Azərbaycan və Avstriya prezidentləri Avstriya-Azərbaycan biznes forumunda iştirak etmişlər

13 may 2013, 23:00
Azərbaycan və Avstriya prezidentləri Avstriya-Azərbaycan biznes forumunda iştirak etmişlər

Vyanada Avstriya-Azərbaycan biznes forumu keçirilmişdir.

Prezident İlham Əliyev və Avstriya Respublikasının Prezidenti Haynts Fişer biznes forumda iştirak etmişlər.

Avstriya İqtisadi Palatasının sədri Kristof LAYTL çıxış edərək dedi:

- Zati-aliləri,

Hörmətli Prezident Əliyev.

Federal Prezident Haynts Fişer.

Xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Azərbaycanın nüfuzlu nümayəndə heyətinin üzvləri.

Mən Sizi Avstriyanın İqtisadi Palatasında səmimi qəlbdən salamlayıram. Mən Sizin hamınıza xoş gəlmisiniz deyirəm və çox minnətdaram. Ölkənizin və Avstriyanın işgüzar dairələri arasında əməkdaşlıq ruhlandırıcı tempdə inkişaf edir.

Əvvəlcə, cənab Prezident, Sizi ölkənizin son onillikdə əldə etdiyi uğurlar münasibətilə təbrik edirəm. Bu məqamda, atanızın ölkəmizə səfərini xatırlayırıq. On il öncə o, burada olmuşdur. O, buranı ziyarət etdi. Nümayəndə heyətinizin bəzi üzvləri onunla gəlmişdilər. Ata Əliyevin səfərinin fotoları həmin anları bizə bir daha xatırladır.

Hesab edirəm ki, ölkənizdə bu siyasətin davam etdirilməsi biz avstriyalılar üçün də mühüm məsələdir. Çünki bu siyasət qarşılıqlı etimad və inam yaradır. İqtisadi qərarlar etimad və inama əsaslanır. Bu gün ölkənizdə müzakirə etdiyimiz və müzakirə edəcəyimiz bir çox layihələr mövcuddur. Ümid edirəm ki, çoxsaylı təmaslar qurulacaq və reallaşacaqdır.

Şəxsi təmasların layihələrin icrasına yönəlməsi mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən bildirmək istəyirəm ki, həmin layihələrdə turizm, idman, nou-hauya malik olduğunuz və Avstriyanın sərmayə qoyduğu enerji, infrastruktur kimi nəhəng layihələr və sair nəzərdə tutulmuşdur.

Cənab Prezident, Siz qeyd etdiniz ki, əməkdaşlıq etdiyimiz sahələrdən, istifadə etmədiyimiz sahələri sadalamaq daha asan olardı. Bu, hər iki ölkənin işgüzar dairələrinin gördüyü işə verilən yüksək qiymətdir. Bu münasibətlə Sizi təbrik edirəm.

Əslində, bu palatada biz ikinci böyük zalı seçmişdik. Sonradan isə ən böyük zalı seçməli olduq. Buna baxmayaraq, burada divar boyunca bir çoxları hələ ayaq üstə də dayanıb. Bu, əməkdaşlıq etmək üçün böyük maraq və iradəni göstərir.

Hesab edirəm ki, Avstriyanın iqtisadi gücləri üçün bu, çox yaxşı mesajdır və biz bu istiqamətdə işləyə bilərik. Bu yolda biz sizi müşayiət edə bilərik. Bu işə çox sadiqik.

Birinci cərgədə əyləşən sədr müavini ölkənizin yaxın dostudur və bir neçə dəfə səfər edib. Bu, onu göstərir ki, biz nəinki belə böyük səfərlərdə maraqlıyıq, həm də istər ticari, istər sərmayə, istərsə də memarlıq sahələrində layihələri icra edirsinizsə, biz bir-birimizi daimi olaraq müşayiət etməyə hazırıq. Buna yalnız bir-birimizlə mütəmadi təmasda olaraq, qarşılıqlı prioritetləri, istəkləri öyrənməklə nail olmaq mümkündür. Bu səbəbdən biz həmin işləri görürük.

