Gerb

29 yanvar 2013, 20:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini aidiyyəti qurumlardan tələb etmişdir. Prezident İlham Əliyev tapşırmışdır ki, xüsusi olaraq təhsil sahəsində bu mübarizəni daha səmərəli təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasında bu məsələ müzakirə olunsun. Komissiyasının 2013-cü il yanvarın 26-da təhsil idarəçiliyinə məsul vəzifəli şəxslərin iştirakı ilə geniş tərkibli iclası keçirilmişdir.

İclasda geniş məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev təhsildə olan problemlərə toxunmuş, islahatların və xüsusilə korrupsiyanın qarşısının alınması məqsədilə əlavə tədbirlərin daim və davamlı şəkildə həyata keçirilməsinin çox mühüm olmasını qeyd etmişdir. O, təhsildə həm idarəçiliyin təşkili, həm də məzmunun keyfiyyəti ilə bağlı problemlərin olmasını vurğulamış və bu halların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac olduğunu vacib saymışdır.

Komissiyanın sədri ali təhsil müəssisələrində dekanlıqların məsuliyyətinin artırılmasını və şəffaflığın təmin olunmasını, kafedraların, müdafiə şuralarının fəaliyyəti, dərsliklərin keyfiyyəti və müasir tələblərə uyğun olmaması, kitabxanaların elektron xidmət potensialının və universitetlərin internet səhifələrinin aşağı səviyyəsi, müasir ixtisaslara tələbin olması kimi məsələləri vurğulamış və tədrisin keyfiyyətinin artması üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini bildirmişdir.

Tələbələrin ərizə və müraciətlərinin araşdırılmasından danışan Komissiya sədri universitetlərin idarə edilməsində tələbələrin ehtiyaclarının nəzərə alınması, sosial şəbəkələrdə təhsillə bağlı fikirlərinin təhlil edilməsi və buna adekvat tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlərə toxunmuşdur. Bundan əlavə, Komissiyanın sədri orta və texniki peşə təhsili sahəsində çatışmazlıqların qalmasını və bu barədə iradlarını iclas iştirakçılarına çatdırmışdır. İclasda xüsusi olaraq ali təhsil müəssisələrində müəllimlərin maaşlarının artırılması ilə bağlı fikirlərini qeyd edən Komissiyanın sədri ödənişli təhsildən daxil olan vəsaitlərdən müəllimlərin əmək haqlarına edilən əlavələr üzrə vahid qaydalara ehtiyac olmasını bildirmişdir.

Komissiya sədri, həmçinin universitetlərdə fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının fəaliyyətinə toxunmuş, təşkilatların rəhbərliyinə nüfuzlu gənclərin cəlb olunmasını və onların fəaliyyətlərinin genişləndirilməsi üçün zəruri şəraitin yaradılmasını vurğulamışdır. Sədr başqa universitetlərdən olan tələbə köçürmələri və təkrar ali (ikinci) təhsilin təşkili ilə bağlı məsələlər üzrə də ciddi iradları səsləndirmişdir.

Komissiyanın sədri çıxışında ümumtəhsil məktəblərinin fəaliyyətində olan nöqsan və problemlərə geniş yer ayıraraq, əmin olduğunu bildirmişdir ki, qısa müddətdə görülmüş tədbirlər nəticəsində bu sahədə dönüş yaranacaqdır.

İclasda çıxış edən Komissiyanın üzvü, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov təhsil sahəsində korrupsiya və digər mənfi hallar barədə vətəndaşlar tərəfindən daxil olan müraciətlər və bu sahədə aparılan cinayət işləri barədə məlumat vermişdir. O bildirmişdir ki, 2010-2012-ci illər ərzində Baş Prokurorluq tərəfindən təhsil sahəsində qanun pozuntuları ilə bağlı 536, o cümlədən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 429 müraciətə baxılmış, 72 cinayət işi istintaq olunmaqla, bir sıra hallarda təxirəsalınmaz əməliyyat tədbirləri keçirilərək təqsirli şəxslər cinayət başında yaxalanmışlar. Baş prokuror daxil olmuş müraciətlərin və istintaq edilmiş işlərin ümumiləşdirilməsi əsasında təhsil sahəsindəki mənfi halların qarşısının alınması üzrə bir sıra təkliflər vermişdir.

İclasda çıxış edən təhsil naziri Misir Mərdanov ali təhsildə 2010-2011-ci təhsil ilindən tətbiq edilən yeni maliyyələşmə mexanizminin məqsədləri və səmərəsindən danışmış, qeyd etmişdir ki, bu mexanizmin tətbiqi nəticəsində maliyyə vəsaitlərinin ayrılması prosesində şəffaflıq təmin edilmişdir. Müəllimlərin işə qəbulu məsələsinə toxunan nazir qəbulun şəffaf və obyektiv keçirilməsini bildirmişdir. O, 2012-ci ildə Təhsil Nazirliyinə 7156 şikayət daxil olması, onlardan 1734-nün müsbət həll edilməsi, 1924-ü ilə əlaqədar müvafiq izahat verilməsi, 1247 müraciətlə bağlı aidiyyəti üzrə tabe təşkilatlara tapşırıqlar verilməsi, 2251 müraciətin əsassız olması barədə məlumat vermişdir. Nazir həyata keçirilən tədbirlər nəticəsində ali təhsil müəssisələrində imtahanlarda əvvəlki illərə nisbətən şəffaflıq və obyektivliyin xeyli artdığını, şikayətlərin sayının isə azaldığını bildirmişdir.

İclasda çıxış edən Komissiyanın üzvü, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, bu tədbirlərin təhsil sahəsini də əhatə etdiyini bildirmişdir. O, təhsil idarəçiliyində korrupsiyaya şərait yaradan bir sıra halları qeyd etmiş və bu halların aradan qaldırılması ilə bağlı tədbirlərin davam etdiriləcəyini bildirmişdir. Komissiya üzvü, həmçinin informasiya-kommunikasiya sistemlərinin təhsilə inteqrasiyası ilə bağlı məsələlərə toxunmuş, yeni fəaliyyətə başlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiya mərkəzinin innovativ təcrübəsinin bir neçə ali təhsil müəssisəsində və orta məktəblərin yuxarı siniflərində tətbiq edilməsi barədə təklif vermişdir.

Komissiyanın sədri sonda təhsildə informasiya texnologiyalarının tətbiqi məsələsini xüsusi olaraq vurğulamış, bu vasitələrin tədrisin keyfiyyətinə və korrupsiyaya qarşı mübarizədə səmərəli alət olacağını qeyd etmişdir.

İclasda, həmçinin çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və Bakı Şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva təhsil sahəsində korrupsiya hallarının qarşısının alınması üzrə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermişlər.

İclasın sonunda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya müzakirə edilən məsələlər barədə qərar qəbul etmişdir.