İlham Əliyev Qusar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür

12 avqust 2010, 16:40
İlham Əliyev Qusar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür

Prezident İlham Əliyev Samur-Həzrə yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:

- Mən sizi ürəkdən təbrik edirəm. Bildiyiniz kimi, mən bir il bundan əvvəl yolun çəkilişi ilə bağlı müvafiq sərəncam imzalamışdım. Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdı ki, bu yol tikilsin. Qusar sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, biz bütün bu işləri gördük və artıq yüksək keyfiyyətə malik olan yol istismara verilir.

İndi verilən məlumata görə, yol 16 min əhaliyə xidmət göstərəcəkdir. 27 qəsəbə və kənd bu yolun üstündə yerləşibdir. Yəni bu, insanlara rahatlıq verəcəkdir. Burada şəkillərdə göstərilir ki, əvvəlki yol hansı vəziyyətdə idi, ona heç yol demək olmazdı, insanlar əziyyət çəkirdilər. İndi isə bu gözəl yol uzun illər, onilliklər ərzində insanlara xidmət göstərəcəkdir.

Hesab edirəm ki, bu, çox mühüm hadisədir. Bu, onu göstərir ki, bizim yol-tikinti işlərimiz nəinki magistral yolları, eyni zamanda kənd yollarını da əhatə edir. Kənd yollarının tikintisi gələcək illərdə daha da geniş sürətlə aparılacaqdır. Çünki magistral yollara gəldikdə, demək olar ki, bütün əsas magistralların tikintisi uğurla davam edir. Bu gün Bakı-Quba yolunun bir hissəsi istismara verilibdir. Çox böyük keyfiyyətə malik olan bir yoldur. Bütün başqa istiqamətlərdə - Bakı-Rusiya, Bakı-Gürcüstan, Bakı-İran sərhədi yollarının tikintisi, demək olar ki, bu il və gələn il ərzində başa çatmalıdır. O ki qaldı, kənd yollarına, onların tikintisinə böyük ehtiyac vardır. Ən ucqar yerlərdə, ən ucqar kəndlərdə bu yol tikintisi davam edəcəkdir. Azərbaycanın bütün bölgələrində insanlar yaxşı yoldan istifadə etməlidirlər.

Yol inkişafdır, mədəniyyətdir. Yol olan yerdə inkişaf da olacaqdır. Qusar rayonunun, qonşu rayonların böyük turizm potensialı vardır. Yol olan yerdə biz bu imkanlardan daha da səmərəli şəkildə istifadə edəcəyik. Bildiyiniz kimi, Qusarda son illərdə çox sürətli inkişaf gedir. İnkişafın templəri məni qane edir. İqtisadi inkişaf, sənaye, turizm müəssisələrinin yaradılması – bütün bu sahələrdə işlər yüksək səviyyədədir. Son 5-6 il ərzində 17 məktəb tikilibdir, bir neçə məktəb təmir edilib, böyük xəstəxana tikilməkdədir.

Azərbaycanın turizm obyektləri arasında ən birinci yeri tutan Qusar-Şahdağ qış-yay turizm kompleksi tikilməkdədir. İndi orada gedən tikinti işləri ilə bu gün bir daha tanış olacağam. O kompleksin istismara verilməsi nəticəsində minlərlə yeni iş yeri açılacaq, rayon iqtisadiyyatına böyük investisiyalar qoyulacaq və beləliklə, Qusar rayonunun uzunmüddətli və uğurlu inkişafı təmin ediləcəkdir.

Biz bütün bu işləri planlı şəkildə aparırıq. Həm ölkənin iqtisadi inkişafına göstərilən diqqət, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılan tədbirlər, sosial proqramlar, maaşlar, pensiyalar, sənaye müəssisələrinin, turizm mərkəzlərinin tikintisi – bütün bunların bir məqsədi var ki, Azərbaycan vətəndaşları yaxşı, firavan yaşasınlar, dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda istənilən sahədə tətbiq olunsun və beləliklə, ölkəmiz hərtərəfli inkişaf etsin. Regionlar inkişaf edir, paytaxt şəhərimiz inkişaf edir, rayon mərkəzləri gözəlləşir, abadlaşır – bax, inkişaf budur!

Mən Prezident kimi Qusara artıq beşinci dəfədir ki, səfər edirəm. Hər dəfə gələndə burada gördüyüm yeniliklər, inkişaf məni sevindirir. Əldə edilmiş bütün bu nailiyyətlərlə bağlı mən sizi ürəkdən təbrik edirəm. Demək istəyirəm ki, yolun tikintisi rayon icra hakimiyyətinə tapşırılmışdır və mən görürəm ki, bu iş böyük keyfiyyətlə və zövqlə görülübdür. Növbəti illərdə əlbəttə ki, digər kənd yollarının tikintisi üçün əlavə vəsait ayrılacaqdır. Azərbaycan dövləti güclü dövlətdir. Bizim güclü iqtisadiyyatımız, güclü maliyyə imkanlarımız vardır. Bütün bu imkanlar Azərbaycan xalqının, bölgələrimizin inkişafına yönəldilib. Bir daha bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.