Avstriya Avropa İttifaqının üzvüdür və Sizi burada görməkdən şərəf hissi duyur. Biz Dunay strategiyasında, həmçinin Sizin ölkənizi də görürük. Avstriyanın siyasəti baxımından Sizin bazar diqqət mərkəzindədir, nəinki iqtisadiyyatınız, həmçinin siyasətiniz bizi maraqlandırır. Biz, həmçinin bu regionun sabitləşməsinə çalışmalıyıq. Fikrimcə, bu fəlsəfə iqtisadiyyatımızın arxasında dayanıb. Biz xalqlarımıza və ölkələrimizə xidmət etməyə və dünyada daha çox sülh və əməkdaşlığın bərqərar olunmasına töhfə verməyə hazırıq.

Çox sağ olun və bir daha Azərbaycandan gəlmiş dostlarımızı və tərəfdaşlarımızı səmimiyyətlə salamlayıram.

X X X

Avstriya Prezidenti Haynts FİŞER çıxış edərək dedi:

- Hörmətli Prezident Əliyev, Zati-aliləri!

Azərbaycanlı və avstriyalı qonaqlar, hörmətli Avstriya İqtisadi Palatasının sədri, xanımlar və cənablar!

Mən Avstriya və Azərbaycan işgüzar dairələrinin çox sayda aparıcı nümayəndələrini bir araya gətirən Avstriya-Azərbaycan biznes forumunda Prezident Əliyevlə birgə iştirak etməkdən böyük məmnunluq duyuram.

Avstriyanın və Azərbaycanın mədəni və tarixi kökləri nə qədər fərqli olsa da, bir o qədər də oxşarlıqlar vardır. Məsələn, ölkələrimizi ərazisi və əhalisinə görə müqayisə etmək və hətta oxşar hesab etmək olar. Hər iki ölkə medallarla təltif olunmaqda uğur qazanıb. Fərq kiçik olsa da, bu oxşarlıq Olimpiya Oyunlarında müşahidə edildi. Avstriya Qış Olimpiya Oyunlarında medalları qazandığı halda, Azərbaycan Yay Oyunlarında böyük uğurlar əldə etmişdir. Fikrimcə, bu, əməyin ədalətli qaydada bölünməsidir.

Hər iki ölkə “Eurovision” mahnı müsabiqəsində uğur qazanmışdır. Azərbaycan bu nailiyyəti 2011-ci ildə, Avstriya isə bir nəsil əvvəl qazanmışdır. Düzdür, demirəm nə vaxt, lakin uzun illər öncə.

İqtisadi sahədə ölkələrimiz bir-birini tamamlayır. Azərbaycan neft-qaz hasil və ixrac edən zəngin ölkədir. Avstriyanın iqtisadiyyatı isə yüksək texnologiyalara, bir çox sahələri əhatə edən sənaye istehsalına və əlbəttə ki, turizmə əsaslanır.

Mən hər zaman qonaqlara fərəh hissi ilə deyirəm ki, əhalisi səkkiz milyondan bir az artıq olan Avstriyaya gələn turistlər istirahət yerlərində və obyektlərində ümumilikdə 120 milyon sutka keçirirlər.

İkitərəfli iqtisadi və enerji əlaqələri xüsusən də son illər ərzində yüksələn xətlə inkişaf edir. Avstriyanın Mərkəzi Avropada qovşaq rolu oynadığını nəzərə alaraq, Azərbaycan Avstriya üçün Cənubi Qafqazda aparıcı ticarət tərəfdaşıdır. Son on illik ərzində gözəçarpan iqtisadi inkişafı ilə Azərbaycan xüsusən də turizm sahəsində fəaliyyət göstərən, - yeri gəlmişkən, Palata sədri Laytl bunu qeyd etdi, - infrastruktur layihələri ilə məşğul olan Avstriya şirkətləri üçün cəlbedici ölkəyə çevrilmişdir.

