Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi

09 iyul 2013, 22:30

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir.

I BÖLMƏ

ÜMUMİ MÜDDƏALAR

FƏSİL 1
AZƏRBAYCAN RESPUBLİKASININ MİQRASİYA QANUNVERİCİLİYİ

Maddə 1. Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi
Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 2. Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin prinsipləri
Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır.
Maddə 3. Əsas anlayışlar
3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur:
3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs;
3.0.2. vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs;
3.0.3. yetkinlik yaşına çatmayan şəxs – 18 yaşı tamam olmayan şəxs;
3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd;
3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd;
3.0.6. Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs;
3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs;
3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs;
3.0.9. əmək miqrasiyası – fiziki şəxsin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya etməklə yaşayış yerini dəyişməsi;
3.0.10. əməkçi miqrant – haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya edən fiziki şəxs;
3.0.11. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvləri – əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin arvadı (əri), 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları və himayəsində olan valideynləri;
3.0.12. yaxın qohum – ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları, baba, nənə, babanın (nənənin) atası və anası, nəvə, qayınata, qayınana, qayın, baldız;
3.0.13. iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazə;
3.0.14. yaşayış yeri – mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, mehmanxana, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri;
3.0.15. olduğu yer – şəxsin yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər, habelə mənzil, digər yaşayış sahəsi (özünün, qohumunun, tanışının və s.);
3.0.16. viza – əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə, vizada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verən rəsmi sənəd;
3.0.17. sərhədkeçmə sənədi – xarici pasport, vətəndaşlığı olmayan şəxslərə yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçi kitabçası (vəsiqəsi), qaçqınlara verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər.

Maddə 4. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tətbiq dairəsi
4.1. Bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir.
4.2. Bu Məcəllə ilə müəyyən edilən qaydalar daxili əmək miqrasiyasına şamil edilmir.
4.3. Azərbaycan Respublikasında qaçqın statusunun verilməsi, qaçqın statusunun itirilməsi, qaçqın statusundan məhrum etmə, habelə qaçqın statusu almış şəxslərə verilən sənədlər və həmin şəxslərin hüquqi vəziyyətinin əsasları müvafiq qanunla tənzimlənir.
4.4. Səfərbərlik zamanı Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 5. Miqrasiya proseslərinin iştirakçıları
5.0. Miqrasiya proseslərinin iştirakçıları aşağıdakılardır:
5.0.1. miqrasiya proseslərinin idarə olunmasında və tənzimlənməsində iştirak edən, habelə həmin proseslərə dövlət nəzarətini həyata keçirən dövlət orqanları;
5.0.2. xarici ölkəyə gedən, orada müvəqqəti və ya daimi yaşayan, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları;
5.0.3. əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən və onların Azərbaycan Respublikasında qeydiyyata alınması prosesində iştirak edən şəxslər;
5.0.4. Azərbaycan Respublikasına viza əsasında və ya viza tələb olunmayan qaydada gələn, burada müvəqqəti olan, müvəqqəti olma müddəti uzadılan, müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
5.0.5. əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət etmiş, onların ölkədə müvəqqəti olması, müvəqqəti olma müddətinin uzadılması, qeydiyyata alınması və əmək miqrasiyası, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi proseslərində iştirak edən təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
5.0.6. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik edən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər.

FƏSİL 2

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN MİQRASİYA UÇOTU

Maddə 6. Miqrasiya uçotunun məqsədləri
6.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu (bundan sonra – miqrasiya uçotu) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında bu Məcəllə ilə nəzərdə tutulmuş məlumatların, habelə onların yerdəyişməsi haqqında məlumatların qeydə alınması və ümumiləşdirilməsi sahəsində fəaliyyətdir.
6.2. Miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biridir və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sərbəst hərəkət etmək, ölkə ərazisində olma və yaşama yeri seçmək və digər hüquq və azadlıqlarının təmin olunmasına, habelə Azərbaycan Respublikasının miqrasiya sahəsində milli maraqlarının həyata keçirilməsinə və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir.
6.3. Miqrasiya uçotu aşağıdakı məqsədlərlə aparılır:
6.3.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və azadlıqlarını həyata keçirməsi, habelə üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməsi üçün lazımi şərait yaradılması;
6.3.2. miqrasiya sahəsində dövlət siyasətinin işlənməsi və həyata keçirilməsi;
6.3.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerdəyişməsinin nəticələrinin proqnozlaşdırılması məqsədi ilə belə yerdəyişmə haqqında tam, dəqiq və operativ məlumatın formalaşdırılması, habelə miqrasiya sahəsində statistik müşahidənin aparılması;
6.3.4. təbii fəlakət, fövqəladə vəziyyət, hərbi vəziyyət və digər bu kimi hallarda idarəetmənin təmin olunması;
6.3.5. qanunsuz miqrasiyaya və digər qanunazidd hərəkətlərə qarşı mübarizə aparmaqla ictimai asayişin və Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması;
6.3.6. Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında, habelə onların yerdəyişməsi haqqında məlumatların sistemləşdirilməsi.

Maddə 7. Miqrasiya uçotunun aparılması üçün əsaslar
7.1. Şəxsin miqrasiya uçotuna alınması üçün əsaslar aşağıdakılardır:
7.1.1. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına girişi;
7.1.2. əcnəbinin Azərbaycan Respublikasında doğum faktının qeydə alınması;
7.1.3. Azərbaycan Respublikasının ərazisində olan şəxsin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi.
7.2. Şəxsin miqrasiya uçotundan çıxarılması üçün əsaslar aşağıdakılardır:
7.2.1. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında vəfat etməsi;
7.2.2. Azərbaycan Respublikasında olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölmüş və ya itkin düşmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsi;
7.2.3. Azərbaycan Respublikasında olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi.

Maddə 8. Miqrasiya uçotunun aparılması
8.1. Miqrasiya uçotu aparılarkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında aşağıdakı məlumatların toplanması, qeydə alınması, ümumiləşdirilməsi və istifadəsi həyata keçirilir:
8.1.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədin növü və rekvizitləri (sənədin adı, seriyası, nömrəsi, verilmə tarixi və yeri, etibarlılıq müddəti, habelə mövcud olduğu təqdirdə, həmin sənəddə olan biometrik məlumatlar);
8.1.2. Azərbaycan Respublikasında olmaq və ya yaşamaq hüququnu təsdiq edən sənədin növü və rekvizitləri;
8.1.3. soyadı, adı, atasının adı (sənəddə sonuncu barədə məlumat olduğu təqdirdə);
8.1.4. doğulduğu tarix və yer;
8.1.5. cinsi;
8.1.6. vətəndaşlığı;
8.1.7. Azərbaycan Respublikasına gəlişinin məqsədi;
8.1.8. peşəsi (olduğu təqdirdə);
8.1.9. Azərbaycan Respublikasında olmasının və ya yaşamasının bəyan edilmiş müddətləri;
8.1.10. Azərbaycan Respublikasında son yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyat tarixi və onun ünvanı;
8.1.11. qanuni nümayəndələri barədə məlumat (valideynlər, övladlığa və himayəyə götürənlər, qəyyumlar);
8.1.12. ölkə hüdudlarından kənara çıxarılması barədə məlumat (tətbiq olunub ya yox, tətbiq olunubsa – kim tərəfindən və nə vaxt);
8.1.13. ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat;
8.1.14. Azərbaycan Respublikasında cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə cəlb edilməsi haqqında məlumat;
8.1.15. Azərbaycan Respublikasında vəfat etdiyi tarix, yaxud ölmüş və ya itkin düşmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix, məhkəmənin adı və yeri.
8.2. Miqrasiya uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə aparılır.
8.3. Aidiyyəti dövlət orqanları miqrasiya uçotunun aparılması məqsədi ilə müvafiq məlumatları istifadələrində olan informasiya resursları və sistemləri vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına ötürürlər.
8.4. Vahid Miqrasiya Məlumat Sisteminin məlumat resurslarının formalaşması və ondan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnamə ilə müəyyən olunur.

