Azərbaycan və Avstriya prezidentlərinin mətbuat üçün bəyanatları

13 may 2013, 16:40

Prezident Haynts Fişerin bəyanatı

- Cənab Prezident, Sizi və nümayəndə heyətinizi burada, Avstriyada rəsmi səfər çərçivəsində salamlamaqdan olduqca məmnunam.

Azərbaycana, Bakıya 2011-ci ilin payızında etdiyim səfər yaxşı xatirimdədir. Bizim o vaxt Bakıda, indi isə Vyanada çox məhsuldar müzakirələrimiz oldu. Əməkdaşlığımız üçün bir çox sahələr mövcuddur. İndicə imzaladığımız Bəyannamədə ölkələrimiz arasındakı dostluq münasibətlərimiz və tərəfdaşlığımız əksini tapıb. Məsələn, Bəyannamədə hər iki ölkədə demokratiyaya, insan hüquqlarına hörmətlə yanaşmaya, qanunun aliliyinin təşviqinə sadiqlik vurğulanır. Sənəddə, həmçinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin vacibliyi qeyd edilir.

Mən uzun sürən bu problem, münaqişə ilə bağlı vəziyyətin daha da yaxşılaşdırılmasına nail olmaq üçün növbəti mümkün addımların atılmasına dair söylədiyiniz rəyə, verdiyiniz təqdimata görə Sizə olduqca minnətdaram.

Əlbəttə ki, müzakirələrimizin əsas mövzusu iqtisadi əməkdaşlığa da aid idi. Çox əlamətdar haldır ki, Bakıya səfərimdən, apardığımız danışıqlardan və Bakıdakı biznes forumdan bir il sonra ölkələrimiz arasında ixrac, idxal əməliyyatları böyük həcmdə artmışdır. Bu, çox yaxşı göstəricidir. Biz bunun davam etdirilməsinə çalışırıq. Avstriya tərəfi şirkətlərinin tərtib etdiyi və müxtəlif sahələri və təklifləri əhatə edən siyahını Prezidentə və onun əməkdaşlarına təqdim etdi. Burada neft, səhiyyə, texnologiyalar sahələrinə, yeni hava limanına, turizm sahəsindəki əməkdaşlığa dair təkliflər vardır. Dəmir yolları üçün avadanlıq, infrastruktur, mehmanxana işi, konsaltinq və digər məsələlər də öz əksini tapmışdır. Bizim bir çox ümumi layihələrimiz, bu cür layihələr üçün təkliflərimiz vardır. Bundan çox məmnunuq.

Azərbaycanda olarkən, mən Prezidentə Avstriyada və Lüksemburqda beynəlxalq əsaslarla təsis edilmiş Antikorrupsiya Akademiyası haqqında məlumat verdim. Bir neçə ay sonra Azərbaycanın Antikorrupsiya Akademiyasına qoşulması haqqında məlumatı almaqdan çox məmnun oldum. Bu qurum korrupsiyaya qarşı uğurlu mübarizə aparmaq üçün dövlət idarəçiliyi sahəsində təlim kursları keçir. Dünyanın bütün ölkələri iqtisadiyyatın şəffaflığını təmin etmək və təkmilləşdirmək üçün bu və ya digər dərəcədə buna ehtiyac duyurlar. Bu sahədə aparılan əməkdaşlıqdan çox məmnunuq.

Biz BMT çərçivəsində qarşılıqlı surətdə namizədlər üzərində razılığa gəlmişik. Avstriya BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinə Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması komitəsinə Avstriyanın xanım namizədini dəstəkləyir.

Görüşümüz olduqca müsbət, mehriban və konstruktiv mühitdə keçdi. Əlbəttə ki, biz “Nabukko” məsələsini də müzakirə etdik. Bu məsələdə biz eyni mövqedəyik, ümumi və oxşar maraqlarımız vardır. Növbəti qərar bir neçə həftədən sonra qəbul ediləcəkdir. Bu, iyunda baş verə bilər. “Nabukko”nun qərb istiqamətinə və ya TANAP layihəsinə üstünlüyün verilməsindən asılı olmayaraq, qəbul olunacaq istənilən qərar enerji sahəsində önəmli əməkdaşlığımız üçün imkan açacaqdır.

Sizə söyləmək istədiyim mülahizələr bu qədər. Çox sağ olun.

Prezident İlham Əliyevin bəyanatı

- Sağ olun, cənab Prezident.

Əvvəlcə icazə verin, göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirim. Ölkənizdə olmağımızdan və dialoqumuzun davam etdirilməsindən çox şadıq.

Biz hamımız Azərbaycana etdiyiniz səfəri və apardığımız müzakirələri xatırlayırıq. Qeyd etdiyiniz kimi, həmin səfərdən sonra biz əməkdaşlığın bütün sahələrində sürətli inkişafı hiss edirik. Fikrimcə, Bəyannamənin imzalanması ikitərəfli münasibətlərimizdə mühüm mərhələdir. Bu, ölkələrimiz arasında imzalanmış bütün sənədlər arasında xüsusi yer tutur.

