İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur

11 sentyabr 2012, 21:00
İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur

Qəbələdə sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Baş nazir, əziz qardaşım!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Əziz qardaşım, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz! Bütün türk qardaşlarımızı salamlayıram.

Biz bu gün Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasını keçirdik. Bildiyiniz kimi, birinci iclas keçən il İzmirdə çox uğurlu keçirilmişdir. Birinci iclasda qəbul edilmiş qərarlar uğurla icra edilir. Biz bu gün, ilk növbədə, görülmüş işlərə qiymət verdik, işləri təhlil etdik və eyni zamanda, gələcək əməkdaşlıq üçün əlavə addımların atılması haqqında fikir mübadiləsi apardıq. Bütövlükdə deyə bilərəm ki, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, bütün sahələri əhatə edir. Bugünkü toplantının gündəliyi də çox genişdir. Biz bir sıra önəmli məsələlər haqqında çox geniş müzakirə aparmışıq və bir daha demək istəyirəm ki, bizim aramızda fikir ayrılığı yoxdur – istər beynəlxalq məsələlərlə bağlı, istər ikitərəfli əlaqələrə dair bizim fikrimiz birdir.

Biz bu gün siyasi vəziyyətlə, dünyada gedən proseslərlə bağlı həm təkbətək görüşdə, həm geniş tərkibdəki görüşdə danışdıq, fikir mübadiləsi apardıq. Bizim ölkələr bütün sahələrdə və bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.

Bu gün görülmüş işlər haqqında nazirlər bizə məlumat verdilər və gələcəkdə birgə fəaliyyət haqqında yeni təşəbbüslər müzakirə edildi. Biz bütün beynəlxalq təşkilatlarda vahid mövqedən yanaşırıq, bir-birimizi dəstəkləyirik və bu dəstək bizim üçün, bölgə üçün, dünya üçün çox önəmlidir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir, həmçinin bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün sabitləşdirici rol oynayır. Bizim dünyadakı rolumuz artır və bir-birimizə dəstək verməyimiz ölkələrimizin önəmini daha da artırır.

Beynəlxalq məsələlərə gəldikdə, əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrini və danışıqlarda göstərilən səyləri müzakirə etdik. Danışıqların son durumu haqqında mən əziz qardaşıma məlumat verdim.

Bildiyiniz kimi, Azərbaycana qarşı ədalətsizlik və işğal siyasəti hələ də davam edir. Beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən bölgələr iyirmi ildir ki, erməni işğalçıları tərəfindən işğal edilmişdir. Bütün beynəlxalq hüquq normaları, ədalət pozulmuşdur, tarixi ədalət pozulmuşdur. Biz çalışırıq ki, məsələnin sülh yolu ilə həllinə nail olaq. Ancaq Ermənistanın qeyri-konstruktiv və riyakar fəaliyyəti buna imkan vermir. Azərbaycanın mövqeyi birmənalıdır: beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və məsələ yalnız ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapa bilər. Fürsətdən istifadə edərək Türkiyə dövlətinə, hökumətinə bu məsələ ilə bağlı tutduğu mövqeyə görə bir daha Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün əlbəttə, biz iqtisadi əlaqələrimizin yeni perspektivləri haqqında da danışdıq. Ticarət dövriyyəsi yüksək templərlə artır. Baxmayaraq bizi bu ticarət dövriyyəsinin həcmi hələ ki, qane etmir, ancaq dinamika çox müsbətdir. Əgər biz bu templəri saxlaya və artıra bilsək yaxın gələcəkdə ticarət dövriyyəmiz daha da böyük rəqəmlərlə ölçüləcəkdir.

Enerji sahəsindəki əməkdaşlıq ənənəvi xarakter daşıyır. Deyə bilərəm ki, iqtisadi sahədə enerji sektorundakı əməkdaşlıq həmişə olduğu kimi prioritet məna daşıyır. İzmirdə keçirilən iclasdan sonra önəmli hadisələr baş vermişdir.

Biz TANAP layihəsinə imza atdıq. Artıq TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, danışdığımız kimi, yaxın 5 ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda, Azərbaycan qazı

Türkiyə vasitəsilə Avropaya nəql ediləcəkdir.

Digər mühüm layihə nəqliyyat sektoru ilə bağlıdır. Bu layihə də artıq böyük layihələr arasında özünə yer tapa bilmişdir – Bakı-Tbilisi-Qars dəmir yolu. Bu gün nazirlər məlumat verdilər və biz gələcək layihələr haqqında danışdıq. Bu layihə bizim birgə təşəbbüsümüzdür. Ancaq bu gün yenə də onu görürük ki, başqa ölkələr, tərəfdaş olan ölkələr bu layihəyə maraq göstərir və bu layihəyə qoşulmaq istəyirlər. Biz bunu alqışlayırıq. Türkiyəni Azərbaycan və Gürcüstanla, həmçinin Gürcüstanı Azərbaycanla birləşdirən bu layihə artıq beynəlxalq müstəviyə çıxmışdır.

Hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə edildi. Bu sahədəki əməkdaşlıq qardaşlıq, dostluq prinsiplərinə əsaslanır və birgə təşəbbüslər irəli sürülmüşdür. Deyə bilərəm ki, bu sahədə son illər ərzində böyük tərəqqi müşahidə olunur.

Rabitə, informasiya texnologiyaları məsələləri müzakirə edildi, yəni, bu gün elə bil ki, iki ölkənin Nazirlər kabinetləri bir araya gəlmişdir. Hər halda Azərbaycana gəldikdə, Nazirlər Kabinetinin üçdəbir hissəsi bu gün bu toplantıda iştirak edir və bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, doğrudan da ikitərəfli gündəlik kifayət qədər genişdir, mənalıdır, səmimidir və müsbətdir.

Mən çox şadam ki, biz bütün məsələləri dostluq, qardaşlıq şəraitində müzakirə edirik. Bir daha demək istəyirəm ki, münasibətlərimizin təməlində iki xalqın bir-birinə olan duyğularıdır, iki dövlətin bir-birinə olan dəstəyidir. Bu dəstək vardır. Bir daha demək istəyirəm ki, bu dəstək regional məsələlərdə də müsbət rol oynayır.

Əziz qardaşım, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Sizə cansağlığı, uğurlar arzulayıram. Əminəm ki, bu gün imzaladığımız sənədlər də növbəti toplantıya qədər reallığa çevriləcəkdir.

X X X

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatı

-Mən də əziz qardaşıma çox təşəkkür edirəm!

Dəyərli nazir yoldaşlarımızı, dəyərli iştirakçıları, dəyərli mətbuat nümayəndələrini sevgi və hörmətlə salamlayıram.

Həqiqətən bu gün Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının İzmirdən sonra ikincisini keçirməklə mənalı xoşbəxtlik, məmnunluq yaşayırıq. Ev sahibliyi məsələsində dəyərli qardaşıma bütün yoldaşlarım adından ürəkdən təşəkkürlərimi ifadə edirəm. Bizə həqiqətən Azərbaycanda tarixi əhəmiyyəti çox-çox önəmli olan Qəbələ şəhərini tanıtdırdıqları üçün də ayrıca təşəkkürlərimi bildirirəm. 

Bu gün istər siyasi, istər hərbi, istər mədəni, istər iqtisadi sahədə həqiqətən çox önəmli məsələləri müzakirə etdik. Həm ikitərəfli görüş keçirdik, həm də nazir yoldaşlarımız öz aralarında görüşlər keçirdilər. Bildiyiniz kimi, enerji sahəsində atdığımız çox önəmli addımlar vardır. Bununla bağlı əlaqədar nazir yoldaşlarımız yenə də bir-biriləri ilə görüş keçirdilər.

Eyni zamanda, bizim bu toplantımız iki ölkə arasında Nazirlər Kabinetinin birgə iclası kimidir. Nazirlər Kabineti toplantımızı Prezidentimizlə birlikdə keçirmiş olduq. Təbii ki, indi İzmirdən sonrakı dövrü dəyərləndirdiyimiz kimi, bundan sonra da gələcəkdə nələr edə biləcəyimizi, nə kimi addımlar ata biləcəyimizi müzakirə etdik.

