Gerb 855a02c43d5370399bc542d050954ea44166233ed310256537a33eb6093068b5

07 fevral 2013, 20:40

Baku”: “Baku” jurnalının 5 yaşı tamam olur. Yubiley əhval-ruhiyyəsi xatirələri oyadır. Bizim ilk müsahibəmiz də məhz Sizinlə olub. Bu gün, 5 il keçdikdən sonra jurnalımız haqqında fikirləriniz bizə maraqlıdır. Nəşrimizi bəyənirsinizmi?

Prezident: Çox təqdirəlayiqdir ki, yaranışından qısa müddət ərzində “Baku” jurnalı böyük oxucu auditoriyası qazanıb. Jurnalın uğurlarında əlbəttə ki, mövzuların aktuallığı, özünəməxsus tərzi, müasir dizaynı və materialların təqdimatı mühüm rol oynayır. Azərbaycanın mədəniyyətinin və incəsənətinin zəngin və qədim tarixi, xalqımızın çoxəsrlik ənənələri haqqında məqalələr və başqa mövzularda materiallar jurnalı daha da maraqlı və oxunaqlı edir. Jurnalın təkcə Rusiyada deyil, başqa ölkələrdə də oxunması müsbət haldır.

Birinci xanım: “Baku” jurnalı qısa müddət ərzində nəşr olunmasına baxmayaraq, oxucuların böyük rəğbətini qazanıb. Bu gün ölkəmiz haqqında obyektiv və müsbət informasiyanı xaricdə təqdim edən belə mənbənin olması sevindirici haldır. “Baku” jurnalı Azərbaycan və onun paytaxtı, bizim məşhur həmyerlilərimiz, Azərbaycan diasporunun görkəmli nümayəndələri, ölkəmizin mədəni həyatının mühüm hadisələri və milli mətbəximiz haqqında parlaq və aydın şəkildə məlumat verir. Mən jurnalınıza gələcəkdə daha böyük məşhurluq, daha geniş oxucu auditoriyası arzulayıram.

Baku”: Ötən 5 il ərzində ölkə həyatının bütün sahələrində əsaslı dəyişikliklər göz qabağındadır. Bu gün ölkəniz yüksək inkişaf dinamikası ilə seçilir. Azərbaycan sözsüz ki, regionda lider dövlətdir. Bu uğurun sirri nədədir?

Prezident: Zənnimcə, uğurların sirri, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun davam etdirilməsindədir. Zaman göstərdi ki, bu, Azərbaycanı xaos və dağılmaqdan qurtaran yeganə düzgün siyasi kurs oldu. Gəlin, Azərbaycanın müstəqilliyinin ilk illərini xatırlayaq. Ölkədə hərbi-siyasi və mənəvi böhran hökm sürürdü, iqtisadiyyat tamamilə tənəzzülə uğramışdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf dövrünə qədəm qoydu. Siyasi-demokratik institutların bərpası, bazar iqtisadiyyatı və müasir inkişaf başladı. Bütün bunlar, Azərbaycanın dünyada dinamik inkişaf edən ölkələrdən biri olmasına gətirib çıxardı. Bu gün Azərbaycanda keçirilən siyasi islahatlar azad cəmiyyətin yaranması ilə nəticələndi. Ölkəmizdə vətəndaşların bütün azadlıqları təmin edilib: söz, vicdan, mətbuat və başqa azadlıqlar. Sabit siyasi sistem, səmərəli sosial siyasət, zəngin təbii sərvətlər, müasir infrastruktur, əlverişli coğrafi mövqe, təhsil almış gənclik - bütün bunlar ölkəmizin uğur qazanmasında böyük rolu olan amillərdir.

İqtisadi sahədə son illərdə böyük uğurlara nail olmuşuq. Son 8-9 ildə iqtisadiyyatımız 3 dəfə artıb. Yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enib. İşsizlik problemi demək olar ki, köklü şəkildə həll edilib. Bu gün işsizlik cəmi 5,2 faizdir. Biz əsas infrastruktur layihələrini gerçəkləşdirməyə nail olmuşuq. Bütün sosial proqramlar həyata keçirilib. Bu gün neft sektorunun iqtisadiyyatımızın sabitləşdirilməsinə yönələn əsas amil olmasına baxmayaraq, son illərdə qeyri-neft sahəsi də uğurla inkişaf edir. Bu il bu sahədə artım təqribən 10 faiz təşkil edib. Biz qısa zamanda ciddi iqtisadi islahatlar aparmağa, iqtisadiyyatı şaxələndirməyə nail olmuşuq. Ölkəmizin təşəbbüsü ilə qlobal enerji və nəqliyyat layihələri həyata keçirilir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabit reytinqi var. Bütün aparıcı reytinq agentlikləri ölkəmizin inkişafını yüksək qiymətləndirir. Müasir texnologiyaların, informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı ölkəmizin qarşısında duran ən mühüm prioritetlərdən biridir.

