Gerb

07 iyun 2013, 10:43
20250

Bakıda, “Buta” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirilmişdir.

YAP-ın 600 mindən çox üzvünü təmsil edən nümayəndələr partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevi hərarətlə qarşıladılar.

Partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev qurultayda geniş nitq söylədi.
 

Partiyanın sədri, Prezident İlham Əliyevin
nitqi

- Əziz dostlar!

Hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri!

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Yeni Azərbaycan Partiyası növbəti qurultayını keçirir.
Bu, doğrudan da böyük hadisədir. Çünki Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Partiyanın qərarları, fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir.

Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bizim partiyamız 20 ildir ki, iqtidardadır. Bir həftədən sonra biz Qurtuluş Gününü qeyd edəcəyik. Qurtuluş Günü müasir Azərbaycan tarixində bir dönüş nöqtəsi idi. Bu 20 il ərzində partiyamız bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanmışdır. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətini göstərirlər.

Keçən qurultaydan ötən dövr ərzində partiyamız daha da güclənmişdir. Partiyamıza böyük axın vardır. Artıq partiya sıralarında 600 mindən artıq üzv vardır. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, partiyanın məramı, ideyaları, çox cəlbedicidir. Xüsusilə, gənclərin partiyaya üzv olması çox sevindirici haldır və onu göstərir ki, partiyanın fəaliyyəti də, ideyaları da, cəmiyyətdəki rolu da vətəndaşlar üçün çox cəlbedicidir və partiyanın fəaliyyəti çox böyük dəstəyə malikdir.

1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşlar. Ona görə Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişlər. Çünki o vaxtkı iqtidar imkan vermədi ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi.

Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır.

Çünki Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Siyasi sistem yox idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoymuşdur.

Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar iqtidara müxalifətdə idi. Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir.

Təsadüfi deyildir ki, partiyanın yaranmasından bir il keçməmiş Azərbaycan xalqı öz sözünü demişdir: antimilli qüvvələrin hakimiyyətdən getməsinə nail olmuşdur və ulu öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etmişdir.

Partiyamızın tarixi müstəqillik tarixi ilə də demək olar ki, üst-üstə düşür. Ulu öndər Heydər Əliyevin Azərbaycanda Prezident kimi fəaliyyəti də Yeni Azərbaycan Partiyasının güclü dəstəyi ilə tamamlanırdı. Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur.

1992-ci ildə bu tarixi hadisə bir daha demək istəyirəm ki, bugünkü Azərbaycan reallıqlarını faktiki olaraq şərtləndirmişdir. Çünki 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır.

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan on il ərzində böyük və şərəfli yol keçmişdir. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yadda qaldı, tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim edə bilmişdir. Beynəlxalq əlaqələrimiz inkişaf etmişdir. Dünya xəritəsində Azərbaycan özünə layiq yerini tuta bilmişdir.

Siyasi və iqtisadi islahatlar uğurla aparılmışdır. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv olmuşdur. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edilmişdir və bu investisiyalar hesabına Azərbaycan həm o illərdə, həm bu gün inkişaf edir. Azərbaycan etibarlı tərəfdaş imicini qazanmışdır. Bu da çox vacib məsələdir. Çünki o vaxt Azərbaycan haqqında dünyada kifayət qədər təsəvvür yox idi. Azərbaycanı dünyaya olduğu kimi təqdim etmək Ulu Öndərin xüsusi zəhməti hesabına mümkün olmuşdur.

Ulu Öndərin rəhbərliyi ilə on il ərzində Azərbaycan sözün əsl mənasında uğurlu yol keçmişdir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini həm ölkə daxilində, həm beynəlxalq müstəvidə genişləndirə bilmişdir. Bu gün bizim beynəlxalq əlaqələrimiz də çoxşaxəlidir. Müxtəlif partiyalarla, müxtəlif qitələrdə fəaliyyət göstərən partiyalarla biz uğurlu əməkdaşlıq edirik. Bundan sonra da bu əməkdaşlığı davam etdirəcəyik.

2003-cü ildən sonra Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bu inkişafın təmin edilməsində bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının çox böyük rolu vardır. Çünki 2003-cü il bir sınaq ili idi. Həm dövlətçiliyimizin əsaslarının nə qədər güclü olduğunu elə bil ki, tarix sınayırdı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş şəkildə çıxa bildik.

2003-cü ildə demək olar ki, Azərbaycanın gələcək uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf yolu ilə gedəcəyik, ya da yenə tənəzzülə uğrayacağıq. Yenə də mənfur qüvvələr Azərbaycanın iqtidarını zəbt edəcəkdilər, necə ki, 1992-ci ilin may ayında onu zəbt etmişdilər. Yəni, bu iki istiqamət arasında seçim, necə deyərlər, ortada idi. Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir.

Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İkinci belə ölkə dünya xəritəsində tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir.

Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir, qiymətləndirilir. Azərbaycanın təcrübəsi artıq ən müsbət təcrübə kimi öyrənilir. Sirr deyildir ki, bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur, bir istiqamətdir. Bu, öz növbəsində, bizim üzərimizə daha da böyük məsuliyyət qoyur.

2003-2013-cü illərdə - son 10 il ərzində Azərbaycan beynəlxalq aləmdə ən böyük zirvələrə çata bilmişdir, dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, bizim diplomatiyamızın, siyasətimizin, dövlətçiliyimizin qələbəsidir, təntənəsidir. Dünyada bu qurumdan ali qurum yoxdur. Keçən ilin mayında Azərbaycan bu mötəbər quruma sədrlik etmişdir.

Biz bu gün qlobal problemlərin həlli ilə məşğuluq. Bizim mövqeyimiz, səsimiz böyük əhəmiyyətə malikdir. Biz digər beynəlxalq təşkilatlarda uğurlu fəaliyyət göstəririk, mövqeyimizi müdafiə edirik. Biz üzv olduğumuz təşkilatlarda maraqlarımızı müdafiə edirik, eyni zamanda, həm siyasi cəhətdən, həm də bütün başqa cəhətlərdən o təşkilatların inkişafına böyük töhfə veririk.
Bizim ikitərəfli formatda qurduğumuz xarici siyasət nümunə ola bilər. Bu siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı, hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinin üzərində qurulubdur. Bu, bizim yanaşmamızdır. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq. Hesab edirəm ki, əgər dünyada bütövlükdə bu meyllər üstünlük təşkil etsə, müharibələr də, qarşıdurmalar da azalar. Ümumiyyətlə, dünya daha da çox əməkdaşlıq istiqamətində inkişaf edər. Ona görə həm ikitərəfli formatda, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ümumi xarici siyasətlə bağlı konsepsiyamız təqdirəlayiqdir, dünyada böyük hörmətə malikdir və bizə imkan verir ki, daxildə də uğurlu siyasətimizi aparaq. Çünki hər bir ölkə maraqlı olmalıdır ki, onun ətrafında vəziyyət sabit, sülh, əmin-amanlıq olsun ki, ölkə daxilində proseslər daha da normal şəraitdə getsin.

Daxili siyasətlə bağlı Azərbaycanda çox böyük işlər görülmüşdür. Bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır. Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır. Biz on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail ola bilmişik. İkinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər. Yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşübdür. Bir milyon 100 mindən çox yeni iş yeri açılmışdır. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir. Çox böyük iqtisadi təşəbbüslər irəli sürülür. Çox böyük islahatlar aparılır. Bu, reallıqdır.

Əlbəttə, bu reallıq bizə imkan verir ki, gələcəyə nikbinliklə baxaq, öz gələcəyimizi planlaşdıraq və biz gələcəyimizi planlaşdırırıq. Artıq biz “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuluq. Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəldilibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq.

Son on il ərzində Azərbaycanda bütün başqa istiqamətlər üzrə də böyük nailiyyətlər əldə edilmişdir. Bütün bu nailiyyətlərin təməlində Heydər Əliyev siyasətidir, onun qoyduğu yoldur, Yeni Azərbaycan Partiyasının ölkəmizin aparıcı siyasi qüvvəsi kimi fəallığıdır. İstər sosial məsələlərin həllində, xarici siyasətlə, iqtisadi islahatlarla, daxili siyasətlə bağlı bütün istiqamətlər üzrə böyük inkişaf vardır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə Azərbaycanda aparılan islahatlar baxmayaraq ki, çox ciddi xarakter daşıyır və köklü islahatlardır, biz tarixdən və bəzi ölkələrdə gedən bugünkü proseslərdən də bilirik ki, köklü iqtisadi islahatlar bir çox hallarda kütləvi etirazlara səbəb olur. Çünki bu islahatlar bir çox hallarda insanların maraqları hesabına aparılır. Bizdə isə həm iqtisadi islahatlar aparılmışdır, - bu gün iqtisadiyyatımızın 83 faizi özəl sektorda formalaşır, - eyni zamanda, çox güclü sosial proqramlar da icra edilmişdir.

Son on il ərzində Azərbaycanda orta maaş beş dəfə, orta pensiya isə səkkiz dəfə artmışdır. Sosial rifah, insanların maddi vəziyyətinin yaxşılaşdırılması, müxtəlif sosial proqramlar əlbəttə ki, bizim əsas istiqamətimizdir. Sovet dövründən qalmış əmanətlərin insanlara verilməsi də bu siyasətin təzahürüdür. Ona görə görülmüş işlər deməyə əsas verir ki, biz gələcəkdə də bu uğurlu meylləri daha da gücləndirəcəyik və Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik.

Görülən bütün bu işlər əlbəttə ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu da artırır. Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur. Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk. Sadəcə ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi bizə olan inamı daha da artırır. Ancaq əlbəttə ki, siyasi mübarizə aparılır və aparılmalıdır. Mən bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi davranış qaydalarını da müəyyən etmişdir və çox şadam ki, siyasi fəaliyyətlə məşğul olan əksər siyasi partiyalar bu sivil siyasi davranış qaydalarına əməl edirlər. Amma elələri vardır ki, onlar islah oluna bilməz. Bu, onlara şamil edilə bilməz. Bu, antimilli qüvvələrdir. Vaxtilə iqtidarda olmuş və bu gün də iqtidar arzusu ilə heç bir əsası olmadan yaşayan antimilli xəyanətkar, satqın qruplaşmalardır ki, onlar öz fəaliyyətlərini tamamilə başqa istiqamətdə görürlər. Onların siyasi fəaliyyəti, - əgər buna siyasi fəaliyyət demək mümkündürsə, - tamamilə başqa istiqamətdə gedir. Onların siyasi mübarizə üsulu söz deyil, fikir deyil, “Molotov kokteyli”dir. Onların dayaqları xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı donos yazmaqdır, Azərbaycanı ləkələməkdir, beynəlxalq təşkilatlara uydurmalar, iftiralar göndərməkdir, yaymaqdır. Onların davranış qaydaları ermənilərlə birləşib Azərbaycanı ləkələmək və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır.

