Gerb President of Azerbaijan

Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün DÖVLƏT PROQRAMI

09 fevral 2018, 18:15

Azərbaycan Respublikası Prezidentinin 

2018-ci il 9 fevral tarixli
Sərəncamı ilə təsdiq edilmişdir

 

1. Giriş

Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafının təmin edilməsi, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və məşğulluq səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir.

Son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, əhalinin düyüyə olan tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.

“Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamına uyğun olaraq, ölkəmizdə çəltikçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, çəltik istehsalına marağın artırılması məqsədi ilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.

2. Azərbaycanda çəltikçiliyin mövcud vəziyyəti

Azərbaycanda çəltik bitkisi qədimdən becərilir. Ölkəmizin ərazisində keyfiyyəti ilə müxtəlif müsabiqələrdə dəfələrlə fərqlənmiş “Ağ ənbərbu”, “Vilgəri”, “Yetim”, “Lənkəran sədrisi”, “Ağ qılçıqlı” və digər yerli sortlar becərilmişdir. İqtisadi şəraitlə əlaqədar olaraq ölkəmizdə çəltiyin əkin sahəsi illər üzrə müxtəlif olmuşdur. Çəltik sahəsi 1913-cü ildə 47 min hektar, 1927-ci ildə 54 min hektar, 1937-ci ildə 25,3 min hektar,1964-cü ildə 12,3 min hektar təşkil etmiş, sonradan tərəvəzçiliyin inkişafı ilə əlaqədar 1,8 min hektara qədər azalmışdır. Yalnız 1995-ci ildən başlayaraq çəltik əkinləri genişlənmiş, 1996-cı ildə 2,4 min hektar sahədə çəltik əkilmiş, orta məhsuldarlıq 38,7 sentner (s/ha) olmuşdur. Hazırda Azərbaycanda çəltik əkinçiliyi əsasən Lənkəran və Aran iqtisadi rayonlarında aparılır.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində ölkə ərazisinin müxtəlif regionlarında dənli və dənli-paxlalı bitkilərin, o cümlədən çəltikçiliyin inkişaf etdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulmuş və bu istiqamətdə müvafiq işlər həyata keçirilmişdir. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamına əsasən buğda və çəltik əkini sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektar üçün 90 manat yardım verilməsi, həmçinin son illər kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən digər tədbirlər istehsalçılarda bu sahəyə marağı artırmışdır.

2016-cı ildə 2,5 min hektarda çəltik əkilmiş və 5,6 min ton məhsul yığılmışdır. 2017-ci ildə isə çəltiyin əkin sahəsi əvvəlki illə müqayisədə 2 dəfədən çox artaraq 5,1 min hektara çatdırılmış, ölkə üzrə 15,9 min ton məhsul toplanmış və orta məhsuldarlıq 31,1 s/ha olmuşdur. Lakin ölkənin düyüyə illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur. Bu baxımdan Dövlət Proqramının çəltikçiliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin daha da gücləndirilməsinə və bu sahənin inkişafına mühüm təkan verəcəyi gözlənilir.

3. Dünyada çəltikçiliyin inkişaf meyilləri

Ən qədim dənli bitkilərdən hesab olunan çəltiyin vətəni Çin və Hindistandır. Çəltiyin Cənub-Şərqi Asiyada becərilmə tarixi yeddi min ilə çatır və eramızdan əvvəl X-V əsrlərdə Çin və Hindistandan Mesopotamiya, İran, Suriya və Orta Asiyaya yayılmışdır.

Dünya üzrə dənli bitkilərin əkin strukturunda və insanların qida rasionunda düyü buğdadan sonra ikinci yeri tutur. Düyüyə tələbat ilbəil artım dinamikasına malik olduğundan, çəltik istehsalı kənd təsərrüfatının ən perspektivli sahələrindən biridir.

Dünya üzrə ümumi taxıl əkinlərinin təxminən 1/5 hissəsi çəltik əkinlərinin payına düşür. 2015-ci ilin məlumatına əsasən çəltiyin əkin sahəsi 163,5 milyon hektar, orta məhsuldarlıq isə 46 s/ha təşkil etmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, 2013-2016-cı illərdə dünya üzrə təmizlənmiş çəkidə düyü istehsalı 490-501 milyon ton, istehlak 484-503 milyon ton arasında dəyişmiş, həmin illərdə ilin sonuna düyü qalığı 166-170 milyon ton olmuşdur.

