Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi

27 dekabr 2023, 16:28

Azərbaycan Respublikası Prezidentinin

2023-cü il 27 dekabr tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 16.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin (bundan sonra – Sistem) formalaşdırılmasının, aparılmasının və digər dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə inteqrasiyasının, habelə Sistemlə bağlı mühafizə tədbirlərinin təmin edilməsinin, Sistem vasitəsilə müraciətlərin qəbulunun, emalının və cavablandırılmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Sistemin formalaşdırılmasının məqsədi rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə şəhərsalma və tikinti fəaliyyəti sahəsində xidmətlər göstərilməsində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsi, habelə bu sahədə nəzarətin effektivliyinin artırılmasından ibarətdir.

1.3. Sistemdə formalaşdırılan, yaradılan, əldə edilən və toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

1.4. Fərdi məlumatların Sistemdə toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunan funksiyaların təmin edilməsidir. Fərdi məlumatların toplanılması, işlənilməsi, mühafizəsi, yayılması və verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına əsasən həyata keçirilir.

1.5. Sistemin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Sistemdən istifadə ödənişsizdir.

1.7. Sistemin formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına və arxivləşdirilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun olaraq həll edilir.

2. Əsas anlayışlar

2.1. Bu Əsasnamənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

2.1.1. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Sistem üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə Sistemin aparılmasını təmin edən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;

2.1.2. iştirakçı – Sistemin informasiya proseslərində iştirak edən dövlət orqanları (qurumları);

2.1.3. istifadəçi – Sistemdən informasiya əldə etmək və ya informasiyadan istifadə hüququ verilmiş dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər;

2.1.4. elektron kabinet – istifadəçilərin Vahid Giriş Sistemi vasitəsilə Sistemə daxil olmasına və istifadəsinə imkan verən, müraciətləri elektron formada göndərməsini və xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin iştirakçı və sahiblə qarşılıqlı əlaqəni təmin edən fərdi elektron səhifə.

2.2. Sistemin sahibi eyni zamanda onun operatoru funksiyalarını həyata keçirir.

3. Sistemin fəaliyyətinin prinsipləri

3.1. Sistem Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır və aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:

3.1.1. istifadə rahatlığı – Sistemdən istifadənin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

3.1.2. operativlik – Sistemdə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı proseslərinin sürətli şəkildə həyata keçirilməsi;

3.1.3. şəffaflıq – Sistemin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu;

3.1.4. fasiləsizlik – Sistemdə aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi.

4. Sistemin fəaliyyətinin təşkili

4.1. İştirakçı tərəfindən Sistemə daxil edilən məlumatlar gücləndirilmiş elektron imzadan istifadə yolu ilə daxil edilməlidir.

4.2. Sistemə daxil edilən məlumatlar dolğun olmalı, zəruri xanalar tam doldurulmalı və anonimləşdirilən məlumatlar istisna olmaqla, sözlər ixtisarla ifadə edilməməlidir.

4.3. Müraciətlərin nəticəsi olaraq verilmiş yekun elektron sənədlər Sistem vasitəsilə avtomatlaşdırılmış formada tərtib edilir.

4.4. Məlumatlar Sistemə Azərbaycan Respublikasının dövlət dilində daxil edilir.

4.5. İştirakçı tərəfindən Sistemə daxil edilmiş məlumatlarda çatışmazlıqlar aşkar olunduqda, iştirakçının yazılı müraciəti əsasında sahib həmin çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görür.

5. Sistemin texniki-texnoloji infrastrukturu

5.1. Sistem aşağıdakı elementlərdən ibarətdir:

5.1.1. proqram kompleksi;

5.1.2. avadanlıq kompleksi;

5.1.3. şəbəkə infrastrukturu;

5.1.4. iştirakçıların işçi stansiyalarının texniki vasitələri;

5.1.5. ehtiyat sistemi.

5.2. Sistemin proqram kompleksinə əməliyyat sistemləri, tətbiqi proqram təminatı, informasiyanın mühafizəsi və digər proqram vasitələri aiddir.

5.3. Sistemin avadanlıq kompleksinə serverlər, yaddaş qurğuları və digər texniki vasitələr aiddir. Sistemin avadanlıq kompleksi sahibin nəzarəti altında fəaliyyət göstərir.

