01 mart 2013, 18:15

Sevda Kərimova və başqalarından, Laçın, Azərbaycan

Möhtərəm Prezident!

Bütün ömrünü ölkəmizin inkişafına və çiçəklənməsinə həsr edən ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gəldiyi vaxtdan əhalinin bütün təbəqələrinin, xüsusilə müharibədə sağlamlığını itirərək əlil olmuş insanların, şəhid vermiş, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş ailələrin həyat şəraitinin və rifah halının yaxşılaşdırılması ön plana çəkilmiş, onlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşlar. Bu təbəqədən olan insanlara həssaslıqla yanaşılmasını humanist dövlət başçısı kimi Siz də həmişə diqqət mərkəzində saxlayırsınız. Laçın rayonunun sakinləri 2011-ci il dekabrın 24-də onlarla görüşməyinizi heç vaxt yaddan çıxarmırlar.

Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi kimi Sizin uzaqgörən və müdrik siyasətiniz sayəsində Azərbaycanda sabitlik və dinamik inkişaf təmin edilmiş, ölkəmizin beynəlxalq nüfuzu artmış, dövlətimizin müstəqilliyi daha da möhkəmlənmişdir. Qazanılmış bu nailiyyətlərlə yanaşı Qarabağı azad etmək üçün yorulmadan səy göstərilməsi, bütün şəhidlərimizin, Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın keçdikləri döyüş yolunun əbədiləşdirilməsi, Ramil Səfərov kimi vətənpərvər zabitimizin ölkəmizə gətirilərək əfv olunması hər bir vətəndaşımızın qəlbində Sizə dərin inam hissi yaratmışdır.

Biz ölkəmizin ildən-ilə artan iqtisadi-siyasi qüdrətindən, hərbi gücündən qürur duyur, bununla fəxr edirik. Belə yüksək inkişaf tempini görmək istəməyən bəzi müxalifət qüvvələrinin, düşmənin dəyirmanına su tökən Əkrəm Naibov kimilərin əməllərini etirazla qarşılayırıq.

Çox hörmətli Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Bütün laçınlı məcburi köçkünlər Sizin uğurlu siyasətiniz sayəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, ata-baba yurdumuzda bizə daha gözəl şərait yaradılacağına qəti əmindirlər və bundan sonra ətrafınızda daha sıx birləşəcəklər.

Dərin hörmət və ehtiramla,

Sevda Kərimova
Mirvari Abdullayeva
Babək Aslanov
Aqşin Məmmədov
Müseyib İbrahimov və başqaları (cəmi 175).

Azərbaycan Respublikası, Laçın rayonu.