Azərbaycan və Özbəkistan prezidentlərinin mətbuat üçün bəyanatları

12 oktyabr 2012, 14:35

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli İslam Abduqəniyeviç!

Hörmətli qonaqlar!

Əziz dostlar!

Hörmətli cənab Prezident, Sizi Azərbaycan torpağında salamlamağa şadam. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaqdır.

Ölkələrimiz arasında münasibətlər çox dinamik, effektiv və səmərəli inkişaf edir. Sizin gözəl ölkənizə rəsmi səfərlərimi xatırlayıram və Sizin tərəfinizdən mənə, mənim nümayəndə heyətimin üzvlərinə göstərilən qonaqpərvərlik mənim üçün çox qiymətlidir. Qarşılıqlı səfərlər bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin fəal inkişafına şərait yaradır. Onlar bütün sahələrdə münasibətlərin inkişafına güclü təkan verir və dövlətlərimiz arasında yaranan münasibətlər bizi çox sevindirir.

Müstəqillik əldə edəndən sonra keçən 21 il ərzində ölkələrimiz arasında həqiqətən dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri yaranmışdır.

Biz beynəlxalq təşkilatlarda da bir sıra istiqamətlər üzrə fəal qarşılıqlı əlaqə saxlayırıq. Bu, mənim üçün çox xoşdur. Biz iştirak etdiyimiz bütün beynəlxalq qurumlarda, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, digər təşkilatlarda bir-birimizi həmişə dəstəkləyirik. Keçən il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçkilər zamanı Özbəkistandan aldığımız fəal dəstəyə görə çox minnətdarıq. Ölkəmizə qardaşcasına münasibətin daha bir təzahürü olan bu dəstək bizə çox lazım, bizim üçün çox qiymətli idi. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Özbəkistanın prinsipial mövqeyinə görə də çox təşəkkür edirik. 2008-ci ildə BMT-nin Baş Məclisində Azərbaycanın irəli sürdüyü qətnamənin Özbəkistan tərəfindən dəstəklənməsi də Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. Biz də bütün beynəlxalq təşkilatlarda qardaş Özbəkistanı həmişə dəstəkləmişik və dəstəkləyəcəyik. Başqa sözlə desək, beynəlxalq arenada bu cür fəal qarşılıqlı əlaqələr, dünya siyasəti məsələlərinə dair mütəmadi fikir mübadiləsi, habelə bizim bu gün apardığımız fikir mübadiləsi də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin çox möhkəm və səmimi olmasına dəlalət edir.

Əlbəttə, ölkələrimiz arasında münasibətlərin zəngin tarixi vardır. Xalqlarımız arasında dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək münasibətləri çoxəsrlik tarixə malikdir. Biz münasibətlərimizi bu zəmin üzərində qururuq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət məsələlərini, regional problemləri də ətraflı müzakirə etdik. Təbii ki, bizim regionların öz spesifikası ilə yanaşı, ortaq cəhətləri də çoxdur. Mənim fikrimcə, Özbəkistanın və Azərbaycanın riskləri minimuma endirmək, əməkdaşlıq və qarşılıqlı anlaşma ab-havasını möhkəmlətmək siyasəti ölkələrimizin yerləşdiyi regionlardakı dövlətlər arasında geniş əks-səda doğurur, habelə vəziyyətin sabitləşməsi məsələsində mühüm rol oynayır. Bu gün həm Özbəkistan, həm də Azərbaycan öz regionlarında sabitləşdirici rol oynayır. İndiki mərhələdə, bizim regionlarda potensial risklərin artdığı vaxtda bu rol xüsusi əhəmiyyət kəsb edir. Buna görə də bizim ölkələrin yerləşdiyi regionlarda hadisələrin proqnozlaşdırıla bilməsi, çox cəhətdən ölkələrimiz arasında qarşılıqlı əlaqələrdən, fəal siyasi məsləhətləşmələr aparılmasından asılıdır. Biz də öz tərəfimizdən regionda etimad tədbirlərini möhkəmlətmək, daha yaxşı qarşılıqlı anlaşmaya şərait yaratmaq və mövcud problemləri tənzimləmək üçün bundan sonra da əlimizdən gələni etməyə çalışacağıq.