Əlbəttə, belə qruplaşmaların Azərbaycanın siyasi həyatında yeri yoxdur və ola da bilməz. Son 20 ilin tarixi bunu bir daha təsdiq edir ki, Azərbaycanın gələcəyini, müstəqilliyini düşünməyən qüvvəyə Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Biz müstəqil dövlət qurmuşuq. Ulu Öndər canı hesabına müstəqil dövlət qurmuşdur. Biz müstəqilliyi qoruyuruq, saxlayırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillik sadəcə olaraq dövlət atributlarına malik olmaq deyildir. Müstəqillik müstəqil siyasət aparmaq, öz maraqlarını müdafiə etmək, öz milli maraqlarını hər şeydən üstün tutmaqdır. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən sözün əsl mənasında müstəqil dövlətdir. Biz bu müstəqilliyi möhkəmləndirməliyik.
Bir daha demək istəyirəm ki, biz hər bir tərəfdaşla bərabərhüquqlu münasibətlər qurmuşuq. Biz ancaq bu münasibətləri qəbul edirik. Başqa cür ola da bilməz. Bizə rəqib olmaq istəyənlər isə xarici dairələrin təlimatı ilə fəaliyyət göstərirlər. Onlar üçün xaricdən verilən vəsait, oradan verilən təlimatlar əsasdır. Onlar hakimiyyətə gəlmək üçün istənilən güzəştə getməyə hazırdırlar. Biz bunu bilirik. Biz bilirik Azərbaycanda nələr baş verir, hansı proseslər gedir. Hətta bizim üçün ən vacib olan məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində də hakimiyyətə gəlmək üçün böyük güzəştlərə getməyə hazırdırlar. Bunu gizlətmirlər. Söz verirlər ki, əgər onlara böyük dəstək verilərsə, Qarabağı da ermənilərə bağışlamağa hazırdırlar.

Mən bunu ona görə deyirəm ki, bu, artıq, necə deyərlər, siyasi səhnədə bir reallıqdır. Ona görə yox ki, bu, bizi narahat edir. Tamamilə yox. Yenə də deyirəm, mən bizim qarşımızda rəqabət aparmaq qabiliyyətində olan heç bir qüvvə görmürəm. Ona görə ki, bax son illər ərzində görülmüş işlər bu inamı artırır.

Sadəcə olaraq çox istərdim ki, Azərbaycanda siyasi mübarizə dövlətçilik əsasında qurulsun. Əlbəttə, siyasi mübarizə olmalıdır. İqtidar-müxalifət münasibətləri də olmalıdır. Yəni, bizdə dövləti düşünən müxalifət nümayəndələri vardır və onların fikirləri ayrıdır, ölkənin inkişaf strategiyası, iqtisadi-siyasi sahə ilə bağlı öz fikirləri ola bilər. Bu, təbiidir. Ancaq əsas odur ki, dövlətçiliyə, müstəqilliyə bütün siyasi qüvvələr sadiq olsunlar. O qüvvələr ki, buna sadiq deyil, o qurumlarda yeniləşmə getməlidir. Yeni insanlar gəlməlidir rəhbərliyə və naftalin qoxusu verən köhnəlmiş “liderlər” tarixin arxivinə getməlidir. Əslində, onlar çoxdan tarixin arxivindədir, sadəcə olaraq, bunu hələ ki, axıra qədər dərk etməmişlər.

Biz isə uğurla inkişaf edirik. Biz seçkilərə də uğurla gedəcəyik. Çünki bizim amalımız qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, sosial rifahdır. Ölkə qarşısında duran vəzifələr də məhz Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bundan sonra da uğurla icra edilə bilər. Bu vəzifələrin arasında əlbəttə ki, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dayanır. Bizim mövqeyimiz prinsipialdır. Mən bunu dəfələrlə bəyan etmişəm. Azərbaycan xalqı və Yeni Azərbaycan Partiyası bu mövqeyi birmənalı şəkildə dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir. Bu münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapa bilər. Heç bir başqa variant nəzərdən keçirilmir. Heç bir başqa variant qəbul edilə bilməz.

Mən inanıram və əminəm ki, biz bu məsələni həll edəcəyik. Çünki bizim artan xarici və daxili gücümüz, artan ordu potensialımız və iqtisadi inkişaf qələbəmizi şərtləndirəcəkdir.

Ermənistan isə demək olar ki, tamamilə iflasa uğrayıb. Ermənistanda hakimiyyəti zəbt etmiş kriminal korrupsioner diktatura rejimi o ölkəni uçuruma aparır. Ölkədə kütləvi qaydada miqrasiya baş verir. Hər il 100 minə qədər vətəndaş o ölkəni həmişəlik tərk edir. Birinci növbədə, ona görə ki, ümidləri yoxdur. İqtisadiyyat demək olar ki, iflic vəziyyətdədir. Digər tərəfdən, o ölkəni idarə edən qaniçən, gözü doymayan kriminal quldur rejim insanlara divan tutur. Bütün seçkilər Ermənistanda kütləvi şəkildə saxtalaşdırılır, siyasi mübarizə orada qanlı faciələrə gətirib çıxarır. Bu ölkə terrorçu ölkəsidir və terrorçu, quldur üsul-idarəsi ilə idarə edilir. Belə olan halda nə qədər ki, indiki kriminal iqtidar orada rəhbərlikdədir, o qədər də tez Ermənistan tamamilə çökəcəkdir.

Mən tam əminəm, məhz buna görə və digər tərəfdən, artan gücümüz də bunu diktə edir ki, biz mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik. Sadəcə olaraq buna vaxt və güclü siyasət lazımdır. Güzəştsiz, kompromissiz, milli maraqlara söykənmiş siyasət ki, bu gün bizim iqtidar və yalnız bizim iqtidar bunu təmin edə bilər. Yalnız bizim iqtidar bütün təzyiqlərə, təhdidlərə, təxribatlara dözə bilər. Bizə qarşı aparılan kampaniyanın təməlində bir çox hallarda məhz bu münaqişə dayanır: Azərbaycanı zəiflətmək, ləkələmək, imicinə zərbə vurmaq ki, Qarabağ məsələsində bizdən güzəştlər qoparsınlar. Bu, keçməyəcəkdir. Çünki bizim işimiz haqq işidir və xalq da bizim siyasətimizi dəstəkləyir.

Daxili siyasətlə bağlı deməliyəm ki, biz bundan sonra da Azərbaycanda demokratiyanı inkişaf etdirəcəyik. Söz azadlığı, vicdan azadlığı, din azadlığı, sərbəst toplaşma azadlığı - bütün bu azadlıqlar mövcuddur. Azərbaycanda azad internet fəaliyyət göstərir, heç bir məhdudiyyət qoyulmur. Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına görə heç kimdən geridə qalmır. Bəzi hallarda bizdə olan demokratik vəziyyət başqa ölkələr üçün də örnək ola bilər və olmalıdır.

İqtisadi sahə ilə bağlı şaxələndirmə bizim əsas istiqamətimizdir. Bu sahədə də böyük uğurlar əldə edilibdir. Bu ilin dörd ayında qeyri-neft sektorumuz 11 faiz artmışdır ki, bu, bəlkə də dünyada ən yüksək göstəricidir. Vaxtilə qəbul edilmiş bütün qərarlar icra edilir. Biz neft amilindən asılılığımızı azaldırıq. Bu il artıq ümumi daxili məhsulumuzda neft sektoru azlıq təşkil edir. Yəni, şaxələndirmə baş veribdir, bundan sonra sənayeləşmə prosesi daha da sürətlə gedəcəkdir. Böyük sənaye kompleksləri yaradılacaqdır. Bu da qarşımızda duran əsas vəzifələrdən biridir. Sosial məsələlərin həllində bundan sonra da çox ciddi addımlar atılacaqdır. Maaşlar, pensiyalar, müavinətlər artırılacaqdır. Məcburi köçkünlərin yaşayış səviyyəsini qaldırmaq üçün bundan sonra da işlər görüləcəkdir. Biz bütün istiqamətlər üzrə öz siyasətimizi davam etdirəcəyik. Ərzaq təhlükəsizliyini tam şəkildə təmin etməliyik. Bir neçə il bundan əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, biz özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edək. Biz bu hədəfə də yaxınlaşırıq.

Nəqliyyat təhlükəsizliyi üçün Azərbaycan indi əsas rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun başa çatdırılması bölgənin, qitənin, qitələrin nəqliyyat xəritəsini dəyişdirəcəkdir. Yenə də Azərbaycan burada təşəbbüskardır və əsas tərəfdaşdır.

Enerji siyasətimizlə bağlı bütün addımlar düşünülmüş qaydada atılır. Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, biz daxildə bunu tam şəkildə həll etmişik. İndi Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində də Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyirik, fəaliyyət göstəririk. Azərbaycan “Cənub qaz dəhlizi”nin əsas iştirakçısıdır, əsas təşəbbüskarıdır. Azərbaycanda qəbul edilən qərarlar gələcəkdə enerji təhlükəsizliyi ilə bağlı olan bütün yeni məsələlərə əsas istiqamət verəcəkdir. Bu, böyük uğurumuzdur və böyük məsuliyyətimizdir. Biz bu məsuliyyətə hazırıq. Çünki Ulu Öndərin qoyduğu Azərbaycanın neft strategiyası bu günə qədər uğurla icra edilibdir. Bu gün qaz amili də bu strategiyanı daha da zənginləşdirir.

Bir sözlə, bizim bütün istiqamətlər üzrə konkret proqramlarımız, planlarımız, konsepsiyalarımız, icra mexanizmlərimiz vardır. O cümlədən regionlarda gedən işlərlə bağlı gələn ilin əvvəlində üçüncü Dövlət Proqramı icra ediləcəkdir. Birinci və ikinci proqramların icrası nəticəsində bölgələr canlandı, şəhərlər abadlaşdı, gözəlləşdi, müasir infrastruktur yaradılır, kəndlərimiz çiçəklənir, qalxır, bütün infrastruktur, yollar, məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, qazlaşdırma, elektrik enerjisi, su xətləri, bütün infrastruktur yenilənir. Biz bütün infrastruktur sistemimizi tamamilə yeniləşdiririk ki, bundan sonra ən azı 50-100 il bax, bu qurduğumuz infrastruktur insanlara xidmət göstərsin.

