“Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına

15 sentyabr 2023, 15:06

Hörmətli konfrans iştirakçıları!

Sizi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans münasibətilə səmimi-qəlbdən salamlayıram.

Məhz Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz səyləri, polad iradəsi sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulmuşdur. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz bu ildə biz Ulu Öndər tərəfindən təməli qoyulmuş, dinamik inkişaf edən güclü iqtisadiyyat görürük.

Müstəqilliyimizin ilk illərində iflasa uğramış ölkə iqtisadiyyatını dirçəltməyin yeganə yolunu bazar iqtisadiyyatına keçiddə, dünya iqtisadiyyatına inteqrasiyada görən Ümummilli Lider irimiqyaslı islahatlara start vermişdir. Onun rəhbərliyi ilə korporativ idarəetmənin təkmilləşdirilməsi, azad rəqabət mühitinin dəstəklənməsi sahəsində görülən fundamental tədbirlər azad sahibkarlığın inkişafını ön plana çəkmişdir. Eyni zamanda Heydər Əliyevin uzaqgörən siyasəti, böyük dövlətçilik təcrübəsi və strateji baxışı ölkənin iqtisadi inkişafını təmin etməklə yanaşı, çoxvektorlu iqtisadi siyasətimizin əsasını qoymuş, Azərbaycana dünyada etibarlı tərəfdaş statusu qazandırmışdır.

Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaratmışdır.

Hesabatlılığın və obyektiv keyfiyyətli informasiya təminatının başlıca amili qismində şəffaflıq həm də resurslardan səmərəli və məqsədyönlü istifadənin əsası kimi dəyərləndirilməlidir. Müasir dövrümüzün qlobal çağırışlarına effektiv və çevik reaksiya verilməsi, eləcə də hazırkı dönəmdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri ölkəmizdə maliyyə sektorunda aparılan islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd edir. Dövlətin maliyyə resurslarının qorunub saxlanılması, onlardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün bu sahədə nizam-intizamın möhkəmləndirilməsi, şəffaflığın artırılması və dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi vacibdir. Həmçinin milli iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən amillər qismində yeni dövrün tələblərinə uyğunlaşdırılmış dövlət nəzarəti və müstəqil audit sisteminin, habelə qeyri-dövlət nəzarətinin önəmli bir forması kimi ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Hörmətli konfrans iştirakçıları!

Bugünkü konfrans dayanıqlı inkişaf, hesabatlılıq, şəffaflıq məsələləri ilə bağlı qlobal gündəlikdə dayanan çağırışların və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsətdir. İnanıram ki, tədbir hesabatlılıq və şəffaflıq mühitinin daha da yaxşılaşdırılması imkanlarının müəyyənləşdirilməsi baxımından faydalı olacaq, ölkələrimizin rifahının yüksəlməsinə töhfə verəcəkdir.

Bir daha sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15  sentyabr 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43