II BÖLMƏ

AZƏRBAYCAN RESPUBLİKASINA GƏLMƏ VƏ AZƏRBAYCAN RESPUBLİKASINDAN GETMƏ

FƏSİL 3

AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ ÖLKƏDƏN GETMƏSİ VƏ ÖLKƏYƏ GƏLMƏSİ

Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ
9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir.
9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.
9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;
9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək;
9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;
9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;
9.3.6. məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək.
9.4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.
9.5. Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
9.6. Ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.
9.7. Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı üçün təhlükə yaranarsa, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edir.

Maddə 10. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi
10.1. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan Respublikası vətəndaşının pasportu əsasında həyata keçirilir. Pasportun verilməsi qaydası müvafiq qanunla tənzimlənir.
10.2. Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədi ilə istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ dənizçinin şəxsiyyət sənədi əsasında həyata keçirilir. Xaricdə işlədiyi gəmiyə çatmaq üçün fərdi qaydada ölkədən gedən vətəndaş dənizçinin şəxsiyyət vəsiqəsi ilə birlikdə həmin gəmi heyətinin tərkibində olmasını təsdiq edən sənədi (tərtib olunmuş gəmi heyətinin siyahısından çıxarış) sərhəd nəzarətindən keçərkən təqdim etməlidir. Dənizçinin şəxsiyyət sənədinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir.
10.3. Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir.

Maddə 11. Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası
11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.
11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
11.3. Yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb olunmur. Qeyd olunan sənədlərlə birgə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığını təqdim edən yetkinlik yaşına çatmayan vətəndaş Azərbaycan Respublikasından gedə bilər.
11.4. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər.
11.5. Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür.
11.6. Yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, onları övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadan getdikdə, qanuni nümayəndənin vəzifələrini həmin qrupun rəhbərləri yerinə yetirirlər.

Maddə 12. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşın ölkədən getməsi qaydası
Fəaliyyət qabiliyyətinin olmaması məhkəmə tərəfindən təsdiq edilmiş vətəndaş ölkədən valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının notariat qaydasında təsdiq edilmiş vəsatəti əsasında, yetkinlik yaşına çatmış digər şəxsin müşayiəti ilə gedə bilər.

Maddə 13. Xarici ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün gedən vətəndaşların konsulluqlarda uçotu
13.1. Xarici ölkəyə müvəqqəti və ya daimi yaşamaq üçün gedən vətəndaşlar Azərbaycan Respublikasının xaricdəki konsulluğunda “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə uçota alınırlar. Azərbaycan Respublikası konsulluğunun olmadığı xarici ölkələrdə (yerlərdə) yaşayan vətəndaşlar yaşayış yeri barədə məlumatı elektron qaydada müvafiq icra hakimiyyəti orqanına verə bilərlər.
13.2. Vətəndaşlar xarici ölkədə yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq Azərbaycan Respublikasına qayıtdıqda, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Azərbaycan Respublikasının xaricdəki konsulluğunda uçotdan çıxarılırlar.

Maddə 14. Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan vətəndaşların hüquqlarının Azərbaycan dövləti tərəfindən müdafiəsi
Azərbaycan Respublikasının müvafiq dövlət orqanları, diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq xarici dövlətin qanunvericiliyinə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, onların qanunla qorunan hüquq və mənafelərini qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə etməyə, Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar.

FƏSİL 4

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINA GƏLMƏSİ, AZƏRBAYCAN RESPUBLİKASINDAN GETMƏSİ VƏ AZƏRBAYCAN RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMASI



Maddə 15. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi
15.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.
15.2. Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllə ilə müəyyən olunmuş qaydada viza almalıdırlar.
15.3. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilələr bağlanmış olduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına vizasız qaydada gələ bilərlər.
15.4. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportları və ya digər sərhədkeçmə sənədləri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına qayıda bilərlər.
15.5. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün verilən “Yol sənədi” əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına gələ bilərlər.

Maddə 16. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər
16.1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmək aşağıdakı hallarda qadağan edilir:
16.1.1. milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə;
16.1.2. şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda;
16.1.3. şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;
16.1.4. şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə;
16.1.5. şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
16.1.6. şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda;
16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə;
16.1.8. şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda.
16.2. Bu Məcəllənin 16.1.6 – 16.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur.
16.3. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.

Maddə 17. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırılması
17.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
17.1.1. onların getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olduqda – bu əsas aradan qalxanadək;
17.1.2. onlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barələrində hər hansı qətimkan tədbiri seçildikdə – azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;
17.1.3. onlar məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzalarını çəkib qurtaranadək və ya bu Məcəllənin 17.1.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla cəzadan azad edilənədək;
17.1.4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
17.1.5. onlar üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;
17.1.6. məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
17.1.7. onlar inzibati xəta törətdikdə – barələrində qanuni qüvvəyə minmiş inzibati tənbeh tədbirləri icra edilənədək.
17.2. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada profilaktik peyvəndlərin aparılmaması Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəlişinin məhdudlaşdırılması ilə nəticələnir.
17.3. Bu Məcəllənin 17.1-ci və 17.2-ci maddələrində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.

Maddə 18. Azərbaycan Respublikasına pasportsuz və ya vizasız gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
18.1. Bu Məcəllənin tələblərini pozaraq pasportsuz, vizasız və ya etibarlı olmayan pasport və digər sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmadan, gəldikləri ölkəyə qaytarılırlar.
18.2. Saxta və ya başqasına məxsus sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər.

Maddə 19. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi
19.1. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hər hansı bir dövlətdən Azərbaycan Respublikasının ərazisinə girişi və Azərbaycan Respublikasının ərazisində müəyyən olunmuş marşrut üzrə hərəkət edərək üçüncü ölkəyə çıxışı həmin şəxsin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi hesab olunur.
19.2. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə bu Məcəllənin 34–37-ci maddələrində nəzərdə tutulmuş qaydada tranzit vizası verilir.
19.3. Aşağıdakı hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin tranzit keçidi üçün tranzit vizası tələb olunmur:
19.3.1. əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə imkan verən digər vizalar verilmiş olduqda;
19.3.2. hava nəqliyyatı sərnişinləri təyyarə dəyişmədən Azərbaycan Respublikasının ərazisindən tranzitlə uçduqda;
19.3.3. əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hava limanında təyyarə dəyişməklə təyinat ölkəsinə getdikdə – bir şərtlə ki, sərnişinlərin təyinat ölkəsinə daxil olmaq hüququnu təsdiq edən sənədləri, təyyarə dəyişmək üçün endikləri hava limanından yola düşmə vaxtını təsdiq edən təyyarə biletləri olsun və Azərbaycan Respublikasının ərazisində qalma müddəti 24 saatdan artıq olmasın. Bu zaman sərnişinlər hava limanı ərazisində xüsusi olaraq ayrılmış ərazinin hüdudlarından kənara çıxa bilməzlər;
19.3.4. Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətin vətəndaşları tranzitlə keçdikdə.
19.4. Tranzit keçid zamanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vizada göstərilən müddətdən artıq Azərbaycan Respublikasının ərazisində məcburi dayanması aşağıdakı hallarda mümkündür:
19.4.1. nəqliyyatın hərəkətinə maneə olan təbii fəlakət baş verdikdə;
19.4.2. avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması, yaxud yol-nəqliyyat hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə);
19.4.3. Azərbaycan Respublikasının ərazisindən keçən şəxslər xəstələndikdə (bu halda keçidin davam etdirilməsinin xəstənin səhhəti üçün təhlükə törətdiyinə dair həkimin rəyi olmalıdır);
19.5. Bu Məcəllənin 19.4.3-cü maddəsində nəzərdə tutulmuş halda xəstə şəxslə birlikdə onun yaxın qohumları olduqda, məcburi dayanma onlara da şamil edilir.
19.6. Tranzit keçid zamanı məcburi dayanma baş verdikdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bu Məcəllənin 41–43-cü maddələrinə uyğun olaraq məcburi dayanmanın səbəbləri aradan qalxanadək artırılır.
19.7. Azərbaycan Respublikasının ərazisindən dəmiryol nəqliyyatı və ya avtonəqliyyat vasitəsi ilə tranzitlə keçən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədboyu zonada dayanması qadağandır.
19.8. Beynəlxalq yükdaşımalarda iştirak edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisindən tranzit keçidi beynəlxalq və dövlətlərarası yükdaşımalar üçün müəyyənləşdirilmiş dövlət sərhədinin buraxılış məntəqələrindən və avtomobil yollarından həyata keçirilir.
19.9. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
19.10. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisindən tranzit keçid qaydalarına əməl etmədiklərinə görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar.