5.4. Sistemin şəbəkə infrastrukturunu kommunikasiya avadanlığı və mühafizə olunan telekommunikasiya kanalları təşkil edir.

5.5. Sistem iştirakçılarının işçi stansiyalarının texniki vasitələrinə kompüter dəsti, çap qurğusu, habelə digər zəruri elektron cihazlar daxildir. Bu texniki vasitələrin mühafizəsini və onlardan təyinatı üzrə istifadəni iştirakçı təmin etməlidir.

5.6. Ehtiyat sistemi Sistemin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək, habelə formalaşdırılan, daxil edilən və göndərilən məlumatların ehtiyat surətlərini saxlamaq məqsədilə yaradılır.

6. Sistemin strukturu və funksionallığına dair tələblər

6.1. Sistemin strukturuna aşağıdakı altsistemlər daxildir:

6.1.1. Elektron Tikinti Portalı;

6.1.2. Tikintilərin Dövlət Reyestri Portalı;

6.1.3. Şəhərsalma Nəzarəti.

6.2. Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

6.2.1. informasiyanın informasiya ehtiyatında toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi;

6.2.2. Sistemdən eyni zamanda çoxsaylı istifadəçilərin istifadə etməsinin mümkünlüyü;

6.2.3. təhlükəsizlik və məlumatların mühafizəsi;

6.2.4. şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı elektron xidmətlərin göstərilməsi;

6.2.5. müraciətin nəticəsi olaraq yekun elektron sənədlərin hazırlanması.

6.3. “Elektron Tikinti Portalı” altsisteminə daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

6.3.1. tikintiyə icazə sahəsində:

6.3.1.1. sifarişçi tərəfindən tikintiyə icazə alınması məqsədilə tikintiyə icazə verən orqana (quruma) müraciət edilməsi;

6.3.1.2. sifarişçi tərəfindən Məcəllənin 75.3-cü maddəsinə uyğun olaraq təqdim edilən sənədlərin ərizəyə əlavə olunmasının yoxlanılması;

6.3.1.3. Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlər tam təqdim olunmadıqda (Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) tikintiyə icazə verən orqan (qurum) tərəfindən onların tamamlanması üçün zəruri hərəkətlər barədə sifarişçiyə məlumat verilməsi və sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələrinin izahının göndərilməsi;

6.3.1.4. müraciətin (müvafiq sənədlərlə birlikdə) tikintiyə icazə verən orqan (qurum) tərəfindən rəylərin, texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin alınması üçün aidiyyəti qurumlara göndərilməsi;

6.3.1.5. tikintiyə icazə verən orqan (qurum) tərəfindən verilmiş tikintiyə icazənin (tələb olunduqda həmçinin xüsusi nişanın) və ya tikintiyə icazənin verilməsindən imtina barədə qərarın sifarişçiyə göndərilməsi;

6.3.1.6. tikintiyə icazə verən orqan (qurum) tərəfindən tikintiyə icazə barədə məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi;

6.3.1.7. Tikintilərin Dövlət reyestrini aparan orqan tərəfindən tikinti obyektinə verilən kod və həmin koda dair şəhadətnamənin tikintiyə icazə verən orqana (quruma) və sifarişçiyə göndərilməsi;

6.3.1.8. tikintiyə icazə, xüsusi nişan verildikdə bu barədə, habelə müvafiq tikinti layihəsi barədə tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verilməsi;

6.3.2. sifarişçi tərəfindən tikintiyə icazə almaq üçün müraciət edilməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədilə tikintiyə icazə verən orqana (quruma) müraciət edilməsi və həmin orqan (qurum) tərəfindən cavab verilməsi;

6.3.3. istismara icazə sahəsində:

6.3.3.1. sifarişçi tərəfindən tikinti obyektinin istismarına icazə verilməsi məqsədilə istismara icazə verən orqana (quruma) müraciət edilməsi, habelə müraciətə əlavə olunmalı sənədlərin təqdim edilməsi;

6.3.3.2. istismara icazə verən orqan (qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə sifarişçiyə məlumat göndərilməsi, həmin ödənişin həyata keçirildiyini təsdiq edən sənədin sifarişçi tərəfindən təqdim edilməsi;