Azərbaycanın strateji inkişafını təmin edən əsas amillərdən biri kimi regionların sosial-iqtisadi inkişaf proqramını xüsusi qeyd etmək istərdim. Bütün regionlarda infrastruktur layihələrinin gerçəkləşdirilməsi və yeni iş yerlərinin açılması prosesi gedir. Regionların sosial-iqtisadi inkişafı proqramının icrasından ötən müddət ərzində 1 milyon 100 min iş yeri açılıb ki, onlardan da 800 mini daimidir.

Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu region olub. Bu gün ölkəmizdə bütün mədəniyyət və dinlərin birgə mövcud olduğu əsl tolerant cəmiyyət yaranıb. Bakı Beynəlxalq Humanitar Forumun keçirilməsi ənənə halını alıb. Azərbaycan millətlərarası və sivilizasiyalararası dialoqun keçirilməsində böyük təcrübəyə malikdir. Əminəm ki, bu tolerantlıq bütün dünya üçün nümunə ola bilər və bu ənənə gələcəkdə də ölkəmizdə davam edəcək.

Azərbaycan artıq böyük idman ölkəsidir. İdmançılarımız Olimpiya oyunlarında və nüfuzlu beynəlxalq idman yarışlarında böyük uğurlar qazanırlar. Azərbaycan idmanın müxtəlif növləri üzrə Avropa və beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edir. Bütün ölkədə Olimpiya idman kompleksləri tikilir. Bu məqamda Avropa Komitəsinin Baş Assambleyasının Birinci Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi barədə qərarını xüsusi qeyd etmək istəyirəm. Bu, mühüm tarixi qərardır.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Azərbaycan xarici siyasət sahəsində böyük uğurlara nail olub. Ölkəmizin rolu beynəlxalq miqyasda da möhkəmlənir. Bu gün Azərbaycanın maraqları nəzərə alınmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Biz beynəlxalq təşkilatlar çərçivəsində dünyanın əksər ölkələri ilə uğurlu əməkdaşlıq edirik. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına dəlalət edir.

Təəssüf ki, bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Ermənistanın təcavüzkar siyasəti Azərbaycan torpaqlarının 20 faizinin işğalına gətirib çıxarıb. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün düşüb. BMT-nin Təhlükəsizlik Şurasında qəbul edilən 4 qətnamə işğal olunmuş torpaqlarımızdan erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qeyd olunan qətnamələrdən başqa ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən qərar və qətnamələri vardır. Bizim mövqeyimiz ondan ibarətdir ki, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həll edilməlidir.

Baku”: Mehriban xanım, cənab Prezident tərəfindən sadalananların sirrini nədə görürsünüz?

Birinci xanım: Şübhəsiz ki, Azərbaycanın dinamik inkişafında məqsədyönlü siyasi və iqtisadi islahatların, neft strategiyasının, neft-qaz gəlirlərindən səmərəli istifadənin və güclü sosial siyasətin rolu böyükdür. Bütün bunların mərkəzində insan amili dayanır. Hər şey insan üçündür. Onun azadlığını, təhlükəsizliyini, yaşayışını təmin etmək dövlətin əsas vəzifəsidir. Biz 21 ildir ki, müstəqil dövlətik. Müstəqillik xalqımız üçün çoxdan gözlənilən, qiymətli dəyər idi. Məqsədimiz və arzumuz inkişaf etmiş, güclü, azad ölkədə yaşamaqdır. Sözsüz ki, bu, çox güclü motivasiyadır. Eyni zamanda, beynəlxalq aləmdə müasir Azərbaycanın real və obyektiv imici formalaşıb. Biz öz tarixi köklərimizə, ənənələrimizə bağlıyıq. Bununla belə, dünyaya açığıq. Bizim üçün dözümlülük, tolerantlıq, multikulturalizim təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu, Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir. Bu gün ölkəmiz siyasi, mədəni və iqtisadi sahələrdə çox sayda beynəlxalq konfrans, forum və görüşlərin keçirildiyi ölkədir. Bu, qədim ənənələrin müasir meylidir. Ölkəmizə gələn hər bir qonaq möhtəşəm inkişafla yanaşı, azərbaycanlıların məxsusi qonaqpərvərliyini və genişürəkliliyini qeyd edir. Buna ən yaxşı misal, ötən il ölkəmizdə keçirilən “Eurovision- 2012” mahnı müsabiqəsidir. Biz bu cür möhtəşəm mədəni tədbirin təşkilinə və keçirilməsinə görə ən yüksək qiymət aldıq. Bütün dünyadan minlərlə qonaq ölkəmizlə tanış oldu, Bakının gözəlliyinə əmin oldu və xalqımızın sülhsevərliyinə, qonaqpərvərliyinə heyran qaldı. Bizim nəslin bəxti gətirib ki, Azərbaycanda həqiqətən böyük dəyişikliklər və zəfərlər dövründə yaşayırıq, bütün quruculuq proseslərinin iştirakçısı ola bilərik. Sadəcə, Vətəni sevmək və onu qiymətləndirmək lazımdır.

Baku”: Bakı öz əfsanəvi gözəlliyi ilə bütün qonaqları heyran edən mədəniyyət və sivilizasiya mərkəzinə çevrilib. Burada inanılmaz tikinti bumu yaşanır. Siz Bakının müasir simasını necə xarakterizə edərdiniz?

Prezident: Bu gün hər bir azərbaycanlı fəxr edə bilər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Biz bunu görürük, qonaqlarımız da etiraf edir. Təsadüfi deyil ki, 2009-cu ildə Bakı İSESCO tərəfindən İslam mədəniyyəti paytaxtı elan edilmişdi. Bu, bizim paytaxtımıza verilən böyük qiymət idi. Bu gün Bakıda genişmiqyaslı abadlıq və quruculuq işləri görülür, iri infrastruktur layihələri həyata keçirilir. Sevindirici haldır ki, günbəgün müasirləşən Bakı öz tarixi simasını da qoruyub saxlayıb. Özündə Avropa və Şərq arxitekturasını birləşdirən paytaxtımıza gələn qonaqların sayı durmadan artır. Bu gün Bakı nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Biz gələcəkdə də Bakının inkişafı üçün tədbirlərimizi davam etdirəcəyik.

Birinci xanım: Mənim üçün Bakı həmişə əvəzedilməz auraya malik ən gözəl şəhər olub. İçərişəhər, Dənizkənarı bulvar, Fəvvarələr meydanı, Neftçilər prospekti, Bakı Venesiyası, Funikulyor - hər bir bakılı üçün bu yerlər artıq kult hesab edilir. Öz sevimli şəhərinin ona layiq olan gözəlliyə qovuşmasını görmək xoşbəxtlikdir. O, necə də təmiz və baxımlıdır. Onun qədim tarixi siması və eyni zamanda, tamamilə yeni, müasir siması formalaşır. Yenidənqurma işlərinin mərkəzdən kənarlara çıxması göz qabağındadır. Yarıdağılmış tikililərin yerində Avropasayağı, rahat və gözəl parklar salınır. Qeyri-adi arxitektura, xüsusi mədəni estetikaya malik zonalar yaranır. Məsələn, yaxın gələcəkdə “Baky Art City” layihəsi başa çatacaq. Xəzər dənizinin sahilində, Dənizkənarı bulvarın davamında özünəməxsus qalereyalar, salonlar, muzeylər və sərgi meydançaları olan incəsənət mərkəzi yaradılacaq. XX əsrin sənaye arxitekturasının bazasında paytaxtımız üçün tamamilə yeni, yaradıcı ruhu olan mini-şəhərcik yaradılacaq.

Baku”: Həyatınızda son 5 ildə nə dəyişib?

Birinci xanım: Son 5 ilin ən xoşbəxt, yaddaqalan hadisəsi kimi nəvələrimizin dünyaya gəlməsini hesab edirəm. Uşağın doğulması həmişə böyük xoşbəxtlik və Tanrının nemətidir. Bu, insanın həyatın dəyişən və həyata tamamilə fərqli baxmağa vadar edən möcüzədir.

Baku”: Oxucularımıza yeni ildə arzularınız...

Prezident: Mən “Baku” jurnalının oxucularını və kollektivini qarşıdan gələn Yeni il və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, kollektivə yeni yaradıcılıq uğurları və cansağlığı arzulayıram.

Birinci xanım: Qoy, hər kəsin həyatında işıqlı və gözəl günlər daha çox olsun! Qoy, ümidləriniz doğrulsun, arzularınız çin olsun! Hamıya cansağlığı, xoşbəxtlik və sevgi arzulayıram!


Böyük ölçüdə