06 yanvar 2021, 17:11

Gündüz Qasımlıdan, Phuket, Tailand

Hörmətli cənab Prezident!

İcazə verin Tailand Krallığında yaşayan soydaşlarımız adından Sizi səmimi qəlbdən salamlayım. Pandemiya ilə başlayan keşməkeşli 2020-ci il bütün dünyanın ciddi böhranlarla üzləşdiyi bir zamanda Vətənim Azərbaycan qələbə sevinci ilə çalxalanır. Sözlə ifadəsi mümkün olmayan bu qüruru bizə yaşadan Siz Müzəffər Ali Baş Komandana və şanlı Azərbaycan Ordusuna daima minnətdarıq. Uzaq Cənub-Şərqi Asiya ölkəsində Sizin müdrik liderlik, diplomatik və sərkərdəlik qabiliyyətinizə şahidlik etmək bizləri hədsiz sevindirir və ölkəmizin uğurlu gələcəyinə inamımızı daim artırır. Etiraf etməliyəm ki, haqq davamızın və misilsiz qələbəmizin verdiyi özünə inam hissi dünyanın dörd bir tərəfində yaşayan həmvətənlərimizin başını daha da uca etmişdir. Bir neçə gün öncə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunmağım dövlətimizin xaricdə yaşayan həmvətənlərimizə diqqətinin bariz nümunəsidir. Cənab Prezident, fürsətdən istifadə edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə Tailand Krallığında yaşayan həmvətənlərimiz adından Sizi ürəkdən təbrik edir, dövlətimizin inkişafı naminə apardığınız ali fəaliyyətinizdə Sizə daima uğurlar arzulayıram.

Hörmətlə,

Qasımlı Gündüz Əbdüləzim oğlu.

Tailand Krallığı, Phuket şəhəri.