Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında İlham Əliyevin nitqi

16 avqust 2013, 13:20
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında İlham Əliyevin nitqi

- Sağ olun hörmətli Almazbek Şarşenoviç!

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin növbəti il üçün Azərbaycan Respublikasına ötürülməsi ilə əlaqədar Sizə təşəkkürümü bildirirəm.

Hörmətli dövlət başçıları, hörmətli xanımlar və cənablar, əziz dostlar, mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram.

İlk növbədə, Qırğızıstan Respublikasına və şəxsən Prezident Atambayevə keçən il ərzində Əməkdaşlıq Şurasına uğurlu sədrlik etdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, keçən il ərzində bizim əməkdaşlığımız daha da dərinləşdi. Qırğızıstanın uğurlu rəhbərliyi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fəaliyyətinə güclü təkan vermişdir.

Əminəm ki, bundan sonrakı illərdə də əməkdaşlığımız dərinləşəcək, genişlənəcək və yeni pilləyə qalxacaqdır. Mən bütün qonaqları Azərbaycanın qədim şəhəri olan Qəbələdə səmimiyyətlə salamlayıram.

Xatırlayıram ki, ötən dəfə zirvə görüşü digər qədim Azərbaycan şəhərində - Naxçıvanda keçirilmişdir. Bu zirvə görüşlərinin müxtəlif şəhərlərdə keçirilməsi bir növ tanışlıq xarakteri daşıyır, eyni zamanda, xalqlarımız, ölkələrimiz arasındakı birliyi daha da möhkəmləndirir. Dünyada türk aləmi güclənir, türk aləmi böyük coğrafiyanı əhatə edir. Əlbəttə ki, bizim xalqlarımız bir-birini daha da yaxından tanımalı və əməkdaşlıq daha da sürətlə aparılmalıdır.

Böyük qürur hissi ilə deyə bilərəm ki, ötən dəfə zirvə görüşü Azərbaycanda - Naxçıvanda keçiriləndə türkdilli dövlətlərin əməkdaşlığı üçün yeni format yaradılmışdır. Bu formatın artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində təşkili əməkdaşlığımızın yeni mərhələsidir. Artıq üçüncü zirvə görüşü keçirilir. Əminəm ki, bu zirvə görüşləri bundan sonra da mütəmadi qaydada keçiriləcəkdir.

Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, müştərək dəyərlər birləşdirir. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşdur, əməkdaşlıq etmişik, bir yerdə yaşamışıq, bir-birimizə dayaq, arxa olmuşuq. Bu gün isə müstəqil dövlətlər kimi biz bütün məsələlərdə bir yerdəyik, bir yerdə olmalıyıq. Hesab edirəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının başlıca vəzifəsi xalqlar və ölkələr arasındakı birliyi daha da möhkəmləndirməkdir.

Biz ikitərəfli formatda çox uğurlu fəaliyyət göstəririk. İqtisadi sahədə gözəl əməkdaşlıq aparılır, beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda ölkələrimiz daim bir-birinə dəstək, arxa olur və bu da təbiidir. Çünki qardaş xalqlar bir-birinin yanında olmalıdırlar. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda biz bir çox hallarda vahid mövqedən çıxış edirik. Əlbəttə ki, bu, bizim gücümüzü daha da artırır, bizi gücləndirir.

Bu gün biz öz işimizi bir neçə əsas istiqamət üzrə aparacağıq. Bir neçə vacib məsələ müzakirə ediləcəkdir. Əlbəttə ki, ölkələrimizin uğurlu inkişafı üçün əsas məsələ regional təhlükəsizlik məsələləridir. Ölkələrimiz regional təhlükəsizlik məsələlərinə öz töhfəsini verirlər. Bu, çox vacib məsələdir. Çünki bizim xalqlarımız sülh, əmin-amanlıq, sabitlik şəraitində yaşayırlar. Biz elə etməliyik ki, yaşadığımız bölgədə sülh, əmin-amanlıq daim təmin edilsin. Əfsuslar olsun ki, Azərbaycan uzun illərdir erməni işğalından əziyyət çəkir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz pozulubdur. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bütün beynəlxalq hüquq normaları kobudcasına pozulmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, ədalətli beynəlxalq hüquq normaları əsasında həll edilməsi həm bu ədalətsizliyə son qoyacaq, eyni zamanda, regional təhlükəsizliyə də töhfə olacaqdır. Bu münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu gün qəbul olunacaq birgə bəyannamədə məhz bu prinsiplər öz əksini tapıbdır və buna görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm.

