Bilik Günündə Bakının Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlət başçısı müasir standartlara uyğun əsaslı surətdə yenidən qurulmuş təhsil kompleksi ilə tanış oldu.
Məlumat verildi ki, Prezidentin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidən qurulmuş dördmərtəbəli təhsil kompleksində həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına mükəmməl yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Şagirdlərin də, müəllimlərin də açılışını səbirsizliklə gözlədikləri bu bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. İndi bu məktəb maddi-texniki bazasının zənginliyinə görə ölkəmizdə müasir təhsil komplekslərindən birinə çevrilmişdir. Xalqımızın maarifləndirilməsində, Azərbaycan elminin inkişaf etdirilməsində böyük xidmətləri olmuş yüzlərlə alimə ilk savad vermiş bu təhsil ocağında bu gün minədək şagirdin təlim-tərbiyəsi ilə 110 müəllim məşğuldur.
Prezident İlham Əliyev təhsil kompleksində yaradılmış Heydər Əliyev Muzeyinə, fənn kabinetlərinə, idman, akt zallarına, tarix muzeyinə, ayrı-ayrı sinif otaqlarına, bufetə baxdı, tədris prosesi, dərs vəsaitləri, təhlükəsizlik sistemi ilə maraqlandı.
Dövlət başçısı təhsil kompleksi nəzdində fəaliyyət göstərən uşaq bağçası ilə də tanış oldu.
Kompleksdə gözəl şərait yaradıldığını bildirən Prezident İlham Əliyev yeni dərs ilinin başlaması münasibətilə məktəbin müəllimlərini və şagirdlərini təbrik etdi, onlara uğurlar arzuladı.
Təhsil kompleksində yaradılmış şərait müəllim-şagird kollektivinin böyük sevincinə səbəb olmuşdur. Məktəbin müəllimi Leyla Təhmasib göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə pedaqoji kollektiv adından təşəkkür etdi.
Dövlət başçısına təhsil kompleksinin müəllimi Ülkər Hüseynovanın müəllifi olduğu “Mənim fəxrim – məktəbim!” kitabı təqdim olundu.
Sonda xatirə şəkli çəkdirildi.