Gerb

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 105. Bayram günləri

1. Azərbaycan Respublikasının bayram günlərinə aşağıdakılar aiddir:

Yeni il bayramı (1 və 2 yanvar);

Qadınlar günü (8 mart);

Faşizm üzərində qələbə günü (9 may);

Respublika günü (28 may);

Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun);

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (26 iyun);

Dövlət müstəqiliyi günü (18 oktyabr);

Azərbaycan Respublikasının Dövlət Bayrağı günü (9 noyabr);

Konstitusiya günü (12 noyabr);

Milli Dirçəliş günü (17 noyabr);

Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr);

Novruz bayramı – 5 gün;

Qurban bayramı – 2 gün.

Ramazan bayramı – 2 gün.

2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir.

3. İş günləri hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

4. Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.

5. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı növbəti iş gününə keçirilir.

6. Qurban bayramı və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

7. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

1 YANVAR – YENİ İL

Yanvar ayı (latınca “Yanvarus”) Roma allahı Yanusun şərəfinə adlandırılmışdır. Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilmişdir.

Azərbaycan Respublikasında illərin hesablanması üçün Qriqori təqvimindən istifadə olunur. 

2006-cı ildən başlayaraq, yanvarın 1 və 2-si bayram günləri hesab edilir və iş günü olmayan istirahət günləri kimi qeyd olunur.

8 MART - BEYNƏLXALQ QADINLAR GÜNÜ

8 mart qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günüdür. Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə qəbul edilmişdir. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur. Rusiyada həmin gün ilk dəfə 1913-cü ildə, Azərbaycanda 1917-ci ildə bayram edilmişdir. 1914-cü ilə qədər bu bayram müxtəlif günlərdə qeyd olunurdu. Beynəlxalq qadınlar gününün martın 8-də qeyd edilməsi ənənəsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və digər dövlətlərin qadınları həmin günü bayram hesab etmək barədə razılığa gəldikdən sonra yaranmışdır.

O vaxtdan bəri martın 8-ni bütün ölkələrdə həm də sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildə Azərbaycan SSRİ-də martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilmişdir. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu saxlamışdır.

9 MAY – FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ

İkincü Dünya Müharibəsi (1939-1945) bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır.

İkinci Dünya Müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları - İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.

İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləmişdir. 

28 MAY – RESPUBLİKA GÜNÜ

XX əsr tarixə təkcə elm və texnika əsri kimi deyil, həm də milli dirçəliş, müstəmləkə imperiyalarının dağılması, yeni milli dövlətlərin yaranması əsri kimi düşmüşdür.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin parlaq səhifəsi kimi dərin iz qoymuşdur.

1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.

15 İYUN – AZƏRBAYCAN XALQININ MİLLİ QURTULUŞ GÜNÜ

1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın hərbi təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. 1993-cü ilin yayında Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Vətənin bu ağır dövründə Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun bizim tariximizə Milli Qurtuluş günü kimi daxil oldu. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü bayram elan etdi.

26 İYUN – AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ

Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmişdir.

18 OKTYABR – DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul edildi.

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edildi.

1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasında ümumxalq səsverməsi - referendum keçirildi. Referendum bülletenlərində yalnız bir sual vardı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına tərəfdarsınızmı?”.Azərbaycan xalqı dövlət müstəqilliyinin lehinə səs verdi.

1992-ci ilin mayında Milli Məclis (parlament) Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadındır), bir müddət sonra isə Dövlət bayrağı və üzərində alov dilləri olan səkkizguşəli ulduz təsvir edilmiş Dövlət gerbini təsdiq etdi.

9 NOYABR - AZƏRBAYCAN RESPUBLIKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ 

Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur. Tariximizin sovet dövründə o, Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı ilə əvəz edilmişdir.

Dağlıq Qarabağ ətrafında cərəyan edən ictimai-siyasi proseslər zamanı ziyalıların təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qeyri-rəsmi olaraq 1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq meydanında qaldırılmışdır.

