Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)

11 avqust 2010, 19:30

Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 11 avqust tarixli Sərəncamı ilə
təsdiq edilmişdir

1. GİRİŞ

Azərbaycan Respublikasında aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın iqtisadi və sosial-siyasi sahələrində dinamik inkişafa nail olunmuşdur. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırmaqla, Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaratmışdır. 

Müasir mərhələdə Azərbaycanın davamlı və dayanıqlı inkişafı siyasətinin prioritet istiqamətlərindən elan olunan informasiya-kommunikasiya texnologiyaları (İKT) sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, bu Strategiyanın icrasının ilkin mərhələsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” və həyata keçirilən genişmiqyaslı işlər qeyd edilə bilər. Hal-hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. Dünya İqtisadi Forumu tərəfindən 2008-2009-cu illər üçün hazırlanmış “İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesabat”da Azərbaycan 134 ölkə sırasında 60-cı yeri tutmaqla, bir çox nüfuzlu ölkələri qabaqlamışdır və MDB-nin iştirakçısı olan dövlətlər arasında lider olmuşdur. 

2005-2008-ci illər üçün “Elektron Azərbaycan” Dövlət Proqramında nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin mərhələdə görüləcək işləri əhatə etmişdir. Proqram üzrə görülmüş işlər sayəsində respublikanın rabitə və informasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, sahəyə investisiyaların cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atılmışdır. Sahənin normativ hüquqi bazası inkişaf etdirilmiş, telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, ən yeni texnologiyaların tətbiqi genişləndirilmiş, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti yüksəldilmişdir. Respublika əhalisinin İKT-dən istifadə səviyyəsinin artırılması, sahə üçün yüksəkixtisaslı kadrların hazırlanması və digər istiqamətlərdə müəyyən işlər görülmüşdür. Bütün bunlar Milli Strategiyanın növbəti mərhələsinin icrası üçün əsaslı zəmin yaratmışdır.

Telekommunikasiya və poçt infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsinin tam başa çatdırılması, keyfiyyətli və qənaətbəxş telekommunikasiya xidmətlərinin təqdim olunması, peyk rabitəsi texnologiyalarından istifadə, “E-hökumət” həllərinin tətbiqinin genişləndirilməsi və bütövlükdə cəmiyyətdə İKT-dən istifadənin səviyyəsinin artırılması mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, e-imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron və poçt-maliyyə xidmətlərinin təşkilinə, yerli istehsalın və onun ixrac potensialının gücləndirilməsinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına və İKT üzrə kadr hazırlığına diqqət yetirilməsi vacibdir. 

Qeyd olunanları əsas tutaraq, ilkin Dövlət Proqramının məntiqi davamı və Milli Strategiyanın icrası məqsədi ilə 2010-2012-ci illəri əhatə edən növbəti mərhələ üçün yeni Dövlət Proqramı hazırlanmışdır. Bu Proqram əvvəlki Dövlət Proqramının nəticələrinin qiymətləndirilməsi, dövlət orqanlarının, biznes sektorunun və cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatının təhlil edilməsi, dünya təcrübəsinin öyrənilməsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyələri, həmçinin respublikanın sosial-iqtisadi inkişaf səviyyəsi nəzərə alınmaqla tərtib edilmişdir. Dövlət Proqramı sahələrarası xarakter daşıyır və cəmiyyətin inkişafına xidmət edəcək tədbirləri və nazirlik, komitə və digər təşkilatların təqdim etdiyi layihələri özündə cəmləşdirir. 

2. Mövcud vəziyyət

“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” çərçivəsində həyata keçirilmiş tədbirlər və sektorun inkişafı istiqamətində aparılan ardıcıl dövlət siyasəti nəticəsində son 5 ildə İKT və poçt sektoru üzrə gəlirlər mütəmadi artmış və orta illik artım 25 faiz olmuşdur. Bu müddət ərzində sahə üzrə investisiya qoyuluşunun həcmi 850 mln. manatdan çox olmuşdur. 

Əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və çeşidinin genişləndirilməsi məqsədi ilə son 5 ildə respublikada elektron Avtomat Telefon Stansiyalarının (ATS) xüsusi çəkisi 55,5 faizdən 87,1 faizə, Bakı şəhər telefon şəbəkəsində isə 63,9 faizdən 90 faizə çatdırılmışdır. Sabit şəbəkə operatorları üzrə modernləşdirmə sahəsində görülmüş işlər nəticəsində son 5 ildə ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 45 faiz, əsas telefon aparatlarının sayı isə 38,1 faiz artmışdır. Hazırda hər 100 nəfərə düşən əsas telefon aparatlarının sayı 16 ədəd, o cümlədən Bakı şəhərində 34.4 ədəd, respublikanın digər əraziləri üzrə isə 10,5 ədəd təşkil edir. Hər 100 nəfərə 86,2 mobil telefon abunəçisi düşür. 

Respublikanın 24 şəhər və rayonunun telefon şəbəkələri yenidən qurularaq tam elektronlaşdırılmışdır. MDB-nin iştirakçısı olan dövlətlər arasında ilk dəfə olaraq Azərbaycanda “Yeni Nəsil Şəbəkələri” (NGN) texnologiyalarının tətbiqinə başlanılmışdır. Hazırda Bakı və Sumqayıt şəhərlərinin telefon şəbəkələri ilə yanaşı, bir neçə rayonda, o cümlədən Naxçıvan Muxtar Respublikasında NGN texnologiyaları tətbiq edilir. Ucqar ərazilərdə yerləşən və coğrafi cəhətdən fiziki xətlə telefonlaşdırılması mümkün olmayan yaşayış məntəqələrində telefon rabitəsi peyk avadanlıqlarının quraşdırılması vasitəsilə təmin edilmişdir. Beləliklə, artıq 2008-ci ildə respublikada bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. 

Respublikanın 24 rayonunda Simsiz rabitə xidməti (CDMA) texnologiyalı simsiz rabitə istifadəyə verilmiş və bu şəbəkənin xidmətləri respublika əhalisinin 63 faizdən çoxunun yaşadığı ərazini əhatə etmişdir.

Ölkədaxili telekommunikasiya infrastrukturunun keyfiyyətini yüksəltmək məqsədi ilə Azərbaycanın rayonlarını birləşdirən fiber-optik kabel magistralları tikilib istifadəyə verilmişdir və respublikanın rayon mərkəzlərinin artıq 90 faizi optik xətlə əlaqələndirilmişdir. 

Son 5 ildə respublikada 564 yeni poçt binası tikilib istifadəyə verilmişdir. Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində “Azərpoçt” DM-nin mövcud infrastrukturunun yenidən qurulması və onun əməliyyatlarının avtomatlaşdırılması üzrə regionlarda ənənəvi poçt xidmətləri ilə yanaşı yeni, xüsusilə də poçt-maliyyə xidmətlərinin inkişaf etdirilməsi üzrə işlər görülməkdədir. 

Azərbaycan Respublikası ərazisinin xüsusilə də ucqar ərazilərindəki əhalinin bütün təbəqələrinin istifadə edə biləcəyi universal telekommunikasiya xidmətlərinin və universal poçt xidmətlərinin təşkili və göstərilməsi üçün müvafiq tədbirlər görülmüşdür. 

Sektorda dövlət qurumlarının iştirakı ilə yaradılmış birgə müəssisələrin özəlləşdirilməsi davam etdirilməkdədir.

Sahə üzrə beynəlxalq tələb və tövsiyələrə uyğun milli standartlar işlənilir, milli informasiya sistemlərində tətbiq olunacaq təsnifatlar hazırlanır.

İnformasiya cəmiyyətinə keçidin təmin olunmasına, dövlət orqanlarının fiziki və hüquqi şəxslərə təqdim etdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, ümumiyyətlə, dövlət idarəçiliyinin səmərəli və optimal təşkil edilməsinə yönəldilmiş “E-hökumət”in formalaşdırılması üzrə layihələr həyata keçirilir.

Respublikada e-imza xidmətinin təşkili məqsədi ilə milli infrastrukturun yaradılması işləri aparılır və bu, “E-hökumət” layihələrinə, elektron xidmətlərin tətbiqinə şərait yaradacaqdır.

