28 mart 2024, 17:17

Mübariz Allahverdiyevdən, Xocalı, Azərbaycan

Hörmətli cənab Prezident!

Uzun illərdən sonra, ilk dəfə, Xankəndidə alovlandırdığınız Novruz tonqalının bütün dünyaya bərq vurması xalqımıza, eləcə də Xocalı sakinlərinə böyük sevinc bəxş etdi.

Erməni işğalından azad edilən torpaqlarımızda, hər il ayrı-ayrı yaşayış məntəqələrində Novruz tonqallarının qalanması rəmzi məna daşıyır. Bu il Xankəndi torpağında alovlanan ocağın hərarətinin bütün torpaqlarımıza sirayət edərək ruzi-bərəkət mənbəyinə çevriləcəyini zənn edirik.

Cənab Prezident, bu il fevralın 26-da Xocalıda Xocalı Soyqırımı Memorialının təməlini qoymağınıza, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünüzə və dünyanın bütün sərhədlərini maneəsiz aşıb keçmə qüdrətinə malik olan mükəmməl nitqinizə, Xocalının, Xankəndinin işğaldan azad anlarının ştrixlərini erməni vandallarına nümayiş etdirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Mən hələ də həmin tarixin xoş təəssüratları altındayam. Tarixin səhifələrinə qızıl hərflərlə həkk olunan xilaskarlıq missiyanız dünya durduqca yaşayacaq, var olacaqdır.

Səmimi hörmət və ehtiramla,

Allahverdiyev Mübariz Qasım oğlu,

Xocalı sakini, Birinci Qarabağ müharibəsi veteranı,

Azərbaycan Tibb Universitetinin professoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.