Yəni, vəzifələr daha da çoxdur. Sadəcə olaraq, mən bütün vəzifələri əgər burada sadalasam, bir neçə saat vaxt lazım olacaqdır. Mən bu məsələlərlə bağlı vaxtaşırı vətəndaşlara müraciət edərək öz fikirlərimi bildirirəm. Yəni, bizim gələcək inkişafımızla bağlı heç bir tərəddüdümüz, heç bir şübhəmiz yoxdur. Azərbaycan inamla, uğurla irəliyə gedəcəkdir. Bunu təmin etmək üçün Azərbaycanda Heydər Əliyev siyasəti bundan sonra da daim üstünlük təşkil etməlidir. Əminəm ki, biz buna nail olacağıq. Sağ olun.

X X X

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Zahid QARALOV çıxış edərək dedi:

- Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu!

Hörmətli qurultay nümayəndələri!

Partiyamızın V qurultayının işə başlaması münasibətilə sizi və təmsil etdiyiniz 600 mindən yuxarı partiya üzvünü təbrik edir, qurultayın işinə uğurlar arzulayıram.

Əziz siyasi həmkarlar!

V qurultayla 21 il əvvəl blokada şəraitində olan Naxçıvanda ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə keçirdiyimiz təsis konfransı dövrünü müqayisə edəndə bəlli olur ki, son 20 ildə Azərbaycanda müsbət istiqamətdə çox böyük dəyişikliklər baş verib. Xatırladım ki, təsis konfransı dövründə ölkədə vəziyyət çox ağır idi. Ölkəni qanunlar yox, ayrı-ayrı başıpozuq, səriştəsiz qruplar idarə edirdilər. Dövlətə və dövlət rəhbərinə inam itmişdi, insan haqları və hüquqları tanınmırdı, demokratiyadan əsər-əlamət yox idi. Vəzifə uğrunda didişmə gedirdi, hər şey dağıdılır, talan edilirdi. Xarici təcavüzlə paralel olaraq, vətəndaş müharibəsi başlamışdı. Bu vəziyyəti cəbhəçilər yaratmışdı. O şəxslər ki, bu gün demokratiyanın azlığından gileylənir, özlərini xalqın xilaskarı kimi təqdim edir, yenidən hakimiyyətə gəlməyə can atırlar.

Onlar unudurlar ki, XX əsrin ikinci yarısında Azərbaycanın bir müdrik xilaskarı olub: Heydər Əlirza oğlu Əliyev. O, 1969-cu ildə Azərbaycanı gerilikdən xilas etdi, respublikanı birincilər sırasına çıxardı. 1993-cü ildə isə suverenliyini itirmək üzrə olan müstəqil Azərbaycanı xilas etdi. Müasir tipli partiya yaratmaqla ölkəyə yeni siyasi mədəniyyət gətirdi, ölkəni xaosdan qurtardı. Milli mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan azərbaycançılıq, milli birlik ideologiyasını formalaşdırdı. İctimai-siyasi quruluşun istiqamətini dəyişdi, ölkəni bazar iqtisadiyyatı sisteminə keçirdi. Mükəmməl daxili və xarici siyasət proqramı hazırlayıb həyata keçirdi. İnsan haqlarını, dövlətə inamı özünə qaytardı. Güclü dövlət qurdu. İnsan fəaliyyətinin bütün sahələrində əsaslı islahatlar apardı. Cəbhə hakimiyyətinin dünyadan təcrid etdiyi Azərbaycanı dünyaya açdı. Dünya birliyinə inteqrasiya üçün əməli tədbirlər gördü. Xalqı birləşdirdi. Böyüklərə hörmət, uşaqlara qayğı mühiti yaratdı. İnsanların hüquqi, demokratik, dünyəvi dövlət şəraitində firavan yaşamaq haqlarının təmin olunması üçün böyük işlər gördü.

Partiyamızın Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş I və II qurultayları ölkədə siyasi mühitin sağlamlaşdırılması üçün çox dəyərli proqramlar, tövsiyələr verdi, digər partiyalara nümunə göstərdi. Partiyamızın və hakimiyyətin sağlam əqidəli, millətsevər şəxslər tərəfindən idarə edilməsi zərurətini irəli sürdü.

2003-cü ildən etibarən partiyamıza güclü şəxsiyyət, yüksək liderlik keyfiyyətinə malik olan müasir təfəkkürlü, dünya liderləri arasında özünün qətiyyəti, işgüzarlığı, yüksək nüfuzu ilə seçilən hörmətli İlham Heydər oğlu Əliyev rəhbərlik edir. O, eyni zamanda, həmin illərdən başlayaraq ölkənin ağıllı, andına sadiq Prezidentidir.

Heydər Əliyevin dediyi kimi, onun axıra çatdıra bilmədiyi quruculuq işlərini davamlı surətdə həyata keçirən İlham Əliyev Azərbaycanı dünya dövlətləri içərisində sayılan, təcrübəsinə istinad olunan, dinamik inkişaf edən ölkə səviyyəsinə çatdıra bildi.
İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş III və IV qurultaylarımızda nəzərdə tutulmuş proqramlar bütövlükdə yerinə yetirilib. Biz, yeni azərbaycançılar fəxr edirik ki, partiyamız 20 ildir hakim partiyadır. Onun liderləri Heydər Əlirza oğlu və İlham Heydər oğlu dövlət başçısı kimi xalqa ləyaqətlə xidmət etmişlər.

Əziz həmkarlar, qarşıdan yeni prezident seçkiləri gəlir. Bu gün biz prezidentliyə namizədimizi rəsmi təsdiq etməliyik. Mən rayon və şəhər partiya təşkilatlarının konfranslarında səsləndirilmiş fikirləri, eləcə də, son 10 ildə Azərbaycanda güclü quruculuq işlərinin görüldüyünü, indiyə qədər vəzifəsini ləyaqətlə yerinə yetirdiyini nəzərə alaraq, ölkə prezidentliyinə partiyamızın lideri İlham Heydər oğlu Əliyevin namizədliyini irəli sürürəm. İlham Heydər oğlu Əliyev bu il partiyamızın ən ləyaqətli yeganə namizədi olacaqdır. Onun böyük və faydalı təcrübəsi, regionda və dünyada dərin nüfuzu ölkəmizə yeni uğurlar gətirəcəkdir.

Bu təklifi qurultaya çatdırmağı Yeni Azərbaycan Partiyası Səbail rayonunda qeydiyyatda olan 24 min partiya üzvü, eləcə də Heydər Əliyevin rəhbərliyi ilə yeni tipli partiya yaratmaq təşəbbüsünü irəli sürmüş, Ulu Öndərimizin partiyanın “Qızıl fondu” adlandırdığı “91-lər” tapşırmışlar.

Təklif bütün partiya üzvləri tərəfindən bəyəniləcəkdir. Bunun səbəbi ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı, xalqımızın güzəranının daim yüksəldilməsi, İlham Əliyevin son on ildə davam etdirdiyi yolun düzgün, uğurlu, ədalət, demokratiya, tərəqqi yolu olmasıdır. Qətiyyətlə deyə bilərik ki, xalqımız partiyamızın namizədinin tərəfində olacaqdır.

Cənab Prezident, xalq sizə inanır, daxili və xarici siyasətinizi bəyənir, müdafiə edir. Bu inamla da biz seçkidə növbəti qələbəmizi təmin edə biləcəyik.

Sizdən xahişimiz budur ki, təklifimizi qəbul edəsiniz, Azərbaycan Respublikasının Prezidentliyinə partiyamızın namizədi olmağa razılıq verəsiniz.

Ulu Öndərimiz partiyanın I qurultayında belə demişdi: “Yeni Azərbaycan Partiyası yarandığı dövrdən indiyə qədər Azərbaycanın ictimai-siyasi həyatında özünün dəyərli yerini tutubdur və bu yeri heç kəsə verməyəcək və get-gedə öz yerini möhkəmləndirəcəkdir”.

Bu fikir bu gün də qüvvəsini saxlayır, ona əməl etmək isə partiyamızın, xalqımızın borcudur. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Aytən İSMAYILOVA çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Yeni Azərbaycan Partiyasının V qurultayı çox əlamətdar bir vaxtda və taleyüklü bir dövrdə - növbəti prezident seçkiləri ərəfəsində keçirilir və təkcə partiyamızın deyil, bütövlükdə ölkəmizin siyasi həyatında böyük əhəmiyyətə malikdir.

21 il əvvəl – 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilən Yeni Azərbaycan Partiyası ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında elə bir tarixi yol keçmişdir ki, bu yol həm də müstəqil Azərbaycanın müqəddəratını təyin edən mühüm bir tarixi mərhələ olmuşdur. Bu zaman Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan Ümummilli Liderimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən, bütövlükdə xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən əlahəzrət tarixin diktə etdiyi qaçılmaz obyektiv tarixi zərurət idi.

Beləliklə, milli dövlətçiliyin sabahının tamamilə qaranlıq göründüyü bir dövrdə Azərbaycanı böhran girdabından çıxararaq işıqlı gələcəyə aparan bir siyasi gücün – Yeni Azərbaycan Partiyasının yaradılması хаlqımızı səfərbər edərək ümummilli problemlərin həll olunmasında iştirak etmək, bu istiqamətdə öz zəruri xidmətlərini göstərmək məqsədi daşıyırdı.

Ümummilli Liderimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər dünyanın siyasi xəritəsində Azərbaycan Respublikasının öz strateji mövqeyini təmin etməsi, müstəqilliyimizin möhkəmləndirilməsi və əbədi varlığı üçün bütün zəruri siyasi addımların atıldığı, müstəqil Azərbaycanın dövlətçilik konsepsiyasının nəzəri əsaslarının formalaşdırıldığı və bu əsasda möhkəm bünövrənin qoyulduğu taleyüklü bir mərhələ oldu. Ulu öndər Heydər Əliyev özünün dərin siyasi zəkasının, zəngin və mükəmməl dövlətçilik təcrübəsinin məhsulu və şah əsəri olan müstəqil Azərbaycan Respublikasını gələcək nəsillərə miras qoydu.

Cənab Prezident, ölkəmizdə ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirilməsi xalqımızın ürəyindən xəbər verir. 2003-cü və 2008-ci illərdə xalqın böyük dəstəyi ilə Sizin Prezident vəzifəsinə, 2005-ci ilin martında isə partiyamızın III qurultayında Yeni Azərbaycan Partiyasının sədri vəzifəsinə seçilməyiniz Ümummilli Liderimizin varisi, onun siyasi kursunun layiqli davamçısı kimi Sizə bəslənilən sonsuz inam və məhəbbətin parlaq təzahürü idi.

Vətənini, xalqını sevən hər bir şəxs, Yeni Azərbaycan Partiyasının hər bir üzvü kimi, Naxçıvan Muxtar Respublikasının əhalisi adından Sizin yeritdiyiniz uğurlu daxili və xarici siyasəti ürəkdən bəyənir, müdafiə edir və bu siyasətin ölkəmizə böyük nailiyyətlər gətirdiyini ifadə edirik. Ölkə rəhbəri kimi Sizin Naxçıvana səfərləriniz, verdiyiniz qiymətli tövsiyə və tapşırıqlar, muxtar respublikadakı inkişaf və tərəqqini yüksək dəyərləndirməyiniz bizi daha əzmlə çalışmağa ruhlandırır. Bütün ölkədə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri, sürətli yüksəliş məhz ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinin davam etdirilməsi sayəsində gerçəkləşmişdir.