Mənə yolun tikintisi ilə bağlı edilən müraciətlər səslənəndə söz vermişdim ki, biz yolun tikintisinə nail olacağıq və yolun açılışında mən şəxsən iştirak edəcəyəm. Bu gün mən sizinlə bərabərəm. Təbrik edirəm.

X X X

Rayon ictimaiyyəti adından çıxış edən Həzrə kənd orta məktəbinin müəllimi Məsud QƏDİMOV dövlətimizin başçısına diqqət və qayğıya görə təşəkkürünü bildirərək dedi:

- Möhtərəm cənab Prezident!

Bu gün Qusar rayonun həyatında çox mühüm, əlamətdar bir gündür. Biz bu günü səbirsizliklə gözləyirdik. Çünki Sizin Qusara hər gəlişiniz elimizin bayramına çevrilir. Çünki Sizin hər gəlişinizdən sonra bir neçə yeniliyin şahidi oluruq.

Cənab Prezident! Biz qusarlılar xoşbəxt adamlarıq ki, son 6 il ərzində beşinci dəfədir Sizinlə görüşmək şərəfinə nail oluruq. Odur ki, Sizi bütün qusarlılar adından salamlayır və Sizə “Xoş gəlmisiniz” deyirik!

Möhtərəm Prezident! Sizin titanik əməklə respublikamızın inkişafını təmin etməyiniz, bütün bölgələrdə yüksək inkişaf tempinin saxlanılması çox böyük işdir. Hazırda bütün bölgələr inkişaf edir. Hər yerdə abadlıq-quruculuq işləri gedir. O cümlədən bizim Qusar rayonunda da. Qusar rayonu doğurdan da Sizin dediyiniz kimi, çox gözəlləşibdir. Biz fəxr edirik ki, Qusar rayonu respublikamızın ən gözəl guşələri ilə müqayisədə doğurdan da çox gözəl bir mənzərəyə malikdir. Biz bütün bunlar üçün Sizə minnətdarıq. Çünki Sizin köməyiniz olmasaydı, əlbəttə, biz belə gözəl şəraitə, inkişafa, rifaha malik ola bilməzdik. Rayonumuzda son illərdə tikilib istifadəyə verilmiş ən mühüm obyektlər, infrastruktur layihələri bilavasitə Sizin diqqət və qayğınız sayəsində ərsəyə gəlmişdir.

Cənab Prezident, bizim böyükdən-kiçiyə kimi hamımızın ürəyində Sizə dərin hörmət və istək vardır. Çünki Siz həmişə bizim problemlərimizlə maraqlanırsınız. Siz bizim problemlərimizi öz problemləriniz hesab edirsiniz. Elə götürək, bu yol məsələsini. Onda Siz Qusara gələndə biz bu məsələni ortaya atdıq və bu yolun bərpası barədə Sizdən xahiş etdik. Biz bilirdik ki, bu, çox çətin işdir. Xatirinizə gəlirsə, onda yağış da yağırdı - Siz bizi səmimiyyətlə otağa dəvət etdiniz.

Prezident İlham ƏLİYEV: - Bəli, bəli. Təzə açılmış idman kompleksi idi.

Məsud QƏDİMOV: - Bəli, onda Siz bizimlə oturub səmimi söhbət etdiniz. Bildirdiniz ki, bütün Azərbaycan xalqının nə problemi var, hamısı həll ediləcəkdir. Doğurdan da ilk anda bizə təəccüblü göründü, yəni bu çətin iş belə tez başa gələrmi?! Lakin bu yolun tikintisinin doğurdan da belə sürətlə başa çatması bizi heyrətə gətirdi. Biz bilirik ki, Prezidentimizin sözü ilə işi vəhdət təşkil edir. Prezidentimizin dediyi söz mütləq yerinə yetirilir. Özü də ən yüksək səviyyədə və ən qısa müddətdə.

Cənab Prezident! Bu yolun çəkilişi doğurdan da çox qısa müddətdə başa gəlsə də, çox keyfiyyətli qurulubdur. Allah Sizdən razı olsun! Bu yoldan istifadə edən 27 kəndin 16 minə qədər əhalisi Sizə minnətdardır. On illərlə onlar bu yolun həsrətində olublar. Lakin Siz bu yolu onlara bəxş etdiniz. Siz onlara bu yol ilə bərabər, yeni həyat bəxş etmisiniz. Onların sevincinin həddi-hüdudu yoxdur. Bunu sadəcə olaraq dillə demək çətindir. Atalar deyib ki, yol çəkmək, körpü tikmək dünyada ən savab işdir. Yeri gəlmişkən, Sizə ağsaqqallarımızın xeyir-duasını, minnətdarlığını, eləcə də bu yoldan istifadə edən, Şahdağın ətəklərinə qədər səpələnmiş 27 kəndin əhalisinin minnətdarlığını bildirmək istəyirəm. Sizin yolunuz həmişə işıqlı olsun! Sizin ömrünüz çəkdiyiniz yollar qədər uzun, rəvan olsun! Çox sağ olun, cənab Prezident!