6.3.3.3. istismara icazə verən orqan (qurum) tərəfindən verilmiş tikinti obyektinin istismarına icazənin və ya istismara icazənin verilməsindən imtina haqqında qəbul edilmiş qərarın sifarişçiyə göndərilməsi;

6.3.3.4. istismara icazə verən orqan (qurum) tərəfindən tikinti obyektinin istismarına icazə barədə məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi;

6.3.4. reklam qurğularının tikintisinə icazə sahəsində:

6.3.4.1. açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə icazə verilməsi məqsədilə sifarişçi tərəfindən tikintiyə icazə verən orqana (quruma) müraciət edilməsi;

6.3.4.2. tikintiyə icazə verən orqan (qurum) tərəfindən reklam qurğularının tikintisinə icazə verilməsi ilə bağlı Məcəllənin 75.4-cü, 75.5-ci, 75.9–75.11-ci, 75.14-cü və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirlərin görülməsi;

6.3.5. məlumatlandırma icraatı sahəsində:

6.3.5.1. sifarişçi tərəfindən tikinti niyyəti barədə məlumatlandırılan orqana (quruma) məlumat verilməsi və məlumata əlavə olunan sənədlərin yoxlanılması məqsədilə göndərilməsi;

6.3.5.2. məlumatlandırılan orqan (qurum) tərəfindən tikinti obyektinin layihəsinə münasibətdə iradların sifarişçiyə göndərilməsi, Məcəllə ilə müəyyən edilmiş müddətdə hər hansı irad bildirilmədikdə, tikinti niyyəti barədə məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi;

6.3.5.3. tikinti işlərinin başlanılması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas yarandıqda, bu barədə, habelə tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri barədə tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verilməsi;

6.3.5.4. sifarişçi tərəfindən tikinti obyektinin tikintisinin başa çatması barədə məlumatlandırılan orqana (quruma) məlumat verilməsi və həmin məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi.

6.4. “Şəhərsalma Nəzarəti” altsisteminə daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

6.4.1. kameral qaydada nəzarət zamanı tələb olunan sənədlərin orqanlar (qurumlar) arasında mübadiləsi;

6.4.2. sahib tərəfindən dövlət şəhərsalma nəzarəti çərçivəsində əsaslandırılmış göstərişlərin göndərilməsi;

6.4.3. aparılan tikinti işləri ilə bağlı tikintisinə icazə tələb olunan tikinti obyektlərinə münasibətdə tikintiyə icazənin verilib-verilmədiyi, barəsində məlumatlandırma icraatı tətbiq olunan tikinti obyektinə münasibətdə isə həmin işlərin başlanılması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsasın yaranıb-yaranmadığı barədə məlumatların real vaxt rejimində yoxlanılması;

6.4.4. yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilmiş pozuntular barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatlandırılması və bu barədə bütün məlumatların sahibə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi.

7. Sistemə daxil edilən və ötürülən məlumatlar (sənədlər)

7.1. Sistemə daxil edilən məlumatlar (sənədlər) aşağıdakılardır:

7.1.1. şəhərsalma və tikintiyə dair normativ sənədlər;

7.1.2. dövlət şəhərsalma nəzarətinin nəticələri;

7.1.3. Tikintilərin Dövlət reyestri məlumatları;

7.1.4. tikinti layihəsinə dair rəylər və texniki şərtlər barədə məlumatlar.

7.2. EHİS vasitəsilə sorğu əsasında Sistemə ötürülən məlumatlara (həm qrafiki (xəritə), həm də mətn şəklində) aşağıdakılar aiddir:

7.2.1. dövlət şəhərsalma kadastrı məlumatları;

7.2.2. tikintiyə dövlət nəzarətinin nəticələri;

7.2.3. peşəkarlıq reyestri məlumatları;

7.2.4. mühəndis-axtarış işlərinin nəticələri üzrə Dövlət məlumat fondu.

7.3. Şəhərsalma və tikintiyə dair normativ sənədlərə aşağıdakılar aiddir:

7.3.1. şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar;

7.3.2. ərazi planlaşdırılması sənədləri (ümumi, baş və müfəssəl planlar).

7.4. Dövlət şəhərsalma nəzarətinin nəticələrinə respublika səviyyəsində və yerli səviyyədə aparılan şəhərsalma nəzarəti tədbirlərinin nəticələrini əks etdirən sənədlər, yazılı göstərişlər və məlumatlar aiddir.