Dünən biz mədəniyyətimizin bir hissəsini əks etdirən gözəl konsertdə də bərabər idik. Bu, əslində türk mədəniyyətinin birliyi, dostluğu konserti idi. Bizim mədəniyyətimiz bir-birinə çox bağlıdır. Bizim köklərimiz də, bayramlarımız da eynidir, dillərimiz də bir-birinə oxşayır. Yəni, humanitar sahə əməkdaşlığımız üçün əsasdır. Yəni, əgər bu olmasaydı yəqin ki, əməkdaşlıq bu dərəcədə inkişaf etməzdi. Ona görə əlbəttə ki, humanitar sahədə aparılan işlərə çox böyük diqqət göstərilməlidir. Mən TÜRKSOY-un fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. TÜRKSOY nəinki türkdilli dövlətlərdə, bütün türk diyarlarında fəal iş aparır və beləliklə, türk dünyasının birləşməsinə xidmət göstərir. Mən çox şadam ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs də artıq reallaşır. Türk Mədəniyyətinə dəstək və Türk İrsinin Qorunması Fondunun tezliklə yaradılması çox önəmli hadisə olacaqdır.

Eyni zamanda, ölkələrimizin iqtisadi sahədə potensialı ildən-ilə artır və bizim ölkələr bir-biri ilə sıx əməkdaşlıq edir. Müxtəlif iqtisadi layihələr icra edilir. Deyə bilərəm ki, iqtisadi və infrastruktur layihələrinin uğurlu inkişafı üçün Azərbaycan öz tərəfindən səylərini göstərməkdədir və bölgədə nəhəng infrastruktur layihələrinin yaradılması məhz Azərbaycandan başlanmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi artıq beynəlxalq enerji və ondan sonra nəqliyyat dəhlizinin açılmasına xidmət göstərmişdir. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Aralıq dənizi ilə birləşdi və bu tarixi hadisə özlüyündə böyük bir nailiyyət idi. Ancaq, eyni zamanda, digər mühüm layihələrin icrasına gətirib çıxarmışdır və bu gün nəqliyyat və energetika sektorlarındakı işləri bir-birindən ayırmaq mümkün deyildir. Qədim İpək yolunun bərpası artıq reallıqdır. Biz bu İpək yolunu zənginləşdiririk, yeni infrastruktur layihələri ilə təkmilləşdiririk.

Neft-qaz sektorundakı əməkdaşlıq ölkələrimizi birləşdirir, bizim ölkələrdə həm təbii sərvətlər var, həm inkişaf etmiş infrastruktur və gözəl ixrac yolları da mövcuddur və bu səylərin birləşməsi, əlbəttə ki, türk dünyasının güclənməsinə gətirib çıxaracaqdır. Azərbaycan artıq bizim qardaşlarımız üçün, Xəzərin şərq sahilində yerləşən ölkələr üçün tranzit ölkə kimi öz rolunu oynayır. Bu da mühüm məsələdir. Yəni, bu layihələr xalqlarımızı, iqtisadiyyatlarımızı birləşdirir.

Neft-qaz sektorundakı əməkdaşlıq çoxşaxəli əməkdaşlıqdır. Burada bütün ölkələr uğurla fəaliyyət göstərir, uğurla əməkdaşlıq edir. Əlbəttə ki, bu gün gündəlikdə olan məsələlərdən biri də nəqliyyat infrastrukturunun təkmilləşməsidir. Bu istiqamətdə müştərək səylərlə böyük işlər görülmüşdür, həm ikitərəfli formatda, həm üçtərəfli formatda. Müxtəlif nəqliyyat layihələrinin icrası əlbəttə ki, böyük vəsait tələb edir. Ancaq bizim ölkələrimizdə iqtisadi inkişaf çox sürətlidir və ölkələrimizin maliyyə durumu da yaxşıdır. Belə olan halda biz gələcəkdə də böyük nəqliyyat layihələrinə mütləq vəsait ayırmalıyıq.

Onların içində Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusilə qeyd etmək istəyirəm. Bu dəmir yolu vasitəsilə qitələr birləşəcək, ölkələrimiz tranzit ölkələrə çevriləcəkdir. Bu dəmir yolu bundan sonra 100 illiklər ərzində xalqlarımıza xidmət edəcək. Bu, böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir. Əminəm ki, biz yaxın zamanlarda, gələn il bu layihənin istifadəyə verilməsini qeyd edəcəyik və beləliklə, tarixi İpək yolunu bərpa etmiş olacağıq.

