Gerb

04 noyabr 2010, 13:31
W1siziisijiwmtuvmdyvmtuvnmxjy3mzyxdpdv8ynju1lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=0a66cd949c53e073

İnsan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət olmuşdur. Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti – Çin və Hindistanı da arxada qoymağa müvəffəq olmuşdur.

Bu sözləri BMT İP-in rezident nümayəndəsi Fikrət Akçura noyabrın 4-də Bakıda BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatının təqdimat mərasimində söyləmişdir.

Azərbaycan Prezidenti Administrasiyasının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “Millətlərin həqiqi sərvəti: İnsan inkişafına aparan yollar” devizi altında birgə təşkil etdikləri təqdimat mərasimində hökumətin, beynəlxalq qurumların, diplomatik korpusun və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak etmişlər.

BMT İP-in İnsan İnkişafı Hesabatının 20 illiyinə həsr olunmuş tədbirdə əvvəlcə “Azərbaycan: inkişafa aparan yol” sənədli filmi nümayiş olunmuşdur.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tədbirdə açılış nitqi ilə çıxış etmişdir. Azərbaycanda insan inkişafı sahəsində görülən işlərin geniş təhlilini verən akademik R.Mehdiyev bildirmişdir ki, BMT-nin son hesabatında ölkəmiz haqqında yer almış məlumatlar ümumi inkişafımızın göstəricisidir. Hesabatın əhatə etdiyi 169 ölkə arasında, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olmuşdur: 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. Azərbaycan 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə nail olmuşdur. Nəticədə Azərbaycan “orta insan inkişafı” qrupu ölkələrini tərk edərək, “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olmuşdur.

BMT İP-in rezident nümayənədsi Fikrət Akçura çıxışında demişdir ki, insan inkişafı indeksinin irəliləməsində ən çox nailiyyət əldə etmiş dövlətlər sırasında Çin və Koreya Respublikası kimi tanınmış “iqtisadi inkişaf möcüzələri” ilə yanaşı, gənc dövlət olan Azərbaycanın da adı vardır. Azərbaycanın müstəqilliyinin ilk illərini xatırlayarkən onun bugünkü uğurları xüsusilə təqdirəlayiq nəticədir. Ötən 10 ildə Azərbaycan davamlı iqtisadi inkişafa nail olmuş, yoxsulluğun səviyyəsini xeyli azaltmış və öz vətəndaşları üçün insan inkişafı istiqamətində uğurlar əldə etmişdir.

Tədbirdə çıxış edən Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ci-Han və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova ölkəmizdə insan inkişafı sahəsində əldə edilmiş uğurlardan danışmışlar.