Gerb President of Azerbaijan

Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi

13 iyul 2010, 16:18

W1siziisijiwmtuvmdyvmtuvowhxyxiyedvpal83mdquanbnil0swyjwiiwidgh1bwiilciymdv4mte1il1d?sha=7b29bda40f862f1f

2010-cu ilin altı ayı arxada qalır və biz ənənəvi olaraq ilin birinci altı ayının yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, Azərbaycanda bütövlükdə bu il də keçən ildəki kimi uğurlu iqtisadi inkişaf davam etmişdir. Baxmayaraq ki, keçən il maliyyə və iqtisadi böhran dünyada gedən proseslərə çox güclü təsir göstərmişdir. Azərbaycanda 2009-cu ildə iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur.

2010-cu ildə də bu müsbət meyillər davam etmişdir və iqtisadiyyatımızın bütün sahələrində inkişaf var, tərəqqi var. Bu rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanda iqtisadi islahatlar düzgün istiqamətdə aparılır. Altı ayda iqtisadi inkişaf 3,7 faiz təşkil etmişdir. Nəzərə alsaq ki, keçən ilin iqtisadi inkişafının bazası çox yüksək idi, bu, çox yüksək göstəricidir. Ümumiyyətlə, bu gün Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və bildiyiniz kimi, biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk. Bu, bizim prioritet məsələmizdir. O ki qaldı neft-qaz sektoruna, orada əldə edilmiş uğurlar bizim üçün kifayətdir və yəqin ki, biz hasilatın hazırkı templərini saxlamalıyıq.

Sənaye potensialının inkişafında müsbət meyillər davam etmişdir. Biz sənaye potensialını iki yerə bölsək görərik ki, neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni bu, gördüyümüz işlərin bariz nümunəsidir. Çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bax, bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə çatmışıq. Biz növbəti illərdə bu meyilləri gücləndirməliyik. Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azaltsın.

Digər iqtisadi göstəricilər də ümumiyyətlə, müsbət mənzərədən xəbər verir. İnflyasiya 4,9 faiz təşkil etmişdir. Bu, normal rəqəmdir. Əhalinin pul gəlirləri isə 9 faiz artmışdır. Bu, onu göstərir ki, 2009-2010-cu illərin tarixdə böhranlı illər kimi qalacağına baxmayaraq, Azərbaycan vətəndaşlarının gəlirləri artır və inflyasiyanın templərini də qabaqlayır.

Ölkədə böyük maliyyə resursları yaradılmışdır. Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artmış - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır və bu, bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki, biz iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bilək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflığın təmin olunması və şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulmağımız, bax, bu böyük ehtiyatın yaranmasına gətirib çıxarmışdır.

Bu, Azərbaycan xalqının sərvətidir. Bildiyiniz kimi, Neft Fondunun gəlirləri və xərcləri haqqında mütəmadi qaydada ictimaiyyətə məlumat verilir. Bu, çox şəffaf qurumdur, neft gəlirlərinin uğurla idarə edilməsində və ədalətli bölünməsində Azərbaycan dünya miqyasında nümunə kimi göstərilir. Əlbəttə ki, əldə edilmiş təcrübə və bu sahədə görülən işlər artıq bizə deməyə imkan verir ki, Azərbaycanın strateji valyuta ehtiyatları gələcəkdə də artacaqdır. Əlbəttə, bu valyuta ehtiyatları Azərbaycanın uğurlu inkişafını və müstəqil siyasətini təmin edəcəkdir. Çünki iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas amilidir.

Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, demək olar, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi, prosesi davam edir və bu il də biz bunu müşahidə etmişik.

Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi.

Bu gün isə maliyyə imkanlarımız, məhz xarici sərmayənin nəticəsində yaradılmış milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki, biz daxili investisiyaların həcmini ildən-ilə artıraq. 3,8 milyard dollardan 3 milyard dolları daxili sərmayələrdir, həm dövlət proqramları çərçivəsində, eyni zamanda, Azərbaycan şirkətlərinin fəaliyyəti nəticəsində qoyulmuş vəsaitdir. Bu da çox sevindirici haldır.