Möhtərəm cənab Prezident, Sizin qayğınızla reallaşan möhtəşəm quruculuq tədbirləri Azərbaycanın bu qədim torpağını əsl intibaha qovuşdurmuşdur. Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına göstərdiyiniz ardıcıl diqqət və qayğıya görə bütün muxtar respublika əhalisi adından Sizə dərin minnətdarlığımızı, səmimi ehtiramımızı bildiririk.

Hörmətli qurultay iştirakçıları, Ümummilli Liderimizin “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir” sözləri partiyamızın bütün üzvləri kimi, Naxçıvan Muxtar Respublika təşkilatı ətrafında birləşən siyasi həmfikirlər üçün də dönməz əqidə və fəaliyyət devizidir. Biz bu yüksək amala xidmət edənlər sırasında olmağımızla fəxr edirik. Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildə dediyi sözləri xatırlatmaq istərdim: “Mən hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam!”

Ötən 10 il aşkar şəkildə göstərdi ki, cənab İlham Əliyev öz fəaliyyət dövrünü bu amalın reallaşmasına həsr etmiş, Ulu Öndərimizin müstəqillik və azadlıq ideyalarını dönmədən həyata keçirmiş, Azərbaycanı sosial-iqtisadi inkişaf, demokratik hüquqi dövlət quruculuğu və siyasi sabitlik baxımından dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir.

Məhz buna görə möhtərəm İlham Əliyevin namizədliyi yenə də Azərbaycan cəmiyyətinin alternativsiz sosial-siyasi sifarişidir. Azərbaycan xalqı indiyədək olduğu kimi, qarşıdan gələn prezident seçkilərində də yekdil şəkildə öz taleyini yenidən Yeni Azərbaycan Partiyasının sarsılmaz liderinə həvalə edəcəkdir!

Naxçıvan Muxtar Respublikasının bütün əhalisi, o cümlədən partiyamızın bu regiondakı çoxminli üzvləri də xalqımızla yekdil mövqedədirlər. Muxtar respublikanın 430 minlik əhalisi, Yeni Azərbaycan Partiyasının burada yaşayıb fəaliyyət göstərən 49 min üzvü adından 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində partiyamızın sədri cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin irəli sürülməsi təklifini ürəkdən dəstəkləyir və müdafiə edirik!
Möhtərəm Prezident, Sizi bir daha əmin edirik ki, müstəqil Azərbaycanın daha da tərəqqisi naminə həyata keçirdiyiniz cahanşümul tədbirlərdə, qətiyyətli mübarizədə daim Sizinləyik! Sizin və rəhbərlik etdiyiniz dövlətimizin, partiyamızın hər bir tapşırığını bundan sonra da layiqincə yerinə yetirməyə hazırıq! 2003-cü və 2008-ci illərdə olduğu kimi, bu il keçiriləcək prezident seçkilərində də Naxçıvan Sizə – ulu öndər Heydər Əliyevin layiqli davamçısına səs verəcəkdir!

X X X

Çıxış edən Laçın Rayon Ağsaqqallar Şurasının sədr müavini Əmirxan ZEYNALOV dedi:

- Möhtərəm cənab Prezident İlham Əliyev!

Hörmətli qurultay nümayəndələri!

İcazə verin, sizi bir milyonluq qaçqın və məcburi köçkün adından salamlayım və qurultayın işinə uğurlar, müvəffəqiyyətlər arzulayım. Bu gün bizim hər birimizin həyatında ən uğurlu, ən tarixi bir gündür. Çünki biz Yeni Azərbaycan Partiyasının qurultayında iştirak edirik.

Müstəqilliyimizin ilk illəri hamımızın gözləri qarşısında keçmişdir. Xaos, hərc-mərclik, hakimiyyətsizlik… Ölkədə demək olar ki, dövlət, dövlətçilik məsələsinə fikir verən yox idi. Bu ağrıları ən çox biz - qaçqınlar və məcburi köçkünlər hiss edirdik. Çünki doğma torpaqlarımızdan didərgin düşmüşdük və o vaxtkı hakimiyyətdən bir nəfər də olsun irəli çıxıb bizə ürək-dirək verən olmadı.

Ancaq bütün xalqımız kimi biz də ümidimizi itirməmişdik. Bizim ümidimiz Azərbaycanı sevən, ona ürəkdən bağlanan, onu çiçəkləndirən, bu müasir gözəl Azərbaycanın bugünkü inkişafında böyük rolu olan ulu öndər Heydər Əliyev idi və diqqətimiz ona cəlb olunmuşdu. Bütün xalqımız kimi, biz məcburi köçkünlər də təkidlə Ulu Öndərin yenidən Azərbaycanda hakimiyyətə qayıtmasını xahiş edirdik. O, bu xahişi yerinə yetirməyə bilməzdi, çünki xalqını, Azərbaycanı sevirdi, Azərbaycanın müstəqilliyini istəyirdi. Ona görə də, bu xahişi qəbul etdi və 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdı.

Ulu öndər Heydər Əliyev işlərinin ağırlığına, çoxluğuna baxmayaraq, bizə qarşı çox diqqətli idi. Vaxtının azlığına baxmayaraq, biz qaçqın və məcburi köçkünlərlə tez-tez görüşür və bizim vəziyyətimizlə maraqlanırdı. Bu qayğı son on ildə qətiyyətlə, inamla, çox müdrikliklə, cəsarətlə, indiki Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri, Heydər Əliyevin xalqa əmanəti cənab İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilmişdir.

Mən inanmıram ki, dünyanın heç bir ölkəsində on ildə bu qədər tərəqqiyə nail olunsun - istər sosial-iqtisadi cəhətdən, istərsə də xarici siyasətdə. Prezident İlham Əliyev çox uğurlu siyasət aparır. Buna görə də heç bir dövlət bizim daxili işlərimizə qarışa bilmir. Bu, ən böyük uğurdur. Çünki, açıq deyək, bizi istəməyən qüvvələr vardır. O qüvvələr heç cür istəmirlər ki, bu gözəl Azərbaycan, bu müstəqil Azərbaycan, bu azad xalq firavan yaşasın. Amma yenə o fikrə qayıdıram ki, doğrudan da cənab İlham Əliyev qətiyyətlidir, iradəlidir, bütün təzyiqlər qarşısında mərd-mərdanə dayanır və heç kəsə Azərbaycanın daxili işlərinə qarışmağa imkan vermir.

Nəzərinizə bir şeyi çatdırmaq istəyirəm ki, indi dövlət təkcə neftdən gələn gəlirlərlə qane olmur. O, neftdən gələn kapitalı insan kapitalına çevirir. O, neftdən gələn kapitalı regionların sosial-iqtisadi inkişafına sərf edir. Qısaca bir kəlmə deyəcəyəm. Yevlax rayonu 70 illik sovet dönəmində elə bir vəziyyətdə idi ki, orada beş dəqiqə dayanmaq olmurdu. Amma İlham Əliyevin rəhbərliyi altında indi orada elə bir şərait yaradılıb ki, hər tərəf gül-çiçəkdir. Bax, bircə bu rayonu misal gətirməklə demək istəyirəm ki, Prezident İlham Əliyev tərəfindən aparılan istər sosial-iqtisadi, istər xarici siyasətimiz nəticəsində dünyanın ən qabaqcıl dövlətləri səviyyəsinə çatmışıq.

Qaçqın və məcburi köçkünlərin ən böyük inamı cənab İlham Əliyevədir. O, hər bir vaxt bizimlə görüşə gəlir. Onun göstərişi ilə çadır düşərgələri ləğv olunub. Məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınıb. Artıq bu günə qədər 31 min ailə, 140 min qaçqın və məcburi köçkün rahat, gözəl mənzil şəraitində yaşayır. Demək olar ki, məcburi köçkünlər üçün salınmış bütün qəsəbələrin açılışında çox hörmətli, xalqını sevən Prezidentimiz iştirak edib.

Bir tarixi yadınıza salmaq istəyirəm. 2011-ci il 24 dekabr. İnanın mənə, elə bir dövlət rəhbəri tanımıram ki, özünün yubileyini qaçqın və məcburi köçkünlərlə keçirsin. Bu, yalnız Ulu Öndərin həyat məktəbini keçən, xalqını, Vətənini, onun müstəqilliyini sevən, bayrağını uca tutan, bütün dünyada tanıtdıran İlham Əliyev cənablarına xasdır.

Səmimi deyirəm, həmin gün o görüşə toplaşanlar, inanın ki, 21 ildə daxilən bu qədər sevinib, bu qədər şad olmamışdılar. Axı, cənab Prezident özünün ən mötəbər, ən yaddaqalan, ən sevimli anlarını - ad gününü bizimlə keçirirdi və orada o, öz xanımı ilə, hamının sevimlisi, Azərbaycanın birinci xanımı və Azərbaycanın mədəniyyətini, incəsənətini, musiqisini, tarixini bütün dünyaya tanıtdıran Mehriban xanımla bir yerdə keçirirdi. Orada sevimli rəhbərimiz İlham Əliyev bir söz işlətdi. Dedi, bu gün mən çox xoşbəxtəm. Bu gün mənim ən sevincli günümdür. Çünki mən bu gün ailəmlə birlikdə, sizlərlə birlikdə ad günümü keçirirəm. Bu sözlər təkcə bizim üçün yox, bütün Qarabağ camaatını, bütün Azərbaycan xalqını sevindirdi və hamıya böyük nümunə göstərdi.

Biz inanırıq ki, doğma torpaqlarımıza qayıdacağıq. Çünki burada bizim üçün nə qədər gözəl şərait yaradılsa, nə qədər maddi durumumuz yaxşı olsa, o torpaqları unudan deyilik və cənab Prezident ilə birlikdə oraya qayıdıb bayrağımızı Şuşada ucaldacağıq.

Qarşıdan prezident seçkiləri gəlir. Birmənalı şəkildə, qətiyyətlə deyirəm, - mən xalqın içərisindəyəm, vətəndaşlarla görüşürəm və bütün vətəndaşların seçimi bəllidir, - qarşıdan gələn prezident seçkiləri yenə də Yeni Azərbaycan Partiyasının, onun rəhbərliyinin qələbəsi ilə başa çatacaqdır.