2011-ci ilin oktyabrında Bakıya son səfərim zamanı şəxsən müşahidə etdim ki, Bakı öz infrastrukturunun müasirləşdirilməsinə böyük sərmayələr yatırır. İnanıram ki, bu amillərə görə Avstriya şirkətlərinə Azərbaycanda açılan imkanlar artır. Buna görə mən Avstriya şirkətlərini Azərbaycanın iqtisadi potensialını daha dərindən öyrənməyə dəvət edirəm. Eyni zamanda, əminəm ki, Azərbaycan iqtisadiyyatını şaxələndirməklə və xaricdə, o cümlədən Avstriyada çoxşaxəli sərmayə fürsətlərindən istifadə edərək, daha geniş biznes imkanlarını sərgiləyəcəkdir.

Mən Azərbaycan tərəfini uzunmüddətli əməkdaşlıq üçün etibarlı tərəfdaş sayılan Avstriya şirkətlərinin ekspert biliklərinə və innovativ imkanlarına inamla yanaşmağa çağırıram. Avstriya ekspertlərinin yaradıcı fəaliyyətinə dair bir misal gətirim.

Bəlkə də Avstriya tərəfi hələ bilmir ki, Avstriya vətəndaşı Robert Kalina nəinki avro əskinazlarının, həmçinin Azərbaycan valyutasının yeni əskinazlarının dizaynını tərtib edib. Beləliklə, mən azərbaycanlı dostlarımızı mallar və xidmətlərin qarşılıqlı mübadiləsi üçün çox faydalı olacaq Avstriyanın innovativ məhsullarının təqdim edildiyi digər sahələri də öyrənməyə dəvət edirəm.

Bundan başqa, qeyd etməliyəm ki, Avstriya Avropanın mərkəzində olmaqla əlverişli coğrafi mövqeyə malikdir. Sağlam iqtisadi durum, Avropa İttifaqında ən aşağı işsizlik səviyyəsi, sabit sosial tərəfdaşlığımız, - bu haqda bir neçə dəqiqə bundan əvvəl bir-birimizə məlumat verdik, – yüksək dərəcəli əmək qüvvəsi və ümumi daxili məhsulun yüksək artım tempi bunları deməyə əsas verir. Bir sözlə, Avstriya biznes üçün sərmayə qoymaqda ideal məkandır. Avstriyanın coğrafi mövqeyini xatırlatdıqda bildirməliyəm ki, uzun məsafəyə baxmayaraq, Mərkəzi Asiyadan olan insanlar sadəcə təsəvvür edə bilməzlər ki, qonşu Slovakiyanın paytaxtında kiminlə isə görüş təyin etmək istəyirsənsə deyə bilərsən: “İndi saat beşdir. Gəlin altıya 15 dəqiqə qalmış görüşək”. Siz Slovakiyanın paytaxtına 40 dəqiqəyə çatırsınız. Əgər sizin Macarıstanda, Budapeştdə işiniz varsa, saat birdə naharda iştirak etməlisinizsə, on birin yarısında maşınınızla yola düşməyiniz kifayətdir. Sürəti artırmadan iki saat yarımdan sonra siz Budapeştə çata bilərsiniz. Mənə inanmırsınızsa özünüz sınayın! Dəmir sədlər dövründə vəziyyət tamamilə başqa cür idi. Çünki sərhəddə iki, iki saat yarım, bazar günlərində hətta üç saat gözləməli idin. Ümumiyyətlə, işlər çox çətin gedirdi.

Yekun olaraq, mən Avstriya İqtisadi Palatasının sədri Laytla bugünkü forumu təşkil etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən 2011-ci ilin oktyabrında Bakıda keçirilmiş ikitərəfli iqtisadi forumda iştirak etmişəm. Əminəm ki, bu cür görüşlər ikitərəfli ticarətin və sərmayə siyasətinin mühüm informasiya mənbəyidir. Belə tədbirlər biznes tərəfdaşları arasında yeni əlaqələrin qurulması üçün faydalı platforma rolunu oynayır və ciddi ticarət imkanları yaradır.