Dünya üzrə çəltik istehsalının 50%-i Çin və Hindistanın payına düşür. Əsas çəltik istehsalçıları Çin, Hindistan, İndoneziya, Banqladeş, Vyetnam, Tailand, Myanma, Filippin, Braziliya, Yaponiya və ABŞ hesab edilir. Hindistan 2015-ci ildə çəltik əkin sahəsinə görə birinci yeri tutmasına baxmayaraq (42,8 mln. ha), Çin yüksək məhsuldarlıq hesabına məhsul istehsalına görə birincidir (208,2 mln. ton), sonrakı yerləri Hindistan, İndoneziya və Banqladeş tutur. Məhsuldarlıq isə Avstraliya (102 s/ha), Misir (95 s/ha), ABŞ (86 s/ha) və Türkiyədə (81 s/ha) daha yüksəkdir.

Düyünün illik ticarət həcmi 40 milyon tondan çoxdur. Dünya bazarına ən çox düyü məhsulunu Hindistan (10 milyon tondan çox) ixrac edir. Ümumilikdə isə düyü ixracının təxminən 80%-i Hindistan, Tailand, Vyetnam, ABŞ və Pakistanın payına düşür. Ən iri düyü idxalçısı isə Çindir.

4. Dövlət Proqramının məqsədi və vəzifələri

4.1. Dövlət Proqramının məqsədi ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarətdir.

4.2. Həmin məqsədə nail olunması üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

4.2.1. çəltik əkini sahələrinin genişləndirilməsi və çəltiyin məhsuldarlığının artırılması;

4.2.2. çəltikçilik sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi;

4.2.3. çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və rayonlaşdırılmış sortlarının toxumçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi;

4.2.4. çəltikçiliyin infrastruktur təminatının yaxşılaşdırılması;

4.2.5. çəltik istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;

4.2.6. çəltik emalı müəssisələrinin yaradılmasının təşviqi;

4.2.7. düyü məhsulunun rəqabət qabiliyyətliliyinin artırılması, ixracının təşviqi;

4.2.8. düyü məhsulu üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi;

4.2.9. çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi.

5. Çəltikçiliyin inkişafının əsas istiqamətləri

5.0. Azərbaycanda çəltikçiliyin inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

5.0.1. rayonlar üzrə çəltiyin optimal əkin sahələrinin müəyyənləşdirilməsi;

5.0.2. intensiv becərmə və mühəndis-suvarma texnologiyalarının tətbiqi hesabına çəltik istehsalının artırılması, bu sahədə yüksək səmərəliliyin təmin edilməsi;

5.0.3. çəltikçiliyin müasir texnika və texnoloji avadanlıqlarla təminatının yaxşılaşdırılması;

5.0.4. çəltikçilikdə növbəli əkin sisteminin tətbiq edilməsi;

5.0.5. yüksək məhsuldar yerli və rayonlaşdırılmış xarici çəltik sortlarının keyfiyyətli toxumlarından istifadə edilməsi;

5.0.6. çəltikçilik sahəsində fitosanitar və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi;

5.0.7. emal potensialının gücləndirilməsi.

6. Dövlət Proqramının maliyyələşmə mənbələri

6.0. Dövlət Proqramı üzrə tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

6.0.1. dövlət büdcəsi;

6.0.2. büdcədənkənar fondlar;

6.0.3. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri;

6.0.4. yerli və xarici investisiyalar;

6.0.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

7. Dövlət Proqramının icrasından gözlənilən nəticələr

7.1. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcəkdir.

7.2. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaqdır.

                                                                               8. Dövlət Proqramının həyata keçirilməsi üzrə 

                                                                                                      TƏDBİRLƏR PLANI

 

Sıra

№-si

Tədbirin adı

İcra müddəti

İcraçılar

8.1. Çəltikçiliyin inkişafı üzrə institusional tədbirlər

8.1.1.

Çəltikçilik sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması

2018 – 2019

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi,

Ədliyyə Nazirliyi

8.1.2.

Çəltik bitkisinin əkildiyi rayonlar (zonalar) üzrə məlumat bankının yaradılması

2018 – 2019

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası,

yerli icra hakimiyyəti orqanları

8.1.3.

Çəltik məhsullarının istehsalı sahəsində  mütərəqqi təcrübəyə malik xarici şirkətlərlə əlaqələrin genişləndirilməsi

2018 – 2019

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Xarici İşlər Nazirliyi

8.1.4.

Çəltik istehsalı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsi

2018 – 2019

Maliyyə Bazarlarına Nəzarət Palatası,

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

8.1.5.

