İkinci Xəzər beynəlxalq su texnologiyaları sərgisi və konfransının iştirakçılarına

11 aprel 2014, 17:40

Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi Azərbaycanın paytaxtı Bakı şəhərində İkinci Xəzər beynəlxalq su texnologiyaları sərgisi və konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. 

Ölkəmizdə müxtəlif sahələr üzrə keçirilən ənənəvi tədbirlər sırasında su təchizatı sistemlərində qazanılan uğurların və dünyada tətbiq olunan innovativ texnologiyaların nümayiş etdirildiyi sərgi və konfransınızın özünəməxsus yeri vardır. 

Bu gün dinamik inkişaf edən Azərbaycan ölkə əhalisinin sağlamlığını qorumaq məqsədilə keyfiyyətli içməli su təchizatı sistemlərinin müasir standartlara uyğun yenidən qurulması istiqamətində irimiqyaslı layihələr gerçəkləşdirir. 

Beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və yeni təşəbbüslərin işgüzar dairələrə çatdırılması baxımından mühüm əhəmiyyətə malik konfransınızın işində 90-dan artıq nüfuzlu alimin, eləcə də sərgidə 24 ölkənin 80-ə yaxın şirkətinin iştirakı bu mötəbər tədbirə marağın yüksək olduğunu göstərir.

İnanıram ki, forumunuz qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə yol açacaq və qarşıdakı illər üçün fəaliyyətinizin aparıcı inkişaf meyllərinin müəyyənləşməsinə öz töhfəsini verəcəkdir.

Ən xoş arzularla,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2014-cü il.