İlham Əliyev Bakının Nizami rayonunda istifadəyə verilən 204 nömrəli elektrik yarımstansiyası ilə tanış olmuşdur

25 sentyabr 2013, 15:00
İlham Əliyev Bakının Nizami rayonunda istifadəyə verilən 204 nömrəli elektrik yarımstansiyası ilə tanış olmuşdur

Prezident İlham Əliyev Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya ilə tanış olmuşdur.

Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf ölkə həyatının bütün sahələrində, o cümlədən elektrik enerjisi təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına əlverişli şərait yaratmışdır. “Bakıelektrikşəbəkə”nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxt və ətraf ərazilərin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülməyə başlanılmışdır. Bu sahədə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində paytaxtın və Abşeronun fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı təmin olunmuş, şəbəkədə itkilər minimuma endirilmiş, ötürücülük qabiliyyəti artırılmış, qəza açılmaları aradan qaldırılmışdır. Göstərilən dövlət qayğısı nəticəsində “Bakıelektrikşəbəkə” keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Görülən tədbirlər sayəsində paytaxtda dairəvi təchizat sistemi yaradılmış və bu sistemin tətbiq olunması paylayıcı və ötürücü şəbəkələrin dayanıqlılığını artırmaqla bərabər, operativliyi də təmin etmişdir.

Bakı şəhərinin Nizami rayonu ərazisində 110/6 kV-luq 204 nömrəli yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması da bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Bu yarımstansiya Heydər Əliyev adına neft emalı zavodunu və ətrafdakı digər sənaye obyektlərini elektrik enerjisi ilə təchiz etmək üçün 1980-ci ildə inşa edilmişdir. Ötən müddət ərzində yarımstansiyadakı avadanlıq istismar müddətini başa vurmuşdur. Yarımstansiya artıq müasir tələblərə cavab vermirdi. Son illər respublikada, o cümlədən Bakı şəhərində həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf, ətraf ərazilərdə inşa edilən Gimnastika Kompleksinin, Olimpiya Stadionunun, Olimpiya şəhərciyinin, müxtəlif yol infrastrukturunun, Heydər Əliyev prospekti boyu inşa edilən yeni obyektlərin istifadəyə verilməsi dayanıqlı, fasiləsiz elektrik enerjisinə olan tələbatı artırmışdı. Bu məqsədlə nəzərdə tutulmuş investisiya proqramına uyğun olaraq köhnə 110/6 kV-luq yarımstansiya əsaslı şəkildə yenidən qurularaq müasir qapalı tipli 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya tikilib istismara verilmişdir. Yuxarıda adıçəkilən obyektləri və çoxsaylı yaşayış binalarını elektrik enerjisi ilə təchiz etmək üçün 110/35/6 kV-luq 204 nömrəli yarımstansiyadan qidalanan 3 yeni 35/6 kV-luq “Koroğlu”, 208 və 217 nömrəli yarımstansiyalar da inşa edilmişdir. Bu yarımstansiyalar qapalı tipli olmaqla, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizəsi sistemi quraşdırılmaqla SCADA sisteminə qoşulmuşdur.

Dövlətimizin başçısı İlham Əliyev əsaslı şəkildə yenidən qurulan müasir tipli yarımstansiyada yaradılan şəraitlə tanış oldu.
Prezident İlham Əliyev yarımstansiyada ulu öndər Heydər Əliyevin elektroenergetikanın inkişaf etdirilməsi istiqamətində göstərdiyi fəaliyyəti əks etdirən fotoguşəyə baxdı.

“Bakıelektrikşəbəkə” ASC-nin İdarə heyətinin sədri Baba Rzayev yarımstansiyada görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

İnşa olunan yarımstansiyaların əvvəlki vəziyyətini və yenidənqurmadan sonra yarımstansiyaların birləşmə sistemindən bəhs edən görüntülər nümayiş etdirildi.

Dövlətimizin başçısı Dispetçer İdarəetmə Mərkəzindən kompyuter vasitəsilə yarımstansiyanı işə saldı.

Bildirildi ki, əgər əvvəllər köhnə yarımstansiya açıq tipli paylayıcı qurğusu və yardımçı binaları ilə birlikdə 5 min kvadratmetrdən artıq ərazini əhatə edirdisə, əsaslı yenidənqurma işlərindən sonra yeni qapalı tipli yarımstansiya 1800 kvadratmetrdən artıq ərazidə yerləşdirilmişdir. Ümumi sahəsi 3200 kvadratmetrə yaxın olan yarımstansiyanın binası zirzəmisi ilə birlikdə üç mərtəbədən ibarətdir.