Kommunikasiya layihələri sahəsində irəli sürdüyümüz təşəbbüslər də böyük əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması yeni, əvvəlkindən xeyli qısa, iqtisadi baxımdan səmərəli nəqliyyat arteriyaları yaratmağa imkan verən nəqliyyat və kommunikasiya layihələri üçün tamamilə yeni şərait yaradır. Həmçinin bu proseslər həmin layihələrə cəlb edilmiş ölkələr arasında qarşılıqlı anlaşma və əməkdaşlıq üçün daha yaxşı şərait yaradacaqdır. Əslində biz Özbəkistanla birlikdə yeni magistral, yeni İpək Yolu tikirik. Bu yol qitələri birləşdirəcək, böyük nəqliyyat potensialını, bu potensialın ölkələrimiz üçün reallaşmasını uzun illər ərzində təmin edəcək, bizim regionda etimad tədbirlərini möhkəmlətməyə şərait yaradacaqdır.

Biz müştərək investisiya layihələrini nəzərdən keçirməyə hazırıq. Zənnimcə, bunun üçün yaxşı imkanlar vardır. Həm Özbəkistan, həm də Azərbaycan çox böyük iqtisadi və maliyyə potensialına, böyük texniki imkanlara malik olan ölkələrdir.

Hökumətlərarası Komissiyanın bu günlərdə keçirilmiş iclası da, mənim fikrimcə, iqtisadi əlaqələrin inkişaf yollarını müəyyən etmişdir. Hesab edirəm ki, ölkələrimiz arasında təəssüf ki, hələlik lazımi səviyyədə olmayan əmtəə dövriyyəsinin həcminin artırılmasına dair müştərək layihələrin həyata keçirilməsində bizim istehsalçıları dəstəkləməliyik.

Bu gün biz elm, mədəniyyət, təhsil sahələrində, humanitar sahədə əməkdaşlıqla bağlı məsələlərlə yanaşı, həm də daha geniş planda, dünyada bu münasibətlərin necə qurulmalı olması məsələsini, humanitar əməkdaşlıq proseslərində bizim ölkələrin rolu və yeri məsələlərinə konseptual yanaşmanı da hərtərəfli, çox geniş müzakirə etdik. Bizim ortaq fikrimiz belədir ki, biz öz ölkələrimizdə milli mədəni irsimizi qoruyub saxlamalı və möhkəmlətməliyik. Gənclər milli ruhda, öz dəyərlərinə, xalqlarımızın çoxəsrlik tarixi ərzində formalaşmış dəyərlərə sədaqət ruhunda tərbiyə edilməlidir.

Sonda demək istərdim ki, müzakirə edilən mövzular və fikir mübadiləsi mövqelərimizin oxşarlığını, deyərdim ki, regional siyasət, dünya siyasəti məsələlərinə mövqeyimizin identikliyini və ölkələrimiz arasında strateji tərəfdaşlığı möhkəmlətmək əzmində olduğumuzu göstərdi.

Hörmətli İslam Abduqəniyeviç, ölkəmizə səfər etmək dəvətini qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm.

Sizə və xalqınıza xoşbəxtlik və firavanlıq arzulayıram.

Sağ olun.

Özbəkistan Prezidenti İslam Kərimovun bəyanatı

- Sağ olun, İlham Heydər oğlu!

Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri!

Əvvələn, Özbəkistan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə, səmimi qəbula görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, bütün azərbaycanlı dostlarımıza bir daha səmimi minnətdarlığımı bildirmək istərdim.

Mən kütləvi informasiya vasitələrinin burada iştirak edən nümayəndələrinə hər şeydən əvvəl onu bildirmək istərdim ki, biz Özbəkistan nümayəndə heyətinin Azərbaycana bu rəsmi səfərini yüksək səviyyədə görüşlərimizin məntiqi və eyni zamanda, zəruri davamı, ikitərəfli münasibətlərimizin vəziyyətini müzakirə etmək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın ən aktual məsələlərinə dair birgə mövqelərimizi və qərarlarımızı işləyib hazırlamaq, nəhayət, beynəlxalq həyatın ən aktual problemlərinə dair fikir mübadiləsi aparmaq üçün yaxşı bir imkan hesab edirik. Zənnimcə, bu gün onu deməyə ehtiyac yoxdur ki, mövcud vəziyyət təkcə bizim regionlarda – Cənubi Qafqazda və Mərkəzi Asiyada deyil, onların hüdudlarından kənarda da şəraiti sürətlə dəyişir. Təhlükəsizliyə və sabitliyə meydan oxunması, terrorizm təhdidləri, narkotiklər təcavüzünün miqyasının genişlənməsi ilə əlaqədar yaranmış ciddi problem, davam etməkdə olan qlobal maliyyə-iqtisadi böhranla, bilavasitə onun nəticələri ilə əlaqədar mürəkkəb proseslər bu cür görüşlərin, problemlərə ümumi yanaşma və mövqelər işlənib hazırlanmasının zəruriliyini şərtləndirir.

