İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə iştirak etmişdir
04 sentyabr 2013, 22:55
Prezident İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə iştirak etmişdir.
Əvvəlcə dövlətimizin başçısına parkda görülən işlərlə bağlı məlumat verildi. Qeyd olundu ki, bu ilin avqustunda parkda başlanmış tikinti işləri hazırda davam etdirilir. Parkın ümumi ərazisi yarım hektardır. Burada istirahət köşkləri tikilmiş, geniş yaşıllıq sahəsi yaradılmış, müasir fəvvarə tikilmişdir.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Yenidən Yardımlıda olmağımdan çox şadam. Bu, Yardımlıya mənim prezident kimi artıq üçüncü səfərimdir. Buraya gələrkən birinci səfərimi xatırlayırdım. O vaxt - 2005-ci ildə biz Masallı-Yardımlı yolunun yenidən qurulmasını qeyd edirdik. O vaxt bu, böyük layihə idi. Çünki yol o qədər də yaxşı vəziyyətdə deyildi. Yeni yol çəkildi. Ondan sonra 2006-cı ildə Yardımlıya təbii qazın verilməsini qeyd etmişik. O da tarixi bir gün idi. Çünki heç sovet dövründə də buraya təbii qaz verilməmişdi. O vaxt xətlər çəkildi. Bu gün məndə olan məlumata görə, Yardımlı şəhərinin böyük hissəsi qazlaşdırılıbdır. Bir neçə kənddə də qaz xətləri çəkilibdir. Gələcəkdə əlbəttə ki, tam şəkildə qazlaşdırma aparılacaqdır. Bu gün isə biz növbəti vacib layihənin icrasını
- Yardımlıya içməli suyun verilməsini qeyd edirik.
Yəni, baxın bu tarix özlüyündə bir göstəricidir. Yol, qaz və içməli su həyatdır. Təmiz içməli su isə sağlam həyat deməkdir. İndi verilən məlumata görə, bütün xətlər artıq bu ilin sonuna qədər qurulacaqdır. Gələn ildən başlayaraq Yardımlı şəhərinin içməli su problemi tam şəkildə öz həllini tapacaqdır. Bununla bərabər, yerli icra orqanları kənd yerlərində su xətlərinin çəkilişi ilə məşğuldurlar. Bu da çox gözəl bir təşəbbüsdür. Mən bunu dəstəkləyirəm, alqışlayıram. Elə etməliyik ki, əsas infrastruktur layihələri icra edilsin. Eyni zamanda, bu gün biz kənd yolunun açılışını qeyd edəcəyik. Yeni elektrik xətlərinin çəkilişi də başlamışdır. Çünki Yardımlıda bərk külək əsəndə köhnə dirəklər yıxılır, elektrik kəsilir. İndi yeni, möhkəm dayaqlar tikilir ki, artıq bu problem də olmayacaqdır.
Bütün bu əsas layihələr insanların rahat yaşaması üçün icra edilir. Bu təşəbbüslər əminəm ki, xalq tərəfindən də yüksək qiymətləndirilir. Çünki rayon qarşısında duran əsas infrastruktur məsələləri qısa müddət ərzində öz həllini tapır. Əlbəttə ki, gələcəkdə görüləsi işlər çoxdur. Biz bütün bu işləri davam etdirməliyik. Xüsusilə növbəti illərdə sahibkarlığın inkişafı ilə bağlı daha da böyük tədbirlər görülməlidir. Ölkə üzrə bütövlükdə sahibkarlıq sürətlə inkişaf edir. Yeni kənd təsərrüfatı müəssisələri yaradılır. Hesab edirəm ki, Yardımlı rayonunda da bu istiqamətdə əlavə tədbirlər görülməlidir. Kənd sakinlərinə maliyyə yardımı göstərilməlidir ki, onlar daha da böyük şəkildə və özləri üçün daha da səmərəli qaydada bizneslə məşğul ola bilsinlər.
İçməli su layihəsi isə rəmzi xarakter daşıyır. Çünki bu, ilk növbədə Azərbaycan dövlətinin gücünü göstərir. Digər tərəfdən, Azərbaycanın dövlət siyasətini göstərir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. İçməli su insan orqanizmi üçün əsas məsələdir. Ona görə, Yardımlıya təmiz içməli suyun çəkilməsi xüsusi əhəmiyyət daşıyır. Yardımlı dağlıq rayondur. Burada da başqa yerlərdə olduğu kimi bütün infrastruktur layihələri icra edilir və edilməlidir. Dediyim kimi, son yeddi-səkkiz ilin tarixi onu göstərir. Yol, işıq, qaz, su, əlbəttə ki, rayonun abadlığı. Bu istiqamətdə də işlər görülübdür. Yardımlı inkişaf edir. Gözəl binalar tikilir. Bu gün Heydər Əliyev Mərkəzinin açılışını qeyd etdik. Əvvəlki səfərlərimdə məktəblər, uşaq bağçaları açılmışdır. İndi buna ehtiyac vardır. Gələcəkdə bu işlər də görüləcəkdir.
