18 sentyabr 2012, 14:00

Y.B.Vəliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin 4 may 2011-ci il tarixli 1490 nömrəli Sərəncamınızla təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin binası yenidən qurulmuş və 15 sentyabr 2012-ci il tarixində istifadəyə verilmişdir.

Məktəbin binası müasir standartlara uyğun təmir edilmiş və yeni avadanlıqla təchiz olunmuşdur. Bildirmək istərdik ki, məktəbimiz Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəbləri arasında ən qocaman tədris müəssisələrindən biridir. Məktəbdə demək olar ki, bütün ixtisaslar tədris olunur. Şagirdlərimiz bir çox beynəlxalq festivallarda və müsabiqələrdə uğurla çıxış edərək laureat adını qazanmışlar. Həmçinin, Prezident təqaüdü alan şagirdlərimiz də vardır.

Hörmətli cənab Prezident!

Sizin, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı üçün həyata keçirdiyi uğurlu layihələr mədəniyyətimizi dünyada tanıtmışdır. Siz mədəniyyət və incəsənət xadimlərinə, təhsil və səhiyyənin inkişafına, gənc musiqiçilərin yetişməsinə böyük diqqət və qayğı göstərirsiniz. Bunun nəticəsidir ki, Azərbaycan Dövlət Filarmoniyası nəzdində uşaq simfonik və xalq çalğı alətləri orkestrləri fəaliyyət göstərir. Bizə göstərdiyiniz bu qayğıya görə müəllim və şagirdlərimiz adından və şəxsən öz adımdan Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Biz həmişə Sizi dəstəkləyirik və Sizinləyik.

Hörmətlə,

Y.B.Vəliyev, əməkdar müəllim,
G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.