Əlbəttə ki, sədr Laytla bir-birimizi tanımağımızın vacibliyini və əhəmiyyətini, əgər siz bizneslə məşğul olursunuzsa şəxsən görüşməyin vacibliyini haqlı olaraq qeyd etdi. Çünki siz bu halda bir-birinizə etibar edə bilirsiniz və etimad göstərirsiniz.

Əminəm ki, bugünkü forum Avstriya ilə Azərbaycan arasında iqtisadi və enerji əməkdaşlığının daha da dərinləşməsinə xidmət edəcək və hər iki ölkəyə fayda gətirəcəkdir.

Mən bu zalda əyləşən bütün biznes adamlarına və ekspertlərə, eləcə də şirkət nümayəndələrinə gələcək biznes fəaliyyətində böyük uğurlar arzulayıram. Yaxşı siyasi münasibətlərimiz, Azərbaycandan Avropanın bu hissəsinə hava uçuşları ilə biz gələcək əməkdaşlığımıza nikbinliklə baxa bilərik.

Çox sağ olun və sizə böyük uğurlar arzulayıram.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Hörmətli cənab Prezident Fişer!

Hörmətli sədr Laytl!

Əziz dostlar!

Mənə ölkənizə səfər etmək, fəal siyasi dialoqu davam etdirmək və işgüzar dairələrlə görüşmək fürsəti yaratdığına görə Prezident Fişerə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün bizim bir çox məsələləri, o cümlədən iqtisadi əməkdaşlığı müzakirə etdiyimiz çox məhsuldar görüş və müzakirələrimiz oldu. Nəticələrimiz yaxşıdır. Ümidvaram ki, bu görüşdən sonra iqtisadi işbirliyimiz daha fəal olacaqdır.

Coğrafi baxımdan biz bir-birimizə o qədər də yaxın deyilik. Lakin deyə bilərəm ki, Avstriya və Azərbaycan arasında məsafə o qədər də böyük deyildir. Ümumiyyətlə, siz səhər yeməyini Bakıda, naharı Vyanada, şam yeməyini isə yenidən Bakıda yeyə bilərsiniz. Lakin əlbəttə ki, təyyarəyə minmək şərti ilə. Lakin qəlblərimiz arasında məsafə lap qısadır, çünki həqiqətən biz Avstriyada özümüzə əsl dost və tərəfdaş qazanmışıq. Biz onlarla əlaqə saxlayırıq, işləyirik, gələcək layihələrimizi planlaşdırırıq, iqtisadi əməkdaşlıq qururuq. Müsbət iqtisadi əməkdaşlığa dair bir çox misallar gətirə bilərik. Biz yeni Azərbaycan manatının dizaynını tərtib etmiş cənab Kalinaya çox minnətdarıq. Ölkəmizdə pul islahatı həyata keçirildi və yeni dizaynlı əskinazlar dövriyyəyə buraxıldıqdan sonra manat gücləndi. Hazırda 1 manat 1 avroya bərabərdir.

Ola bilsin ki, ikitərəfli əməkdaşlığımızın buna da təsiri olub.

Hazırda Azərbaycanda çoxlu sayda Avstriya şirkəti işləyir və ölkəmiz üçün mühüm layihələri uğurla həyata keçirir. Burada olduqca geniş sahələri əhatə edən layihələr nəzərdə tutulur. Bu gün biz bu mövzunu qısaca müzakirə etdik və bildirdik ki, əməkdaşlıq etdiyimiz çoxsaylı sahələri yox, iş aparmadığımız az sayda sahələri qeyd etmək daha asandır. Avstriya şirkətləri peşəkar, bacarıqlı şirkətlərdir və çox gözəl zövqləri ilə seçilirlər. Onların Azərbaycanda layihələndirdikləri və tikdikləri memarlıq binaları adi binalar deyildir. Bunlar elə binalardır ki, hamı onları görə biləcəkdir. Məsələn, bu, Bakının yeni Beynəlxalq Hava limanıdır, yaxud bu, Bakı Xalça Muzeyidir. Azərbaycanın rəmzi olan Qız qalasının bərpası və yenilənməsi də Avstriya mütəxəssisləri tərəfindən aparılır. Bu, aramızda olan ən yüksək etimad səviyyəsidir, çünki Qız qalası bizim üçün böyük məna daşıyır. O, özünəməxsusluğumuzun, memarlığımızın və mədəniyyətimizin əsl rəmzidir.