Azərbaycanda bu gün özəl sektorda fəaliyyət göstərən şirkətlər güclənir. Azərbaycan dövləti onlara öz dəstəyini göstərir. Dövlət şirkətləri müasir sistemə keçirlər. Azərbaycan dövlət şirkətlərində müasir mühasibat, audit və idarəetmə sistemi tətbiq olunur. Biz bu prosesləri dəstəkləyirik və strateji xəttimiz ondan ibarətdir ki, dövlət nəzarətində olan bütün şirkətlər beynəlxalq səviyyəli şirkətlər kimi fəaliyyət göstərsinlər. Onların dövlətə məxsus olduğu o demək deyil ki, onlar dövlət tərəfindən idarə olunmalıdır, yaxud da hansısa başqa yolla idarə olunmalıdır.

Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri geniş tətbiq olunub və dövlət mülkiyyətində strateji əhəmiyyət daşıyan şirkətlər kommersiya şirkətləri kimi fəaliyyət göstərməlidirlər, beynəlxalq bazarlara çıxmalıdırlar və beynəlxalq bazarlarda investisiya layihələrini davam etdirməlidirlər.

Bir sözlə, iqtisadi inkişafı göstərən və müəyyən edən əsas göstəricilər müsbətdir, inkişaf təmin olunur və əminəm ki, Azərbaycanın uğurlu inkişafı bundan sonra da uzun illər ərzində davam edəcəkdir.

Biz həmişə olduğu kimi sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar təşkil edir, ildən-ilə artır və ilin birinci yarısında da artım müşahidə olunubdur. Orta pensiyaların həcmi təxminən 130 dollardır. Burada da artım var. Amma əlbəttə ki, biz çalışmalıyıq ki, pensiyaların məbləğini bundan sonra da artıraq və bu barədə bu gün danışacağıq. Bütün sosial infrastrukturun yaradılması layihəsi ilə bağlı – xəstəxanalar, məktəblər, idman qurğuları, mədəniyyət ocaqları - hər bir sahədə konkret işlər görülür. Bakıda və bölgələrdə ilin birinci yarısında açılan gözəl, müasir sosial infrastruktur obyektləri bunun bariz nümunəsidir.

Azərbaycanda regionların inkişafı proqramı uğurla davam edir və regionlarda gedən quruculuq, abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış vəziyyətdən uğurla istifadə edirlər.

Ancaq o da həqiqətdir ki, bizim bütün bölgələrimiz dövlətdən verilmiş dotasiyalar hesabına yaşayırlar. Elə bir bölgə yoxdur ki, öz daxili resursları hesabına yaşaya bilsin. Yəqin ki, bu təbiidir. Ancaq biz çalışmalıyıq ki, hər bir bölgə özünə xas olan xüsusiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək, özünü maksimum dərəcədə yerli istehsalın artırılması hesabına təmin edə bilsin.

Dövlət, əlbəttə ki, bu subsidiyaları, dotasiyaları verməyə davam edəcək. İnfrastruktur layihələrinin keçirilməsi, kənd təsərrüfatına subsidiyaların verilməsi bu məqsədi güdür. Özəl sektora verilən kreditlər artıq gözəl nəticələrini verir və hər bir bölgənin öz proqramı var və proqram da çox müfəssəldir. Elə etməliyik ki, növbəti illərdə bölgələrin milli gəliri, ümumi daxili məhsul (ÜDM) daha da artsın. Baxmayaraq ki, son illər ərzində bəzi bölgələrdə ÜDM 3 dəfə, 4 dəfə artmışdır, yenə də hələ ki, ehtiyatlar böyükdür. Biz bu ehtiyatlardan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik.

Bu il Azərbaycanda altı ayda 36 min yeni iş yerləri açılmışdır.

Bütövlükdə isə 2004-cü ildə bəyan etdiyimiz proqram – regionların inkişafı və iş yerlərinin açılması proqramı uğurla icra edilir. Azərbaycanda son altı ildə təxminən 900 min yeni iş yerləri açılmışdır ki, onlardan 600 mindən çoxu daimi iş yerləridir. Düzdür, bəzi iş yerləri bağlanır, ancaq, bu, əlbəttə ki, təbii prosesdir. Hansısa şirkət fəaliyyət göstərir, sonra fəaliyyətini dayandırır. Bütövlükdə, Azərbaycanda işsizliklə bağlı olan məsələlər çox uğurla həll olunur. İşsizliyin aradan qaldırılması istiqamətində çox önəmli addımlar atılır.

