Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

12 oktyabr 2013, 18:05

Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban bayramı bəşər sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq yer üzünə göndərilməsini özündə təcəssüm etdirir. Bu əlamətdar gündə müsəlmanlar qurban ayinlərini icra etməklə, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın sevinc və fərəhini yaşayırlar.

Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayram kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2013-cü il.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06