X X X

Prezident İlham ƏLİYEV: - Sağ olun, xoş sözlərə görə sizə minnətdaram. Mən o günü yaxşı xatırlayıram. Olimpiya-İdman Kompleksinin açılışı zamanı yağış da yağdı, biz keçib içəridə oturduq, səmimi söhbət etdik. O vaxt da demişəm, bu gün də demək istəyirəm ki, mən Azərbaycanın inkişafı üçün çalışıram. Bölgələrə səfərlərimin məqsədi də məhz ondan ibarətdir ki, həm problemləri aşkar etmək, sizdən o problemləri eşitmək, hansı sahədə nə edilməlidir müəyyənləşdirmək, onları həll etmək və ondan sonra həll edilmiş problemləri, necə deyərlər, artıq görmək və bərabər sevinməkdir. Məni ən çox sevindirən məhz odur ki, Azərbaycanda hər gün hansısa bölgədə, hansısa rayonda hansısa müəssisə açılır, məktəb, xəstəxana tikilir, yol çəkilir. Budur əsas məqsədimiz. Yenə də demək istəyirəm, görülən bütün bu işlər bir neçə məqsədi güdür. Birinci növbədə, insanlar daha da yaxşı yaşasınlar, onların problemləri həll olunsun, yol çəkilsin.

İndi Qusar rayonunda qazlaşdırma prosesi sürətlə gedir. Mənə verilən məlumata görə, bir neçə kəndə yeni qaz xətləri çəkilmişdir. Bu proses davam etdirilir və göstəriş vermişəm ki, Qusarın kəndlərinə qaz təchizatı maksimum dərəcədə təşkil edilsin.

İnsanların sağlamlığı - Qusarda tikilən 230 çarpayılıq böyük xəstəxana demək olar ki, burada bütün sağlamlıq problemlərini həll edəcəkdir, həm diaqnostika, müayinə, əməliyyatlar, müalicə. Yəni bu, insanların sağlamlığı deməkdir.

Məktəblər - mən qeyd elədim, 17 məktəb nə deməkdir? Bu, bizim gələcəyimizdir. Həm uşaqlar yaxşı məktəblərdə oxuyacaqlar, həm də ki, bu, müəllimlərin iş şəraitidir. Ondan sonra Qusarda Olimpiya Kompleksi tikilmişdir. Onun açılışında bərabər iştirak etmişdik. Bu da fiziki və mənəvi cəhətdən sağlamlıqdır. Xüsusilə Qusar əhalisi idmana çox meyillidir. Qusardan çıxmış çox görkəmli idmançılarımız vardır və gənc nəsil də yetişməlidir. Onlar həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlam, vətənpərvər olmalıdırlar. Yəni bu, elə vətənpərvərlik tərbiyəsinin bir istiqamətidir.

Burada dağ turizm mərkəzi tikilir. Qusar dünya miqyaslı bir turizm mərkəzinə çevriləcəkdir. Orada görülən işlər dünyanın aparıcı ölkələrində görülən işlərdən zərrə qədər də geri qalmır. Bu işlər bəzi hallarda orada olan işlərdən üstün görülür. Çünki biz artıq onların təcrübəsini bilirik və o təcrübəni burada müasir səviyyədə tətbiq edirik. Bir-iki ildən sonra siz həm ölkə daxilindən, həm xaricdən buraya turistlərin axınını görəcəksiniz. Bu, həm inkişafa aparan yoldur, eyni zamanda, böyük dəyər gətirəcək bir sahədir. Dünyada ölkələr turistləri cəlb etmək üçün bir-biri ilə rəqabət aparır. Qusarı mərkəzə, necə deyərlər, Azərbaycanın bir nömrəli turizm bölgəsinə çevirmək düşünülmüş və məqsədyönlü bir addımdır. Yəni, hər bir istiqamətdə görülən bu işlər cəmləşəndə artıq böyük dəyər təşkil edir.
Növbəti illərdə Qusar rayonunun problemlərinin həlli üçün bütün lazımi tədbirlər görüləcəkdir. Yeni yollar çəkiləcək, kənd təsərrüfatının inkişafı, sahibkarların, fermerlərin işinin yüngülləşdirilməsi, sənaye müəssisələrinin tikilməsi üçün bütün işlər görüləcəkdir. Artıq görülən bu işlər ki var, bir rayonun timsalında onu göstərir ki, biz hər şeyə qadirik. Təki güclü iradə olsun, o da var, xalqla iqtidarın birliyi olsun, o da var və düşünülmüş siyasət olsun, o da vardır. Beləliklə, ölkəmiz qabağa gedəcək və dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir.
Bir daha sizi ürəkdən təbrik edirəm və gələcəkdə biz hələ tez-tez görüşəcəyik. Çünki əminəm ki, Qusarda belə gözəl açılışlar hələ çox olacaqdır.

X X X

Sonra mərasim iştirakçıları Prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 06 may 2024
12:39
“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası...

06 may 2024, 12:39
SƏNƏDLƏR Qanunlar 06 may 2024
12:37
“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

06 may 2024, 12:37
SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:06
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:06
SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:04
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:04
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53