Bütün qaçqın və məcburi köçkünlər adından Yeni Azərbaycan Partiyasının sədri, xalqını, Vətənini sevən və təkcə bu gününü yox, gələcəyini fikirləşən, dönməz, iradəli, mətin şəxs olan cənab İlham Əliyevin namizədliyini irəli sürürəm və sizdən də bu namizədliyi dəstəkləməyi xahiş edirəm. Çox sağ olun.

Cənab Prezident, Sizin səmimiyyətinizə, mehribançılığınıza, bizə bəxş etdiyiniz ümidə, şəraitimizi yaxşılaşdırdığınıza, bizimlə bir yerdə olduğunuza görə bir daha Sizə təşəkkür edir, uğurlar, qələbələr arzulayıram. Çox sağ olun.

X X X

Bakı Dövlət Universitetinin tələbəsi Yavər MƏMMƏDOVA çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli sədrimiz!

Əziz qurultay nümayəndələri!

Yeni Azərbaycan Partiyasının V qurultayında Azərbaycan gəncləri adından hamınızı səmimi qəlbdən salamlayır və qurultayımızın işinə uğurlar arzulayıram.

Belə bir ali məclisdə, xüsusilə də cənab Prezident, Sizin qarşınızda çıxış etmək hər bir Azərbaycan gənci kimi, mənim üçün də sözlə ifadə edilməyəcək böyük bir şərəfdir.

Hörmətli qurultay nümayəndələri, bugünkü Azərbaycan gəncliyi ümummilli liderimiz Heydər Əliyevin Vətənimiz qarşısındakı nəhəng xidmətlərini taleyüklü misilsiz işlər kimi dəyərləndirir, onun xalqımıza bəxş etdiyi minlərlə əvəzsiz nemətlər içərisində Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, iqtisadi yüksəlişi, gəncliyə açılan yolları və nəhayət, bu gün qurultayına toplaşdığımız Yeni Azərbaycan Partiyasını dahi siyasətçi Heydər Əliyevin şah əsəri hesab edirik.

Ulu öndərimiz Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin, cənab Prezident, Sizin tərəfinizdən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai həyatında fəal iştirak etməklə yanaşı, beynəlxalq miqyasda da ardıcıl uğurlar qazanırlar. Gənclərimiz fəxr edirlər ki, bu gün dövlətimiz inkişafın Azərbaycan modelini yaradaraq yüksək və dinamik sosial-iqtisadi sıçrayışa nail olmuş, geniş beynəlxalq müqavilələr sisteminə qoşulmuş, nüfuzlu beynəlxalq təşkilatların üzvü olmuş, özünün demokratik, hüquqi dövlət imicini beynəlxalq aləmdə tam formalaşdırmışdır. Nəhayət, Azərbaycanın ən ali qurum olan BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi, cənab Prezident, şəxsən Sizin və gənc dövlətimizin tarixi qələbəsidir.

Fürsətdən istifadə edərək, dövlətin gənclər siyasətinin uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının birinci xanımı hörmətli Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi qeyd etmək istərdim. Məhz Mehriban xanımın yüksək təşkilatçılıq bacarığı nəticəsində Bakıda keçirilən “Eurovision” musiqi yarışması bu gün də digər dövlətlərə nümunə göstərilir. Təsadüfi deyil ki, məhz bu uğurları rəhbər tutaraq beynəlxalq idman cəmiyyəti ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verib.

Möhtərəm sədrimiz!

Dəyərli qurultay nümayəndələri!

Təxminən bir həftə sonra ulu öndər Heydər Əliyev tərəfindən Vətənin xilasının növbəti ildönümünün – Qurtuluş Gününün 20 illiyini təntənə ilə qeyd edəcəyik. Bundan iki ay sonra isə mənim və bəlkə mənim kimi minlərlə gəncin 20 yaşı olacaqdır. Biz Qurtuluş Günü ilə həmyaşıdıq. Bəli, biz Qurtuluşun övladlarıyıq! Biz bununla fəxr edirik, məsuliyyətini isə qürurla daşıyırıq! Bu dövlət, bu Vətən Ulu Öndər tərəfindən bizlərə əmanət qoyulub və onun müstəqilliyi, tərəqqisi naminə, cənab Prezident, Sizin rəhbərliyiniz altında canımızdan da keçməyə hazırıq!

Möhtərəm, cənab Prezident, Azərbaycan xalqı və onun avanqard təbəqəsi olan gəncliyin ümumi qənaətini ifadə edərək Yeni Azərbaycan Partiyasının V qurultayından və şəxsən Sizdən növbəti müddətə prezidentliyə namizədliyinizin irəli sürülməsini xahiş edirik. Yalnız Siz böyük, zəngin və qüdrətli Azərbaycanın təminatçısı və rəhbəri ola bilərsiniz. Yalnız Sizin rəhbərliyiniz altında ölkəmiz tarixi nailiyyətlərinin davamlılığını təmin edə bilər. Yalnız Sizin simanızda Azərbaycan xalqı öz firavan gələcəyinin qarantını və qüdrətli dövlət xadimini görür.

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Yeni Azərbaycan Partiyası!

Yaşasın dövlətini, millətini yeni-yeni zəfərlərə aparan Prezidentimiz İlham Əliyev!

X X X

Milli Məclisin deputatı Yevda ABRAMOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Dəyərli həmfikirlər!

Hörmətli qurultay iştirakçıları!

Mən də sizləri bu gözəl bayram münasibətilə təbrik edirəm. Partiyanın bir sədaqətli əsgəri, Milli Məclisin deputatı kimi və Azərbaycan vətəndaşlığını uca tutan və onunla qürur duyan çoxminli Azərbaycan yəhudiləri adından mənə bu yüksək tribunadan söz verdiyinizə görə, cənab Prezident, bir daha Sizə minnətdarlığımı bildirirəm.

Ürəyimdə o qədər sözlər vardır ki, cənab Prezident, danışmaq üçün mənə beş saat da bəs etməz.

Müstəqil Azərbaycanın tarixi Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsi ilə bir vaxta təsadüf edir. Bizim qurultayımız da bu həftədən sonra qarşılayacağımız ən böyük və müqəddəs günlərimizin bayramı ilə çulğaşır. Ulu Öndər xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldi. Ölkə xaosdan, hərc-mərclikdən, vətəndaş qarşıdurmasından, qardaş qanı tökülməsindən xilas oldu. Bəlkə də bunun arxasında bir sirr də var idi ki, çoxlarına bəlli deyildi. Əslində, Azərbaycan millət kimi qala bilərdi, amma dövlət kimi qalması şübhə altında idi. Azərbaycan çoxmillətli ola bilməzdi. Artıq millətlər bu respublikada yaşamağa qorxurdular. Mən öz millətimin timsalında bilirdim ki, yüzlərlə insan bu nankorların birillik hakimiyyəti dövründə doğma vətəni tərk etdi. Nə yaxşı ki, Heydər Əliyev gəldi, xalq yerində qaldı, xalqın ümid çırağı yandı.

Ulu Öndər çox qısa müddət ərzində özünün geniş təcrübəsindən istifadə edərək sabit, güclü bir dövlət yaratdı. Ölkəmiz separatizmdən xilas oldu. Ölkədə demokratiya bərqərar oldu. Ən ali qanun, insana hörmət, hər şey insan naminə - Ulu Öndər ölkədə çox böyük şərait yaratdı. Heydər Əliyev özünün 10 illik hakimiyyəti dövründə Azərbaycanın gələcək inkişafı üçün çox möhkəm, monolit bir bünövrə qoydu. Bu bünövrənin üzərində Siz, cənab Prezident, möhtəşəm bir saray tikdiniz.

1993-2003-cü illər Azərbaycan tarixinin dirçəliş illəri hesab olunur. Amma onun geniş mənada inkişafı dövrü isə 20 illiyin ikinci on ili olan İlham Əliyev dövrünə təsadüf etdi.

Cənab Prezident, Siz dünyada analoqu olmayan bir iş gördünüz. İrs-varis prinsiplərinə sədaqətinizi göstərdiniz. Siz dünyaya sübut etdiniz ki, cahanşümul cahangirin, fateh sələfin cəngavər xələfisiniz.

Bu on ildə Sizin rəhbərliyiniz altında Azərbaycan çox böyük, iri addımlarla inkişaf etdi. Ulu Öndərin müəyyənləşdirdiyi yolla gedərək güclü, inkişaf etmiş, analoqu olmayan bir Azərbaycan dövləti yaratdınız. Bunu Siz yeni azərbaycançılarla, Azərbaycan xalqı ilə bir yerdə etdiniz. Siz xarizmatik lidersiniz.

Bəlkə çoxlarının mühafizəkar adlandırdığı partnomenklaturanı yeni fikirli, yeni azərbaycanlıları və herentokratiya adlandırılan elektoratı birləşdirərək gözəl idarəçilik sistemi və komandanızı yaratdınız, bu cahanşümul qələbələrimizi təmin etdiniz. Bizim isə borcumuz bundan sonra bunu qorumaqdır. Bunu biz Sizinlə bir yerdə qoruyacağıq.

Sizin on illik fəaliyyətinizin uğurlarından danışmaq üçün mənə ən azı üç saat vaxt lazımdır. Amma bunu etməyəcəyəm. Konkret olaraq üç tezis üzərində dayanmaq istəyirəm ki, biz Sizinlə nəyə nail olduq: güclü Azərbaycan qurduq, çox gözəl iqtisadi təmələ malik olduq və biz beynəlxalq, regional layihələrdə gücümüzü göstərdik. Bir sıra layihələrin də müəllifi Siz oldunuz, Azərbaycan oldu. Güclü xarici siyasət yeritdiniz. Bayaq məcburi köçkün qardaşımız çox gözəl dedi. Böyük dəyanət, iradə, əzm göstərdiniz, heç kimdən çəkinmədiniz, dövlətin böyüklüyündən və kiçikliyindən asılı olmayaraq heç kəsin qarşısında sınmadınız.

Azərbaycanın sözünü, gücünü göstərə bildiniz. Biz Sizinlə fəxr edirik, biz Sizinlə qürur duyuruq.

Siz sübut etdiniz ki, Heydər Əliyev məktəbinin ən layiqli müdavimisiniz. Bu məktəbin ikinci müdavimi yoxdur. Bir daha sübut olundu ki, getdiyiniz yol Heydər Əliyev yoludur. Bəli, bizim yolumuz Heydər Əliyev yoludur. Bu yolu biz Sizinlə gedəcəyik. Sonucumuz isə güclü Azərbaycan olacaqdır. Güclü Azərbaycana isə biz güclü liderimizlə qovuşacağıq.