Mən bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Gələcəkdə bizim görüşlərimiz hələ çox olacaqdır. Çünki Yardımlıda başqa müxtəlif layihələr də icra ediləcəkdir. Bütün açılışlarda bərabər olacağıq.
SAKİNLƏR: İnşallah.
X X X
Yardımlının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən rayon sakini Feyruz SULTANOV dedi:
- Hörmətli cənab Prezident, Yardımlıya xoş gəlmisiniz. Yardımlılar Sizi ürəkdən sevir, sizin fəaliyyətinizi bəyənir və Sizinlə birlikdədirlər. Sizin bugünkü gəlişiniz isə elə bir vacib məsələyə həsr olunub ki, bu, həm savabdır, həm də xalqın Sizə duası bəsdir. Bundan əvvəl qadınlar, uşaqlar, gənclər istifadə etmək üçün müxtəlif mənbələrdən mənşəyi bilinməyən su daşıyırdılar. Əhalimiz keyfiyyətsiz sudan istifadə etməyə məcbur idilər. İndi isə Siz bu gəlişinizlə yardımlılılara böyük töhfə verirsiniz – təmiz, saf suyun açılışını edirsiniz. Saf su isə insan orqanizmi üçün əvəzolunmaz bir nemətdir. Allah Sizi qorusun, Allah Sizə cansağlığı versin, işiniz avand olsun.
Hörmətli cənab Prezident! Yardımlı durmadan inkişaf edir. Yardımlı simasını dəyişib. Sizin sayənizdə yeni parklar, yeni küçələr, yeni evlər, yeni inzibati binalar tikilir. Ona görə bir daha təkrar edirəm ki, yardımlılılar Sizi çox sevirlər. Yardımlı inkişaf edib, gözəlləşib, tanınmaz dərəcədə dəyişib. Respublikamızın inkişafı göz qabağındadır. Bunu inkar etmək olmaz. Bunu artıq bizim xarici dostlarımız da, bizi istəməyən dövlətlər də qeyd edirlər. Azərbaycan sürətlə inkişaf edir. Biz bundan sonrakı, fəaliyyətimizdə balalarımızın, nəvələrimizin firavan yaşayışını da məhz Sizin rəhbərliyiniz altında görmək istəyirik. Bu belə də olacaqdır. Siz uzun illər bizim rəhbərimiz olacaqsınız və biz də Sizin ətrafınızda varıq. Yardımlıya xoş gəlmisiniz, Allah Sizi qorusun.
Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm, doğrudan da, böyük hadisədir. Bir daha demək istəyirəm ki, Yardımlıda görülən işlər məni çox sevindirir. Çünki vaxtilə burada başlanmış bu proqram uğurla icra edilir. Rayon inkişaf edir. Rayonun böyük potensialı vardır. Mən çox şadam ki, biz həm qazın, həm içməli suyun çəkilişinə nail olduq, elektrik xətləri çəkilibdir.
Gələcəkdə Olimpiya İdman Mərkəzinin, digər sosial obyektlərin tikintisi nəzərdə tutulur. Hələ qəzalı vəziyyətdə olan məktəblər vardır. Onların hamısı əsaslı şəkildə təmir ediləcəkdir. Yəni, siz bilirsiniz ki, hər bir rayon üçün konkret proqram vardır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkibində Yardımlının inkişafı nəzərdə tutulub. Son on il ərzində bu proqram artıqlaması ilə icra edilibdir. Deyə bilərəm ki, iki dövlət proqramında nəzərdə tutulmuş bütün məsələlər həll olunur. Bunu Yardımlının timsalında görə bilərik.
