İlham Əliyev Şərur rayonu Yengicə kənd orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir

05 oktyabr 2010, 13:30
İlham Əliyev Şərur rayonu Yengicə kənd orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Şərur rayonunun Yengicə kənd orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir.

Məktəbin müəllim kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, məktəbin 130 ildən çox yaşı olan köhnə binası sonuncu dəfə 1986-cı ildə təmir edilmişdir. Uzun müddət yararsız vəziyyətdə olan təhsil ocağı üçün yeni binanın tikintisi uğurla başa çatmışdır. Üçmərtəbəli yeni binada hazırda 306 şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 45 müəllim məşğul olur. Yeni binada 568 şagird yeri vardır. Otaqlar və fənn kabinetləri müasir standartlara cavab verən dərs ləvazimatları və avadanlığı ilə təchiz olunmuşdur. Səkkiz min nüsxəyə yaxın ədəbiyyat fondu olan kitabxanada Heydər Əliyev guşəsi yaradılmışdır. Kompyuter otaqlarında şagirdlərin informasiya texnologiyalarının sirlərinə yiyələnmələri üçün bütün texniki imkanlar mövcuddur. Sinif otaqlarının hər birində internetə qoşulmuş 19 kompyuter qoyulmuşdur. Məktəbdə dərslərin elektron formatda keçilməsi üçün elektron lövhə ilə təmin edilmiş iki kabinet fəaliyyət göstərir. Təhsil ocağında zəruri materiallarla təchiz olunmuş hərbi kabinet də vardır. Müxtəlif idman qurğularının quraşdırıldığı zalda mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bir sözlə, üç korpusdan ibarət olan məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün zəruri infrastruktur yaradılmışdır.

Məktəblə tanışlıqdan sonra dövlət başçısı müəllimlərlə görüşdü.

Məktəbin müəllimi Səkinə CABBARLI bütün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında aparılan yenidənqurma işlərinin dərin sevinc hissi doğurduğunu, burada yeni obyektlərin istifadəyə verildiyini, əhali üçün lazımi infrastrukturun yaradıldığını söylədi. Bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham ƏLİYEV yeni məktəb binasının açılışı münasibətilə yengicəliləri təbrik edərək dedi:

- Yeni məktəbin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Gözəl, çox rahat, müasir məktəbdir, bütün avadanlıq da quraşdırılıb. Yəni, hər bir şərait vardır ki, burada uşaqlar yaxşı oxusunlar. Burada müəllimlər üçün də yaxşı şərait yaradılıb. Bu məktəbin tikintisi çox əlamətdar bir hadisədir və onu göstərir ki, Azərbaycanın hər bir yerində məktəb tikintisi sürətlə gedir. Bu məktəb əslində kənd məktəbinə oxşamır. Çox əzəmətli, gözəl, geniş, işıqlı bir məktəbdir. Bu gün Azərbaycanın bütün kəndlərində belə gözəl məktəblər tikilir. Bizim siyasətimiz məhz bundan ibarətdir ki, bütün yerlərdə, bütün bölgələrdə, ən ucqar kəndlərdə də ən müasir səviyyə, insanların yaşaması, işləməsi üçün bütün şərait yaradılmalıdır.

Şərur rayonunda bütün sosial məsələlər həllini çox uğurla və keyfiyyətlə tapır. Keçən dəfə Olimpiya Kompleksinin açılışında, mərkəzi rayon xəstəxanasının istifadəyə verilməsində iştirak etmişdim. Digər obyektlərin, sosial infrastrukturun yaradılması bu rayonda çox uğurla və sürətlə gedir. Bu məktəbin tikintisi rayona göstərilən qayğının nəticəsidir.

Mən çox şadam ki, muxtar respublikanın rəhbərliyi bütün bu işləri çox böyük zövqlə və məhəbbətlə edir. Hər şey etmək olar, çünki indi Azərbaycanın iqtisadi imkanları genişlənir, maliyyə resurslarımız da, ciddi düşünülmüş proqramlarımız da vardır. Amma bununla bərabər, hər bir vətəndaş öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Naxçıvanda gözəl quruculuq, abadlıq işləri sürətlə gedir və bu məni çox sevindirir. Hər dəfə Naxçıvanda olanda mən bu yenilikləri, müasir yanaşmanı görürəm.

Naxçıvanın çox qədim tarixi, zəngin mədəni irsi, gözəl ənənələri vardır. Bizim bütün bu tarixi keçmişimiz və milli dəyərlərimiz lazımi səviyyədə qorunur və bununla bərabər, müasir şərait, müasir infrastruktur yaradılır. İnsanların yaşaması və işləməsi üçün bütün imkanlar vardır. İş yerləri açılır, məktəblər, xəstəxanalar, idman qurğuları tikilir, yollar, su kəməri çəkilir. Bu gün biz Naxçıvanın su proqramının həllinin birinci mərhələsini qeyd edəcəyik. Yəni, bu onu göstərir ki, ölkədə bütün sahələrdə düşünülmüş siyasət vardır və hər yerdə bu işlər yüksək səviyyədə görülür. Bu məktəb inkişaf etmiş ölkələrin əsas şəhərlərində olan məktəblərə bənzəyir, bəlkə onlardan da üstündür. Bax, budur bizim yanaşmamız və budur Azərbaycanın bugünkü reallıqları.

Bu gözəl məktəbin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm və sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10