar atılmalıdır. Yəqin ki, tender prosedurları açılmalıdır. Bizimlə əməkdaşlıq etmək istəyən şirkətlərin sayı kifayət qədər çoxdur. Ona görə, Azərbaycanda kosmik sənaye inkişaf edəcəkdir. Bu il növbəti peyklərin fəaliyyəti üçün konkret addımlar atılmalıdır.

Sosial obyektlərin tikintisi davam etdiriləcəkdir. Bütün bunlar investisiya proqramının tərkib hissəsidir. Deyə bilərəm ki, keçən il 300-ə yaxın məktəbdə, 80-dən çox tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bu istiqamətdə işlərin böyük əksəriyyəti görülübdür. Ancaq hələ ki, görüləsi işlər çoxdur.

Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır. Kompleks tədbirlər görülür. Keçən ilin əvvəlində “ASAN xidmət”in fəaliyyətə başlaması bu sahədə böyük bir dönüş yaratdı, bir yenilik gətirdi. “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. Qısa müddət ərzində yüz minlərlə insan bu xidmətə müraciət etmişdir. Bu günə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. “ASAN xidmət”də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə, Sumqayıt şəhərlərində mərkəzlər vardır və səyyar xidmət də göstərilir. Biz bu il bölgələrdə ən azı dörd, bəlkə də beş “ASAN xidmət” mərkəzi tikməliyik, yaratmalıyıq və bu, investisiya proqramında da öz əksini tapmalıdır.

Ancaq korrupsiyaya qarşı mübarizə “ASAN xidmət”in fəaliyyəti ilə bitmir. Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də vardır. Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlər gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək. 2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaqdır.

Neft-qaz sektorunda işlər yaxşı gedir. Giriş sözümdə dediyim kimi, “Şahdəniz-2”, TANAP, Trans-Adriatik boru kəmərləri layihəsi tarixi qələbəmizdir. Bu, Avropanın ən böyük infrastruktur layihəsidir və bunun icrası artıq başlanıbdır. Hesab edirəm ki, bütün işlər vaxtında görüləcəkdir.

Biz Avropa Oyunlarına hazırlıq üçün həlledici ilə qədəm qoyuruq. Bildiyiniz kimi, Avropa Oyunları 2015-ci ildə keçiriləcəkdir. Hazırlıq üçün bizə cəmi iki il yarım vaxt verilmişdir. Baxmayaraq ki, Olimpiya Oyunlarına hazırlıq 7-8 il davam edir. Biz iki il yarım ərzində Yay Olimpiya Oyunları səviyyəsində Avropa Oyunlarını keçirmək niyyətindəyik. Əminəm ki, buna nail olacağıq. Təşkilat Komitəsi formalaşıb, fəaliyyət göstərir. Bütün aidiyyəti qurumlar bu işlərə daha da böyük diqqət yetirməlidir ki, biz hazırlıq işlərinin əsas hissəsini bu il başa çatdıraq. İdman obyektlərinin, böyük əksəriyyətinin tikintisi bu il başa çatmalıdır. Olimpiya stadionu, gimnastika mərkəzi, su idman növləri sarayı, stend atıcılığı mərkəzi – onların tikintisi gedir. Heydər Əliyev İdman Kompleksi, Əl Oyunları Sarayı əsaslı təmir edilir, digər idman obyektləri yaradılır.

Bir sözlə, əminəm ki, bu istiqamətdə heç bir problemimiz olmayacaqdır. Ancaq bu Oyunların hazırlanması təkcə olimpiya obyektlərinin tikintisi ilə məhdudlaşmır. Burada təhlükəsizlik məsələləri çox böyük əhəmiyyət daşıyır. Nəqliyyat məsələləri, qonaqların, idmançıların yerləşməsi, Olimpiya şəhərciyinin yaranması və digər məsələlər çox ciddi diqqət tələb edir. Bu il, bir daha demək istəyirəm ki, Oyunlara hazırlıq üçün həlledici il olacaqdır. Mən əminəm ki, biz bu Oyunları ən yüksək səviyyədə keçirəcəyik. Nəzərə alsaq ki, bu, birinci Oyunlardır, Azərbaycanda qoyulan standartlar bundan sonra Avropa Oyunları üçün bir standart kimi qəbul ediləcəkdir.

Keçən il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdi. Bunun əsas səbəbi ondan ibarət idi ki, keçən il biz birinci peyki orbitə buraxdıq və bütövlükdə İKT sahəsinə böyük diqqət verilmişdir. Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması – bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir.

Bütün bu amilləri nəzərə alaraq, mən hesab edirəm ki, biz 2014-cü ili “Sənaye ili” elan edək. Müvafiq Sərəncam imzalanacaqdır. “Sənaye ili”ndə sənayenin inkişafı ilə bağlı görüləcək konkret tədbirlər planı tərtib və təsdiq ediləcəkdir.

2014-cü il başlayır. İlin birinci həftəsində artıq iki böyük obyektin açılışı olmuşdur. Qəbələdə “Tufan” Dağ-Xizək Mərkəzi, Bakıda müstəqillik dövründə tikilmiş ən böyük tibb ocağı – Bakı Sağlamlıq Mərkəzi artıq açılmışdır. Yəni, biz ili artıq gözəl hadisələrlə başlayırıq. Əminəm ki, 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu olacaqdır. Sağ olun.

SƏNƏDLƏRFərmanlar12 noyabr 2018
18:58
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 apre...

12 noyabr 2018, 18:58
SƏNƏDLƏRSərəncamlar12 noyabr 2018
18:55
“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1268-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 201...

12 noyabr 2018, 18:55
SƏNƏDLƏRFərmanlar12 noyabr 2018
18:50
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1269-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respubl...

12 noyabr 2018, 18:50
SƏNƏDLƏRQanunlar12 noyabr 2018
18:45
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edil...

12 noyabr 2018, 18:45
SƏNƏDLƏRSərəncamlar12 noyabr 2018
18:44
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1270-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 ok...

12 noyabr 2018, 18:44
SƏNƏDLƏRSərəncamlar12 noyabr 2018
18:28
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1233-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikl...

12 noyabr 2018, 18:28
SƏNƏDLƏRQanunlar12 noyabr 2018
18:25
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbay...

12 noyabr 2018, 18:25
SƏNƏDLƏRFərmanlar12 noyabr 2018
18:12
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1247-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respubl...

12 noyabr 2018, 18:12
SƏNƏDLƏRQanunlar12 noyabr 2018
18:10
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və...

12 noyabr 2018, 18:10
SƏNƏDLƏRSərəncamlar12 noyabr 2018
18:01
Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdikləri töhfəyə və beynəlxalq reyt...

12 noyabr 2018, 18:01