Digər layihələr. Bilirəm ki, Əməkdaşlıq Şurasına üzv ölkələrdə böyük nəqliyyat layihələri icra edilir və bu layihələr hər bir ölkə üçün çox böyük əhəmiyyət kəsb edir. Bu layihələr birlikdə bölgənin yeni nəqliyyat xəritəsini təşkil edir.

Bu gün bizim ölkələrimiz uğurla və inamla inkişaf edir. Bu gün dünyanın müxtəlif yerlərində, o cümlədən əfsuslar olsun ki, İslam dünyasında proseslər müxtəlif istiqamətdə gedir, qarşıdurmalar, vətəndaş müharibələri, digər xoşagəlməz hallar baş verir. Bizim diyarlarımızda, türk diyarında isə sabitlik, inkişaf hökm sürür. Bu, böyük nailiyyətdir, böyük sərvətdir. Xüsusilə nəzərə alsaq ki, dünyada hələ də maliyyə və iqtisadi böhran davam edir, bizim ölkələrimizin uğurlu inkişafı, ölkələrdə mövcud olan sabitlik və tərəqqi hesab edirəm ki, xalqlarımızın böyük nailiyyətidir, dövlətlərimizin böyük sərvətidir. Biz bu sərvəti qorumalıyıq, birgə səylərlə qorumalıyıq, inkişaf etdirməliyik. XXI əsr türk dünyasının əsri olmalıdır. Bizim ölkələrimizin potensialı, birgə fəaliyyəti, Əməkdaşlıq Şurası kimi çox önəmli əməkdaşlıq formatı vardır. Biz bütün müsbət meylləri gücləndirməliyik. Hesab edirəm ki, bugünkü zirvə görüşü bu amallara xidmət edir, zirvə görüşünün çox gözəl nəticələri olacaqdır.

İndi isə təklif edirəm ki, biz gündəliyi qəbul edək. Gündəlik qarşınızdadır. Əgər başqa təklif yoxdursa, gündəlik qəbul olunur.

İndi isə hörmətli dövlət başçılarını və nümayəndə heyətlərinin rəhbərlərini çıxış etməyə dəvət edirəm. Söz verilir, Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevə.

X X X


Prezident İlham Əliyevin yekun çıxışı

- Hörmətli qonaqlar, artıq imzalanma mərasimi başa çatmışdır. Zirvə görüşümüz də başa çatır. Bir daha əziz qardaşlarımıza, nümayəndə heyətlərinin başçılarına Qəbələdə bu Zirvə görüşündə iştirak etdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu Zirvə görüşündən sonra aramızdakı əməkdaşlıq daha da artacaq və çox ciddi layihələr icra ediləcəkdir. Bu gün çıxışlarda səslənən dəyərli fikirlər əminəm ki, bizim işimizi zənginləşdirəcək və bu təkliflərin reallaşması əməkdaşlığın yeni pilləyə qalxmasına imkan yaradacaqdır. Səslənən təkliflərlə və ümumiyyətlə, gələcək fəaliyyətimizlə bağlı bir neçə məsələni qeyd etmək istərdim. İqtisadi sahədə əməkdaşlıq, - bu barədə artıq danışıldı, - böyük perspektivlərə malikdir. Bu gün ölkələrimizin iqtisadi inkişafı çox sürətlidir. Bir daha demək istərdim ki, iqtisadi və maliyyə böhranına baxmayaraq, bu gün ölkələrimiz iqtisadiyyatını inamla artırırlar. Azərbaycana gəldikdə, son 10 il ərzində Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artmışdır və bu artım çox təsirli olmuşdur. İqtisadiyyatımız artıq çoxşaxəli, rəqabət qabiliyyətli iqtisadiyyatdır. Dünyanın ən mötəbər iqtisadi qurumu olan Dünya İqtisadi Forumunun - Davos Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 46-cı yerdədir.

Aparılan iqtisadi islahatlar, zəngin təbii resurslar ölkəmizin inkişafına xidmət göstərir. Ona görə, iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar vardır. Azərbaycan ölkə daxilində və xaricdə investisiya layihələrini icra edir. Hesab edirəm ki, ölkələrimiz arasında olan dostluq, qardaşlıq münasibətləri qarşılıqlı investisiyaların qoyuluşuna da xidmət göstərir. Hər halda Azərbaycan bu istiqamətdə öz addımlarını atmaqdadır.