Son 5 ildə dövlət orqanlarının informasiyalaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Əksər dövlət orqanlarının internet saytları yaradılmışdır və gov.az domenində yerləşdirilmişdir. Dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsini təmin etmək məqsədi ilə vahid konfidensial multiservis şəbəkəsinin yaradılmasına və dövlət orqanlarının bu şəbəkəyə qoşulmasına başlanılmışdır.

Dövlət orqanları tərəfindən informasiya xidməti ilə yanaşı, ilkin elektron xidmətlər də göstərilir. Elektron bəyannamələrin, elektron ərizələrin qəbulu, kommunal xərclər üzrə borcların öyrənilməsi və digər xidmətlər buna misaldır. 

Beynəlxalq əməkdaşlıq inkişaf etdirilmişdir, İKT üzrə beynəlxalq biznes forumları, sərgi və konfranslar təşkil edilmişdir. Tanınmış İKT şirkətlərinin əksəriyyəti respublikada nümayəndəliyini açmışlar və fəaliyyətlərini genişləndirmişlər. 
Mövcud vəziyyətin təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir:

- İKT-nin dayanıqlı inkişafı üçün təşkilati, normativ hüquqi, texniki və texnoloji baza əsasən yaradılmışdır;

-  son illərdə görülən irihəcmli işlərə baxmayaraq, sahənin bəzi inkişaf göstəriciləri hələlik ümumdünya, o cümlədən Avropa üzrə orta səviyyədən aşağıdır (hər 100 nəfərə düşən əsas telefon aparatların sayı və s.); 

- dövlət orqanlarının informasiya resursları və sistemlərinin vahid prinsip və standartlar əsasında yaradılması və inteqrasiyasına diqqət artırılmalıdır; 

- e-imza infrastrukturunun yaradılmasına və dövlət orqanlarında elektron sənəd dövriyyəsinin tətbiqi, həmçinin dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsinin təşkili mühüm əhəmiyyət kəsb edir; 

- respublikada İKT-dən, xüsusən də internetdən istifadənin genişlənməsi artan tələbatı təmin etmək üçün daha yüksək göstəricilərə və keyfiyyətə malik infrastrukturun və xidmətlərin göstərilməsini şərtləndirir.

3. Dövlət Proqramının məqsədi

Dövlət Proqramının məqsədi Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün zəminin formalaşdırılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsidir. 

Dövlət Proqramında qoyulmuş məqsədlərə çatmaq üçün aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:

- respublikada müasir informasiya və kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, fiziki və hüquqi şəxslərin dövlət orqanlarının fəaliyyəti haqqında məlumatlara, həmçinin dövlət, ictimai və sahə informasiya resurslarına çıxışının genişləndirilməsi, informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsi və onların keyfiyyətinin artırılması;

- dövlət idarəçiliyinin bütün səviyyələrində İKT həllərinin tətbiqi, dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması və inkişaf etdirilməsi;

- vahid texnoloji standartlar əsasında dövlət informasiya resursları və sistemlərinin inteqrasiyasının təmin edilməsi, dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsi üçün vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi, təşkilati-texniki, texnoloji tədbirlərin həyata keçirilməsi və müvafiq mühitin formalaşdırılması;

- dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması üçün “Е-hökumət” həllərinin geniş tətbiqi, “bir pəncərə” prinsipi əsasında elektron xidmətlərin təşkili;

- müasir inkişaf tələblərinə uyğun olaraq, sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi;

- sahə üzrə standartlaşdırma və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğun həyata keçirilməsi;

- müasir İKT ixtisasları üzrə mütəxəssis hazırlığının keyfiyyətinin artırılması

- İKT xidmət və məhsullarının istehsalının inkişaf etdirilməsi və ixrac potensialının artırılması; 

- yeni texnika və texnologiyaların tətbiqi, sahə üzrə xidmətlərin, o cümlədən poçt və telekommunikasiya (o cümlədən peyk rabitəsi) xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi;

- poçt şəbəkəsi vasitəsilə poçt-maliyyə xidmətlərinin həyata keçirilməsinin inkişaf etdirilməsi;

- e-ticarət, e-səhiyyə kimi mütərəqqi fəaliyyət formalarının inkişaf etdirilməsi; 

- "rəqəmsal geriliyin" azaldılması üçün tədbirlərin həyata keçirilməsi; 

- informasiya cəmiyyətinin qurulması istiqamətində vahid elmi-texniki və innovasiya siyasətinin həyata keçirilməsi;

- informasiya cəmiyyətinin qurulması üzrə görülən işlərə ictimai nəzarətin təmin edilməsi.

4. Dövlət Proqramının həyata keçirilməsinin əsas istiqamətləri

Dövlət Proqramı aşağıdakı dörd əsas istiqamət üzrə həyata keçiriləcəkdir:

4.1. Milli telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişafı

- yeni texnologiyalar əsasında ölkədə telekommunikasiya və poçt infrastrukturunun müasirləşdirilməsi və inkişaf etdirilməsi, respublikanın bütün ərazisi üzrə fiziki və hüquqi şəxslərin telekommunikasiya və poçt xidmətlərinə çıxışının təmin olunması; 

- peyk rabitəsi texnologiyalarının və xidmətlərinin inkişaf etdirilməsi; 

- radio-televiziya, o cümlədən rəqəmli televiziya yayımının genişləndirilməsi; 

- internetin milli seqmentinin infrastrukturunun inkişaf etdirilməsi; 

- cəmiyyətə keyfiyyətli və qənaətbəxş telekommunikasiya və poçt (o cümlədən poçt-maliyyə) xidmətlərinin təqdim olunması. 

4.2. Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi

-  dövlət orqanlarında İKT həllərinin geniş tətbiqi üçün vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi və vahid informasiya fəzasının formalaşdırılması;

- dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması, inteqrasiyası və inkişaf etdirilməsi, dövlət orqanlarının öz aralarında, həmçinin fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqə zamanı təhlükəsiz informasiya mübadiləsi üçün mütərəqqi mexanizmlərin tətbiq edilməsi; 

-“Е-hökumət” həllərinin tətbiqi və “bir pəncərə” prinsipi əsasında elektron xidmətlərin təqdim olunması; 

- İKT sahəsində görülən işlər barədə məlumatların yayılması. 

4.3. İnformasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması

- "rəqəmsal geriliyin" azaldılması üçün tədbirlərin genişləndirilməsi; 

- kompüter istifadəçilərinin sayının artırılması;

- əhalinin müasir informasiya və kommunikasiya texnologiyaları vasitələri və onların istifadəsi barədə maarifləndirilməsi, cəmiyyətin İKT savadlılığının artırılması;

- əhalinin bütün kateqoriyaları, eləcə də məhdud imkanlı qruplar (əlillər və sağlamlıq imkanları məhdud uşaqlar) üçün İKT-dən, o cümlədən internetdən istifadənin genişləndirilməsi;

- iqtisadi, sosial və mədəniyyət sahələrdə informasiya resurslarının yaradılması və inkişaf etdirilməsi; 

- informasiya və kommunikasiya texnologiyaları sahəsində lisenziyalaşdırma ilə bağlı fəaliyyətdə şəffaflığın təmin olunması, beynəlxalq təcrübənin nəzərə alınması;

- elektron iqtisadiyyata keçidin sürətləndirilməsi; 

- informasiya təhlükəsizliyi üzrə tədbirlərin görülməsi;

- İKT və informasiya təhlükəsizliyi sahələrində müasir ixtisaslar üzrə kadr hazırlığı və ixtisasartırma üçün tədbirlərin görülməsi.

4.4. Rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi

- İKT sahəsində dövlət standartların hazırlanması;

- milli elektron informasiya məkanında Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi.

5. Maliyyə mənbələri

Dövlət Proqramının maliyyə təminatı aşağıdakı mənbələrdən həyata keçirilir:

- dövlət büdcəsi;

- daxili və xarici investisiyalar; 

- beynəlxalq və xarici ölkə təşkilatlarının texniki-maliyyə yardımları, kreditlər və qrantlar; 

- qanunvericiliyə zidd olmayan digər mənbələrin vəsaitləri.

