Gerb

05 noyabr 2012, 16:25

1. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra ─ medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir.
2. Medalın ön tərəfinin üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsinin fonunda “20 il” sözləri həkk olunmuşdur. Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunmuşdur. Medalda çevrə boyunca “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyi” sözləri yazılmışdır.
3. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızılı rəngli “AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 20 İLLİYİ” sözləri, aşağı hissədə “1991 ─ 2011” rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunmuşdur.
4. Bütün yazılar və təsvirlər qabarıqdır.
5. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
6. Xara lentin üzərində ardıcıl sıralanan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən mavi, qırmızı və yaşıl rəngli bərabər ölçüdə üfüqi zolaqlar, kənarlarında isə 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Lentin üst hissəsinə eni 4 mm olan qızılı təbəqə bərkidilir.
7. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37mm x 10mm ölçüdə qəlib əlavə edilir.