Bizi enerji və nəqliyyat dəhlizləri birləşdirir. Bu da böyük sərvətimizdir. Üzv ölkələrin böyük təbii sərvətləri, böyük coğrafiyası vardır. Bütün bu səylər artıq hər bir ölkənin inkişafını təmin edir.

Əlbəttə, enerji diplomatiyasının davam etdirilməsi və bu sahədə səylərimizin əlaqələndirilməsi, hesab edirəm ki, zərurətdir və gələcək illərdə bu istiqamətdə biz işlərimizi davam etdirəcəyik.

Burada səslənən fikirlər arasında turizm sektorunda birgə fəaliyyət haqqında məsələlər qaldırıldı. Hesab edirəm ki, bu, çox əhəmiyyətli bir sahədir. Xüsusilə Qəbələ kimi turizm mərkəzində bu istiqamətdə atılacaq addımlar haqqında fikir mübadiləsi çox dəyərlidir. Təklif edirəm ki, türk dünyasının turizm potensialı və türk dünyasının turizm mərkəzləri haqqında birgə səylərlə birgə sərgi də keçirilə bilər. Bu sərgi həm ölkələrimizdə, həm də başqa ölkələrdə keçirilə bilər. Yaxud da ki, bununla bərabər, mötəbər beynəlxalq sərgilərdə türk dünyası vahid bir təqdimatla çıxış edə bilər. Çünki ölkələrimizdə çox gözəl turizm imkanları vardır. Bizim ölkələri birləşdirən turizm potensialı güclənir. Qara dəniz, Aralıq dənizi, Xəzər dənizi, İsık-göl dünya miqyasında çox mötəbər turizm istiqamətləridir. Ölkələrimizdə təbiət çox gözəldir - təmiz hava, dağlar, meşələr, çaylar. Yəni, birgə turizm təqdimatı hesab edirəm ki, həm birliyimizi əks etdirər və təqdim edər, eyni zamanda, praktik nöqteyi-nəzərdən ölkələrimizə turistlərin axınını gücləndirmiş olar.

Bu gün, eyni zamanda, yeni informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı təkliflər səslənmişdir.

Azərbaycan bu istiqamətdə öz işlərini davam etdirir. Bu ilin əvvəlində ilk Azərbaycan telekommunikasiya peyki orbitə buraxılmışdır. Beləliklə, Azərbaycanda kosmik sənayenin inkişafına start verildi. Bu sahə təbii ki, humanitar sahə ilə bilavasitə bağlı olan bir sahədir. Çünki informasiya-kommunikasiya texnologiyaları bilikdir, savaddır, innovasiyadır və əlbəttə ki, humanitar sahənin inkişafı hər bir ölkə üçün çox önəmlidir. Ölkələrimizdə bilikli, savadlı gənc nəsil yetişir. ölkələrimizdə. Bu da ölkələrimizin gələcək müstəqilliyini təmin edəcəkdir. Çünki əgər biz dünya xəritəsinə nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələr ona görə inkişaf ediblər ki, orada elmi-texniki tərəqqi sürətlə getmişdir. Elmə, təhsilə qoyulan vəsait kifayət qədər olmuşdur. Bu istiqamətdə görülən işlər hər bir ölkənin gələcək inkişafını və müstəqilliyini gücləndirəcəkdir. Ona görə, innovasiya, elm, təhsil sahələrində ölkələrimiz arasında kifayət qədər geniş əməkdaşlıq vardır və hesab edirəm ki, gələcək illərdə bu daim diqqət mərkəzində olmalıdır.

Təbii ki, gündəlikdə duran məsələlərdən biri də nəqliyyat məsələləridir və artıq burada biz hamımız həmfikirik. Burada bütün çıxışlarda nəqliyyatla bağlı məsələlər qeyd olundu. Biz yeni nəqliyyat infrastrukturunun yaradılması ilə türk dünyasını nəqliyyat şəbəkəsi ilə də birləşdiririk və eyni zamanda, ölkələrimiz üçün, gələcək üçün güclü bir nəqliyyat infrastrukturu yaradırıq. Əsrlər boyu bizim xalqlarımız bundan istifadə edəcək və bu, iqtisadi cəhətdən bizə əlavə fayda gətirəcəkdir.
Azərbaycanda bu istiqamətdə görülmüş işlər haqqında mən giriş sözümdə fikirlərimi bildirdim. Əlavə etmək istəyirəm ki, bu gün Azərbaycanda Xəzər dənizində tikilən liman bu bölgənin ən böyük dəniz limanı olacaqdır. Bunun yükqəbuletmə qabiliyyəti mərhələlər əsasında on milyon tondan iyirmi milyon tona çatacaqdır. Əlbəttə, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakıda dəniz limanının istifadəyə verilməsi əlaqəli şəklində aparılır və beləliklə, Xəzər dənizi ilə yüklərin daşınmasının artımına gətirib çıxaracaqdır.