Cənab Prezident, mən 2008-ci ildə respublikamızın şimal bölgəsində Sizin vəkiliniz olmuşam. Bütün xalq Sizi sevir. Bütün qubalılar konfrans vaxtı xahiş ediblər ki, nəyin bahasına olursa-olsun, cənab Prezident bu qurultayda öz namizədliyinin irəli sürülməsinə razılıq verməlidir. Mən də, mənim mənsub olduğum millət də, yəhudilər də Sizi çox sevir. Onlar da xahiş ediblər ki, ölkədə milli birliyi qoruyub saxlamaqdan, bu xoş güzəranımızın əlimizdən çıxmamasından ötrü Siz prezidentliyə razılığınızı verməlisiniz.

Siz bir çox layihələrin müəllifisiniz. Hələ Sizin qəlbinizdə bizlərə məlum olmayan çox böyük layihələr vardır. Biz istəyirik ki, bunları Sizinlə bir yerdə həll edək. Ona görə mən də xahiş edirəm ki, Siz partiyamızın mənə qədər çıxış edən üzvləri və məndən sonra çıxış edəcək üzvlərinin xahişini, yalnız Yeni Azərbaycan Partiyası üzvlərinin deyil, bütün Azərbaycan xalqının,

Azərbaycanda yaşayan bütün etnosların, xalqların və millətlərin xahişini yerinə yetirəsiniz, Siz buna razılıq verəsiniz. Allah Sizi ailəniz üçün, xalqımız üçün, əlli milyonluq Azərbaycan dünyası üçün qorusun.

Son fikrimi deyib sizlərdən ayrılmaq istəyirəm. Sizin atanıza da paxıllıq edirdilər. Onun coğrafiyası Kremlin divarlarına qədər gedib çıxırdı. Amma mən xaricdə çox oluram. Sizə olan paxıllıq coğrafiyası isə artıq Kremldən çıxıb dünyaya yayılıbdır. Avropa böhran içərisində olmasına baxmayaraq, nadürüstlər ölkələrinin ayrı-ayrı jurnallarında böyük pullar xərcləyərək, cənab Prezident, Sizə iftiralar yağdırırlar. Bunlar keçməz, rəngli maykalarla, rəngli qalstuklarla prezident olmaq olmaz. Səfirliklərin qapılarında yalvarmaqla Prezident olmaq olmaz. Prezidentlik belə olur, alqışlarla və xalqın ümumi rəyi ilə.

Sağ olun, cənab Prezident!

Yaşayın, yaradın! Bizlərdən muğayat olun, biz Sizi sevirik, bundan sonra da sevəcəyik.

X X X

Masallıdan müəllimə Mehparə MƏMMƏDOVA çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli qurultay nümayəndələri!

Bu günlər Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar bütün dünya azərbaycanlıları bayram təntənəsi yaşayır. Azərbaycan xalqı müstəqilliyinin əbədi və dönməzliyi, siyasi və milli varlığı, ictimai birliyi və həmrəyliyinə görə hər zaman Heydər Əliyevə minnətdardır.

Ulu Öndərin müəyyən etdiyi fəaliyyət proqramı bu gün onun layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti, Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yolla inamla irəliləyir və hər bir azərbaycanlının fəxr edəcəyi, qürur duya biləcəyi bir məkana çevrilir.

Bu inkişafın nəticəsi olaraq şəhər və rayonlarımız, o cümlədən Masallımız da tanınmaz dərəcədə dəyişir və gözəlləşir. Rayonumuzun sakinləri möhtərəm Prezidentimizin Masallıya səfərlərini çox gözəl xatırlayırlar. Çünki bu səfərlərin hər biri masallılılar üçün əlamətdar hadisələrlə yadda qalır və inkişafın yeni istiqamətlərini müəyyənləşdirir.

Prezidentimizin müəyyən etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq hazırda Masallıda tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Parklar, meydanlar, xiyabanlar, yaşıllıq zolaqları salınır, kəndlərə yol çəkilir, küçələr genişləndirilir, yeni, müasir işıq sistemləri quraşdırılır və yaşayış massivləri abadlaşdırılır.

Masallı Azərbaycanın yeganə rayon mərkəzi idi ki, orada heç vaxt mərkəzləşdirilmiş içməli su xətti olmamışdı. Cənab Prezident, məhz Sizin diqqət və qayğınız nəticəsində indi Masallı şəhərində su sistemi yenidən qurulur. Bu da əhali tərəfindən böyük razılıqla qarşılanır.

Rayonumuzun Muğan zonası deyilən ərazisində yaşayan 110 mindən çox əhali yüz illər boyudur ki, içməli sudan əziyyət çəkir və suyu maşınlar vasitəsilə daşıyıb alırlar. Bu problemin həlli məqsədilə möhtərəm Prezidentimiz tərəfindən tapşırıq verilmiş və artıq iki gün bundan əvvəl bu su xəttinin çəkilişinə başlanmışdır. İnanın ki, bu xətdən istifadə edəcək 38 kəndin əhalisinin sevincini sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil sahəsinə xüsusi diqqət göstərir. Təsadüfi deyildir ki, son illərdə Masallı rayonunda 40-a yaxın yeni məktəb binası və uşaq bağçası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bu məktəblərdən 9-u Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmişdir ki, bu işdə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük əməyi vardır. Mehriban xanım öz fəaliyyəti ilə bütün dünyaya sübut edir ki, bu xalqın qadınları da kişiləri qədər igid, vətənpərvər, ağıllı və savadlıdırlar.

Hörmətli Prezidentimizin gənclərə və idmançılara göstərdiyi xüsusi diqqətin nəticəsidir ki, Masallıda Olimpiya İdman Kompleksi ilə yanaşı, son bir il ərzində üç böyük idman mərkəzinin tikintisi artıq başa çatdırılmışdır.

Möhtərəm Prezidentimizin tapşırığı, tövsiyəsi və Mehriban xanımın bilavasitə iştirakı ilə doğma Vətənimizin milli mənəvi dəyərlərinin dünya miqyasında tanıdılması və təbliği üçün çox böyük işlər görülür. İndi beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlər paytaxtımız Bakı şəhəri ilə bərabər regionlarda da keçirilməkdədir.

Yeri gəlmişkən demək istərdim ki, Masallı Azərbaycanın folklor mərkəzlərindən biridir və burada dünya şöhrətli “Halay” başda olmaqla dörd folklor ansamblı fəaliyyət göstərir. Keçən il Azərbaycanın folklor paytaxtı elan olunan Masallıda bir çox tədbirlərlə bərabər ilk dəfə Beynəlxalq Folklor Festivalı keçirilmişdir.

Kənd təsərrüfatı rayonu olan Masallıda əhalimizin əsas gəlir mənbəyi torpaqdır. Bu sahənin inkişafı məqsədilə atılan addımlar və daha gəlirli sahələrə keçid prosesinin sürətlə aparılması qısa vaxt ərzində əhalinin gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərmişdir.

Hörmətli qurultay nümayəndələri! Masallı sakinləri dövlətə və möhtərəm Prezidentimizin sədri olduğu Yeni Azərbaycan Partiyasına hər zaman sədaqətli olmuşlar. Qətiyyətlə deyə bilərəm ki, bu gün Masallıda hamı cənab Prezidentin ətrafında sıx birləşmişdir.

Azərbaycanımız sürətlə, əzmlə irəliləyir, yüksəlir, inkişaf edir. Nə qədər ki, xalqla Prezident bir yerdədir heç kim, heç bir qüvvə Azərbaycanı bu inkişaf yolundan döndərə bilməz. Fürsətdən istifadə edib böyükdən kiçiyə bütün masallılıların yekdil qərarını qurultay nümayəndələrinə çatdırmağı özümə şərəf bilirəm. Biz masallılılar qarşıdan gələn prezident seçkilərində öz seçimimizi artıq etmişik. Bu seçim Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Cənab İlham Əliyev Azərbaycan xalqının yeganə lideri, onun döyünən ürəyidir.

Diqqətinizə görə minnətdaram.

X X X

2013-cü ilin prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərar layihəsini təqdim edən YAP-ın sədr müavini-icra katibi Əli ƏHMƏDOV dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli qurultay nümayəndələri!

Bu gün bütün xalqımızın nəzərləri Yeni Azərbaycan Partiyasının V qurultayının keçirildiyi “Buta” sarayına yönəlibdir. Qarşımızdakı beş ilin taleyini həll edəcək tarixi qərar məhz bu sarayda bu gün çıxarılmalıdır. Yeni Azərbaycan Partiyasının 600 min üzvünü təmsil edən qurultay nümayəndələrini bu sıraya toplayan, onların növbəti qələbələrə köklənmiş ovqatını formalaşdıran bir səbəb vardır - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsi.

Əslində Yeni Azərbaycan Partiyasının rəsmən bu gün qəbul edəcəyi qərarı xalq çoxdan çıxarıbdır. Azərbaycan xalqının mütləq əksəriyyətinin seçkiqabağı ovqatı bütünlüklə cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üzərində köklənib. İlham Əliyevin şəxsində xalqımız Azərbaycanın müasir gücünün və qüdrətinin həlledici ifadəsini görməkdədir. Xalq İlham Əliyevi müasir inkişafın arxitektoru sayır. İnsanlarımız tək bu günümüzü deyil, eyni zamanda, Azərbaycanın gələcəyini Prezident İlham Əliyevin adı ilə bağlayır, ona güvənir və etibar edir. Onu da vurğulamaq tamamilə yerinə düşər ki, İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi hər şeydən əvvəl vətəndaşlarımızın daxili inamına əsaslanır, xalqın özünə layiqli rəhbər seçmək haqqını ifadə edir və bu səbəbdən yüksək ictimai dəyərə və gücə malikdir.

Xalqın öz iradəsini sərbəst şəkildə ifadə etməsi, ölkəyə layiqli rəhbər seçmək haqqına sahib olması nəinki demokratiyanın, bəlkə də xüsusilə müstəqil dövlətçilik məfkurəsinin əsas göstəricisidir. 2013-cü ilin prezident seçkiləri ərəfəsində seçicilərin əksəriyyətinin birmənalı olaraq İlham Əliyevin namizədliyini qətiyyətlə dəstəkləməsi əslində xalqın öz taleyinə sahib olmaq istəyinin aydın ifadəsi hesab olunmalıdır. Xalq o zaman güclüdür ki, iradəsini açıq şəkildə ifadə etməyi bacarır və bu gün Azərbaycan xalqı İlham Əliyevin namizədliyini qətiyyətlə dəstəkləməklə dövlətimizin gücünü, qüdrətini və əzəmətini bir daha nümayiş etdirmiş olur.

Hörmətli qurultay nümayəndələri! Cəmiyyətimizin Prezident İlham Əliyevə və onun həyata keçirdiyi siyasətə dərin inamının 10 illik uğur, nailiyyətlər və milli yüksəliş kimi etibarlı sınaq təcrübəsi vardır. Bu illərin təcrübəsi yetərlidir ki, xalq öz taleyini inamla, hər hansı riskə getmədən yenidən cənab İlham Əliyevə etibar etsin. İlham Əliyevli 10 ilin inkişaf, sabitlik və əmin-amanlıq təcrübəsi elə bir etibarlı əsasdır ki, insan növbəti 5 ildə özünü və ailəsini daha gözəl həyatın gözlədiyinə dərindən inanır.

