Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi olmuşdur

12 noyabr 2013, 14:40
Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi olmuşdur

Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi olmuşdur.

Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Sonra Prezident İlham Əliyevin “Dövlət nişanı” ordeni ilə təltif olunmasına dair Türkiyə Nazirlər Kabinetinin qərarı və Prezident Abdullah Gülün “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamı oxundu.

Türkiyə Prezidenti “Dövlət nişanı” ordenini Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti “Heydər Əliyev” ordenini Türkiyə Prezidentinə təqdim etdi.

Türkiyə Prezidenti Abdulah Gül və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdilər.

Prezident Abdullah Gülün çıxışı

-Cənab Prezident İlham Əliyev.

Hörmətli Mehriban xanım, dəyərli qonaqlar.

Bu gün burada Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluğu daha da möhkəmləndirəcək “Dövlət nişanı” mükafatının təltifetmə mərasimi münasibətilə toplaşmışıq. Ölkəmizin ən yüksək ordeni olan “Dövlət nişanı”nı Azərbaycan Respublikasının Prezidenti, dəyərli dostum cənab İlham Əliyevə təqdim etməkdən böyük məmnunluq hissi duyuram. Bir vaxtlar ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyevin də təltif olunduğu “Dövlət nişanı”nı bu dəfə Əliyevlər ailəsinin başqa bir nüfuzlu nümayəndəsinə təqdim etməkdən böyük qürur hissi keçirdim. Bu orden eyni millətin iki dövləti olan ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və dostluq əlaqələrimizin gücləndirilməsi üçün nümunəvi liderlik nümayiş etdirən cənab Prezident İlham Əliyevə ürəkdən qiymətimizin ifadəsidir. Eyni qaydada mənim Azərbaycanın ən yüksək mükafatı olan “Heydər Əliyev” ordeninə layiq görülməyimdən də böyük xoşbəxtlik hissi keçirirəm.

Mənim mərhum Heydər Əliyevin adını daşıyan bu ordenlə təltif olunmağım əzəli və əbədi Türkiyə-Azərbaycan qardaşlığının aydın bir təzahürüdür.

Dəyərli qonaqlar, Azərbaycan ilə dostluq, qardaşlıq və mehriban qonşuluq əlaqələrinə əsaslanan münasibətlərimizin ən güclü şəkildə davamına böyük əhəmiyyət veririk. Qlobal və regional təhdidlərin davam etdiyi bir dövrdə Azərbaycanı təhlükələrdən qoruyacaq bir liderin mövcudluğu münasibətlərimizin gələcəyinin təminatıdır.

Zati-alilərinin məharətli idarəçiliyi ilə Azərbaycan hər sahədə parlaq nailiyyətlər qazanmışdır. Son 10 ildə Azərbaycana etdiyim hər səfərdə bu qardaş ölkənin simasının mahir əllərlə necə dəyişib gözəlləşdiyinin şəxsən həmişə şahidi olmuşam.

Hərtərəfli inkişaf və artan rifah səviyyəsi ilə Azərbaycan qısa müddətdə həsəd aparılacaq bir ölkə olmuşdur. Azərbaycan regiondakı və beynəlxalq aləmdəki güclü mövqeyini hər ötən gün daha da möhkəmləndirməkdədir. 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilən və keçən həftə quruma ikinci sədrliyi təhvil verən Azərbaycan qazandığı uğurlu nailiyyətlərlə diplomatik gücünü də sübut etmişdir. Xoşdur ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sadəcə 22 il sonra öz imkanları və gücü ilə gələcəyə ümidlə baxmasını təmin edən belə mühüm uğurlar qazanmışdır. Şübhəsiz, bu uğurların arxasında ümummilli lider, mərhum Prezident Heydər Əliyevin yaratdığı sağlam təməllər və Prezident İlham Əliyevin ölkəsinə bu irsə yaraşan şəkildə xidmət etməsi dayanır. Bu mətin liderlik sayəsində hazırda Türkiyə ilə Azərbaycan arasındakı qədim dostluq və qardaşlıq əlaqələri konkret layihələrlə inkişaf etmişdir. Bu layihələr zənginləşməkdə davam edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Trans-Anadolu təbii qaz boru kəməri layihələrini sürətlə tamamlayaraq Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrinə yeni uğurlu layihələr əlavə etmək istəyirik.
Cənab Prezident, dəyərli qardaşım, Azərbaycanda vəzifəyə gəldiyiniz gündən bəri ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün böyük səy göstərirsiniz. Böyük səylərinizlə Türkiyə-Azərbaycan əlaqələrinin tarixində müstəsna bir yer tutmusunuz. Ölkələrimizin ortaq mənafeyi naminə göstərdiyiniz liderlik üçün Türkiyə Respublikasının təsis etdiyi ən yüksək orden olan “Dövlət nişanı”nı Türkiyə xalqı adından Zati-alinizə təqdim etməkdən şərəf duyuram. Böyük qürurla daşıyacağım “Heydər Əliyev” ordeni ilə təltif olunduğum üçün Sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi duyğularımla təşəkkür etmək istəyirəm. Bu münasibətlə Türkiyə-Azərbaycan qardaşlığı üçün tarix boyunca hər cür fədakarlıq göstərən əcdadlarımızı və şəhidlərimizi dərin ehtiram hissi ilə anır, aramızdakı mükəmməl qardaşlıq əlaqələrinin gələcəkdə davam edəcəyinə qəti inamımı bildirirəm.