Bu gün çıxışlarda, eyni zamanda, xalqlarımıza xas olan tolerantlıq haqqında deyildi. Bu da çox önəmli məsələdir. Həqiqətən, bizim ölkələrimizdə yaşayan bütün xalqlar onların etnik, yaxud da ki, dini mənsubiyyətindən asılı olmayaraq, bütün hüquqlardan istifadə edir, bir ailə kimi yaşayır, heç vaxt hər hansı bir xoşagəlməz hallar yaşanmır. Bu, böyük sərvətimizdir və biz çalışmalıyıq ki, türk dünyasını dünyaya, eyni zamanda, tolerantlıq məkanı kimi təqdim edək. Biz Azərbaycanda bu istiqamətdə müxtəlif tədbirlər keçiririk. Bilirəm ki, digər qardaş ölkələrdə də bu tədbirlər keçirilir. Xüsusilə, mən İkinci Bakı Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun fəaliyyətini qeyd etmək istəyirəm. Biz qardaşlarımızın gələcək forumlarda fəal iştirakını arzulayırıq. Çünki bu Forum artıq dünya çapında özünəməxsus yerini tuta bilmişdir.

Burada xalqlarımızın, ölkələrimizin gələcəyi ilə bağlı digər dəyərli fikirlər səslənmişdir. Xüsusilə, demoqrafik vəziyyətlə bağlı səslənən fikirlərə münasibətimi bildirmək istəyirəm. Bu, bizim böyük sərvətimizdir. Bizim ölkələrimizdə demoqrafik vəziyyət çox müsbətdir, təbii artım baş verir. Dünyanın bir çox ölkələrində vəziyyət tam başqadır. Bu, bizim böyük sərvətimizdir, bu günün və gələcəyin potensialıdır. Ancaq o da sirr deyil ki, demoqrafik vəziyyət o vaxt üstünlükdür ki, iqtisadi inkişaf sürətlidir.

Demoqrafik vəziyyət mütləq ciddi iqtisadi islahatlarla tamamlanmalıdır. Əgər bu olmasa, əgər iqtisadiyyat inkişaf etməsə, amma əhali artsa, o zaman bu, problemə çevrilə bilər. Əgər demoqrafik vəziyyət iqtisadiyyatla bərabər artsa, o zaman bu, böyük potensialdır, böyük gücdür. Gələcəkdə dünyada problemlərin həlli ölkələrin potensialı ilə, o cümlədən demoqrafik vəziyyətlə də bağlı olacaqdır.

Eyni zamanda, burada səslənən bir fikrə də öz münasibətimi bildirmək istəyirəm. Hesab edirəm ki, bu da çox dəyərli fikirdir və Azərbaycan bu istiqamətdə öz səylərini göstərir. Xaricdə yaşayan diaspor təşkilatlarımızın birgə fəaliyyəti çox önəmlidir. Biz Azərbaycanda və Türkiyədə vaxtaşırı Türkiyə-Azərbaycan diaspor təşkilatlarının toplantılarını keçiririk. Birgə qurultay da keçirilmişdir. Hesab edirəm ki, bu sahədə də səylərimizin birləşməsi faydalı olardı. Çünki bu gün xaricdə yaşayan, xalqlarımızı təmsil edən milyonlarla soydaşımız vardır. Onları təşkilatlandırmaq, bir araya gətirmək üçün hesab edirəm ki, gözəl imkanlar vardır. Ayrı-ayrılıqda diaspor təşkilatları fəaliyyət göstərir. Bir çox hallarda öz fəaliyyətlərini koordinasiya edirlər. Ancaq bu formatda - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının birləşməsi də, hesab edirəm ki, hər cəhətdən bizim işimizi daha da gücləndirər.

Bir sözlə, əziz dostlar, hörmətli dövlət başçıları, bugünkü zirvə görüşü, əminəm ki, növbəti uğurlu mərhələ olacaqdır.

Azərbaycan bu gündən Şuraya sədrliyi öz üzərinə götürür. Sizi əmin etmək istəyirəm ki, biz var gücümüzlə işləyəcəyik ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla icra edilsin. Bir daha sizə dərin hörmət və ehtiramımı bildirirəm. Sağ olun.