Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Biləsuvar rayonunda bir sıra tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, müasir lisey-məktəb və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Biləsuvar şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Biləsuvar şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Biləsuvar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 sentyabr 2013-cü il.