Təbii ki, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, onların vəziyyəti, əməkdaşlığı daha da fəallaşdırmaq, onun səmərəliliyini, ilk növbədə ölkələrimiz arasında ticari-iqtisadi münasibətləri fəallaşdırmaq üçün tədbirlər görülməsi perspektivləri bizim görüşdə və danışıqlarda mühüm yer tutmuşdur. Mən İlham Heydər oğlunun bu fikri ilə tam razıyam ki, ilk növbədə bizim ticarət münasibətlərinin səviyyəsi həm Özbəkistan tərəfini, həm də Azərbaycan tərəfini açıq-aşkar qane etmir. Bizim potensial imkanlarımızdan indiyə qədər o dərəcədə pis istifadə edilir ki, biz sadəcə nəticələr çıxarmaqla kifayətlənməyib bu əmtəə dövriyyəsinin həqiqətən lazımi səviyyədə olması üçün zəruri təsirli tədbirlər görməliyik. Azərbaycanın bizdən müəyyən qədər uzaqda yerləşməsi və bu gün Mərkəzi Asiyanı Cənubi Qafqazla birləşdirən kommunikasiyaların vəziyyəti buna müəyyən dərəcədə mane olur. Bu gün Azərbaycan yeni tranzit kommunikasiya xətlərinin çəkilişi üzrə praktiki olaraq liderdir. İndi Azərbaycan 10-15 il bundan əvvəl sadəcə ağlasığmaz olan layihələrin ən mühüm təşəbbüskarlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu mənim fikrimcə, bu gün tamamilə yeni kommunikasiya istiqamətidir. O, təkcə bugünkü vəziyyətdə həlledici rol oynamayacaqdır. Mənim bildiyimə görə, bu yolun yaxın vaxtlarda – bu ilin sonuna qədər və ya gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Lakin demək istəyirəm ki, sadəcə Azərbaycanı Özbəkistanla birləşdirən kommunikasiyaları nəzərə alsaq, bu gün Azərbaycan, İlham Heydər oğlunun qeyd etdiyi kimi, Cənubi Qafqazın əsas, aparıcı, mühüm dövlətlərindən biridir. Üstəlik, Azərbaycanın inkişaf sürəti və dinamikası bəlkə də kimlərinsə ciddi həsədinə səbəb olur, Azərbaycanın dostları isə onu tamamilə dəstəkləyirlər. Bunu nəzərə alsaq, bu gün Azərbaycan təkcə iqtisadi inkişaf baxımından, onun malik olduğu zəngin ehtiyatlardan istifadə edilməsi baxımından lider deyildir. Son illərdə baş verən və indi də davam edən hadisələrə nəzər salsaq, öz təəssüratlarıma əsasən deyə bilərəm ki, mən dörd il bundan əvvəl – 2008-ci ildə burada olmuşam. O vaxtdan dörd il keçib. Bu, praktiki baxımdan çox qısa müddətdir. Lakin mən dünən və bu gün şəhərin bir hissəsini gəzmişəm. Gördüklərim məni sadəcə olaraq heyran etdi. Bakıda baş vermiş yeniliklər, dəyişikliklər, quruculuq işlərinin miqyası heyrət doğurur. Praktiki olaraq bütün magistral kommunikasiyalar tamamilə yenilənmişdir. Regionlarda Şərq ölkələri üçün bəlkə də qeyri-adi konstruksiyalardan və memarlıq həllərindən istifadə edilməklə aparılan tikinti bir daha belə bir qəti inam yaradır ki, Azərbaycan sadəcə Şərqin mərkəzlərindən biri deyil, artıq müasir ölkədir, müasir memarlıq həllərinin tətbiq edildiyi müasir sivilizasiyadır. Heç kəs inkar edə bilməz ki, bütün bunlar ilk növbədə bu gün Azərbaycanda təkcə istehsalın inkişafı, ümumi daxili məhsulun artırılması baxımından deyil, həm də Azərbaycan üçün tamamilə yeni olan ayrı-ayrı sahələrin inkişafı baxımından çox böyük dəyişikliklərə dəlalət edir.