7.5.Tikintilərin Dövlət reyestri məlumatlarına aşağıdakılar aiddir:

7.5.1. tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə üzərində qadağa və məhdudiyyətlər qoyulmuş torpaqlar barədə məlumatlar;

7.5.2. məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri barədə məlumatlar.

7.6. Tikinti layihəsinə dair rəylər və texniki şərtlər barədə məlumatlara aşağıdakılar aiddir:

7.6.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olub-olmaması barədə rəyə dair məlumatlar;

7.6.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyinə dair məlumatlar;

7.6.3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (sanitariya-gigiyena tələblərinə uyğunluq baxımından) və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (yanğın təhlükəsizliyi tələblərinə uyğunluq baxımından), habelə tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər dövlət orqanlarının (qurumlarının) rəylərinə dair məlumatlar;

7.6.4. tikintisinə icazə tələb olunan tikinti obyektlərinin layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması baxımından, habelə dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin tikinti layihələri və smetalarının səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından ekspertizanın nəticələrinə dair məlumatlar;

7.6.5. təchizat müəssisələri tərəfindən verilmiş mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlər və həmin texniki şərtlərlə bağlı layihə sənədləri.

7.7. Dövlət şəhərsalma kadastrı məlumatlarına aşağıdakılar aiddir:

7.7.1. torpaq sahəsinin texniki göstəricilərinə dair məlumatlar;

7.7.2. mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) barədə məlumatlar;

7.7.3. yağış sularının axıdılması sistemlərinin infrastrukturuna dair məlumatlar;

7.7.4. tarix və mədəniyyət abidələri və onların mühafizə zonaları barədə məlumatlar;

7.7.5. nəqliyyat infrastrukturu barədə məlumatlar;

7.7.6. meliorasiya və irriqasiya infrastrukturuna dair məlumatlar;

7.7.7. bina və qurğuların texniki göstəriciləri barədə məlumatlar.

7.8. Tikintiyə dövlət nəzarətinin nəticələrinə obyektdə tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı barədə məlumatlar aiddir.

7.9. Peşəkarlıq reyestri məlumatlarına mühəndis-axtarış, layihələndirmə, tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə, tikinti materiallarının istehsalı və tikinti layihələrinin ekspertizası kimi peşə sahələri ilə bağlı peşəkarlıq sertifikatı almış şəxslər barədə məlumatlar aiddir.

7.10. Mühəndis-axtarış işlərinin nəticələri üzrə Dövlət məlumat fondunun məlumatlarına aşağıdakılar aiddir:

7.10.1. mühəndis-geodeziya, mühəndis-geoloji axtarış, mühəndis-hidrogeoloji axtarış, geofiziki işləri və qruntların laboratoriya tədqiqatları barədə məlumatlar;

7.10.2. təhlükəli təbii və texnogen xarakterli fövqəladə halların yaranma riskinə məruz qalan ərazilər haqqında məlumatlar.

7.11. Bu Əsasnamənin 7.1.1-ci, 7.1.4-cü və 7.2.1–7.2.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatlar “Elektron Tikinti Portalı” altsistemində dərc olunur.

7.12. Bu Əsasnamənin 7.1.2-ci yarımbəndində nəzərdə tutulan məlumatlar “Şəhərsalma Nəzarəti” altsistemində dərc olunur.

7.13. Bu Əsasnamənin 7.1.3-cü yarımbəndində nəzərdə tutulan məlumatlar “Tikintilərin Dövlət Reyestri Portalı” altsistemində dərc olunur.

8. Məlumatların təqdim edilməsi

8.1. Məlumatların Sistemə təqdim edilməsi aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri vasitəsilə təmin edilir.

8.2. İnformasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə qoşulması Qaydaların 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir.

8.3. İnformasiya ehtiyatlarına və sistemlərinə malik olmayan dövlət orqanları (qurumları) formalaşdırdıqları məlumatları elektron kabinet vasitəsilə sahibə ötürürlər. Bunun üçün hər bir dövlət orqanının (qurumunun) möhür hüquqlu və gücləndirilmiş elektron imzası olan rəhbər vəzifəli şəxsi tərəfindən məsul struktur bölməsinin əməkdaşı Sistemdə qeydiyyatdan keçirilir və Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetinə daxil olaraq Sistemdən istifadə edir.

8.4. Məlumatların Sistemdə işlənilməsi bu Əsasnamənin 6.1-ci bəndində göstərilən altsistemlər vasitəsilə həyata keçirilir.

9. Sahibin hüquq və vəzifələri

9.1. Sahibin aşağıdakı hüquqları vardır:

9.1.1. əldə olunması qanunla məhdudlaşdırılan, o cümlədən xidməti istifadə üçün nəzərdə tutulan informasiyanın yalnız qanunla müəyyən edilmiş qaydada ötürülməsini və istifadəsini təmin etmək;

9.1.2. digər informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsinin təşkili üçün elektron servislər təşkil etmək və onları yeniləmək.

9.2. Sahibin aşağıdakı vəzifələri vardır:

9.2.1. iştirakçıların Sistemə giriş hüququnu təmin etmək;

9.2.2. iştirakçının Sistem vasitəsilə dayanıqlı, fasiləsiz, etibarlı və təhlükəsiz məlumat mübadiləsi aparmasını təmin etmək;

9.2.3. Sistemin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışları təşkil etmək;

9.2.4. proqram təminatının lisenziyalaşdırılmasını, lisenziyalı proqram təminatlarının işlək vəziyyətdə olmasını və yenilənməsini təmin etmək;

9.2.5. Sistemdə toplanılan texniki vasitələrin əməliyyatların qeydiyyat fayllarının (loq-faylların) monitorinqini həyata keçirmək və baş verən xətalar üzrə təhlillər aparmaq;

9.2.6. Sistemin monitorinqi və auditi üçün aidiyyəti dövlət orqanına (qurumuna) yerində baxış keçirilməsinə şərait yaratmaq, bu məqsədlə həmin dövlət orqanına (qurumuna) müvafiq məlumatları (sənədləri) təqdim etmək;

9.2.7. informasiya ehtiyatının ehtiyat nüsxəsinin saxlanılması və qorunması üçün tədbirlər görmək, saxlanılan məlumatların sürətli axtarışının həyata keçirilməsi məqsədilə informasiya ehtiyatının mütəmadi optimallaşdırılmasını təşkil etmək;

9.2.8. müəyyən edilmiş qrafik üzrə Sistemin avadanlıq kompleksinə və şəbəkə infrastrukturuna profilaktik baxış keçirilməsini təmin etmək, mütəmadi olaraq şəbəkə infrastrukturunda məlumatötürmə sürətini ölçmək və fasilələr yaranmasının səbəblərini müəyyən etmək məqsədilə monitorinqlər keçirmək;

9.2.9. Sistemə daxil edilən məlumatların tamlığını, təhrifolunmazlığını, əlçatanlığını, aktuallığını, etibarlılığını, konfidensiallığını (məxfiliyini) və mühafizəsini təmin etmək, Sistemdən istifadə zamanı yaranan nasazlıqları aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər görmək;

9.2.10. server və şəbəkə infrastukturunun yerləşdiyi otaqlarda fasiləsiz elektrik enerjisini, yanğın təhlükəsizliyini və tələb olunan temperaturu tənzimləyən avadanlığa texniki baxış keçirilməsini və aşkarlanmış nasazlıqların aradan qaldırılmasını təmin etmək;

9.2.11. normativ hüquqi aktlarla edilmiş dəyişikliklərə əsasən ən qısa müddətdə proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqların keçirilməsini təşkil etmək;

9.2.12. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, habelə giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;

9.2.13. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini texniki tələblərə, eləcə də bu Əsasnamə ilə müəyyən edilən tələblərə uyğun formada aparmaq;

9.2.14. Sistemin dayanıqlı və fasiləsiz fəaliyyətini, Sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini, habelə təkmilləşdirilməsi üzrə profilaktik işlər görülməsini təmin etmək;

9.2.15. Sistemin təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

9.2.16. Sistemin digər informasiya ehtiyatları və sistemləri ilə EHİS vasitəsilə inteqrasiyasını həyata keçirmək;

9.2.17. Sistemin funksiyaları barədə iştirakçıları məlumatlandırmaq, onlara metodiki kömək göstərmək;

9.2.18. Sistemə daxil edilmiş məlumatların təhlükəsizliyi ilə bağlı təşkilati və texniki tədbirlər görmək, məlumatlardan istifadənin və onların mühafizəsinin təşkilini təmin etmək;