Yaşasın can Azərbaycan! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu!

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli cənab Prezident, əziz qardaşım Abdullah Gül.

Hörmətli cənab Baş nazir, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Əziz dostlar, hörmətli xanımlar və cənablar.

Bu gün mənim həyatımda çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün mən qardaş Türkiyə Cümhuriyyətinin ali mükafatı ilə təltif olunuram. Bu, mənim üçün böyük şərəfdir, böyük xoşbəxtlikdir. Mən Sizi və bütün türk xalqını əmin etmək istəyirəm ki, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün bundan sonra da var gücümlə çalışacağam. Çalışacağam ki, bundan sonra da Türkiyə-Azərbaycan dostluğu, birliyi möhkəmlənsin, bizim bütün birgə layihələr icra edilsin, Türkiyə-Azərbaycan birliyi əbədi, sarsılmaz olsun.

Bu gün bu təltifi alarkən bir daha keçmişə nəzər salırıq. Görürük ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada nadir əlaqələrdir. Bizi tarix, etnik köklər, ortaq mədəniyyət, eyni zamanda, siyasi-iqtisadi maraqlarımız birləşdirir. Dünyada bir-birinə yaxın olan xalqlar kifayət qədər çoxdur. Heç də hər zaman bu xalqlar bir-biri ilə Azərbaycan və Türkiyə qədər yaxın olmurlar. Bizim bugünkü birliyimiz, müttəfiqliyimiz dərin tarixi köklər üzərində qurulubdur. Təsadüfi deyildir ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdə bizim müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər bizim birliyimiz, dostluğumuz, qardaşlığımız davam edir və imkan verir ki, xalqlarımız da bir-birinə qovuşsun, imkan verir ki, biz birlikdə xalqlarımız, dövlətlərimiz üçün vacib olan məsələləri həll edək.

Son on il ərzində mən çalışmışam ki, Türkiyə-Azərbaycan əlaqələri daim yüksək səviyyədə olsun. Bizim xarici siyasətimizin prioriteti məhz Türkiyə-Azərbaycan əlaqələridir. İlk növbədə, bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir. Son illər ərzində bu müttəfiqlik yeni pilləyə qalxmışdır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ölkələrimiz üçün, bölgə, dünya üçün önəmli bir amilə çevrilmişdir. Bizim birgə icra etdiyimiz siyasi, iqtisadi layihələr, enerji layihələri bizi daha da sıx birləşdirir, bu birliyi əbədi, dönməz edir. Əlbəttə, bizim birliyimiz bu gün bölgədə gedən proseslərə müsbət təsir göstərir. Regional əməkdaşlıq üçün Türkiyə-Azərbaycan birliyi başlıca şərtdir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizlik, sabitlik üçün əsas amildir. Bu gün bir daha bu məsələlərə nəzər salarkən görürük ki, doğrudan da Türkiyə və Azərbaycan son illər ərzində böyük uğurlu yol keçmişdir.

Bu gün Ankarada yenidən olarkən burada gedən inkişafı görürük və buna sizin qədər sevinirik. Mən son 10 il ərzində Türkiyədə dəfələrlə olmuşam. Bu, mənim 16-cı səfərimdir və 3-cü rəsmi səfərdir. Ancaq bir neçə ildir ki, Ankarada olmamışdım. Bu gün Ankarada gedən inkişafı görərkən çox sevinirəm. Bu, sizin böyük uğurunuzdur, böyük nailiyyətinizdir.

Türkiyənin inkişafı bizi gücləndirir. Bu gün Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər özünü rahat hiss edəcəkdir. Biz çox sevinirik ki, hətta böhranlı illərdə Türkiyə iqtisadi və siyasi sabitliyi möhkəmləndirə bilmişdir. Türkiyə iqtisadiyyatı uğurla inkişaf edir, Türkiyənin bütün təşəbbüsləri reallaşır və bu gün dünya miqyasında Türkiyə bir güc mərkəzidir.