Bu gün Azərbaycan təkcə neft və qaz təchizatçısı deyil, enerji təhlükəsizliyi baxımından çox böyük rol oynayan mühüm ölkələrdən biridir. Bu da çox vacibdir ki, bu gün ölkənin emal müəssisələri, neft və qaz emalı müəssisələri öz sözünü daha inamlı deyirlər.

Hesab edirəm ki, perspektivdə bu, olduqca mühüm maddə, mən deyərdim, yaxın vaxtlarda Azərbaycanı gözləyən ciddi struktur dəyişikliklərinin istiqaməti olacaqdır. “Struktur dəyişikliyi” nə deməkdir? Bu, sadəcə sənayenin və heç də təkcə neft emalı sənayesinin şaxələndirilməsi deyildir, bütün iqtisadiyyatın şaxələndirilməsidir. Əlbəttə, sosial sahədə baş verən dəyişikliklər daha çox heyrətləndirir. Şəhərin bu cür tikilib abadlaşdırılması, Bakıda bu cür dəyişikliklər, təəssüf ki, bütün Azərbaycanı gəzib-dolaşmaq imkanım yoxdur. Hər halda nə vaxtsa bunu etmək istərdim. Ümidvaram ki, belə bir imkan mənə nəsib olacaqdır. Mən buna ümid bəsləyirəm.

İlham Heydər oğlu ilə birlikdə tarixi yerləri, deyərdim, əsl Azərbaycan şəhərlərini, kəndlərini gəzmək, kənd sakinlərini, ziyalıları, bu gün Azərbaycanın zəngin olduğu bütün sahələrin nümayəndələrini, ilk növbədə, mənə qəlbən yaxın olan insanları görmək barədə düşünürəm. Belə insanlara rəğbətlə yanaşıram. Çünki onlara böyük hörmət bəsləyirəm. Bu, bizim ümumi tariximizdir. Onlar bizim insanlara çox oxşayan, təxminən eyni dildə danışan insanlardır. Mən dünən Azərbaycan melodiyalarını dinləmək üçün böyük məmnuniyyətlə televizoru yandırdım. Zənnimcə, təbiətin özü, bu şəhərlərin və kəndlərin aurası elədir ki, bunu sadəcə görmək, yaxından tanış olmaq deyil, ən başlıcası bizim ümumi cəhətlərimizin çoxluğuna, bir məqsədə xidmət etdiyimizə bir daha əmin olmaq çox xoş olacaqdır. Başqa məqsəd olmamalıdır, alternativ də yoxdur - münasibətlərimizin tam möhkəmləndirilməsi və deyərdim ki, həm Azərbaycana, həm də Özbəkistana münasibətdə, demək olar, üst-üstə düşən çağırışlara ümumi yanaşmalar, onlara dair ümumi həll yolları olmalıdır. Bunlar o qədər oxşardır ki, İlham Əliyev öz problemlərindən, mən isə öz problemlərimdən danışanda fikirləşirəm ki, bu problemlər mənə tanışdır, bizim problemlərlə tutuşdururam – bunlar demək olar bir-birindən az fərqlənən problemlərdir. Həm xarici təhdidlər baxımından, həm də daxildə, ilk növbədə, şəhərlərimizdə, dövlətimizdə təhlükəsizliyi, sabitliyi təmin etmək üçün həll etməli olduğumuz problemlər baxımından. Ən başlıcası isə Bakının timsalında gördüyüm yaradıcı planlar baxımından. Ümidvaram ki, İlham Heydər oğlu bizə gələndə mən də onu sevindirəcəyəm, Daşkənd şəhərinin yeni tikililərini göstərəcəyəm. Əgər vaxt olsa, Səmərqəndə, Buxaraya və Xivəyə gedərik. Xalqlarımızı yaxınlaşdıran cəhətləri, ümumi tariximizi, Azərbaycanın rəhbərinə də, onu müşayiət edəcək şəxslərə də xoş təsir bağışlayacaq çox şeyi görə bilərik. Mən xahiş edirəm ki, Sizin nümayəndə heyətinizdə tamamilə fərqli ixtisaslardan olan insanlar – tarixçilər, dilçilər, ziyalıların nümayəndələri, ümumi yaxınlaşmağımıza xidmət edən şəxslər daha çox olsunlar.