Əməkdaşlığımız üçün sahələr çoxdur. Avstriya şirkətləri mehmanxanalar, xizəksürmə və istirahət yerləri tikirlər, müxtəlif layihələrdə iştirak edirlər. Ümid edirik ki, gələn illərdə biz ölkəmizdə daha çox şirkət görəcəyik, çünki gələcək üçün planlarımız az deyildir.

Dövlət sərmayə proqramımız genişlənir. Ötən il Azərbaycana 22 milyard dollar məbləğində sərmayə yatırılmışdır. Biz adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə keçmiş sovet məkanında aparıcı ölkəyik. Sərmayə mühiti olduqca müsbətdir. Biz daha çox Avstriya şirkətini sərmayədar və podratçı kimi görmək istərdik. İnfrastruktur layihələri ilə bağlı məsələlərin həllində də biz həmin şirkətlərlə birgə işləyə bilərik, çünki Azərbaycan hazırda sürətlə müasirləşən ölkədir. İnfrastruktur, xidmətlər modernləşir və avstriyalı həmkarlarımızın yaxşı idarəçilik təcrübəsi və ekspert bilikləri bizim üçün çox qiymətlidir.

İqtisadi göstəricilərə gəldikdə, hazırda iqtisadiyyatımız əvvəlkindən daha çox şaxələndirilmişdir. Enerji sektorundan asılılığın aradan qaldırılması işi uğurla aparılır. 2013-cü ilin ilk üç ayında qeyri-enerji sektorunda ümumi daxili məhsulun artımı 11 faizdən çox olmuşdur. Azərbaycan ümumi daxili məhsulla nisbətdə bəlkə də ən az xarici borcu olan ölkələrdəndir və onun səviyyəsi cəmi yeddi faizdir. Sabit maliyyə sistemi mövcuddur. Valyuta sabitdir. Yaxşı sərmayə imkanları və iqtisadiyyatın sürətli artımı müşahidə olunmaqdadır. Son on il ərzində inanılmaz iqtisadi artım olmuşdur. Bu, əsasən enerji sektoru ilə şərtlənir. Lakin tək bu deyildir. Biz iqtisadiyyatımızı üç dəfə artıra bildik. Bu, bizə əvvəlcə üzləşdiyimiz işsizlik və yoxsulluq problemini əsasən həll etməkdə yardımçı olmuşdur. On il əvvəl əhalimizin 50 faizi yoxsulluq şəraitində yaşayırdı. Hazırda, bu, cəmi altı faizdir. İşsizlik 5,2 faizdir. Biz, həmçinin Dövlət Neft Fondunu yaratmaqla, milli sərvətlərin ədalətli bölüşdürülməsinə nail olmuşuq. Yeri gəlmişkən, bu Fond dünyada ən şəffaf fondlardan biridir və o, hazırda xaricdə də sərmayə yatırmağa başlayıb.

Biz Azərbaycanda olduqca şəffaf maliyyə vəziyyətini yarada bilmişik. Gələcək planlarımıza gəldikdə, biz müasirləşdirməni davam etdirəcəyik. Hazırda, Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələrini həyata keçiririk.

İqtisadiyyatımızın yeni sektorlarına fəal qaydada sərmayə yatıracağıq. Məsələn, informasiya və kommunikasiya texnologiyaları sahəsi nəzərdə tutulur. Bu ilin fevralında “Azərspace-1” adlanan ilk Azərbaycan peykini fəzaya buraxdıq. O, artıq orbitdədir. Hazırda, kosmos sənayesini inkişaf etdiririk. Başqa sözlə, biz nəzərimizi regionun hüdudlarından, neft və qaz sektorundan kənara yönəltmişik, enerjinin inkişafımıza verdiyi təkan əvvəllər bəzi təhlilçilərin proqnozlaşdırdığı “holland sindromu”ndan və neft bəlasından bizi sığortaladı.

