Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər 

24 oktyabr 2022, 14:00
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər 

Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Gürcüstanın Baş naziri mətbuata bəyanatla çıxış etdi.

Baş nazir İrakli Qaribaşvilinin bəyanatı

Cənab Prezident.

Hörmətli dostlar, qonaqlar.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi burada səmimiyyətlə salamlayıram. Cənab Prezidentə təşəkkür edirəm ki, bu gün Gürcüstana səfərə gəlib.

Ölkələrimiz arasında olan mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, o cümlədən əməkdaşlığımızın gündəliyi Sizin səfərinizin əhəmiyyətini vurğulayır. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Sizin töhfəniz çox böyükdür. Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mən əminəm ki, mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq.

Bu gün bizim çox vacib görüşümüz oldu, müxtəlif məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığı bir daha vurğuladıq. Biz hazırda dünyada baş verən prosesləri müzakirə etdik və razılığa gəldik ki, bu gün Ukraynada baş verən hadisələr məhz danışıqlar yolu ilə həll edilməlidir.

Onu da nəzərdən keçirdik ki, dünyada baş verən hadisələr yalnız sülh və sabitlik yolu ilə həll olunmalıdır. Bu, həm bizim regionumuz, həm də xalqlarımız üçün vacibdir.

Bununla yanaşı, biz regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesini nəzərdən keçirdik. Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik.

Cənab Prezident, Sizin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləyirəm.

Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik.

Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.

Cənab Prezident, bir daha təşəkkür edirəm.

x x x

Sonra dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Baş nazir.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Baş nazir, ölkənizə dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Biz Gürcüstanın bu gözəl yerində görüşürük, çox gözəl mənzərəli yerlərdir. Eyni zamanda, küləkdir, sanki Bakı küləyidir. Bu, onu göstərir ki, külək də bu gün bizim burada olmağımızı alqışlayır. Yəni, mən doğrudan da özümü evimdəki kimi hiss edirəm. Mən yenidən Gürcüstanda olmağımdan çox məmnunam.

Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il hörmətli cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz daim görüşürük. Əminəm ki, bugünkü səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.

Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Cənab Baş nazir qeyd etdiyi kimi, bu gün bir çox məsələlər müzakirə olundu. Hələ müzakirələr davam edəcək. Əlbəttə ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər müzakirələrin mərkəzində idi. İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq.

O ki qaldı, ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var.

Həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Əlbəttə, təbii ki, bizim ixrac istiqamətimiz Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Yəni, bu, beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş rəqəmdir və bu, çox böyük rəqəmdir. Əlbəttə ki, bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Burada Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcək. Yəni, bir sözlə, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var - enerji resursları, nəqliyyat dəhlizləri.

Onu da bildirməliyəm ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır. Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq. Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir.

Yenə də demək istəyirəm ki, bütün bu uğurların təməlində bizim dostluğumuz, xalqlarımızın dostluğu, liderlərin dostluğu və birgə fəaliyyət durur. Odur ki, mən bu gözəl fürsətə görə, məni bu gözəl yerə dəvət etdiyi üçün hörmətli Baş nazirə bir daha təşəkkürümü bildirmək istəyirəm, dost, qardaş gürcü xalqına daim firavanlıq, rifah və sülh arzulayıram. Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:06
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:06
SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:04
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:04
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32