Ancaq hələ həll olunmalı məsələlər vardır. Biz onları bilirik. Rayonlara, bölgələrə səfərlərimin səbəblərindən biri də ondan ibarətdir ki, biz bu problemləri aşkar edək, mən sizdən eşidim əlavə nə etmək lazımdır. Hansı məsələlər insanları narahat edir, növbəti illərdə onları da həll edək. Çünki biz indi uğurla inkişaf edirik. Belə güclü iqtisadiyyat yaratmışıq ki, biz istənilən məsələni həll edə bilək. Biz dağlara yollar, su və qaz xətləri çəkirik. Elə məsələ yoxdur ki, biz onu həll edə bilməyək. Çünki güclü iqtisadiyyat yarada bilmişik. Bu iqtisadiyyat imkan verir ki, biz sosial məsələlərin həllinə də vəsait ayıraq. Bax bütün bu layihələr böyük vəsait tələb edir. Bu dağlarda çəkilən su, qaz, elektrik xətləri, yollar - bütün bunlar dövlət büdcəsi, yaxud da ki, Prezidentin ehtiyat fondu hesabına, - o da dövlət büdcəsinin bir hissəsidir - reallaşır. Güclü iqtisadiyyat olmasa, bu layihələr icra edilə bilməz. Bu gün Azərbaycan elə bir sürətlə inkişaf edir ki, istənilən məsələ öz həllini tapa bilər. Təki biz bilək ki, hansı məsələlər vardır və onlar necə həll edilməlidir. İnsanları narahat edən əsas məsələlər nədir ki, onlar öz həllini tapsın. Bax, indi hazırlanan üçüncü regional inkişaf proqramı da daha çox yerlərdən gələn təkliflər əsasında tərtib olunacaq və 2014-2018-ci illəri əhatə edəcəkdir. Çalışmaq lazımdır ki, qalan bütün sosial infrastruktur məsələlər növbəti beş il ərzində öz həllini tapsın.
Yardımlı rayonunda görüləcək işlər haqqında əlbəttə ki, siz daha yaxşı bilirsiniz. Hansı işlərin görülməsi barədə bizə vaxtaşırı məlumat verilir. Bundan sonra da veriləcəkdir. Növbəti proqramlarımızda bütün bu təkliflər nəzərə alınacaq ki, burada işlər daha da yaxşı getsin, insanlar rahat yaşasınlar. Bu layihə, siz də həkim kimi bir daha qeyd etdiniz, insan sağlamlığı üçün başlıca şərtdir. Burada insanın sağlamlığı üçün bütün imkanlar vardır. Gözəl təbiət, dağ havası, meşələr, təmiz ərzaq məhsulları, təkcə içməli su çatmırdı, bunu da biz bu gün həll etdik. Gələcəkdə də çox görüşəcəyik.
X X X
Sonra Prezident İlham Əliyev Yardımlı rayonunun su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasının texniki göstəriciləri, şəhərin su təchizatı sisteminin baş planını əks etdirən stendlərlə tanış oldu.
Dövlətimizin başçısına məlumat verən “Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə çərçivəsində Yardımlı rayonunda su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab su təmizləyici qurğunun tikintisi və yenidənqurma işləri həyata keçirilir. Layihənin birinci mərhələsində rayon mərkəzini təchiz edən magistral içməli su xətti və diametri 300-400 millimetr olan kanalizasiya kollektorunun çəkilməsi, qalan digər işlərin isə 2014-cü ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Əhalini içməli su ilə təmin etmək məqsədilə Yardımlı rayonu ərazisində yerləşən Viləşçayın məcraaltı sularından istifadə olunur. Həmin ərazidə yerləşən Avun kəndindəki mövcud sugötürücü qurğudan Yardımlı şəhərini təchiz edən 8630 metr uzunluğunda magistral su xəttinin tikintisi başa çatmışdır. Şəhərin mərkəzində 6520 metr uzunluğunda baş kanalizasiya kollektoru inşa edilmişdir. Layihəyə əsasən şəhərə 24 saat ərzində adambaşına 150 litr həcmində fasiləsiz içməli suyun verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə, Yardımlı şəhərinin su təchizatı və kanalizasiya sisteminin tam olaraq yenidən qurulması işləri həyata keçirilir. Bunun üçün Yardımlı rayon mərkəzində 63,5 min metr su xəttinin çəkilməsi, yanğın hidrantlarının, içməli su ev birləşmələrinin quraşdırılması, 59,5 min metr kanalizasiya xəttinin çəkilməsi, 13 su anbarının tikilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur. Gücü 8500 əhali ekvivalentli olan çirkab su təmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün müvafiq layihədə dəyişikliklər aparılmışdır və qurğunun tikintisi davam etdirilir.
Prezident İlham Əliyev Yardımlı rayonuna içməli suyun verilməsini bildirən düyməni basdı.