Maddə 20. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması
20.1. Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz.
20.2. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Maddə 21. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması
21.1. Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
21.2. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 3 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
21.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu Məcəllənin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər.
21.4. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.
21.5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:
21.5.1. viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;
21.5.2. viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.
21.6. BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.
21.7. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
21.8. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.
21.9. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, bu Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Maddə 22. Qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
22.1. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
22.2. Bununla əlaqədar onlara nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müvafiq vəsiqə verilir.
22.3. Müvafiq icra hakimiyyəti orqanı miqrasiya uçotunun aparılması məqsədi ilə bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barədə məlumatları 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

Maddə 23. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olmasının arzuolunmaz hesab edilməsi
23.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi, Azərbaycan Respublikasında olması və ya yaşaması Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, habelə Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər.
23.2. Şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır.
23.3. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüququnu itirir.
23.4. Şəxsin ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.
23.5. Azərbaycan Respublikasının ərazisində olan şəxslərin ölkədə olması arzuolunmaz hesab edildikdə müvafiq icra hakimiyyəti orqanları bu barədə məlumatı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, habelə həmin şəxslər barəsində bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

III BÖLMƏ

ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ AZƏRBAYCAN RESPUBLİKASINA GƏLMƏK, AZƏRBAYCAN RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMAQ, YAŞAMAQ VƏ İŞLƏMƏK HÜQUQU VERƏN SƏNƏDLƏR VƏ ONLARIN VERİLMƏSİ QAYDALARI

FƏSİL 5

VİZALAR



Maddə 24. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizalar
24.1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizaların giriş və tranzit növləri vardır.
24.2. Girişlərin sayına görə giriş vizası birdəfəlik və çoxdəfəlik vizalara, tranzit vizası isə birdəfəlik və ikidəfəlik vizalara bölünür.
24.3. Giriş vizası diplomatik, xidməti və adi kateqoriyalara bölünür.
24.4. Diplomatik və xidməti kateqoriyalı giriş vizaları yalnız rəsmi səfər məqsədi ilə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
24.5. Adi kateqoriyalı giriş vizaları işgüzar, elm, təhsil, əmək, turizm, mədəniyyət, idman, humanitar, müalicə və şəxsi səfər məqsədləri ilə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
24.6. Giriş vizasının etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək, çoxdəfəlik giriş-çıxış üçün isə 2 ilədək müəyyən olunur.
24.7. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər.
24.8. Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.
24.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vizalarla bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydalardan (müddətlərdən) fərqli qaydalar (müddətlər) müəyyən oluna bilər.

Maddə 25. Rəsmi səfər məqsədi ilə verilən giriş vizası
25.1. Rəsmi səfər vizası xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarına, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Bu vizalarda ölkədə qalma müddəti verilən vizanın etibarlılıq müddəti ilə müəyyən edilir.
25.2. Rəsmi səfər vizası, eyni zamanda Azərbaycan Respublikasında keçirilən rəsmi tədbirlərdə və görüşlərdə iştirak edəcək əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də verilir və bu vizalarda ölkədə qalma müddəti 180 günədək müəyyən edilir.
25.3. Rəsmi səfər vizasının rəsmiləşdirilməsi üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti və bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Maddə 26. İşgüzar səfər məqsədi ilə verilən giriş vizası
26.1. İşgüzar səfər vizası Azərbaycan Respublikasında işgüzar əlaqələr və ya əməkdaşlıq qurmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin vəsatəti əsasında və ya Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədlə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
26.2. İşgüzar səfər vizasında ölkədə qalma müddəti 180 günədək müəyyən edilir.
26.3. İşgüzar səfər vizasının rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Maddə 27. Elm və ya təhsil məqsədi ilə verilən giriş vizası
27.1. Elm və ya təhsil vizası bu sahədə Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət orqanlarının, elmi-tədqiqat institutlarının, dövlət qeydiyyatından keçmiş təhsil müəssisələrinin vəsatəti əsasında elmi fəaliyyətlə məşğul olmağa, müvafiq konfrans, seminar və digər elmi tədbirlərdə iştirak etməyə, təhsil müəssisələrinə qəbul olunaraq təhsil almağa və ya ixtisas artırmağa gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
27.2. Elm və ya təhsil vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
27.3. Elm və ya təhsil vizasının rəsmiləşdirilməsi üçün şəxsin Azərbaycan Respublikasında təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında müvafiq sənəd (Azərbaycan Respublikasında əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhsili vətəndaşı olduğu və ya daimi qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdirilmədiyi halda) və bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Maddə 28. Əmək məqsədi ilə verilən giriş vizası
28.1. Əmək vizası Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan və bunun üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin işəgötürən tərəf qismində vəsatəti əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
28.2. Əmək vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
28.3. Əmək vizasının rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Maddə 29. Müalicə məqsədi ilə verilən giriş vizası
29.1. Müalicə vizası Azərbaycan Respublikasındakı tibb müəssisələrinin qəbul edən tərəf qismində vəsatəti əsasında Azərbaycan Respublikasında müayinə və müalicə olunmağa gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
29.2. Müalicə vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
29.3. Müalicə vizasının rəsmiləşdirilməsi üçün dəvət edilən şəxsdə müayinə və ya müalicə olunacaq xəstəliyin olması barədə tibbi arayış və bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Maddə 30. Şəxsi səfər məqsədi ilə verilən giriş vizası
30.1. Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmiləşdirilmiş dəvətnaməsi əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
30.2. Şəxsi səfər vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
30.3. Şəxsi səfər vizasının rəsmiləşdirilməsi üçün dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və sair) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd, habelə dəvət edilən şəxsin əməkçi miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd və bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Maddə 31. Humanitar səfər məqsədi ilə verilən giriş vizası
31.1. Humanitar səfər vizası Azərbaycan Respublikasında humanitar niyyətli fəaliyyət ilə məşğul olmaq, humanitar tədbirlər keçirmək və ya belə tədbirlərdə iştirak etmək üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qəbul edən tərəf qismində vəsatəti əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
31.2. Humanitar səfər vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
31.3. Humanitar səfər vizasının rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Maddə 32. Mədəniyyət və idman məqsədləri ilə verilən giriş vizası
32.1. Mədəniyyət və idman vizası Azərbaycan Respublikasında keçirilən mədəniyyət və idman tədbirlərində iştirak etmək üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qəbul edən tərəf qismində vəsatəti əsasında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
32.2. Mədəniyyət və idman vizasında ölkədə qalma müddəti 60 günədək müəyyən edilir.
32.3. Mədəniyyət və idman vizasının rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Maddə 33. Turizm məqsədi ilə verilən giriş vizası
33.1. Turizm vizası Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
33.2. Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.
33.3. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.
33.4. Turistlərə elektron vizaların verilməsi qaydası bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilir.

Maddə 34. Tranzit vizası
34.1. Tranzit vizası üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir.
34.2. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
34.3. Tranzit vizasının rəsmiləşdirilməsi üçün təyinat ölkəsinə getmək vizasının (təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) və müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri (əldə etmək mümkün olduğu təqdirdə) və ya bu səfəri təsdiq edən digər məlumatlar və bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Maddə 35. Viza blankında qeyd olunan məlumatlar
35.1. Viza blankında “Azərbaycan Respublikası” sözləri, dövlət gerbi, vizanın seriyası və nömrəsi, növü, kateqoriyası, ölkəyə gəlişin məqsədi, viza sahibinin adı, soyadı, pasportunun nömrəsi, cinsi, anadan olduğu tarix, vətəndaşlığı, onunla gedənlərin ümumi sayı, vizanın verildiyi yer və tarix, vizanı verən səlahiyyətli şəxsin imzası və müvafiq dövlət orqanının möhürü, vizanın etibarlılıq müddətinin başlandığı və bitdiyi tarix, girişlərin sayı, vizanın etibarlılıq müddəti ərzində gəlişlərin sayından asılı olmayaraq viza sahibinə ölkədə qalmaq üçün icazə verilmiş günlərin cəmlənmiş sayı, viza sahibinin biometrik identifikasiya tələblərinə uyğun üz təsviri əks olunur.
35.2. Viza blankında nəzərdə tutulmuş parametrlərin adları Azərbaycan və ingilis dillərində yazılır.
35.3. Viza blankının nümunəsi, təsviri və spesifikasiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
35.4. Viza blankının fərdi olaraq doldurulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 36. Viza verilməsi üçün tələb olunan sənədlər
36.1. Viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
36.1.1. nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;
36.1.2. pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;
36.1.3. biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);
36.1.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
36.1.5. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;
36.1.6. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);
36.1.7. səfərin məqsədindən asılı olaraq, bu Məcəllənin 25–34-cü maddələrində göstərilən müvafiq sənədlər.
36.2. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36.1-ci maddəsində qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
36.3. Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.

Maddə 37. Vizaların rəsmiləşdirilməsi qaydası
37.1. Əcnəbi və vətəndaşlığı olmayan şəxs viza verilməsi haqqında vəsatətlə yaşadığı ölkədə və ya üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına şəxsən və ya nümayəndəsi vasitəsi ilə müraciət edir.
37.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanı Azərbaycan Respublikasının ərazisində ala bilərlər.
37.3. Viza verilməsi haqqında vəsatət elektron müraciət formasında da təqdim edilə bilər.
37.4. Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizə-anketin forması, dövlət rüsumunun məbləği və ödənilməsi qaydası, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının olmadığı ölkələrdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza alınması üçün müraciət olunmalı üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları barədə məlumat müvafiq icra hakimiyyəti orqanının, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəsmi internet saytlarında və binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilir.
37.5. Vizanın rəsmiləşdirilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsi ilə həyata keçirilir.
37.6. Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə müraciət olunduğu gündən ən geci on beş gün keçənədək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycan Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci iki iş günü ərzində baxılır.
37.7. Vizanın verilməsi barədə ərizənin düzgün doldurulması və tələb olunan sənədlərin tamlığı diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən yoxlanıldıqdan sonra həmin məlumatlar dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
37.8. Viza verilməsi məsələsinə baxılarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən məlumatların düzgünlüyü və tamlığı yoxlanılır, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları ilə müqayisələr aparılır, razılaşdırılma məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının rəyi alınır, bu işlərin nəticəsindən asılı olaraq qəbul edilən yekun rəy diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir.
37.9. Viza verilməsi məqsədəuyğun hesab edildikdə diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən viza blankının fərdiləşdirilməsi, verilməsi və qeydə alınması təmin edilir.
37.10. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda viza verilməsi haqqında vəsatət rədd edilir, əvvəl verilmiş viza isə ləğv edilir. Təkrar vəsatətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
37.11. Viza verilməsi haqqında vəsatətə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya vəsatətə baxmaqdan imtina edilməsindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər inzibati qaydada və (və ya) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə şikayət edə bilərlər.

Maddə 38. Turistlərə verilən elektron vizalar
38.1. Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsi ilə elektron viza ala bilərlər.
38.2. Elektron viza almaq üçün əcnəbilər Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsi ilə müraciət edə bilərlər.
38.3. Elektron vizanın alınması üçün Azərbaycan Respublikasında akkreditasiyadan keçmiş turizm şirkəti müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə-anketi dolduraraq, şəxsin pasportunun, fotoşəklinin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) skan olunmuş surətlərini əlavə edir. Sənədlər daxil olduqdan sonra onlara bu Məcəllənin 37-ci maddəsi ilə müəyyən edilmiş qaydada ən geci 10 gün keçənədək baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış məlumat verilir.
38.4. Elektron vizanın verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.
38.5. Çap olunmuş elektron viza pasporta yapışdırılmır və dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunur. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda və vizada şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır.
38.6. Elektron qaydada verilən viza blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
38.7. Turistlər üçün elektron viza almaq hüququ olan Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

FƏSİL 6

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMA MÜDDƏTİNİN UZADILMASI



Maddə 39. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar
39.1. Bu Məcəllənin 40-cı maddəsində müəyyən olunmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadıla bilər və bu barədə müvafiq qərar qəbul edilir.
39.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma hüququ verən rəsmi sənəddir.
39.3. Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportlarını və ya digər sərhədkeçmə sənədlərini və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək, dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə, ölkəni tərk edə bilərlər.
39.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 40. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar
40.0. Bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır:
40.0.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;
40.0.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
40.0.3. xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;
40.0.4. Bu Məcəllənin 19.4-cü maddəsində nəzərdə tutulmuş hallarda.

Maddə 41. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün tələb olunan sənədlər
41.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
41.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;
41.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
41.1.3. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
41.1.4. bu Məcəllənin 40-cı maddəsində nəzərdə tutulmuş müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
41.1.5. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
41.1.6. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
41.1.7. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
41.1.8. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
41.1.9. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
41.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.

Maddə 42. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması qaydası
42.1. Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında bu Məcəllənin 40-cı maddəsində nəzərdə tutulan hallarda 60 günədək uzadıla bilər.
42.2. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında uzadılır.
42.3. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər.
42.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər.
42.5. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciəti ilə əlaqədar 3 iş günü ərzində müvafiq qərar qəbul edilir.
42.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması məsələsi həll edilərkən, müvafiq icra hakimiyyəti orqanı hər bir konkret halda onların Azərbaycan Respublikasında qalma səbəblərini araşdırır, bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasından imtina edir və müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə imtina barədə yazılı məlumat verir və ya müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müraciəti müsbət həll edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar təqdim edir.
42.7. Müvəqqəti olma müddətinin uzadılmasından imtina edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətləri bitənədək ölkə ərazisini tərk etməlidirlər. Müvəqqəti olma müddətinin uzadılması barədə müraciətə baxılanadək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitdiyi halda, onlar imtina barədə qərarı aldıqları vaxtdan 48 saat ərzində ölkə ərazisini tərk etməlidirlər.
42.8. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müvafiq məlumatların toplanması, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın fərdi olaraq doldurulması, verilməsi, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti olma müddətinin uzadılmasından imtina edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.
42.9. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına xüsusi diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər üçün ölkədə müvəqqəti olma müddətlərinin uzadılması bu Məcəlləyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi qaydasında həyata keçirilir.

Maddə 43. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmadığı hallar
43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir:
43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda;
43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda;
43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;
43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda;
43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda;
43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda;
43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə.
43.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya digər sərhədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 1 aydan az vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır.

FƏSİL 7

AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ MÜVƏQQƏTİ YAŞAMAQ ÜÇÜN İCAZƏ



Maddə 44. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilən icazə və bunu təsdiq edən sənəd
44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.
44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir.
44.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir.
44.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar dəyişdikdə və ya icazə vəsiqəsi itirildikdə, onlar bu barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidirlər.
44.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 45. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar
45.0. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir:
45.0.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
45.0.2. ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;
45.0.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda;
45.0.4. iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
45.0.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
45.0.6. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
45.0.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
45.0.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
45.0.9. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;
45.0.10. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;

45.0.11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.

QEYD: Bu Məcəllənin 45.0.7-ci maddəsində göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması tələb olunur.

Maddə 46. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər
46.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;
46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
46.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd;
46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;
46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti;
46.1.7. iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;
46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
46.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
46.1.11. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
46.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.
46.3. Müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət etmiş şəxsdən (15 yaşınadək uşaqlar istisna olmaqla) biometrik identifikasiya tələblərinə uyğun olaraq əl-barmaq izləri götürülür.

Maddə 47. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) qaydası
47.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.
47.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsini almaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər.
47.3. 18 yaşına çatmamış uşağın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır.
47.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər.
47.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, 20 iş günü ərzində baxılır.
47.6. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında 10 iş günü ərzində rəy verir.
47.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 iş günü ərzində müvafiq rəy bildirilmədikdə, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.
47.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması icazənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
47.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti bitənədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazənin müddəti uzadılmamışdırsa və ya belə uzadılma üçün ərizə qəbul edilməmişdirsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
47.10. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi, habelə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə əlaqədar müraciət etmiş, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.

Maddə 48. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi
48.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir.
48.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir.
48.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır.
48.4. Bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edirlər.

Maddə 49. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti
49.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə, bu Məcəllənin 45.0.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.
49.2. Bu Məcəllənin 45.0.2-ci maddəsində göstərilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.
49.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti uzadıldıqda, vəsiqə yenisi ilə əvəz edilir.

Maddə 50. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar
50.0. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir:
50.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda;
50.0.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;
50.0.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə;
50.0.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda;
50.0.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);
50.0.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda;
50.0.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda;
50.0.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda;
50.0.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;
50.0.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
50.0.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə;
50.0.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda.

Maddə 51. İş icazəsi
51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar.
51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar.
51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir.
51.4. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
51.5. İş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir.
51.6. Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir. Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən edilir.
51.7. Əmək miqrasiyası kvotasının müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
51.8. İş icazəsi blankının ciddi hesabat sənədi kimi qeydiyyat seriyası və nömrəsi, habelə qiymətli kağızların səviyyəsində qoruyucu nişanları olmalıdır. İş icazəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

FƏSİL 8

AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ DAİMİ YAŞAMAQ ÜÇÜN İCAZƏ



Maddə 52. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilən icazə və bunu təsdiq edən sənəd
52.1. Bu Məcəllənin 45.0.1–45.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında azı 2 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.
52.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
52.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir.
52.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir.
52.5. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 53. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər
53.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
53.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;
53.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
53.1.3. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
53.1.4. ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə) arayış;
53.1.5. nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti;
53.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;
53.1.7. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla);
53.1.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləri;
53.1.9. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
53.1.10. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas olmuş halların aradan qalxmadığını sübut edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti;
53.1.11. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
53.1.12. 14-18 yaşında olan uşaqların notariat qaydasında təsdiq edilmiş razılığı;
53.1.13. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
53.1.14. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
53.1.15. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
53.1.16. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
53.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.
53.3. Daimi yaşama icazəsinin alınması üçün müraciət etmiş şəxsdən (15 yaşınadək uşaqlar istisna olmaqla) biometrik identifikasiya tələblərinə uyğun olaraq əl-barmaq izləri götürülür.

Maddə 54. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) qaydası
54.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.
54.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər.
54.3. 14 yaşına çatmamış uşağın Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında, 14-18 yaşı olan uşağın isə razılığı alınmaqla, valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır.
54.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər.
54.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır.
54.6. Müvafiq icra hakimiyyəti orqanı müraciət etmiş şəxslərin sənədlərini baxılması və rəy bildirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
54.7. Müvafiq icra hakimiyyəti orqanı 1 ay müddətində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra sənədləri müvafiq icra hakimiyyəti orqanına qaytarır. Müvafiq icra hakimiyyəti orqanının 1 ay ərzində rəy bildirməməsi daimi yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.
54.8. Müvafiq icra hakimiyyəti orqanı daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və digər aidiyyəti qurumlara müvafiq sorğular göndərir və rəsmi arayışlar alır.
54.9. Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq üçün müraciət etmiş şəxsin vəsatətinə 2 ay müddətində baxılmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul edilir.
54.10. Həmin qərarda daimi yaşamaq üçün icazə almaq istəyən şəxsin müraciətinin təmin edilməsi və ya rədd edilməsi əsaslandırılmalı və bu qərarın surəti ona verilməlidir.
54.11. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən imtina edildikdə, imtina edildiyi gündən etibarən bir ay müddətində imtinaya səbəb olan hal aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edilə bilər. Bu halda yalnız imtina edilməsinə səbəb olan halın aradan qalxdığını təsdiq edən sənəd təqdim edilir.
54.12. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Bu zaman bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən təqdim olunur.
54.13. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, daimi yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi, habelə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsi ilə əlaqədar müraciət etmiş, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.

Maddə 55. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar
55.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir:
55.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda;
55.0.2. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);
55.0.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə;
55.0.4. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə;
55.0.5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;
55.0.6. özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olmadıqda (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla);
55.0.7. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;
55.0.8. daimi yaşamaq üçün icazənin verildiyi gündən etibarən hər bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda;
55.0.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alması üçün əsas olmuş hallar aradan qalxdıqda;
55.0.10. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə;
55.0.11. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
55.0.12. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə;
55.0.13 Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda.

Maddə 56. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi və ya daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında qərardan şikayət verilməsi
Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina və ya daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında qərardan Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.

IV BÖLMƏ

ƏMƏK MİQRASİYASI

FƏSİL 9

ƏMƏK MİQRASİYASININ DÖVLƏT TƏNZİMİ

Maddə 57. Əmək miqrasiyasının dövlət tərəfindən tənzimlənməsi və bu sahədə nəzarət
57.1. Dövlət əmək miqrasiyası kvotasının tətbiq edilməsi, iş icazələrinin verilməsi, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq verilməsi yolu ilə əmək miqrasiyasını tənzimləyir.
57.2. Müvafiq dövlət orqanları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin qanuniliyinə, onların sosial müdafiəsinin təmin olunmasına, hüquqi və fiziki şəxslərin əmək miqrasiyası sahəsindəki fəaliyyətlərinə nəzarəti həyata keçirirlər.

FƏSİL 10

AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ XARİCİ ÖLKƏLƏRDƏ ƏMƏK FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ

Maddə 58. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə əmək fəaliyyəti
58.1. 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.
58.2. Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada xarici ölkələrdə işə düzələ bilərlər.
58.3. Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi məqsədi ilə təyinat ölkələrinə gəldikdən sonra 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər.
58.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları qeydiyyatdan keçən Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatı 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına verirlər. Müvafiq icra hakimiyyəti orqanı bu barədə müntəzəm olaraq müvafiq icra hakimiyyəti orqanlarını xəbərdar etməlidir.
58.5. Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının işlədikləri ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmadıqda, onlar 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər.

Maddə 59. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik
59.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik edə bilərlər. Hüquqi şəxslər bu sahədə fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanından müəyyən olunmuş qaydada xüsusi razılıq almalıdırlar.
59.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılığın verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı bu barədə 5 iş günü ərzində rəy verir.
59.3. Vasitəçilik fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılıq almış hüquqi şəxslər, xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müqavilələr əsasında Azərbaycan Respublikasının vətəndaşlarını xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb edə bilərlər.
59.4. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları müqavilələrdə və təklif olunan əmək müqavilələrində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara uyğun şəkildə təmin olunması nəzərdə tutulmalıdır.
59.5. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər təklif olunan əmək müqaviləsinin bir nüsxəsinin əməkçi miqrant Azərbaycan Respublikasını tərk etməzdən əvvəl ona çatdırılmasını təmin etməlidirlər. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin göstərdikləri xidmətə görə əməkçi miqrantlardan haqq almalarına yol verilmir.
59.6. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan Respublikasının vətəndaşları haqqında müvafiq icra hakimiyyəti orqanlarına məlumat verirlər.
59.7. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində fiziki şəxslərin vasitəçilik fəaliyyəti qadağandır.
59.8. Müvafiq icra hakimiyyəti orqanı vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu sahədəki fəaliyyətinə dövlət nəzarətini həyata keçirir.
59.9. Vasitəçilik fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığın müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada uzadıla, qüvvəsi müvəqqəti dayandırıla və ya ləğv edilə bilər.
59.10. Vasitəçilik fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığın verilməsinə görə qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilir.

Maddə 60. Xarici ölkələrdə işə düzəlmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyata alınması
60.1. Xarici ölkələrdə işə düzəlmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyata alınmasını, bununla bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə bilərlər.
60.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı kütləvi informasiya vasitələrində doğru olmayan məlumatların yayılmasına görə hüquqi şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

FƏSİL 11

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINDA ƏMƏK FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ

Maddə 61. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyəti
61.1. 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər.
61.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.

Maddə 62. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə dair məhdudiyyətlər
Daxili əmək bazarının tələbatı nəzərə alınmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına əmək miqrasiyasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məhdudiyyət qoyula bilər.

Maddə 63. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında işə cəlb olunması
63.1. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasında işə cəlb edə bilərlər.
63.2. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar.
63.3. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda da ona iş icazəsinin alınması üçün müraciət edə bilərlər.
63.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.
63.5. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir.
63.6. İşə cəlb edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya şəxsiyyətlərini təsdiq edən digər sənədlərinin hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən götürülərək saxlanılması qadağandır.
Maddə 64. İş icazəsinin alınması tələb olunmayan hallar

64.0. Aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur:
64.0.1. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;
64.0.2. Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;
64.0.3. diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;
64.0.4. beynəlxalq təşkilatlarda işləyənlərə;
64.0.5. beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;
64.0.6. müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
64.0.7. kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;
64.0.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara;
64.0.9. dənizçilərə;
64.0.10. ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
64.0.11. incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;
64.0.12. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;
64.0.13. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;
64.0.14. Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;
64.0.15. qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;
64.0.16. himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olanlara;
64.0.17. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.

Maddə 65. İş icazəsinin verilməsi üçün tələb olunan sənədlər
65.0. İş icazəsi almaq üçün işəgötürən müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
65.0.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizə-anket;
65.0.2. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya digər sərhədkeçmə sənədinin surəti;
65.0.3. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
65.0.4. nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
65.0.5. Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti;
65.0.6. işəgötürən:
65.0.6.1. hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;
65.0.6.2. fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
65.0.7. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış.

Maddə 66. İş icazəsinin verilməsindən imtinanın əsasları
66.0. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina edilir:
66.0.1. bu Məcəllənin 65-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
66.0.2. təqdim edilən sənədlər saxta olduqda, onlarda qeyri-dəqiq və ya təhrif olunmuş məlumatlar olduqda;
66.0.3. işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda;
66.0.4. işə cəlb olunması nəzərdə tutulan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin 18 yaşı tamam olmadıqda;
66.0.5. əmək miqrasiyası kvotası dolduqda;
66.0.6. əcnəbi və vətəndaşlığı olmayan şəxs siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olduqda;
66.0.7. əcnəbi və vətəndaşlığı olmayan şəxs cəlb olunduğu işin yerinə yetirilməsi üçün tələb olunan ixtisasa və ya iş təcrübəsinə malik olmadıqda.

Maddə 67. İş icazəsi ilə bağlı müraciətlərə baxılması
67.1. İş icazəsinin verilməsi üçün tələb olunan sənədlər yazılı və ya elektron müraciət formasında təqdim edilə bilər.
67.2. Təqdim olunmuş sənədlərdə çatışmazlıq, uyğunsuzluq və digər nöqsanlar aşkar edildikdə, müvafiq icra hakimiyyəti orqanı işəgötürənə bu barədə yazılı məlumat verir.
67.3. İş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır.
67.4. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 65.0.2-ci, 65.0.3-cü, 65.0.4-cü, 65.0.5-ci və 65.0.7-ci maddələrində göstərilən sənədlər haqqında məlumatları rəy verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
67.5. Müvafiq icra hakimiyyəti orqanı daxil olmuş məlumatlara 5 iş günü müddətində baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına rəy verir.
67.6. Müvafiq icra hakimiyyəti orqanının 5 iş günü ərzində rəy bildirməməsi iş icazəsinin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.
67.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən iş icazəsinin verilməsindən imtina barədə qərar bu Məcəllənin 66-cı maddəsinə istinad olunmaqla əsaslandırılmalı və qərarın surəti işəgötürənə təqdim edilməlidir.
67.8. İşəgötürən iş icazəsinin verilməsindən imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra iş icazəsi almaq üçün bu Məcəlləyə uyğun olaraq yenidən müraciət edə bilər.
67.9. İşəgötürən həmin şəxslərin ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddətdə müvafiq icra hakimiyyəti orqanına yenidən müraciət edərsə, yalnız iş icazəsi verilməsindən imtina üçün əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edir.
67.10. İş icazəsinin verilməsi haqqında qərar qəbul edildikdə, müvafiq icra hakimiyyəti orqanı 3 iş günü müddətində iş icazəsinin müəyyən olunmuş qaydada doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir.
67.11. İş icazəsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir.
67.12. İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir.
67.13. İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin alınmasına görə dövlət rüsumu ödənilmədikdə, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunduqda, müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv edir.
67.14. İş icazəsinin verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, iş icazəsi blankının fərdi olaraq doldurulması və verilməsi, habelə iş icazəsi almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən iş icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.

Maddə 68. İş icazəsinin yenidən rəsmiləşdirilməsi
68.1. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, onun işəgötürəni 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və belə icazənin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidir.
68.2. Bu Məcəllənin 68.1-ci maddəsində nəzərdə tutulan hallarda işəgötürən 10 iş günü müddətində müvafiq ərizə təqdim etmədikdə, əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə verilmiş icazə etibarsız hesab edilir.
68.3. İş icazəsi yenidən rəsmiləşdirildikdə, onun yenidən rəsmiləşdirilməsinin səbəbi ilə bağlı sənəd və əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə verilmiş iş icazəsinin surəti təqdim edilir.
68.4. İş icazəsinin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir.

Maddə 69. İş icazəsinin müddəti və həmin müddətin uzadılması
69.1. İş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər.
69.2. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir.
69.3. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən bu Məcəllənin 65.0.1-ci, 65.0.3-cü, 65.0.4-cü və 65.0.7-ci maddələrində nəzərdə tutulmuş sənədləri təqdim etməlidir.
69.4. İş icazəsinin müddətinin uzadılması bu Məcəllənin 67-ci maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.
69.5. İş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edildikdən sonra müddəti uzadılmış iş icazəsi işəgötürənə təqdim edilir.
69.6. İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilmədikdə və ya əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunduqda, müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv edir.

Maddə 70. İşəgötürənin əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi başqa işə keçirməsi
70.1. Əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə onun üçün yeni iş icazəsi alınmalıdır. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı da əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün yeni iş icazəsi alınmalıdır.
70.2. Əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, həmin iş icazəsinin müddəti əvvəlki iş icazəsinin müddətinin qüvvədə qalan hissəsindən çox olmamalıdır.
70.3. Əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə, bu Məcəllənin 65.0.1-ci və 65.0.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı isə bu Məcəllənin 65.0.1-ci və 65.0.6.1-ci maddələrində nəzərdə tutulmuş sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
70.4. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə əlavə dövlət rüsumu ödənilmir.
70.5. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin iş icazəsinin müddəti bitdikdə və ya əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, onu başqa işəgötürən yeni iş icazəsi almaqla öz yanında işə dəvət edə bilər.
70.6. İşəgötürən tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxsə eyni vaxtda iki iş icazəsinin alınması qadağandır.

Maddə 71. Əmək müqaviləsi pozulduqda iş icazəsinin qüvvədən düşməsi
71.1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, işəgötürən bu barədə 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, şəxsə verilmiş iş icazəsi öz qüvvəsini itirir.
71.2. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.

Maddə 72. İş icazəsinin qüvvədə olma qaydalarına nəzarət
72.1. İş icazəsinin qüvvədə olma qaydalarına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
72.2. Nəzarət qaydasında müvafiq icra hakimiyyəti orqanı:
72.2.1. əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən işçi qüvvəsi kimi istifadə edilməsini tənzimləyən normativ hüquqi aktlara və bu Məcəllənin tələblərinə riayət edilməsini yoxlayır;
72.2.2. yoxlama zamanı ortaya çıxan məsələlər haqqında işəgötürəndən, habelə əcnəbidən və vətəndaşlığı olmayan şəxsdən məlumat və ya arayış alır;
72.2.3. bu Məcəllənin 73-cü maddəsində nəzərdə tutulmuş hallarda iş icazəsini ləğv edir;
72.2.4. iş icazəsi olmadan işə cəlb edilmiş əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri, habelə həmin şəxsləri işə cəlb etmiş işəgötürənləri qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edir.
72.3. İşəgötürənlər yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa, tələb olunan sənədləri təqdim etməyə borcludurlar.
72.4. Yoxlama nəticəsində qanun pozuntusu aşkar olunduqda, bu barədə iki nüsxədən ibarət protokol, qanun pozuntusu aşkar olunmadıqda isə akt tərtib edilir. Protokolu (aktı) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsləri və işəgötürən imzalayırlar. Protokolu (aktı) imzalamaqdan imtina edildikdə, bu barədə həmin sənəddə qeyd edilir. Protokola (akta) işəgötürənin izahatı əlavə olunur. Protokolun (aktın) bir nüsxəsi işəgötürəndə qalır.
72.5. Nəzarət qaydasında aparılan yoxlamalara digər dövlət orqanlarının nümayəndələri də cəlb edilə bilər.

Maddə 73. İş icazəsinin ləğv edilməsi üçün əsaslar
73.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv edir:
73.0.1. əcnəbidən və vətəndaşlığı olmayan şəxsdən, yaxud işəgötürəndən müvafiq ərizə daxil olduqda;
73.0.2. işəgötürənlə əcnəbi və vətəndaşlığı olmayan şəxs arasında bağlanmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda;
73.0.3. iş icazəsi alınması üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;
73.0.4. bu Məcəllənin 67.13-cü, 68.2-ci və 69.6-cı maddələrində nəzərdə tutulan hallarda;
73.0.5. hüquqi şəxs olan işəgötürən ləğv edildikdə;
73.0.6. məhkəmənin müvafiq qərarı olduqda.

V BÖLMƏ

AZƏRBAYCAN RESPUBLİKASINDA ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN HÜQUQİ VƏZİYYƏTİ

FƏSİL 12

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN HÜQUQİ VƏZİYYƏTİNİN ƏSASLARI

Maddə 74. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları
74.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər.
74.2. Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
74.3. Xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda, Azərbaycan Respublikasının qanunu ilə həmin dövlətin vətəndaşları üçün Azərbaycan Respublikasının ərazisində eyni məhdudiyyətlər müəyyən edilə bilər.
74.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növündən və xarakterindən və digər hallardan asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər.
74.5. Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada tutulmuş, yaxud həbs edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu hərəkətlərə səbəb olan hallar və onların hüquqları haqqında dərhal məlumat verilməlidir.
74.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş imtiyaz və immunitetə malik olan əcnəbini və vətəndaşlığı olmayan şəxsi tutmuş, yaxud həbs etmiş orqan bu barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
74.7. Məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəza çəkməkdən azad edildikdə, bu barədə cəzanı icra edən orqanın verdiyi məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı həmin şəxslərin Azərbaycan Respublikasında qalması və ya bu Məcəllənin 79.1.3-cü maddəsində göstərilən halda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması məsələsini həll edir.

Maddə 75. Əməkçi miqrantların hüquqları
75.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əməkçi miqrantlara əmək şəraiti ilə bağlı Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş eyni şərtlər tətbiq edilir və onların əməyinin ödənilməsi qanunvericiliklə Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən olunmuş qaydada həyata keçirilir.
75.2. Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı bu Məcəllədə nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
75.3. Əməkçi miqrant vəfat etdikdə, onu işə cəlb etmiş hüquqi və ya fiziki şəxs əməkçi miqrantın cənazəsinin daimi yaşadığı ölkəyə göndərilməsini təmin etməlidir.
75.4. İşəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 76. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəzifələri
76.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün vəzifələri yerinə yetirməlidirlər.
76.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər.
76.3. Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməli və müəyyən olunmuş müddət bitdikdən sonra ölkə ərazisini tərk etməlidirlər.
76.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının qanuni tələblərinə əsasən, şəxsiyyətlərini təsdiq edən, habelə Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olmalarını və ya yaşamalarını təsdiq edən sənədləri təqdim etməlidirlər.
76.5. Müəyyən vəzifələr tutmaq, yaxud müəyyən fəaliyyət növləri ilə məşğul olmaq Azərbaycan Respublikasının vətəndaşlığı ilə şərtləndirildiyi hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər belə vəzifələr tuta və belə fəaliyyətlə məşğul ola bilməzlər.
76.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparması qadağandır.

Maddə 77. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması
77.1. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirlər onların öz arzusu ilə həyata keçirilir.
77.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması üzrə tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir.
77.3. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirləri müvafiq icra hakimiyyəti orqanları birgə həyata keçirirlər.
77.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması işinə beynəlxalq və qeyri-hökumət təşkilatları cəlb edilə bilər.
77.5. Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi üçün müvafiq icra hakimiyyəti orqanının təlim-tədris mərkəzinə müraciət edə bilərlər.

VI BÖLMƏ

YEKUN MÜDDƏALAR

FƏSİL 13

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASININ HÜDUDLARINDAN KƏNARA ÇIXARILMASI

Maddə 78. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasının əsasları
78.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər:
78.1.1. cinayət törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edildikdə;
78.1.2. inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma inzibati tənbeh tədbiri tətbiq edildikdə;
78.1.3. bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar (bundan sonra “kənara çıxarma haqqında qərar”) qəbul edildikdə.
78.2. Cinayət törətdiyinə görə məhkum olunmuş əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda tətbiq edilir və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada icra edilir. Həmin şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasından irəli gələn digər məsələlər bu Məcəllə ilə həll edilir.
78.3. İnzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Həmin şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasından irəli gələn digər məsələlər bu Məcəllə ilə həll edilir.
78.4. Kənara çıxarma haqqında qərar bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul və icra edilir.

Maddə 79. Kənara çıxarma haqqında qərar
79.1. Müvafiq icra hakimiyyəti orqanı aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir:
79.1.1. vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə;
79.1.2. Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz hesab edildikdə;
79.1.3. cəza çəkməkdən azad edilmiş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşamaları üçün bu Məcəllənin 45-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda.
79.2. Kənara çıxarma haqqında qərarla həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət qoyulur.
79.3. Qaçqın statusu verilmiş, habelə Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edilmir.
79.4. İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək kənara çıxarma haqqında qərar qəbul edilmir. İnsan alverinin qurbanı olan uşaqlar barəsində kənara çıxarma haqqında qərar qəbul edilmir.
79.5. Kənara çıxarma haqqında qərar əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi vaxtdan həmin şəxslərin üzərinə aşağıdakı müddətlərdə ölkəni tərk etmək öhdəliyi qoyur:
79.5.1. cəza çəkməkdən azad edilmiş, vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı ləğv edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində olması arzuolunmaz hesab edilmiş şəxslər – 48 saat ərzində;
79.5.2. müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş şəxslər – 10 gün ərzində.
79.6. Kənara çıxarma haqqında qərarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması əsaslandırılmalıdır.
79.7. Barəsində kənara çıxarma haqqında qərar qəbul olunmuş şəxs həmin qərarla tanış edilməli və qərarın bir nüsxəsi ona təqdim olunmalıdır. Əgər həmin şəxs Azərbaycan dilini bilmirsə, bu prosesdə tərcüməçinin iştirakı təmin olunmalıdır.
79.8. Kənara çıxarma haqqında qərardan məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi kənara çıxarma haqqında qərarın icrasını dayandırmır.
79.9. Kənara çıxarma haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

Maddə 80. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasının ümumi qaydaları
80.1. Bu Məcəllənin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin 79.5-ci maddəsində müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Onların Azərbaycan Respublikasının ərazisini həmin müddət ərzində tərk etməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
80.2. Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçıran əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarına əsasən tutulur və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılanadək qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər.
80.3. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma üçün Azərbaycan Respublikasının İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin 79.5-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qanunla müəyyən olunmuş qaydada könüllü olaraq müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilə bilərlər.
80.4. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma ilə bağlı sənədləşmə yubandıqda və ya çıxarılma haqqında qərarın vaxtında icrasına mane olan digər üzrlü səbəb olduqda, müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi həmin orqanın əsaslandırılmış müraciəti əsasında çıxarılma müddətinin uzadılması məsələsinə baxır.
80.5. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti haqqında məlumatların dəqiqləşdirilməsi zəruri olduqda, müvafiq informasiya sistemləri vasitəsi ilə sorğular verilir və zəruri məlumatlar alınır.
80.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti təsdiq edən sənədləri olmadıqda (itirildikdə, gizlədildikdə və s.), müvafiq icra hakimiyyəti orqanı ilə bu Məcəllənin 81.1-ci maddəsində göstərilən istiqamətlər üzrə xarici ölkələrin səlahiyyətli dövlət qurumları arasında müvafiq razılaşma olduğu təqdirdə birbaşa, bütün digər hallarda isə müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə müraciət olunaraq, müvafiq sənədləşmə işləri aparılır və onların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
80.7. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən biometrik identifikasiya tələblərinə uyğun olaraq əl-barmaq izləri götürülür.
80.8. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlcədən müvafiq icra hakimiyyəti orqanına yazılı məlumatlar göndərilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılarkən, Azərbaycan Respublikasının sərhəd nəzarət məntəqələrinədək müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən müşayiət olunur və dövlət sərhədinin buraxılış məntəqələrində müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına təhvil verilir.
80.9. Azərbaycan Respublikasının ərazisindən çıxarılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu şəxslərin çıxarılması üçün onların vəsaiti olmadıqda, belə xərclərin ödənilməsi onları qəbul edən şəxslərin, idarə, müəssisə və təşkilatların, qəbul edən tərəf olmadıqda isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür.
80.10. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.
80.11. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.

Maddə 81. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma istiqamətləri
81.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması aşağıdakı istiqamətlərdə həyata keçirilir:
81.1.1. əcnəbi – vətəndaşı olduğu ölkəyə, bu mümkün olmadığı halda isə Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə;
81.1.2. vətəndaşlığı olmayan şəxs – bundan əvvəl daimi yaşadığı ölkəyə, Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə, onu qəbul etmək istəyi olan və bu barədə vəsatət qaldıran ölkəyə;
81.1.3. ikili vətəndaşlığı olan şəxs – daimi yaşadığı və ya daha sıx əlaqəli olduğu ölkəyə.
81.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən çıxarılma barədə yuxarıda qeyd olunan istiqamətlərə müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə məlumat verilir.

FƏSİL 14

MƏSULİYYƏT

Maddə 82. Miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət
82.1. Azərbaycan Respublikasına gəlməyin və Azərbaycan Respublikasından getməyin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olmasının, müvəqqəti və ya daimi yaşamasının və əmək fəaliyyəti ilə məşğul olmasının, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsinin bu Məcəllə ilə müəyyən edilmiş qaydalarını pozmuş fiziki və hüquqi şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
82.2. Bu Məcəllənin tələblərini pozmuş dövlət orqanlarının vəzifəli şəxsləri qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
82.3. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisinə qanunsuz gəlməsinin, onların Azərbaycan Respublikasının ərazisində qanunsuz olmasının, yaşamasının, Azərbaycan Respublikasının ərazisindən qanunsuz olaraq tranzit keçməsinin, o cümlədən qanunsuz işləməsinin təşkil edilməsində təqsirkar şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
82.4. Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati və ya məcburi qaydada çıxarılmış və girişinə müəyyən müddətə məhdudiyyət qoyulmuş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər həmin müddət ərzində bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olduqda, qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
82.5. İşə cəlb edilməsi məqsədi ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarını və ya şəxsiyyəti təsdiq edən digər sənədlərini götürən, saxlayan və ya gizlədən şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

SƏNƏDLƏR Sərəncamlar 31 oktyabr 2024
16:00
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli...

31 oktyabr 2024, 16:00