Azərbaycan və Özbəkistan tərəfləri arasında baş tutmuş, müzakirə etdiyimiz demək olar bütün məsələlər üzrə yaxınlığı, mövqelərin üst-üstə düşməsini, hesablamaları təsdiq etmiş danışıqların yekunlarından tam məmnun qaldığımı ifadə etmək istərdim. Azərbaycan Prezidenti ilə danışıqlarda Dağlıq Qarabağ problemi ilə bağlı Özbəkistanın mövqeyinin dəyişməz, əsaslı olduğu vurğulanmışdır. Özbəkistan tərəfi bu çoxillik münaqişənin həmişə sülh yolu ilə siyasi həllinə tərəfdar olmuş, tərəfdardır və bundan sonra da tərəfdar olacaqdır və onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını kifayət qədər uzanmış bu problemin həllinin əsas şərtlərindən biri sayır. Biz bu problemin bütün Azərbaycan üçün, bütün xalq üçün, xüsusən bu gün dədə-baba yurdlarından didərgin salınmış bir milyon insan üçün nə dərəcədə ciddi bir problem olduğunu başa düşürük. Bax, məsələyə bu prizmadan yanaşsaq, Azərbaycanın bugünkü vəziyyəti, onun qazandığı nailiyyətlər bir daha təsdiq edir ki, ölkə malik olduğu potensialdan, ehtiyatlardan istifadə edərək son dərəcə çətin bir vəziyyətdə belə bir inkişafı, belə bir inkişaf dinamikasını təmin etmək iqtidarında olmuşdur.

Özü də bütün bunlar ölkədə 1 milyon qaçqının olduğu şəraitdə baş verir. Azərbaycanın özü və başqaları üçün qarşıya qoyduğu hədəfləri yaxınlaşdırmaq, Qarabağ problemini həll etmək üçün bu problemlə hər gün məşğul olmaq lazımdır. Mən Azərbaycan Prezidentinin bu bəyanatını tamamilə dəstəkləyirəm ki, Qarabağ problemi həll edilməlidir və həll ediləcəkdir. Bu baxımdan əminəm ki, bu məsələ həm Azərbaycanın, həm də bütün regionun maraqlarına, ola bilsin ki, regionun hüdudlarından kənarda da ümumi maraqlara cavab verir. Ona görə ki, bu məsələnin həlli təkcə Azərbaycana yox, oxşar problemlərin mövcud olduğu bir sıra başqa ölkələrə də aiddir. Hesab edirəm ki, belə bir vəziyyətdə ölkədə bu cür, mən deyərdim ki, köklü dəyişikliklərə nail olmaq qəhrəmanlıqdır. Burada heç bir mübaliğə yoxdur. Bu, əsl qəhrəmanlıqdır, bu qəhrəmanlığı Azərbaycan xalqı göstərir.

Mən Azərbaycan xalqını bu gün təkcə iqtisadiyyatın inkişafında, sosial sahənin inkişafında nümayiş etdirdiyi nailiyyətlər münasibətilə deyil, həm də onun beynəlxalq aləmdə qəbul edilməsinə görə təbrik edirəm. Bir sıra dövlətlərin çox böyük müqavimətinə baxmayaraq, Azərbaycanın 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi çox böyük müvəffəqiyyətdir və bu, həm iqtisadi həyatda, həm də sosial həyatda məsələnin qoyuluşunun, bugünkü mürəkkəb şəraitdə Azərbaycanın, onun liderinin həyata keçirdiyi siyasətin düzgün olmasını, bu gün dünya siyasətinin həyata keçirilməsində Azərbaycanın oynadığı rolun beynəlxalq aləmdə tanınmasını bir daha təsdiq edir. Mən dünya siyasətinin həyata keçirilməsi sözündən qorxmuram. Mənim fikrimcə, bu bir daha təsdiq edir ki, biz məhdud tərkibdə və bizim nümayəndə heyətlərinin iştirakı ilə danışıqlarda vahid fikrə gəlmişik.

Biz vahid fikrə gəldik və bizim arzumuzu, istəyimizi belə ifadə etmək olar: biz regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi, dövlətlərimizin davamlı sosial-iqtisadi inkişafı, regionlarımızda sülhün və sabitliyin təmin edilməsi naminə maksimum əlverişli şərait yaradılması üçün bundan sonra da qarşılıqlı əlaqələri möhkəmləndirəcəyik, səylərimizi əlaqələndirəcəyik.