Rəsmi olaraq bu bayraq Azərbaycan ərazisində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı əsasında Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək bu bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu vermişdir.

1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədənDövlət bayrağını qəbul etmişdir.

12 NOYABR – KONSTİTUSİYA GÜNÜ

Azərbaycan müstəqillik əldə edəndən sonra yeni Konstitusiya hazırlanması zərurəti yarandı. Bu məqsədlə Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi.

Azərbaycan Respublikası Konstitusiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.

17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Ermənistanın hakimiyyət orqanları Sovet İttifaqı rəhbərliyinin səhlənkarlığından istifadə edərək, 200 min nəfərdən çox azərbaycanlının daimi yaşayış yerlərindən qovulmasına faktiki sanksiya verdi.

Ermənistan rəhbərliyinin və Kremlin əməllərinə etiraz əlaməti olaraq, 1988-ci il noyabrın 17-də Bakının baş meydanında – Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqi başlandı.

1992-ci ildən noyabrın 17-si Milli Dirçəliş günü kimi qeyd edilir.

31 DEKABR – DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ

Hər il dekabrın 31-i dünya azərbaycanlıların həmrəyliyi günü kimi qeyd edilir. Dünyanın müxtəlif ölkələrində - İranda (Cənubi Azərbaycan), Türkiyədə, Almaniyada, Fransada, Böyük Britaniyada, ABŞ-da, Yaxın Şərq ölkələrində on milyonlarla azərbaycanlı yaşayır.

1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 dekabr Azərbaycanlıların həmrəyliyi günü elan edilmişdir.

NOVRUZ BAYRAMI

Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Baharın ilk günü təqvimdə Günəşin illik dövr etməsinin başa çatdığını göstərir.

Novruz bayramının tarixi kökləri çox qədimdir. 

Novruz insanların çox xoşladığı, onlara şən ovqat bəxş edən bayramdır. Novruz Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə əks etdirən bayramdır.

QURBAN BAYRAMI

Dini mərasim olan Qurban bayramı bütün müsəlman aləmində hər il qeyd edilir. 

Qurban bayramı 2 gün qeyd edilir.

RAMAZAN BAYRAMI

Müqəddəs Ramazan ayı müsəlmanlar üçün Hicri tarixinin ikinci ilində (Miladi tarixin 622-ci ilində) müəyyən edilmişdir. Ramazan ayı insanlara Allahın göstərişlərini bütün qəlbi ilə qəbul etməyi, cismani və ruhi sınaqlardan keçməyi təlqin edir. Müsəlmanlar bu ayda oruc tuturlar.

Orucluğun tarixi Hicri təqviminin ikinci ilindən başlanır. O vaxt Məhəmməd Peyğəmbər Mədinədə müsəlmanlar üçün Ramazan ayını müəyyən etmişdir. Allah Quranı müsəlmanlara məhz Ramazan ayının son on gecəsinin birində nazil etmişdir. Deyilənə görə, bu hadisə həmin ayın 23-dən 24-nə və ya 26-dan 27-nə keçən gecə baş vermişdir. Həmin gecə “leylət əl-Qədr”, yəni "güclü və qüdrətli gecə" adlanır. Quranda bu gecə barədə deyilir: “Biz onu (Quranı) Qədr gecəsində nazil etdik. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan da xeyirlidir. O gecə mələklər və ruh (Cəbrayıl) öz Rəbbinin izni ilə hər bir əmrə görə enirlər. O (gecə), sübh açılana qədər bir salamatlıqdır” (97:1-5).

Orucluq id-əl-fitr bayramı ilə başa çatır. Həmin gün imkanlı müsəlmanlar kasıb müsəlmanlara maddi yardımlar edirlər.

1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində qeyd edilir.

Ramazan bayramı 2 gün qeyd olunur.