13 noyabr 2012, 14:42

A.Mirabdullayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin yürütdüyünüz məqsədyönlü daxili və xarici siyasət nəticəsində son illər doğma Azərbaycanımızın siyasi, iqtisadi qüdrəti möhkəmlənmiş, dünya dövlətləri arasında nüfuzu daha da artmışdır. Məhz bu siyasətin nəticəsidir ki, iqtisadiyyatın, mədəniyyətin, elmin və digər sahələrin inkişafında böyük uğurlar əldə edilmişdir.

Son illərdə dövlət qayğısı ilə tam əhatə olunmuş Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan elminin aparıcı qüvvəsinə çevrilmişdir. 2003-cü ildə ulu öndərimiz Heydər Əliyevin səyi ilə Azərbaycanın bu vahid elm müəssisəsinə Milli Elmlər Akademiyası statusu verilməsi ilə onun səmərəli fəaliyyəti üçün hüquqi zəmin yaradılmış, bununla da ölkəmizin ictimai həyatında Akademiyanın mövqeyi daha da möhkəmləndirilmişdir. AMEA-nın 60 illik yubileyində Sizin iştirak etməyiniz, həmin yığıncaqdakı dərin məzmunlu çıxışınız, tövsiyələriniz və iradlarınız sıravi laborantdan tutmuş akademikə qədər bütün əməkdaşlarımızı ruhlandırmış, elmin inkişafı naminə daha möhkəm istiqamətlərin yaranması üçün stimul olmuşdur.

AMEA-nın çoxminli alimlər ordusu Sizin yüksək səviyyəli idarəetmə bacarığınıza inanaraq ümidvar olduqlarını bildirirlər ki, tezliklə Qarabağ problemi öz müsbət həllini tapacaq, doğma torpaqlarımız düşməndən azad ediləcəkdir.

Ölkəmizin iqtisadi inkişafı ölkədə elmin inkişafına dövlət qayğısının artırılmasına daha böyük imkanlar yaratmış, elmin müxtəlif sahələrində, o cümlədən Arxeologiya və Etnoqrafiya, Tarix, Şamaxı rəsədxanası, Dilçilik İnstitutlarının maddi texniki bazasının möhkəmləndirilməsi üçün xeyli əlavə vəsait ayrılmışdır. Bütün bunlar bir daha müstəqil dövlətimizin iqtisadi qüdrətinin və maliyyə imkanlarının yüksək dərəcədə artmasından xəbər verir.

Möhtərəm Prezident!

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının VI qurultayının nümayəndələri ümidvardırlar ki, Sizin xalqımızın maddi rifahının yüksəldilməsinə yönəldilmiş çoxsaylı sərəncamlarınızda alimlərimizin maddi rifah halının yaxşılaşdırılması həmişə diqqət mərkəzində olacaqdır.

Möhtərəm Prezident!

Azərbaycanımızın xoşbəxt gələcəyi, elmimizin tərəqqisi, dövlətimizin inkişafı, azərbaycançılıq ideyasının və dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə böyük uğurlar diləyir, uzun ömür, cansağlığı arzulayırıq!

Hörmətlə,

Azərbaycan Milli Elmlər Akademiyası
Azad Həmkarlar İttifaqının VI qurultay
nümayəndələri adından A.Mirabdullayev.
Azərbaycan Respublikası, Bakı şəhəri.