Bu gün biz idxalı əvəzləyən məhsulların istehsalına çox böyük diqqət veririk. Bu gün biz ərzaq məhsulları ilə bağlı demək olar ki, əsas vacib məsələləri həll etmişik. Həll olunmamış məsələlər də öz həllini tapacaq və beləliklə, bir daha demək istəyirəm ki, ölkəmizin hərtərəfli inkişafı təmin ediləcəkdir.

Neft-qaz sektorunda bütün işlər plan üzrə gedir. Nəzərdə tutulmuş hasilat səviyyəsi təmin ediləcəkdir. Altı ayda 25 milyon ton neft, 13 milyard kubmetr qaz hasil edilibdir. Bilirsiniz ki, bu hasilatın böyük əksəriyyəti ixrac edilir, Azərbaycana valyuta axını gəlməyə davam edir. Hesab edirəm ki, bu sahədə hasilatla bağlı işlər lazımi səviyyədə qurulub. Biz əlbəttə ki, hər bir sahədə olduğu kimi bu sahədəki siyasətimizə vaxtaşırı düzəlişlər edirik. Mən hesab edirəm ki, hazırkı hasilatın səviyyəsi bizi qane edir. Ancaq gələcəkdə əlbəttə ki, müxtəlif amilləri nəzərə alaraq, biz hasilatı artıra da bilərik, azalda da bilərik. Elə etməliyik ki, biz öz təbii ehtiyatlarımızdan maksimum səmərə ilə istifadə edək. Nəzərə alsaq ki, bizim təbii resurslarımıza dünyada və Avropada böyük ehtiyac var, ola bilər, hansısa əlavə tədbirin görülməsi nəticəsində biz qısa müddət ərzində hasilatı artıra da bilərik. Yəni ki, bu işlər bizim əlimizdədir, bizdən asılıdır və biz hasilatı istədiyimiz formada tənzimləyə bilərik.

Digər sahələrdə inkişaf müsbət təəssürat yaradır. Azərbaycanın iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. 2009-cu ildə böhran ilinə baxmayaraq, beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırıblar. Bu onu göstərir ki, bizim apardığımız islahatlar çox uğurludur. Bizim iqtisadi inkişafımız təkcə bir sektorun inkişafına bağlı deyil. Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməyə davam edəcəkdir.

Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni, bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik.

Biz öz müdafiə potensialımızı gücləndiririk. Bildiyiniz kimi, bu yaxınlarda büdcəyə dəyişiklik edilmişdir və bütövlükdə, bizim dövlət büdcəmiz hazırda 15 milyard dollar səviyyəsindədir. O cümlədən, 500 milyon dollar vəsait hərbi məsələlərin həllinə əlavə olaraq ayrılmışdır. Bu, bizim məqsədyönlü siyasətimizin bir hissəsidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Belə olan halda, biz diqqətimizi, ilk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsinə verməliyik və bunu edirik. Bu gün Azərbaycanın bütün hərbi xərcləri 2 milyard 150 milyon dollardır ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Biz vaxtilə, bir neçə il bundan əvvəl qoyulmuş məqsədə çatdıq. Bu, bizə imkan verir ki, ordumuzu daha da müasirləşdirək, ən müasir silah-sursatı, texnikanı Azərbaycana gətirək. Eyni zamanda, ölkə daxilində güclü müdafiə sənayesini yaradaq. Biz qısa müddət ərzində buna nail ola bilmişik.

Hərbi gücümüz ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində həlledici rol oynaya bilər. Biz istəmirik ki, bu, həlledici rol oynasın. Biz istəyirik ki, məsələ danışıqlar yolu ilə, diplomatiya yolu ilə öz həllini tapsın. Ancaq hərbi güc olan zaman əlbəttə ki, bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir.

Bu yaxınlarda mən Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz fikirlərimi bildirdim. İctimaiyyətə geniş məlumat verdim. Bir daha vurğulamaq istəyirəm ki, bizim bu sahədəki bütün fəaliyyətimiz çox şəffafdır, açıqdır və birmənalıdır. Azərbaycan xalqı mütəmadi qaydada məsələ ilə bağlı aparılan danışıqlar haqqında məlumatlandırılır. Bu, bizim ümumxalq işimizdir. Azərbaycan xalqı öz iradəsini ortaya qoyubdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının iradəsi əsasında öz həllini tapacaqdır. Yenə də deyirəm, bu, bizim ümumxalq işimizdir və son sözü Azərbaycan xalqı deyəcəkdir.