Çəltik istehsalı üçün əkinəyararlı torpaqların müəyyən olunması və təsərrüfat subyektlərinə verilməsinin təmin olunması

2018 – 2025

Əmlak Məsələləri Dövlət Komitəsi,

Kənd Təsərrüfatı Nazirliyi,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC,

yerli icra hakimiyyəti orqanları

8.2.  Çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi

8.2.1.

Çəltikçilik sahəsində fəaliyyət göstərən elmi tədqiqat institutlarının maddi-texniki bazasının gücləndirilməsi

2018 – 2021

Kənd Təsərrüfatı Nazirliyi

İqtisadiyyat Nazirliyi,

Maliyyə Nazirliyi

8.2.2.

Elmi tədqiqat müəssisələri ilə çəltik istehsalçıları arasında əməkdaşlığın gücləndirilməsi

2018 – 2025

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası,

yerli icra hakimiyyəti orqanları

8.2.3.

Çəltikçilik sahəsində kadrların hazırlanması, xarici ölkələrlə təcrübə mübadiləsi

2018 – 2025

Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası

8.2.4.

Çəltiyin seleksiyasına dair tədqiqat işlərinin gücləndirilməsi, yeni sortların öyrənilməsi, yüksək məhsuldar yerli və rayonlaşdırılmış xarici çəltik sortlarının reproduksiyalı toxum istehsalının təşkili

2018 – 2025

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

8.2.5.

Çəltik istehsalı və emalı sahəsində elmi-texniki nailiyyətlərin yayılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi

2018 – 2025

Kənd Təsərrüfatı Nazirliyi,

Azərbaycan Milli Elmlər

Akademiyası,

Elmin İnkişafı Fondu

8.3.  Çəltikçiliyin infrastruktur təminatının yaxşılaşdırılması

8.3.1.

Çəltik əkini sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin təmir-bərpası, yenidən qurulması və tikintisi (Əyriçay su anbarının tikintisinin davam etdirilməsi, Əlicançay  su anbarı  və digərlərinin tikilməsi)

2018 – 2025

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC,

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi

8.3.2.

Çəltik emalı müəssisələrinin elektrik, qaz, su ilə təchizatı və digər infrastruktur sistemlərinə qoşulması üzrə tədbirlərin həyata keçirilməsi

2018 – 2025

“Azərişıq” ASC,

“Azərsu” ASC,

Dövlət Neft Şirkəti,

yerli icra hakimiyyəti orqanları

8.4.  Çəltikçilik sahəsində dövlət dəstəyi tədbirləri

8.4.1.

Mütərəqqi texnologiyaların tətbiqi ilə iri  çəltikçilik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi

2018 – 2025

İqtisadiyyat Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

8.4.2.

Çəltikçiliyin müasir texnika və avadanlıqlarla təminatının gücləndirilməsi

2018 – 2025

Kənd Təsərrüfatı Nazirliyi,

Maliyyə Nazirliyi

8.4.3.

Çəltik istehsalçılarının gübrə və bitki mühafizə vasitələri ilə təminatının yaxşılaşdırılması

2018 – 2025

Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi

8.4.4.

Çəltiyin emalı və qablaşdırılmasını həyata keçirən emal müəssisələrinin yaradılmasının dəstəklənməsi

2018 – 2025

İqtisadiyyat Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi,   yerli icra hakimiyyəti orqanları

8.4.5.

Çəltik əkilən sahələrin hamarlanmasına, ləklərin düzəldilməsinə və istifadə edilən suya əlavə dəstək göstərilməsi imkanlarının araşdırılması

2018 – 2019

Kənd Təsərrüfatı Nazirliyi,

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC,

İqtisadiyyat Nazirliyi,

Maliyyə Nazirliyi

8.4.6.

Çəltikçilik sahəsində fəaliyyət göstərən istehsalçılara informasiya-məsləhət xidmətləri göstərilməsi

2018 – 2025

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

8.5.  Çəltikçilik sahəsində marketinq fəaliyyətinin gücləndirilməsi

8.5.1.

Çəltikçilik üzrə ölkə və beynəlxalq əhəmiyyətli sərgi, yarmarka, konfranslarda iştirak, qabaqcıl nailiyyətlərə görə mükafatlandırma və digər tədbirlərin həyata keçirilməsi

2018 – 2025

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi,

Xarici İşlər Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

8.5.2.

Çəltik istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi və mütəmadi olaraq yenilənməsi

2018 – 2025

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi