İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul etmişdir

06 oktyabr 2010, 17:02
İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul etmişdir

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvlərini, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradkeni (ABŞ), Bernar Fasyeni (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.

Dövlət başçısı ATƏT-in qiymətləndirici missiyasını Naxçıvan Muxtar Respublikasında salamlamaqdan məmnunluq hissi keçirdiyini bildirdi və bu səfəri müsbət hal kimi dəyərləndirdi.

Missiyanın fəaliyyətini alqışlayan Prezident İlham Əliyev 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə olarkən oradakı dağıntılar barədə hazırladığı məruzənin önəmini qeyd etdi.

Qiymətləndirici missiyanın tərkibinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələrinin də daxil edilməsinin önəminə toxunan dövlətimizin başçısı missiyanın işğal olunmuş ərazilərə budəfəki səfərlərinin və müşahidələrinin nəticəsi kimi obyektiv məruzənin hazırlanacağına, bu məruzədə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, dağıntılar və ümumiyyətlə işğalla bağlı faktların öz əksini tapacağına ümidvar olduğunu bildirdi.

Nümayəndə heyətinin üzvləri Naxçıvan Muxtar Respublikasında olmalarından məmnunluq hissi ifadə etdilər və qiymətləndirici missiya çərçivəsində görüləcək işlər barədə dövlət başçısına məlumat verdilər.

gallery-photogallery-photo