Çünki o, əməkdaşlığımızın mahiyyətini, əlaqələrimizin tarixini əks etdirir və bir çox sahələri əhatə edir. Bu, olduqca mühüm Bəyannamədir. Sənəd münasibətlərin və tərəfdaşlığın əla səviyyədə olduğunu təsvir edir.

Əslində bu sözlər əməkdaşlığımızın səviyyəsini səciyyələndirir. Biz güclü siyasi əlaqələr qurmuşuq, daim əlaqədəyik.

Bir-birimizi dəstəkləyirik və cənab Prezidentin qeyd etdiyi kimi, bu dəstəyi beynəlxalq təşkilatlarda davam etdirəcəyik.

Eyni zamanda, iqtisadi əməkdaşlığa gəldikdə çox yaxşı nəticələrimiz vardır. Ticarət dövriyyəsi artır və böyük potensiala malikdir. Hazırda bir çox Avstriya şirkətləri Azərbaycanda mühüm layihələri həyata keçirən podratçı qismində fəaliyyət göstərir. Bu layihələr turizm infrastrukturuna, incəsənətə, memarlığa aiddir. Avstriya şirkətlərinin Azərbaycanda əla nüfuzu vardır. Onlar Azərbaycanın hazırda həyata keçirdiyi bir çox infrastruktur layihələrində bizə yardım edirlər.

Bu gün bir azdan sonra bizim işgüzar dairələrlə görüşümüz olacaqdır. Bu tədbir də, fikrimcə, cənab Prezident, əməkdaşlığımıza növbəti dəstək verəcəkdir. Biz, həmçinin daha çox Azərbaycan şirkətlərinin Avstriyada işləməsini arzulayırıq. Ümidvarıq ki, bu da baş verəcəkdir.

Azərbaycan şirkətləri üçün sərmayə baxımından Avstriya çox cəlbedici ölkədir. Dünyada ən şəffaf neft fondlarından olan Azərbaycan Dövlət Neft Fondu Avropada və ümidvarıq ki, Avstriyada sərmayə imkanlarını axtarır və sərmayə layihələrinə başlayır.

Cənab Prezident bildirdi və bu Bəyannamədə qeyd olunub ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etdik. Münaqişə beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında həll olunmalıdır. Onların arasında mən erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istəyirəm.

Əfsuslar olsun ki, 20 ildir bu qətnamələr yerinə yetirilmir, işğal davam edir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, etnik təmizləmə siyasətinə və soyqırımına məruz qalmışdır. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin status-kvonun qəbulolunmazlığı barədə verdikləri bəyanatlara Ermənistanda məhəl qoymurlar. Status-kvonun dəyişilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanğıcı deməkdir. Fikrimcə, bu, nə qədər tez baş verərsə, danışıqlar prosesi daha sürətlə gedər və danışıqlar prosesində müşahidə olunan mühit mənfidən müsbətə doğru dəyişə bilər. Azərbaycan ərazilərinin dərhal işğaldan azad edilməsinin başlanması bizim gözlədiyimiz məsələdir. Ümidvarıq ki, beynəlxalq ictimaiyyət bu istiqamətdə daha fəal rol oynayacaqdır.

Əlbəttə ki, biz enerji əməkdaşlığını da müzakirə etdik. Bu əməkdaşlıq üçün yaxşı perspektivlər vardır. Azərbaycan “Cənub qaz dəhlizi”nin tikintisini nəinki dəstəkləyən, əslində, onu başlayan ölkədir. Ötən dəfə cənab Prezidentlə Bakıda keçirdiyimiz görüşdən sonra biz mühüm nailiyyət əldə etmişik. Burada Trans-Anadolu qaz boru kəmərinin tikintisi ilə əlaqədar Türkiyə ilə əldə edilmiş razılaşma nəzərdə tutulur. Bu, Azərbaycan qazı üçün Avropa qitəsinə qapıları açır. Bu məsələ ilə bağlı Avropa təsisatları və Avropa İttifaqı ilə apardığımız müzakirələr hər zaman bizim diqqət mərkəzimizdədir.

Avropa İttifaqlı ilə Azərbaycan enerji sektorunda strateji tərəfdaşlıq sazişini imzalamışdır. Orada Azərbaycan “Cənub qaz dəhlizi”nin əsas qüvvəsi və təşəbbüskarı kimi qeyd edilir. Fikrimcə, “Cənub qaz dəhlizi” uğurla həyata keçiriləcəkdir.

Hazırda “Şahdəniz” konsorsiumu təkliflərin kommersiya tərəfini qiymətləndirir. Ümidvarıq ki, yaxın gələcəkdə qərar qəbul olunacaq və nəticədə Azərbaycan qazı Avropa qitəsinə çatdırılacaqdır.

Gördüyümüz kimi, əla münasibətləri, yüksək səviyyədə qarşılıqlı anlaşma münasibətlərini genişləndirmək və əməkdaşlığı gücləndirmək üçün hər iki tərəfin istəyi vardır. Hesab edirəm ki, bu səfər bu baxımdan öz rolunu oynayacaqdır.

Hörmətli cənab Prezident, qonaqpərvərliyinizə görə çox sağ olun. Bildirmək istəyirəm ki, mən Vyana şəhərini və zəngin tarixi, xalqınızın tarixi irsini özündə əks etdirən belə möhtəşəm sarayı çox xoşladım.

SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10