Dövlətimizin başçısı yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə yaxından tanış oldu.

Diqqətə çatdırıldı ki, yarımstansiyanın zirzəmi qatında müxtəlif gərginlikli giriş və çıxış kabelləri yerləşdirilmişdir. Birinci mərtəbədə Dispetçer İdarəetmə Mərkəzi, 35 və 6 kV-luq qapalı paylayıcı qurğular, reaktorlar, transformator bölmələri, əməkdaşlar üçün iş otaqları, mətbəx və digər yardımçı otaqlar vardır. Yarımstansiyanın 2-ci mərtəbəsində 110 kV-luq elektrik avadanlıqları quraşdırılmışdır. Yarımstansiya havalandırma və yanğına qarşı xəbərdarlıq sistemləri ilə təmin olunmuşdur.

Yarımstansiyanın istismara verilməsi ilə şəbəkədə 8 faiz güc artımı yaradılmış, ümumiyyətlə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətə başladığı 2006-cı ildən indiyədək şəbəkədə güc artımı 90 faizə çatmışdır. İstismara verilən yarımstansiyalar texniki və texnoloji baxımdan ən müasir avadanlıqla və idarəetmə sistemi ilə təmin olunmuşdur. Yeni yarımstansiyaların ərazilərində abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Yarımstansiyada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

“Bakelektrikşəbəkə”nin kollektivi adından çıxış edən Baxış Babayev elektrik enerjisi sektorunda əldə olunan böyük uğurlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

X X X

Yarımstansiyanın kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Yarımstansiyanın açılışı münasibətilə sizi təbrik edirəm. Mən son illərdə yeni yarımstansiyaların açılışlarında dəfələrlə iştirak etmişəm. Hər dəfə bu yenilikləri görəndə, əlbəttə, mən də sizin qədər sevinirəm. Çünki bu gün Bakının elektrik təsərrüfatı yeniləşir, müasirləşir.

Son illər ərzində bu sahəyə qoyulan investisiyalar yarımstansiyaların tikintisində də özünü göstərməkdədir. Siz də, mən də yaxşı xatırlayırıq ki, vaxtilə Bakı Elektrik Şəbəkəsi xarici firmaya idarəetməyə verilmişdi. Bu işin nəticəsində demək olar ki, olan-qalan təsərrüfat da tamamilə dağıdılmışdı. Bakıda saatlarla fasilələr yaranırdı, elektrik təchizatı çox aşağı səviyyədə idi və əlbəttə ki, bu, əhalinin haqlı narazılığına səbəb olurdu.

Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakı Elektrik Şəbəkəsi dövlətə qaytarıldı. İdarəetmə artıq dövlət nəzarətinə keçdi və yeni inkişaf dövrü başlandı. Həm şəbəkənin əməkdaşları peşəkarlıq nümayiş etdirmişlər, eyni zamanda, dövlət büdcəsində hər il şəbəkənin inkişafına əsaslı vəsait, kapital qoyuluşu nəzərdə tutulur. Bax, bu iki istiqamətin inkişafı nəticəsində bu gün Bakıda elektrik təsərrüfatı ən yüksək səviyyədədir. Burada ən müasir avadanlıq quraşdırılıbdır, ən gözəl texnoloji şərtlər tətbiq olunub. Sevindirici hal ondan ibarətdir ki, burada quraşdırılan avadanlığın böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Yəni, dövlət tərəfindən qoyulan investisiyalar özəl sektorun inkişafına da təkan vermişdir. Beləliklə, biznes mühiti bu imkanlardan istifadə edir. Bildiyiniz kimi, növbəti illər üçün Azərbaycanda istehlak edilən bütün mallar ölkəmizdə istehsal olunmalıdır, istər ərzaq məhsulları olsun, istər tikinti materialları, yaxud da ki, müasir avadanlıq.

Bu, istiqamətdə aparılan işlər əlbəttə ki, hamımızı çox sevindirir. Son on il ərzində Azərbaycanda 2800 meqavata qədər yeni enerji gücü yaradılmışdır, 14 elektrik stansiyası tikilmişdir. Demək olar ki, bizim mövcud olan enerji potensialımızın 50 faizi son on ildə yaradılmışdır.

Əlbəttə, belə olan halda həm Bakıda, həm bölgələrdə şəbəkələrin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bizim indi kifayət qədər enerji gücümüz, stansiyalarımız vardır. Bizim bir dənə də olsun elektrik stansiyamız artıq köhnə qayda ilə işləmir. Şərti yanacağın sərfiyyatı da çox aşağı səviyyədədir. Beləliklə, biz Bakıda, bax bu şəbəkənin yeniləşməsi ilə bağlı olan əsas məsələləri həll etmişik. İndi mənə məlumat verildi ki, hələ 12 yarımstansiyanın təmirinə ehtiyac vardır, eyni zamanda, bölgələrdə.

Mən indi bölgələrdə tez-tez oluram. Bizdə elə yerlər vardır ki, orada şəbəkələr yaxşı vəziyyətdə deyildir. Bu gün “Azərenerji”yə tapşırıq verilmişdir ki, bölgələrdə də şəbəkəni normal səviyyəyə çatdıraq ki, heç bir fasilə olmasın. Əslində fasilə olmamalıdır. Çünki kifayət qədər enerji gücümüz vardır. Fasilə ondan olur ki, bəzi şəbəkələr, xətlər nasaz vəziyyətdədir. O köhnə dirəklər, ağac dirəklər hələ də vardır. Onlar tədricən aradan götürüləcək və Bakıda yüksəkgərginlikli xətlər yerin altına salınacaqdır, necə ki, bax burada mənə göstərildi.

Ona görə biz gələcəyə nikbinliklə baxırıq. Mən əminəm ki, növbəti illərdə Bakı Elektrik Şəbəkəsinin sərəncamında olan bütün təsərrüfat ən yüksək səviyyədə, bu səviyyədə olacaqdır.

Nəzərə alsaq ki, ölkəmiz və Bakı inkişaf edir, əlbəttə, biz tələbatı qabaqlamalıyıq. Bax, bu zonada tikilən Olimpiya Stadionu, Gimnastika Mərkəzi, Neft Şirkətinin ofisi, Dövlət Neft Fondunun ofisi, digər ofis binaları və sənaye müəssisələri tələb edir ki, bizdə enerji güclərimiz tələbatı daim üstələsin. Biz bu yolla gedəcəyik. Əminəm ki, gələcəkdə yeni yarımstansiyaların tikintisinə ehtiyac olacaqdır. Çünki Azərbaycanın inkişafı o qədər güclüdür ki, 5-10 ildən sonra bax indiki güclər bizə kifayət etməyəcəkdir.

Mən çox şadam ki, Bakı Elektrik Şəbəkəsi uğurla fəaliyyət göstərir. Eyni zamanda, qeyd etməliyəm ki, şəbəkənin tam şəkildə dövlətə qayıtması barədə vaxtilə qəbul etdiyim qərar öz səmərəsini verməkdədir. Siz – şəbəkənin əməkdaşları bunu bilirsiniz, bu fərqi görürsünüz. Görürsünüz ki, strateji obyekt dövlətin əlində olanda burada nəzarət də, investisiya da və inkişaf da olacaqdır.

Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. İqtisadiyyatımızın 85 faizi özəl sektorda formalaşır. Demək olar ki, iqtisadiyyatımızın əsas hissəsi özəl sektora məxsusdur. Ancaq strateji obyektlər mütləq dövlətin sərəncamında olmalıdır. Bu obyektlər insanlara qulluq edir. Bu obyektlərə qoyulan vəsait kommersiya xarakteri daşımır. “Barmek” olanda, bax bu şəbəkəyə yalnız gəlir mənbəyi kimi baxırdılar. Baxırdılar ki, harada daha nə oğurlasınlar. Ancaq bu obyektlərə dövlət sərmayəsinin qoyuluşu sırf sosial xarakter daşıyır.

Ona görə strateji obyektlər dövlətin sərəncamında olmalıdır. Postsovet məkanında, hesab edirəm ki, Azərbaycanın təcrübəsi özünü doğrultdu. Bizdə bütün strateji obyektlər dövlətin əlindədir. Dövlət bu obyektləri saxlamaqla inkişaf etdirir, insanlara xidmət göstərir.

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07