Yeni Azərbaycan Partiyasının V qurultayı 10 ilin inkişaf tarixinə nəzər salaraq xüsusi iftixar hissi ilə vurğulayır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında və onun fəaliyyəti nəticəsində Azərbaycanın son illərin dünyanın ən uğurlu dövlətlərindən birinə çevrilməsi, ölkəmizin ən dinamik iqtisadiyyat kimi mövqelərə sahib olması və bu günə qədər həmin mövqeyini qoruyub saxlaya bilməsi, 10 il ərzində Azərbaycanın iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin isə təxminən 20 dəfə artmasının təmin edilməsi, Azərbaycanın kosmik ölkələr sırasına qoşulması, bir milyondan artıq yeni iş yerinin açılması və yoxsulluq səviyyəsinin 50 faizdən təxminən 5 faizə qədər endirilməsi kimi möhtəşəm sosial vəzifələrin yerinə yetirilməsi, erməni təcavüzünün acı nəticəsi olan çadır şəhərciklərinin birdəfəlik müasir yaşayış məskənləri ilə əvəz olunması, möhtəşəm infrastruktur layihələri sayəsində Azərbaycanın simasının kökündən dəyişdirilməsi və müasirləşdirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun və əhəmiyyətinin durmadan artmasını təmin edən xarici siyasət konsepsiyasının uğurla həyata keçirilməsi, Azərbaycanın dünyanın ən mötəbər beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməsi,
paytaxt Bakının dünyanın siyasi, mədəni və idman yarışları arenası kimi tanıdılması, 2012-ci ilin “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edilməsi və 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsi haqqının qazanılması, ölkənin gündən-günə artan iqtisadi gücünün hərbi, siyasi və diplomatik amilə çevrilməsi nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsi və bütün bunların birbaşa nəticəsi olaraq Prezident İlham Əliyevin şəxsi nüfuzunun yüksəlməsi, regional və beynəlxalq proseslərə təsir göstərmək imkanlarının artması Prezident İlham Əliyevə ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirmişdir. Heç şübhəsiz, bu etimad 2013-cü ilin seçki kampaniyasının başlıca seçki resursunu təşkil edir.

Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı inkişafımızın növbəti hədəflərini müəyyən etməklə ölkəmizi qarşıdakı beş ildə gözləyən yeni, daha əzəmətli uğurlara hamımızın inamını artırır. Prezidentin qarşıya qoyulan vəzifələr və onların yerinə yetirilməsi ilə əlaqədar konkret proqramı əks etdirən nitqi onun bariz ifadəsidir ki, İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. Bu səbəbdən Yeni Azərbaycan Partiyasının V qurultayının nümayəndələri cənab İlham Əliyevin növbəti prezident seçkilərində iştirakını xalqın qəlbinin dərinliyindən qopub gələn sosial sifariş hesab edir və həmişə olduğu kimi, xalqın səsinə səs verməyi özünün şərəfli borcu sayır.

Qurultay:

- Azərbaycan xalqının və 600 minlik Yeni Azərbaycan Partiyasının üzvlərinin iradəsini ifadə edərək;
- Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi, sosial, siyasi, mədəni və beynəlxalq inkişafının yüksək sürətini qeyd edərək;
- son 10 il ərzində həyatımızın bütün sahələrində köklü dəyişikliklərin baş verdiyini vurğulayaraq;
- Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti beş ildə Azərbaycanın hərtərəfli inkişafına, ölkəmizin güclü, qüdrətli dövlətə çevrilməsinə daha əzəmətli töhfələr verəcəyinə dərin inamını bəyan edərək Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 54-cü maddəsinə əsasən qərara alır:

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyev 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürülsün!

Hörmətli qurultay nümayəndələri, icazə verin sizin bu sürəkli və hərarətli alqışlarınızı cənab İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürülməsi haqqında Yeni Azərbaycan Partiyasının V qurultayının qərarının qətiyyətlə və yekdil səslə dəstəklənməsi hesab edək.

Beləliklə, cənab İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizəd irəli sürülməsi haqqında partiyanın qərarı yekdilliklə qəbul olunur.

Cənab Prezident, sizi təbrik edirik. Hörmətli qurultay nümayəndələri sizi təbrik edirik. Güman edirəm ki, ən çox təbriklərin yönələcəyi ünvan Azərbaycan xalqıdır. Çünki İlham Əliyevin rəhbərliyi altında on il ərzində Azərbaycanda qazanılmış uğurlar xalqımızın həyatını dəyişib, gözəlləşdirib. Bizim həyatımıza yeni məna gəlibdir. Biz gələcəyə daha inamla baxırıq. Çünki İlham Əliyevin rəhbərliyi altında növbəti beş ildə Azərbaycanı daha böyük nailiyyətlər, daha böyük qələbələr gözləyir.

Cənab Prezident, güclü lider güclü Azərbaycan deməkdir! İlham Əliyev güclü Azərbaycan deməkdir! Azərbaycan xalqı bunu dərk edir, dəyərləndirir və özünün növbəti taleyini, növbəti illərini İlham Əliyevlə, onun prezidentliyi ilə bağlayır. Bizim hər birimiz qəti şəkildə inanırıq ki, keçiriləcək prezident seçkilərində Azərbaycan seçiciləri, bütün Azərbaycan xalqı bir daha İlham Əliyevə dərin inamını, etibarını və etimadını öz səsləri ilə ifadə edəcəklər.

Eşq olsun İlham Əliyevə! Eşq olsun Azərbaycanın qüdrətli, güclü liderinə!

X X X

Sonra İlham Əliyevin yenidən YAP-ın sədrliyinə namizədliyi irəli sürüldü.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Kərim KƏRİMOV partiya üzvlərinin bu namizədliyi dəstəklədiyini diqqətə çatdıraraq dedi:

- Möhtərəm cənab Prezident!

Çox hörmətli qurultay nümayəndələri!

Partiya işi ilə əlaqədar və seçki kampaniyalarında iştirak etdiyim regionlarda böyük quruculuq-abadlıq işlərinin gedişini görmüşəm. Bu işlərdən prezident seçkilərində təbliğat vasitəsi kimi istifadə etmək məqsədilə Milli Kitabxanada təxminən üç ay işləyib araşdırmalar aparmışam. Məlum olub ki, möhtərəm cənab Prezidentimiz regionların sosial-iqtisadi inkişafına aid iki Dövlət Proqramını həyata keçirmək üçün regionlara doqquz il yarımda 284 dəfə səfər edib. 860-dan artıq tədbirdə iştirak edib. Mən əsaslı, sanballı tədbirləri nəzərdə tuturam. Tədbirlərin sayı mini keçib. 560-dan artıq respublika əhəmiyyətli sənaye müəssisəsinin, obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən Prezidentimiz İlham Əliyev özü iştirak edib.

Möhtərəm Prezidentimizin gördüyü bu işləri sovet hakimiyyəti illərində görülmüş işlərlə müqayisə etmək istədim. Müqayisə etdim. Məlum oldu ki, Prezidentimiz İlham Əliyev doqquz il yarım ərzində, -70 illik sovet hakimiyyəti dövründə bizə 16 nəfər rəhbərlik edib, - 16 nəfərin 70 ildə regionlarda olduğundan İlham Əliyev doqquz il yarım ərzində bir dəfə yarım artıq regionlarda olub.

Regionların simasını siz bilirsiniz, görmüsünüz. İndi regionlarla şəhərin fərqi yoxdur. Bu işi bizim möhtərəm Prezidentimiz görüb. Bu işdə insana fitri istedad və nəsildən gələn keyfiyyətlər lazımdır. Bu keyfiyyətlər bizim möhtərəm Prezidentimizdə vardır. Bu keyfiyyətləri o, müstəqil Azərbaycan dövlətinin memarı böyük Heydər Əliyevdən və anası akademik Zərifə xanım Əliyevadan götürüb.

Məhz bu keyfiyyətlərin nəticəsi 2011-ci il dekabrın 24-də hörmətli Prezidentimiz İlham Əliyevi Azərbaycanın ucqar rayonlarından biri olan Ağcabədiyə aparıb çıxardı. Həmin tarixdə İlham Əliyevin 50 illik yubileyi tamam olurdu. İlham Əliyev övladları ilə, nəvələri ilə, ailəsi ilə bir yerdə Bakıda çox yaxşı bir yubiley keçirə bilərdi. Ancaq nəsildən gələn nəcib keyfiyyətləri onu aparıb uzaq rayona çıxardı. Prezident həmin günü Ağcabədidə laçınlı məcburi köçkünlərlə keçirdi. Həmin günü onların qayğıları ilə yaşadı. Bu, həqiqətən çox dəyərli bir addım idi.

Yeri gəlmişkən, mən bu gün bu məclisdə bizim çox hörmətli xanımımız Mehriban Əliyevanı görürəm. Mehriban xanım bütün bu müddət ərzində Prezident İlham Əliyevin gördüyü bütün işlərdə fəal iştirak edib. Bütün məsul məsələlərin həllində Mehriban xanım İlham Əliyevin yanında onun ən yaxın silahdaşı olubdur.

Nəhayət, dediklərimin nəticəsi olaraq mən qurultaylar arasında, yəni, V-VI qurultaylar arasındakı dövrdə Yeni Azərbaycan Partiyasının sədrliyinə xalqımızın şanlı oğlu İlham Əliyevin namizədliyini irəli sürürəm.

Təşəkkür edirəm.

X X X

YAP-ın icra katibi Əli ƏHMƏDOV V qurultayın qərarına əsasən İlham Heydər oğlu Əliyevin yenidən partiyanın sədri seçildiyini bəyan edərək dedi:

- Hörmətli qurultay nümayəndələri!

Hesab edirəm ki, sizin sürəkli və hərarətli alqışlarınız Yeni Azərbaycan Partiyasının sədri vəzifəsinə möhtərəm Prezidentimiz İlham Əliyevin yenidən seçilməsi ilə bağlı qurultayın qərarına müsbət rəy verməyinizi ifadə edir.

Hörmətli Prezidentimiz, hörmətli sədrimiz, Sizin Azərbaycana rəhbərliyiniz Azərbaycan üçün nə qədər uğurlu olubsa, partiyamıza rəhbərliyiniz də partiyamız üçün o qədər uğurlu olub. Bu illər ərzində partiyamız sürətlə inkişaf edib, möhtəşəm, əzəmətli bir partiyaya çevrilib. İnanırıq ki, Sizin partiyamıza növbəti rəhbərliyiniz dövründə Yeni Azərbaycan Partiyası daha da güclənəcək, daha da möhtəşəm bir siyasi təşkilat olaraq daim Sizin ətrafınızda sıx birləşərək, ölkəmizin inkişafına töhfələr verəcəkdir. Təbrik edirik, cənab Prezident.