Bu gün bir məsələyə toxunmaq istəyirəm. Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaqdır! Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar - məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar.

O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz parçasıdır. Yəni, birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma Dağlıq Qarabağ separatçıları, yaxud da ki, hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz. Bax, deyə bilərəm ki, bu, danışıqların əsas məsələlərindən biridir, demək olar ki, onun mahiyyətidir. Ona görə Ermənistan tərəfi deyəndə ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil olacaq, bu, onların xülyasıdır, onların istəyidir, onların arzusudur. Ondan başqa heç nə deyildir. Danışıqlar masasında olan sənəddə Dağlıq Qarabağın statusu, statusunun müəyyən edilməsi haqqında hər şey açıq-aydın göstərilibdir. Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti öz sözünü deyəcək və bu söz həlledici söz olacaqdır.

Azərbaycan dövləti və Azərbaycan xalqı isə heç vaxt Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək heç bir status verməyəcəkdir. Danışıqlarda müzakirə edilən məsələlərdə Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa ayrılması ilə bağlı heç bir mexanizm yoxdur, ola da bilməz.

Ona görə mən bunu xüsusilə bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Azərbaycan ancaq bu prinsiplər əsasında danışıqlarda iştirak edir. Bu prinsiplər demokratik prinsiplərdir. Bu prinsiplərdə həm ölkələrin ərazi bütövlüyünə hörmət göstərilir, eyni zamanda, xalqların öz müqəddəratının təyin edilməsi məsələlərinə də münasibət bildirilir. Ancaq bu iki amil bir-biri ilə ziddiyyət təşkil etməməlidir və etmir.

Xalqların öz müqəddəratını təyin etməsi məsələləri ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Dünyada, o cümlədən Avropada belə nümunələr çoxdur. Biz isə istəyirik ki, ən qabaqcıl təcrübə hər sahədə tətbiq olunsun, o cümlədən bu münaqişə ilə bağlı heç bir ayrı-seçkiliyə yol verilə bilməz. Azərbaycan dövləti məhz bu prinsiplər üzərində durubdur. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur və olmayacaqdır.

Paralel olaraq bir daha demək istəyirəm ki, biz hərbi gücümüzü də gücləndiririk və bunu edəcəyik. Azərbaycanda hərbi məsələlərin həlli üçün ayrılan vəsait, bildiyiniz kimi, çox böyük vəsaitdir. Biz bu vəsaiti nə üçün xərcləyirik? Yəqin ki, hamıya bəllidir. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Tam əminəm ki, bu gün Azərbaycanın belə imkanları var. Biz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, bundan sonra da artıracağıq. Bizim maliyyə imkanlarımız buna şərait yaradır və bu maliyyə imkanlarını biz yaratmışıq, Azərbaycan xalqı yaradıb, siyasətimiz yaradıb. Əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, bu gün ümumiyyətlə Azərbaycanın uğurlu inkişafından söhbət gedə bilməzdi. Biz çox uğurla, məharətlə və ağılla bu amildən istifadə etdik, ölkəmizi gücləndirdik.

Ermənistanda bəziləri hesab edirlər ki, onlar müharibənin birinci mərhələsində qalib gəldilər. Mən hesab edirəm ki, onlar məğlub olublar. Azərbaycan isə atəşkəs müddəti ərzində böyük və uğurlu yol keçmişdir.

Biz bu gün böyük zirvələrə çatmışıq. Dünya miqyasında Azərbaycan böyük hörmətə malik olan ölkədir, bölgədə həlledici rol oynayır. Bizim iştirakımız olmadan heç bir məsələ öz həllini tapa bilməz. Bölgədə irəli sürülən siyasi təşəbbüslər və onların baş tutmaması bir daha onu göstərir ki, bizim razılığımız olmadan heç bir məsələ öz həllini tapa bilməz.

İqtisadi cəhətdən Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir, qarşıya bu məqsədi qoymuşuq. Biz müasir ölkəyik. Ona görə, müharibənin birinci mərhələsi heç nəyi sübut etmir. Bir şeyi sübut edir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaq və istənilən yolla öz ərazi bütövlüyünü bərpa edəcəkdir.