Prezident İlham Əliyev Zaqatalada Heydər Əliyev Mərkəzinin binasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, Mərkəzin tikintisinə bu ilin aprelində başlanmışdır. Ən müasir standartlar səviyyəsində inşa olunan Mərkəzin binasında muzey, iki konfrans salonu, kinozal, internet-kitabxana, milli rəqs, heykəltəraşlıq, dizayn, xalq yaradıcılığı və foto studiyaları, həmçinin dərnək otaqları və kafe yaradılacaqdır. Binada daş-hörgü işləri başa çatdırılmışdır. Hazırda dam örtüyü quraşdırılır və suvaq işləri görülür. Binanın həyətində 2 min 500 kvadratmetr əraziyə tamet döşənəcək, 4 min 700 kvadratmetr ərazidə isə yaşıllıq salınacaqdır. Burada, həmçinin fəvvarəli üç hovuzun tikintisi nəzərdə tutulur. Mərkəzin binasında tikinti işlərinin 2014-cü ilin mayında başa çatdırılması planlaşdırılır. Heydər Əliyev Mərkəzində 25-30 nəfər daimi işlə təmin olunacaqdır.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.