X X X

Prezident İlham ƏLİYEV: Mənə göstərilən bu yüksək etimada görə Yeni Azərbaycan Partiyasına minnətdarlığımı bildirmək istəyirəm. Partiyanın bütün üzvlərini əmin etmək istəyirəm ki, bundan sonra da partiyanın işində fəal iştirak edəcəyəm və Azərbaycanın uğurlu inkişafını təmin edəcəyəm.

X X X

Sonra YAP-ın Siyasi Şurasının 90 nəfərdən ibarət üzvləri seçildi.

Siyasi Şuranın üzvləri daha sonra YAP-ın 21 nəfərlik İdarə Heyətinin tərkibini seçdilər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, YAP-ın icra katibi Əli Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov YAP sədrinin müavinləri seçildilər.

Əli Əhmədov yenidən YAP-ın icra katibi, Siyavuş Novruzov və Mübariz Qurbanlı isə icra katibinin müavinləri seçildilər.

Sonra partiyanın 15 nəfərdən ibarət mərkəzi nəzarət-təftiş komissiyasının tərkibi seçildi.

X X X

Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham ƏLİYEV qurultaya yekun vuraraq dedi:

- Əziz dostlar, qurultayımız öz işini yekunlaşdırır. İlk növbədə, partiyamızın rəhbər orqanlarına seçilmiş partiya yoldaşlarımı ürəkdən təbrik edirəm. Əminəm ki, həm Siyasi Şura, partiyamızın İdarə Heyəti, partiya sədrinin yeni seçilmiş müavinləri partiyamızın işinə öz töhfələrini verəcəklər. Biz hamımız bundan sonra da çalışmalıyıq ki, partiyamız daim güclənsin və Yeni Azərbaycan Partiyası qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla yerinə yetirsin, onları icra etsin.

Mənə göstərilən böyük etimada görə qurultaya minnətdaram. Bu, böyük etimaddır, böyük məsuliyyətdir. Mən bunu dərk edirəm və son 10 il ərzində çalışmışam ki, bu etimadı doğruldum. Çalışmışam ki, öz işimlə, öz fəaliyyətimlə ulu öndər Heydər Əliyevin qoyduğu siyasətə öz töhfəmi verim. Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir. Ulu Öndərin bizə miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifələrimdir və son 10 il ərzində çalışmışam ki, bütün istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafını təmin edim.

Bu gün səslənən çıxışlarda görülən işlərin bir hissəsi diqqətə çatdırıldı. Doğrudan da, son illər ərzində görülmüş bütün işləri sadalamaq üçün bir neçə gün vaxt lazım olacaqdı. Kərim müəllim çox maraqlı statistikanı diqqətimizə çatdırdı. Mən, sözün düzü, bölgələrə etdiyim səfərləri saymıram. Amma şadam ki, bu statistika da artıq diqqətdən kənarda qalmayıbdır. Əlbəttə ki, bölgələrə göstərdiyim diqqət bölgələrin inkişafına çox böyük təkan vermişdir. Çünki bizim birinci qəbul etdiyimiz ciddi proqramımız, əsas proqramımız regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı olmuşdur. 2004-2008-ci illəri əhatə edən proqram artıqlaması ilə icra edilmişdir və proqramın əsas məqsədi məhz kəndlərlə şəhərlər arasındakı fərqi azaltmaqdan ibarət idi, təbii ki, kəndlərin inkişafı hesabına. Bu proqramın və ondan sonra qəbul edilmiş ikinci Dövlət Proqramının uğurlu icrası demək olar ki, Azərbaycanın hərtərəfli inkişafına həlledici töhfə vermişdir. Bu gün Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat kimi inkişafı məhz bu proqramların hesabına mümkün olmuşdur. Bu gün regionlarda gedən canlanma, inkişaf, abadlıq, quruculuq işləri göz oxşayır. Hər bir vətənpərvər vətəndaş qürur hissi ilə bunu görür. Hər bir vətəndaş, bölgələrdə yaşayan sakinlər öz işi ilə bu ümumi işimizə dəstək olurlar.

Ancaq görülən bu işlər və müstəqillik dövründəki işlər sovet dövrü ilə müqayisədə təkcə mənim fəaliyyətimlə bağlı deyildir. Bu, müstəqilliyin təzahürüdür. Bu, bir daha onu göstərir ki, müstəqillik öz əlimizdə olan zaman, Azərbaycan xalqı öz taleyinin sahibi olduğu bir halda böyük işlər görmək mümkündür. Biz uzun illər – onilliklər, əsrlər boyu müstəqillikdən məhrum idik. Biz başqa dövlətlərin tərkibində yaşamışıq. Xalqımız inkişaf edibdir. Baxmayaraq ki, müstəqil olmamışıq, Azərbaycan xalqı öz milli mənəvi dəyərlərini qoruyub saxlaya bilmişdir, öz Azərbaycan dəyərlərini hər şeydən üstün tutmuşdur və bu dəyərlər üzərində bu gün müstəqil dövlət qurulmuşdur. Ancaq bu müstəqillik dövrü və ondan əvvəlki dövrlərlə müqayisə açıq-aydın göstərir ki, müstəqilliyin nə qədər böyük üstünlükləri vardır. Biz bunu real işlərdə, tikilən infrastruktur layihələrində, abadlaşan şəhərlərdə, artan imkanlarımızda hiss edirik, görürük. Bizim təbii sərvətlərimiz də nəhayət, Azərbaycan xalqının maraqlarına xidmət göstərir.

Müstəqillik ən böyük sərvətdir, ən böyük dəyərdir və 20 il ərzində - 1993-cü ildən başlayaraq bu günə qədər müstəqilliyimiz möhkəmlənir.

Ancaq 1993-cü ilə qədər müstəqillik şərti xarakter daşıyırdı, təhlükə altında idi və Ulu Öndərin xalq, millət, tarix qarşısında gördüyü işlər çox böyük qiymətə layiqdir. Azərbaycan xalqı Heydər Əliyevin əziz xatirəsini qəlbində yaşadaraq bu hörmət və ehtiramını onun xatirəsinə ifadə edir.

X X X

Biz müstəqil ölkə kimi inkişaf edirik. Biz bundan sonra əbədi müstəqil olacağıq. Azərbaycan xalqı dünyaya sübut edib ki, müstəqil dövlətdə yaşaya, müstəqil dövləti qura, müstəqilliyi qoruyub saxlaya bilər. Son 10 il ərzində biz bu yolda böyük uğurlara imza atmışıq. Bu yolda təzyiqlər də, təxribatlar da, təhdidlər də oldu. Azərbaycanın dostları çoxdur, Azərbaycan ilə dostluq, əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Bu da təbiidir. Çünki Azərbaycan güclü dövlət, etibarlı tərəfdaş kimi, ədalətli mövqeyinə görə dünya miqyasında böyük şöhrət qazana bilmişdir. Ancaq buna baxmayaraq, - bu gün çıxışlarda da bu, səsləndi, biz də bunu görürük və bilirik, - elə dairələr var ki, Azərbaycanın uğurlu inkişafını həzm edə, qəbul edə bilmirlər, uğurlarımıza qısqanclıqla, paxıllıqla yanaşırlar. Azərbaycanın hətta dünyanı bürümüş böhran illərində də uğurlu inkişafını qəbul edə bilmirlər. Biz onları tanıyırıq, bilirik.

Son 10 il ərzində bütün təxribatlara, təzyiqlərə, böhtan kampaniyalarına baxmayaraq, biz yolumuzdan dönməmişik və dönməyəcəyik. Əgər hər bir insan haqlı olduğunu bilirsə, buna əmindirsə, o yoldan dönməməlidir. Azərbaycan öz inkişafı, öz qətiyyəti ilə, bölgədə gedən proseslərə öz münasibətilə sübut edib ki, biz müstəqil dövlətik və biz öz maraqlarımızı qoruya bilərik. Ölkə daxilində və ölkəmizin xaricində bu bölgədə gedən proseslərə təsir imkanlarımız artır və biz öz milli maraqlarımızı istənilən yolla müdafiə edirik, bunu bacarırıq və bunu sübut etmişik. Milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Bizim bütün ideologiyamız, bütün səylərimiz milli maraqların qorunmasına yönəldilibdir. Əlbəttə, gənc, müstəqil dövlət üçün bu, təbiidir. Çünki bu salonda əyləşənlərin böyük əksəriyyətinin ömrünün bir hissəsi, yarısı, yaxud da ki, böyük hissəsi sovet dövrünə təsadüf edir. Ancaq biz xoşbəxtik ki, müstəqil Azərbaycanı gördük. Bizdən əvvəlki, nəsillər müstəqillik arzuları ilə, müstəqillik eşqi ilə yaşamışlar. Ancaq müstəqilliyi görə bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil Azərbaycan dövlətində yaşayırıq. Bizim məsuliyyətimiz ondadır ki, biz – bax, burada toplaşan cəmiyyətimizin əsas siyasi fəalları bu müstəqilliyi möhkəmləndiririk, qoruyuruq, əbədi, dönməz edirik, uzunmüddətli inkişaf strategiyamızı müəyyən edirik, Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafını təmin edirik.

Bizim tərəfimizdən irəli sürülmüş layihələr – enerji layihələri, iqtisadi layihələr, siyasi təşəbbüslər ölkəmizin uzun illər, onilliklər bundan sonra da uğurlu inkişafını təmin edəcəkdir. Təki siyasi xətt dəyişməz olaraq qalsın və mən heç şübhə etmirəm ki, bundan sonrakı illərdə də, onilliklər bundan sonra da siyasi xəttimiz dəyişməz olaraq qalacaqdır. Çünki son 20 il ərzində görülən işlər və müstəqilliyimizin tarixi sübut edib ki, bu, yeganə düzgün siyasətdir, yeganə düzgün yoldur.

Mən çox şadam ki, son 10 il ərzində çalışmışam ki, bu böyük məsuliyyəti öz çiynimdə aparım. Çalışmışam ki, Ulu Öndərin siyasətinə layiq olum. Çalışmışam ki, onun siyasi xəttini sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi ilə yaşadım. Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir.

Bu gün biz - ulu öndər Heydər Əliyevin siyasi varisləri, davamçıları onun ölməz xatirəsi qarşısında bir daha söz verir və and içirik ki, bu yolla gedəcəyik, bu yoldan dönməyəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik!

X X X

Yeni Azərbaycan Partiyasının V qurultayı dövlət himninin səslənməsi ilə başa çatdı.

Loader

Böyük ölçüdə



Böyük ölçüdə

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
233 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR