Prezident İlham Əliyev Horadiz Şəhər Mədəniyyət Sarayının yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlət başçısı Mədəniyyət Sarayının rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, sarayın yenidən qurulmasına 2011-ci ilin iyununda başlanılmış, cari ilin avqustunda başa çatdırılmışdır.
Mədəniyyət Sarayının ümumi sahəsi 1472 kvadratmetr olan ikimərtəbəli binası yeni görkəmdə şəhərin gözəlliyinə xüsusi çalar qatır. Binada yenidənqurma işlərinin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilmişdir. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinin inkişafına göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşə yaradılmışdır.
Prezident İlham Əliyev Mədəniyyət Sarayının tamaşa zalı ilə tanış oldu.
Bildirildi ki, zalda 135 tamaşaçı yeri vardır. Sarayın ikinci mərtəbəsində inzibati otaqlar və məşq zalları yaradılmış, rejissor pultu quraşdırılmışdır.
Dövlətimizin başçısı sarayın ikinci mərtəbəsindəki rəsm qalereyası ilə də tanış oldu.
Qeyd edildi ki, burada Füzuli rayonunda arxeoloji qazıntılar zamanı tapılmış eksponatlar və 2 nömrəli uşaq incəsənət məktəbi şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunur. Mədəniyyət Sarayında yaradılan yüksək şərait burada çalışan kollektivlərə daha yaxşı işləmək imkanı verəcəkdir.
Prezident İlham Əliyev Horadiz Şəhər Mədəniyyət Sarayında yaradılmış şəraitdən razılığını bildirdi.