Vurğulamaq istəyirəm ki, biz aparıcı beynəlxalq təşkilatlarda Azərbaycan ilə qarşılıqlı fəaliyyətin, qarşılıqlı dəstəyin səviyyəsini yüksək qiymətləndiririk. Burada çox nümunələr göstərmək olar, mən onların barəsində danışmayacağam.

Danışıqların nəticələrinə əsasən qəbul edilmiş Birgə Bəyanatda iqtisadi kooperasiyanın genişlənməsi zərurətinə, bu gün hər iki dövlətin malik olduğu böyük ehtiyatlardan istifadə edilməsinə xüsusi diqqət yetirilmişdir. Bu gün 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq proqramının yerinə yetirilməsi tədbirləri haqqında müqavilə imzalanmışdır. Bu, haqqında bəhs etdiyimiz məsələlərin qoyuluşunun real olduğunu təsdiqləyən faktlardan biridir. Biz razılaşdıq ki, lap yaxın vaxtlarda səmərəli iclası keçirilmiş hökumətlərarası komissiyanın fəal işi bu məsələdə əlaqələndirici mexanizm olmalıdır.

Son illərdə Bakıda və Daşkənddə milli sərgilər keçirilməsini qeyd etmək istərdim. Bu sərgilər xüsusən bizim iqtisadiyyatların bir-birini qarşılıqlı tamamladığı sahələrdə əməkdaşlığın genişlənməsinə Özbəkistanın və Azərbaycanın işgüzar dairələrinin, çox böyük marağını göstərdi. Biz ölkələrimizin çox zəngin nəqliyyat-kommunikasiya-tranzit potensialından daha səmərəli, qarşılıqlı faydalı istifadə edilməsi üçün ikitərəfli və çoxtərəfli formatda işi davam etdirmək barədə razılığa gəldik. Biz ölkələrimiz arasında lazımi əməkdaşlığın mühüm istiqaməti və onun möhkəmləndirilməsi mənbəyi kimi mədəni-humanitar sahədə əməkdaşlığa çox böyük əhəmiyyət veririk.

Mən Azərbaycan Prezidenti İlham Əliyevi onun üçün münasib vaxtda, öz imkanlarını və iş qrafikini nəzərə almaqla Özbəkistana rəsmi səfərə dəvət etməyimizi sizin iştirakınızla bir daha təsdiqləmək istəyirəm. Ümid edirəm ki, bu, xüsusi səfər olacaqdır, çünki İlham Heydər oğlunun Daşkəndə gəlişindən artıq 2 il keçmişdir. Yadımdadır, o vaxt biz ümumi sərvətlərimizə abidənin açılışını etmişdik. Fürsətdən istifadə edib, bir daha demək istəyirəm ki, biz burada, Bakıda Əlişir Nəvaiyə və Daşkənddə Nizami Gəncəviyə ucaldılmış abidələrə görə ilk növbədə, Azərbaycan Prezidentinə, Azərbaycan ziyalılarına həmişə minnətdarıq. Mən onu nəzərdə tuturam ki, Bakıdakı küçələrdən birinə bizim böyük alim Mirzə Uluqbəyin adı verilmişdir. Bunu minnətdarlıqla qeyd edirik. Uluqbəy də Səmərqəndin fəxri idi. Daşkəndin küçələrindən birinə Azərbaycanın böyük oğlunun adı verilmişdir. Mən bu insanı yaxından tanıyırdım və hələ də ona heyranam. Mən onun müdrikliyinə, dözümlülüyünə və ən başlıcası, uzaqgörənliyinə heyranam. Əsasını bu insanın qoyduğu siyasəti onun oğlu həyata keçirir.

Azərbaycanda varislik siyasətinin həyata keçirilməsi çox vacibdir. Bizim dövlətlər arasında bugünkü, müasir münasibətlərin təməlini Heydər Əliyev qoymuşdur və mən İlham Heydər oğluna təşəkkür edirəm ki, o, atasından bu cür tərbiyə, bu cür nəsihətlər alaraq Özbəkistanla Azərbaycan arasında, bizim xalqlarımız arasında münasibətlərin daha da möhkəmlənməsi kimi çox nəcib işi davam etdirir.

Diqqətinizə görə sağ olun.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10