Təbii ki, on il əvvəl bir milyard dollar olan ikitərəfli xarici ticarət dövriyyəmizin bu gün 3,5 milyard dollara çatdığını, - ötən yeddi ayda bu sahədə vəziyyət təxminən 2,6 milyard dollar oldu, - əgər bunu bir az da səylə, coşqu ilə davam etdirsək, zənnimcə, belə qısa bir dövr deyək – 2015-ci il üçün düşündüyümüz beş milyard dollarlıq xarici ticarət həcmini bu ilin sonunadək reallaşdıra bilərik. Beş milyard dollarlıq bu ticarət həcmini reallaşdırmağımız 2015-ci ildə bizə on milyard dollarlıq bir xarici ticarət dövriyyəsini təmin edər ki, bundan sonra 2020-ci ildə bunu 20 milyard dollara çıxararıq. Çünki artıq həqiqətən böyüyən, inkişaf edən bir Azərbaycan vardır, artıq böyüyən, inkişaf edən bir Türkiyə vardır. Bu iki qardaş, dost ölkənin əl-ələ verməsi və xüsusilə qurucu Prezident mərhum Heydər Əliyevin ifadə etdiyi kimi, biz “İki dövlət, bir millət” anlayışı ilə bu prosesə diqqət yetirdiyimiz müddətdə bunu daha yaxşı bir səviyyəyə çadıra bilərik, çatdıracağıq.

Qarşımızda bir maneə yoxdur. Bütün sahələrdə atacağımız addımlar vardır. Bir az əvvəl söylədiyim kimi, TANAP layihəsi ilə əlaqədar imzaları İstanbulda, Dolmabaxçada hörmətli qardaşımla bərabər atdıq. Bu andan proses başladı və ən qısa zamanda, inşallah, mexanizmlər işə düşməyə başlayacaqdır.

Təbii ki, bu layihə artıq tarixə fərqli bir imza atmaq, fərqli bir möhür vurmaqdır, Azərbaycan qazının Türkiyəyə və Avropaya açılması prosesidir. Hər keçən gün inanıram ki, bu layihə dünyanın marağını bu nöqtəyə daha çox cəlb edəcəkdir. Bu mövzuda məsuliyyətimizi dərk edirik. Eyni şəkildə TASMUS layihəmiz də vardır ki, bu da müdafiə sənayesi sahəsində elektron rabitə məsələsində müştərək bir addımın atılmasında çox böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə fəaliyyəti əlaqədar nazir yoldaşlarımız ciddi şəkildə davam etdirirlər.

Əslində, bizim ölkələr arasındakı ikitərəfli əlaqələr belə isti ikən, həm də təbii ki, beynəlxalq mənada, bütün beynəlxalq qurumlardakı həmrəyliyimiz həqiqətən örnək təşkil edə biləcək bir səviyyədədir. Hazırda, bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olaraq Azərbaycanın xidmət etməsi bizlər üçün çox böyük önəm daşıyır. Arzu edirəm ki, inşallah, Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı missiyası başa çatdıqdan sonra, - 2015-2016-cı illərdə də Türkiyə bu quruma namizəddir, - təkrar Türkiyənin orada qeyri-daimi üzv kimi xidmətə başlaması da bizim bu həmrəyliyimizi artıraraq yolumuza davam etməyimizi təmin edəcəkdir.

Aramızdakı mədəni əlaqələrimiz həmrəylik əsasında davam edir. Bununla yanaşı, təşkilatlanma işində atdığımız addımlar vardır, bunlar davam edir. Bu həmrəyliyi qətiyyətlə davam etdirmək məsələsində hər iki tərəfdə iradə vardır.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi sürətlə davam edir, bununla bərabər, bu gün bir çox detallar üzərində ətraflı dayandıq. Naxçıvan-İğdır arasında dəmir yolu çəkməklə Türkiyə və Azərbaycanı dəmir yolu ilə də birbaşa olaraq bir-birinə bağlamaq imkanını gətirəcək bir fəaliyyətin də addımlarını, inşallah, sürətlə atırıq. Hazırda artıq Naxçıvan ilə İğdır arasındakı əlaqə Türkiyə və Azərbaycan arasında çox mühüm bir prosesi də başlatmış vəziyyətdədir.

Mən beləliklə bu bəyanatımı uzatmadan, - onsuz da dəyərli qardaşım da lazımi açıqlamaları etdi, - bildirirəm ki, bütövlükdə düşüncələrimiz ortaq düşüncələrdir. Mən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın bu ikinci toplantısının bu prosesi daha da sürətləndirdiyini qeyd edir və inşallah, üçüncüsünü də gələn il yenə ölkəmizdə keçirəcəyik. Artıq bu toplantıları paytaxtlarda keçirməkdən çox müxtəlif vilayətlərimizdə keçirməklə bu vilayətlərimizin tanınmasına və tanıdılmasına da fürsət verməsi baxımından bunlar olduqca gözəl bir anlayışın təzahürü deməkdir.

Mən çox təşəkkür edirəm. Ev sahibliyinə görə də bütün yoldaşlarımın bu məsələdəki hörmətlərini çatdırmaq istəyirəm.

X X X

Sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırdılar.

Türkiyənin NTV kanalının müxbiri: Cənab Baş nazir, Sultanqazidə yeni bir terror aktı törədildi. Bunu necə qiymətləndirirsiniz? Sizə verilən son məlumatları ictimaiyyətlə bölüşə bilərsinizmi? Bir sualım da var. Suriyada seçkilərin keçirilməsi qərara alındı. Bəşər Əsəd bildirmişdir ki, seçkilərdə uduzsam bu dəfə hakimiyyətdən gedəcəyəm. Onun bu fikrini necə qiymətləndirirsiniz?

Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN: Əvvəlcə, Sultanqazidəki terror aktı ilə əlaqədar. Təbii ki, verilən məlumatlar əsasında məsuliyyəti öz üzərinə götürən qrupu hazırda bilirik. Bu barədə xəbəri sizlər də almısınız. Bu, polis şöbəsinə edilən bir hücumdur. Bir şəhidimiz vardır. Bununla bərabər, dörd polisimiz yaralıdır. Burada iki vətəndaşımız da yaralı vəziyyətdədir. Yaralarımızın vəziyyətlərinin ağır olmadığı haqqında məlumat aldım. Onlara Allahdan şəfa arzulayıram, şəhidimizə rəhmət və yaxınlarına səbir diləyirəm. Bildiyiniz kimi, hadisə terrorçu-intiharçının bombanı partlatması nəticəsində baş vermişdir. Cinayəti törədənin şəxsiyyəti müəyyən olunmuşdur. Amma onun əlaqələri hazırda bütün təhlükəsizlik qurumları və polis tərəfindən araşdırılır.

İkinci sualınıza gəldikdə, hazırda Suriyada keçiriləcək seçkilərin inandırıcılığı yoxdur. İnandırıcılığı olmayan bir zəmində keçiriləcək seçkilərin nəticəsi də məlumdur. Hazırda Suriyada vətəndaş müharibəsi gedir. Belə bir şəraitdə keçiriləcək seçkinin nəticəsi artıq indidən məlumdur. Bundan əvvəlcə də, bilirsiniz, bir seçki keçirdilər. Suriya xalqının böyük əksəriyyəti bu seçkilərdə iştirak etmədi. Çünki sağlam bir təməl mövcud deyildi. Burada sağlam bir təməl yaradılmadan keçiriləcək seçkilərin heç bir qiyməti yoxdur. Belə ki, Cenevrədə qəbul olunan qərarlar vardır. Bu Cenevrə qərarlarına Suriya rejimi əməl etməmişdir. Əgər buna əməl etsəydilər daha artıq məsafə qət edilmiş olardı. Kofi Annanın istefa verməsinin səbəbi məlumdur. Hazırda cənab Lahdar Brahimi bu vəzifəni yerinə yetirir. Ancaq o, vəzifəsinin nə qədər çətin olduğunu artıq indidən ifadə etmişdir. Belə bir şəraitdə sağlam bir demokratik təməl yoxdur. Sağlam təməl olmayınca da buradan çıxacaq nəticələrin qəbul edilməsi də mümkün deyildir.

Xəzər Televiziyasının müxbiri Türkay Verdiyeva: Hər vaxtınız xeyir olsun. Hörmətli cənab Baş nazir, iki ölkə arasında iqtisadi əməkdaşlıqda, xüsusilə sərmayə yatırımları mühüm rol oynayır. Bugünkü Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində Azərbaycanın bu istiqamətdə atmış olduğu addımların qarşılığı olaraq Türkiyənin Azərbaycana irihəcmli sərmayə yatırımları perspektivinə necə baxırsınız?

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Hazırda onsuz da bu məsələdə olduqca gözəl təşəbbüslər vardır. Belə təşəbbüslərdə qət etdiyimiz məsafə bu an etibarilə 10 milyard dollara çatmışdır, Azərbaycandakı sərmayələr etibarilə.

Hədəf bunu sürətlə 20 milyard dollara çatdıra bilməkdir. Bu istiqamətdə də işlər görülür. Təbii ki, burada ayrıca müştərək görüləcək işlər vardır. Hətta biz daha da irəliyə gedək deyirik ki, Azərbaycan-Türkiyə sahibkarlarının, təşəbbüskarlarının üçüncü ölkələrə də sərmayə qoymalarının yolunu açaq. Bunu da müvəffəqiyyətlə davam etdirmək istəyirik.

Anadolu Agentliyinin müxbiri Həsən Öyməz: Mən cənab Prezidentə bir sual vermək istəyirəm. İki ölkə arasındakı əməkdaşlığın getdikcə sürətləndiyi bir mərhələdəyik. Bu əməkdaşlığı Türkiyə Respublikası vətəndaşlarına sərhəddə viza tətbiq olunmasının tamamilə aradan qaldırılması şəklində zirvəyə çatdırılması istiqamətində bir fəaliyyətiniz varmı?

Sizdən bir müjdə ala bilərikmi? Bir də TANAP layihəsinin planlaşdırılan tarixdən daha əvvələ çəkilməsi mövzusunda bir addımdan söhbət gedirmi? Türkiyədən çıxış, Avropaya giriş nöqtəsi olaraq iki müxtəlif alternativ üzərində iş gedirdi. Bu alternativdə də bir konkretlik varmı?

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Qeyd etdiyiniz kimi, əlaqələrimiz çoxşaxəlidir. Bütün sahələri əhatə edir. Biz çalışırıq ki, bütün sahələrdə bütün məsələləri həll edək və zamanında həll edək.

Viza məsələlərinə gəldikdə, siz yaxşı bilirsiniz ki, bir müddət bundan əvvəl Türkiyə dövləti bütün türkdilli dövlətlərin vətəndaşlarına qarşı viza rejimini ləğv etdi. Beləliklə, bütün türkdilli dövlətlərin vətəndaşları Türkiyəyə sərbəst gedə bilərlər və bu qərara görə biz çox minnətdarıq. O ki qaldı Azərbaycana, bu məsələ bu gün müzakirə edildi. Qərar qəbul edildi ki, bu məsələyə biz tədricən nail olaq. Müəyyən kateqoriya insanlar - iş adamları, elm adamları, tanınmış şəxslər vardır ki, onların gəliş-gedişi üçün daha da asan rejim tətbiq oluna bilər. Bütövlükdə isə bizim müəyyən mexanizmlərimiz, daxili prosedurlarımız hələ tamamlanmayıb. Bu prosedurlar tamamlanandan sonra əlbəttə ki, Türkiyə vətəndaşları da Azərbaycana vizasız gələ bilərlər. Biz bu məsələ üzərində işləyirik. Bu məsələ müzakirə edildi. Türkiyə tərəfi bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini anlayır. Biz birgə səylərlə məsələnin həlli yolunda önəmli addımları atacağıq.

