12 sentyabr 2012, 12:00

Samir Muradovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bu günlərdə hər bir azərbaycanlı kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Ramil Səfərovun Azərbaycana gətirilməsi və onun azadlığa buraxılması məhz Sizin düşünülmüş məqsədyönlü siyasətinizin nəticəsidir. Əsası ulu öndər tərəfindən qoyulmuş siyasi kursu şərəflə davam etdirməyiniz Azərbaycanımızı gündən-günə daha böyük uğurlara aparır. Həm iqtisadiyyatda, həm siyasətdə, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində gördüyünüz işlər, verdiyiniz sərəncamlar bunların bariz nümunəsidir. Təsadüfi deyil ki, bütün bunlar Azərbaycanı sevməyən, onun çiçəklənərək qüdrətli dövlətə çevrilməsini istəməyən qüvvələri qıcıqlandırır. Son günlər beynəlxalq aləmdə bəzi qüvvələr tərəfindən səslənən fikirlər, erməni terrorçularının hədələri əslində, Azərbaycanın qarşısına sədd çəkmək istəyindən başqa bir şey deyildir.

Amma, nə bu hədələr, nə də bu təzyiqlər bizi yolumuzdan döndərə bilməz. Biz Füzuli rayonunun gəncləri bütün bunları diqqətlə izləyir və Sizin siyasi kursunuzu dönmədən dəstəkləyirik. Qoy bütün dünya bilsin ki, Azərbaycan xalqı öz cəsur oğullarına, qüdrətli dövlətinə və qəhrəman Prezidentinə arxalanır. “Bu gün Ramil Səfərov, sabah isə Qarabağ” - hər birimiz buna inanırıq və bu inamı növbəti prezident seçkilərində öz səsimizlə bir daha təsdiqləyəcəyik.

Füzuli gəncləri adından Ramil Səfərovun əfvi barədə Sərəncamınızı yüksək qiymətləndirir və buna görə Sizə sonsuz təşəkkürlərimizi bildiririk.

Hörmətlə,

Muradov Samir Cavad oğlu
Azərbaycan Respublikası, Füzuli rayonu.