İlham Əliyev Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru ilə görüşüb

17 fevral 2023, 11:00
İlham Əliyev Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.

Fevralın 17-də dövlətimizin başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.

Prezident İlham Əliyev Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını, alman şirkətləri ilə uğurlu təcrübəmizin olduğunu, ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd etdi.

Dövlətimizin başçısı ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirdi, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu bildirdi.

Görüşə görə təşəkkürünü bildirən Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms dövlətimizin başçısı ilə sonuncu görüşünü məmnunluqla xatırladı. Bildirdi ki, COVID-19 pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında və ticarət dövriyyəsində əsaslı artım var.

Prezident İlham Əliyev Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində həyata keçirilən islahatlar barədə məlumat verdi, ölkəmizin xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı olduğunu vurğuladı. Dövlətimizin başçısı, eyni zamanda, ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, Azərbaycanın logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verdi. Bu xüsusda Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırdı, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət etdi.

Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirdi.

Dövlətimizin başçısı, eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlərin müəyyənləşdirildiyini qeyd edərək, bu sahədə ölkələrimiz arasında, o cümlədən alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu dedi.

Prezident İlham Əliyev, həmçinin Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığı qeyd etdi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini bildirdi. Dövlətimizin başçısı ölkəmizin həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu qeyd etdi, Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini dedi və alman şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğuladı. Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış dördtərəfli memorandumun əhəmiyyətini qeyd etdi.

Ətraflı məlumata görə minnətdarlığını bildirən Mixael Harms Almaniya şirkətlərinin Azərbaycanda məmnuniyyətlə fəaliyyət göstərdiyini vurğuladı, Azərbaycanın alman şirkətlərinin birbaşa investisiyaları üçün cəlbedici məkan olduğunu, ölkəmizin nəqliyyat-logistika imkanlarının daha da genişlənməsinin alman şirkətləri üçün əlavə cəlbedicilik yaratdığını dedi. O, alman şirkətləri ilə birlikdə məmnuniyyətlə Azərbaycana səfər etmək niyyətində olduğunu diqqətə çatdırdı.

Mixael Harms Almaniya şirkətlərinin bərpaolunan enerji sahəsinə xüsusi maraq göstərdiyini vurğuladı, bu sahədə də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32