İqtisadi strategiyamızı elə planlaşdırırıq ki, sanki neft və qazımız yoxdur. Bu, bizə şaxələndirmək və davamlı inkişafı təmin etməyə yardım edir. Enerji əməkdaşlığına gəldikdə, bu halda da biz, həmçinin Avstriya ilə Azərbaycan şirkətləri arasında fəal və məhsuldar münasibətlərə malikik. Ümid edirik ki, gələn illər ərzində bu əlaqələr strateji xarakter alacaqdır.

Bizim çox yaxşı qarşılıqlı anlaşmamız vardır. Avropa İttifaqı-Azərbaycan anlaşması da əvvəllər daha çox enerji ilə bağlı idi.

Hazırda, bu, daha geniş vüsət alıb, lakin başlanğıcda enerji əməkdaşlığı dayanırdı. Azərbaycan öz neftini Avropa bazarlarına nəql edir. Bu, bəzi ölkələrin enerji balansında önəmli yer tutur, yəni 30-40 faiz təşkil edir. Qazın nəqlinə gəldikdə, əgər əlbəttə ki, hər şey planlarımıza uyğun gedərsə, Azərbaycan qazı 4-5 ildən sonra Avropa İttifaqının bazarına çıxarılacaqdır. Bu isə, regionun enerji xəritəsini tamamilə dəyişəcəkdir.

Daşıma, neft və qaz boru kəmərləri layihələri ilə bağlı təşəbbüslərimiz regional əməkdaşlığa, sabitliyə və proqnozlaşdırmaya xidmət edir. Fikrimcə, biz hasilatçılar, tranzit ölkələr və istehlakçıların maraqları arasında yaxşı tarazlıq tapmışıq. Enerji siyasətimiz və diplomatiyamız əməkdaşlıq formatına əsaslanır. Tam əminik ki, rəqabət və ədalətsiz yarışma ilə deyil, yalnız əməkdaşlıq yolu ilə məqsədlərimizə çata bilərik.

Avropa İttifaqı Azərbaycanı “Cənub qaz dəhlizi”nin əsas qüvvəsi və töhfə verən tərəf hesab edir. Bir daha qeyd edirəm, biz bu layihələri Xəzərdə başlamağımızdan, Xəzər dənizinin enerji resurslarını dünyada ilk dəfə olaraq əməkdaşlığa açıq etməkdən fərəhlənirik. Hazırda isə, biz Avropadakı tərəfdaşlarımızla, o cümlədən avstriyalı dostlarımızla dünyanın ən mürəkkəb, mühüm və perspektivli enerji layihələrindən birinin – “Cənub qaz dəhlizi”nin həyata keçirilməsi üçün çalışırıq.

Eyni zamanda, bir daha qeyd etmək istəyirəm, bizim üçün və hökumətimiz üçün qeyri-enerji sektoru prioritetdir. Mən Azərbaycanda hələ işləməyən yeni Avstriya şirkətlərini bizimlə işləmək üçün ölkəmizə dəvət etmək istəyirəm. Böyük planlarımız vardır. Gələcək üçün iri sərmayə proqramlarımız vardır. Avstriya şirkətləri artıq bizim etibarlı, etimadlı tərəfdaşlarımıza çevriliblər. Peşəkarlıq, keyfiyyət, zövq, gözəllik və yaradıcılıq fəaliyyəti. Fikrimcə, Avstriya şirkətlərinə biz bu meyardan baxırıq. Onlar Azərbaycanda xüsusi yer tuturlar . Azərbaycanın bəzi rəmzləri ilə bağlı ən mürəkkəb və mühüm layihələr avstriyalı mütəxəssislər tərəfindən həyata keçirilir. Biz bu dəstəyə, Azərbaycanın müasirləşdirilməsinə yönələn səylərə görə minnətdarıq. Ümidvaram ki, bu məhsuldar əməkdaşlıq uğurla davam edəcəkdir. Xüsusən də, hər iki Prezident iki ildən az müddətdə artıq ikinci dəfədir ki, işgüzar dairələri bir-birinə yaxın olmağa həvəsləndirir. Çox sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12