9.2.19. iştirakçılarda və istifadəçilərdə yaranmış çətinliklərin müəyyən edilməsi və zəruri təlimatlandırma işlərinin aparılması üçün qaynar xətt təşkil etmək;

9.2.20. Sistemin informasiya ehtiyatında dəyişiklikləri müvafiq qeydlər etməklə aparmaq, belə qeydlər üçün əsas olan sənədləri müvafiq sənədlər qovluğuna daxil etmək;

9.2.21. Sistem üzrə statistik hesabatlar hazırlamaq və onlar əsasında təhlillər aparmaq;

9.2.22. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

9.2.23. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə məlumat digər dövlət informasiya ehtiyatlarında və ya sistemlərində olduqda, həmin məlumatın ilkin mənbədən əldə olunmasını təmin etmək;

9.2.24. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında sahibin rəsmi internet səhifəsi və EHİS vasitəsilə göstərilməsini təmin etmək;

9.2.25. istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;

9.2.26. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əsaslandırılmış tələbinə uyğun olaraq Sistemin fəaliyyətini təşkil etmək, onda dəyişiklik və təkmilləşdirmələr aparmaq;

9.2.27. iştirakçılara və istifadəçilərə Sistemin iş prinsipi və funksional imkanları haqqında məlumat vermək, metodiki kömək göstərmək;

9.2.28. Sistemə daxil edilmiş məlumatlarda çatışmazlıqlar aşkar olunduqda, həmin çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək.

10. İştirakçıların hüquq və vəzifələri

10.1. İştirakçıların aşağıdakı hüquqları vardır:

10.1.1. Sistemin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

10.1.2. elektron kabinet vasitəsilə Sistemdə məlumatları yoxlamaq, zəruri sənəd və arayışlara dair məlumatları əldə etmək və ötürmək;

10.1.3. elektron kabinet vasitəsilə toplanılan məlumatlarda dəyişiklik edilməsi barədə sahibə müraciət etmək.

10.2. İştirakçıların aşağıdakı vəzifələri vardır:

10.2.1. məlumatları dolğun şəkildə Sistemə daxil etmək, bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;

10.2.2. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

10.2.3. Sistemdən və oradakı məlumatlardan yalnız xidməti məqsədlər üçün istifadə etmək;

10.2.4. sahib tərəfindən Sistemə daxil edilən və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumat və sənədləri daim izləmək;

10.2.5. Sistemdə saxlanılan məlumatlarda aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal elektron qaydada sahibə məlumat vermək;

10.2.6. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

10.2.7. Sistemin fəaliyyətini ləngidən, ona zərər vuran və ya onun fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək;

10.2.8. Sistemə giriş imkanı verən avtomatlaşdırılmış işçi stansiyanın qorunmasını təmin etmək;

10.2.9. Sistemə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) pozmamaq;

10.2.10. məlumatların mühafizəsi ilə bağlı tədbirlərin yoxlanılmasını həyata keçirən şəxslərə maneə yaratmamaq.

11. İstifadəçilərin hüquqları

11.1. İstifadəçilərin aşağıdakı hüquqları vardır:

11.1.1. şəhərsalma və tikinti fəaliyyətinə aid olan xidmətlərdən istifadə etmək;

11.1.2. şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı elektron müraciət etmək və sənədləri elektron qaydada göndərmək;

11.1.3. Sistemin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

12. Sistemdən istifadə

12.1. Əldə edilməsi qanunla məhdudlaşdırılan məlumatlar istisna olunmaqla, Sistemin məlumatlarından istifadə EHİS-ə inteqrasiya və elektron kabinet vasitəsilə təmin edilir.

12.2. Əldə edilməsi qanunla məhdudlaşdırılan məlumatlardan “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunları, o cümlədən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada istifadə edilir.

12.3. Məhdudiyyət qoyulmayan məlumat istənilən şəxsə onun sorğusuna əsasən təqdim edilir.

12.4. Sistemdə ödənişlər elektron qaydada həyata keçirilir.

12.5. Sistemə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə, sahib istifadəçinin Sistemdəki elektron kabinetə giriş hüquqlarını məhdudlaşdıra bilər.

SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43