TANAP layihəsinə gəldikdə, mən giriş sözümdə qeyd etdim ki, bu, sırf Türkiyə-Azərbaycan layihəsidir. Uzun illər Azərbaycan qazını Avropaya çıxarmaq üçün müxtəlif variantlar, müxtəlif layihələr müzakirə edilmişdir. Təəssüf ki, onların heç biri reallaşmadı. Belə olan vəziyyətdə iki qardaş ölkə bütün məsuliyyəti, o cümlədən maliyyə məsuliyyətini öz üzərinə götürmüşdür. TANAP-ın üstünlüyü ondan ibarətdir ki, bu layihəni biz ikimiz icra edəcəyik. Üçüncü tərəflər üçün də bu layihə açıqdır. Yerdə qalan müəyyən faizlər bizim tərəfdaş olan şirkətlərə verilə bilər. Beləliklə, TANAP layihəsinə beynəlxalq status da verilə bilər.

Əsas məsələ Azərbaycan qazını daha da böyük həcmdə Türkiyəyə və Türkiyə ərazisindən Avropa məkanına çatdırmaqdır.

Avropa məkanına çatdıqda bu qazın həmin məkana hansı yollarla daxil ediləcəyi artıq texniki və iqtisadi məsələdir.

Coğrafiya belə diktə edir ki, bizim qazımız ya Bolqarıstan, ya Yunanıstan ərazisindən Avropaya gedəcəkdir. Hazırda SOCAR və tərəfdaş şirkətlər bütün variantları nəzərdən keçirirlər. Ən məqbul, ən təhlükəsiz və iqtisadi cəhətdən səmərəli varianta üstünlük veriləcəkdir. Amma onu da qeyd etmək istəyirəm ki, hazırda Avropa İttifaqında olan ölkələr bir-biri ilə qaz xətlərini qururlar, yaradırlar. İstənilən nöqtədən Avropaya Azərbaycan qazı daxil olduqda geniş Avropa məkanını əhatə edə bilər. Ümid edirəm ki, 2017-ci ildə bu layihə tamamlana bilər. Sağ olun.

İctimai Televiziyanın müxbiri Elçin Mirzəyev: Sualım cənab Ərdoğanadır. Hörmətli Baş nazir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağı danışıqlar prosesinin getdiyi bir vaxtda bəzi dairələr bu danışıqlar prosesinə fikir vermədən Türkiyə və Ermənistan arasında sərhədin açılması məsələsini yenidən gündəmə gətirir. Bu məsələ ilə bağlı Sizin mövqeyinizi bilmək istərdik.

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Mən çox təşəkkür edirəm. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, başda təbii ki, ATƏT-in Minsk qrupu olmaqla bu məsələnin həlli yolları tapılmayınca, oradan bir və ya iki rayonun məsələsi həll etməyincə bizim belə bir qapı açmağımız və sairdən söhbət gedə bilməz. Bu, iqtidarda olduğumuz müddətdə həmişə söylədiyimiz sözdür. Belə bir addım ata bilmərik. Bizim atacağımız bütün addımların məqsədi budur: hazırda işğal altındakı torpaqlardan ermənilər çıxmalıdır. Bu, beynəlxalq qurumlar tərəfindən də “Bura Azərbaycanındır” deyilməsinə rəğmən hələ də torpaqların buranın haqq sahiblərinə verilməmiş olması bizim mövqeyimizi aydın və dəqiq şəkildə ortaya qoyur. Bizim mövqeyimiz də burada Ermənistan ilə bağlı atdığımız qətiyyətlə addım, tutduğumuz mövqe nədirsə bundan sonra da eyni şəkildə davam edəcəkdir. Bu prosesdə maraqlı tərəf olaraq biz də hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 31 oktyabr 2024
16:00
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli...

31 oktyabr 2024, 16:00