Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2006-cı il 4 aprel tarixli 88-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main (“KfW”) arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi” və həmin müqaviləyə dair Xüsusi Razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsində Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2012-ci il.