Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə İlham Əliyevin nitqi

14 sentyabr 2023, 13:56

-Hörmətli Emoməli Şaripoviç.

Hörmətli dövlət başçıları, əziz dostlar.

Əvvəlcə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün işində fəxri qonaq kimi iştirak etmək məqsədilə dəvətə görə Tacikistan Prezidenti, hörmətli Emoməli Şaripoviç Rəhmona təşəkkür etmək istərdim. Eyni zamanda, bu tədbirdə Azərbaycanın iştirakına verdikləri dəstəyə görə hörmətli həmkarlarıma minnətdarlığımı bildirirəm.

Mən bu il qardaş Tacikistana ikinci dəfə səfər edirəm. Apreldəki dövlət səfərim, səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözləyirik. Əminəm ki, səfər əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu fürsətdən istifadə edərək dost Tacikistan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm.

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.

Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.

Son iki il ərzində mən Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişəm. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək.

İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.

Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük.

Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır.

Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.

Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.

Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır.

Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.

Hörmətli həmkarlar, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaradılmasının 25 ili tamam olur. Mən dəyərli dövlət başçılarına rəsmi dəvətləri göndərmişəm və bu ilin noyabrında Bakıda Sammitdə sizi görməkdən məmnun olaram.

Bu gün keçirilən görüşə dəvətə görə bütün dövlət başçılarına bir daha təşəkkürümü bildirmək istəyirəm və Mərkəzi Asiyanın qardaş xalqlarına sülh, əmin-amanlıq arzu edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32
SƏNƏDLƏR Fərmanlar 01 may 2024
14:30
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

01 may 2024, 14:30