Bütün bu işlərin həyata keçirilməsində qardaşım Prezident Abdullah Gülün xüsusi xidmətləri vardır. Sizin rəhbərliyinizlə ölkəniz inkişaf edir, artıq beynəlxalq gücə çevrilmişdir. Türkiyə dostlar, tərəfdaşlar üçün çox cəlbedici ölkədir. Türkiyə ilə dostluq etmək istəyən ölkələrin sayı artmaqdadır. Beynəlxalq nüfuzunuz çox yüksək səviyyədədir və əziz qardaşımın qeyd etdiyi kimi, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv olmuşdur. Ancaq ondan əvvəl Türkiyə bu təşkilata üzv olmuşdur. Əminəm ki, Türkiyə yenidən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv olacaqdır. Çünki dünya miqyasında Türkiyəyə olan hörmət gündən-günə artır.

Biz əziz qardaşım Prezident Abdulla Gül ilə Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif mərhələlərində birgə çalışmışıq, çiyin-çiyinə çalışmışıq. Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında bərabər iştirak etmişik, Qarsda Bakı-Tbilisi-Qars dəmir yolunun təməlini bir yerdə qoymuşuq. Əminəm ki, belə birgə mərasimlər hələ çox olacaqdır. Çünki bizim həyata keçirdiyimiz layihələrimiz gələcəyə yönəlibdir. Elə etməliyik ki, bizdən sonra gələn nəsil də dostluq, birlik, qardaşlıq mühitində bir-biri ilə əlaqə saxlasın. Bu gün təməli qoyulan ənənələr, bu gün göstərilən istiqamətlər gələcək nəslə də bir yol göstəricisidir. Çünki biz istəyirik ki, birliyimiz əbədi, sarsılmaz, dönməz olsun. Əminəm ki, biz buna nail olacağıq. Hər halda son illərin tarixi belə deməyə əsas verir.

Türkiyənin gələcək inkişafı nə Azərbaycanda, nə Türkiyədə heç bir şübhə doğurmur. Bizim qardaş ölkəmiz yalnız və yalnız yüksələn xətlə inkişaf edəcəkdir və ölkə qarşısında duran bütün vəzifələri icra edəcəkdir. Mən bu fürsətdən istifadə edərək Azərbaycana daim göstərilən dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndə Türkiyə bizə arxa, dayaq olmuşdur. Bu gün bizim qarşılıqlı dəstəyimiz ölkələrimizi daha da birləşdirir, gücləndirir. Bu gün Türkiyə-Azərbaycan işbirliyi, əməkdaşlığı müsbət meyillərin güclənməsinə təkan verir. İqtisadi, siyasi, enerji sahələrində bu birlik həlledici amildir. Bugünkü mərasim və bugünkü təltiflər böyük bir rəmzi məna daşıyır. Bu, bizim birliyimizin, dostluğumuzun, qardaşlığımızın təntənəsidir. Biz bundan sonra da əlaqələrimizi bu möhkəm təməl üzərində quracağıq.

Mən bir daha əziz qardaşım Prezident Abdullah Gülə mənim səylərimi, fəaliyyətimi yüksək qiymətləndirdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha Türkiyə və Azərbaycan xalqlarını əmin etmək istəyirəm ki, Türkiyə-Azərbaycan birliyi üçün bundan sonra da var gücümlə çalışacağam.

Yaşasın Türkiyə! Yaşasın Azərbaycan!

X X X

Sonda prezidentlər İlham Əliyev və Abdullah Gül, xanımları Mehriban Əliyeva və Hayrünnisə Gül xatirə şəkli çəkdirdilər.

Türkiyə Respublikasının ən ali mükafatı olan “Dövlət nişanı” 1988-ci ildə təsis edilmişdir. Türkiyə Prezidenti tərəfindən təqdim edilən “Dövlət nişanı” dövlət başçısının tövsiyəsi əsasında Nazirlər Kabinetinin qərarı ilə verilir. Bu mükafata xarici ölkələrin dövlət başçıları ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə layiq görülürlər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35
SƏNƏDLƏR Qanunlar 15 aprel 2024
14:33
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

15 aprel 2024, 14:33
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:31
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

15 aprel 2024, 14:31
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:29
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 537 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”...

15 aprel 2024, 14:29
SƏNƏDLƏR Qanunlar 15 aprel 2024
14:27
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 14-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Məişət zorakılığının qarşısının alınması haqqında”...

15 aprel 2024, 14:27