Dövlət büdcəsi üzrə maliyyələşdirmə dövlət büdcəsində aidiyyəti dövlət orqanlarının rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət və xidmətləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir, həmçinin Dövlət Proqramında nəzərdə tutulmuş ayrı-ayrı tədbirlər üçün məqsədli ayırmalar formasında ola bilər.

6. Gözlənilən nəticələr

Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:

- İKT-nin geniş tətbiqi sayəsində respublikada informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması;

- fiziki və hüquqi şəxslərin İKT-dən istifadəyə aktiv cəlb olunması, kompüterlərin və internetin yayılma səviyyəsinin artması, respublika daxilində "rəqəmsal geriliyinin" azaldılması;

-  fiziki və hüquqi şəxslərə keyfiyyətli və qənaətbəxş telekommunikasiya və poçt xidmətlərinin təqdim olunması;

- e-imzanın və e-sənəd dövriyyəsinin tətbiqi, dövlət orqanları arasında informasiya mübadiləsi ilə bağlı xərclərin azalması, dövlət idarəetməsində operativliyin və səmərəliliyin artması;

- “Е-hökumət” həllərinin tətbiqi, səmərəli, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması, əhalinin geniş təbəqələrinin idarəetmə prosesində iştirakı, dövlət orqanlarından informasiyanın elektron formada əldə edilməsinin genişləndirilməsi, vətəndaşların dövlət orqanları ilə əlaqəsinin daha da səmərəli təşkili;

- İKT üzrə yerli sənayenin inkişafı, yeni iş yerlərinin açılması, sektorun ixrac potensialının yüksəldilməsi;

- fiziki və hüquqi şəxslərin poçt şəbəkəsindən istifadə etməklə, respublikanın bütün ərazisində poçt-maliyyə xidmətlərindən istifadəsinə imkan yaradılması;

- milli informasiya resurslarının formalaşdırılması, Azərbaycan dilinin milli elektron informasiya məkanında geniş tətbiqi, maddi-mədəni irsin qorunub saxlanılması və təbliği üçün İKT-dən istifadənin təmin olunması;

- e-ticarət həllərinin geniş tətbiq edilməsi;

- İKT infrastrukturundan istifadənin liberallaşdırılması, azad rəqabətin təmin olunduğu İKT bazarının inkişaf etdirilməsi və beynəlxalq İKT bazarına inteqrasiyasının genişləndirilməsi;

- İKT üzrə insan kapitalının inkişaf etdirilməsi və sahə üzrə mütəxəssislərə olan tələbatın ödənilməsi.

Akronimlər

ÜTT - Ümumdünya Ticarət Təşkilatı
BTİ - Beynəlxalq Telekommunikasiya İttifaqı
ÜPİ - Ümumdünya Poçt İttifaqı
TAE - Trans-Asiya-Avropa
İKT - İnformasiya-Kommunikasiya Texnologiyaları
İT - İnformasiya Texnologiyaları
ATS - Avtomat Telefon Stansiyası
NGN - “Yeni Nəsil Şəbəkələr” (Next Generation Networking)
CDMA - Simsiz rabitə xidməti (Code Division Multiple Access)

7. Dövlət Proqramının həyata keçirilməsi üzrə
TƏDBİRLƏR PLANI

 

 

Sıra
№-si
Tədbirin adı
Tədbirin
məqsədi
İcra
müddəti
İcraçı
təşkilatlar
1
2
3
4
5
7.1. Milli telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişaf etdirilməsi
7.1.1.
Ölkə ərazisində kommutasiya şəbəkələrinin ən müasir texnologiyaların tətbiqi ilə elektronlaşdırılmasının başa çatdırılması və şəbəkələrin tələbata uyğun genişləndirilməsi
Xidmətin yaxşılaşdırılmasının texniki cəhətdən təmin edilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
7.1.2.
Bakı şəhər telefon şəbəkəsinin texniki infrastrukturunun idarə edilməsi və istismarında İT həllərinin tətbiqi
Məlumatların emalının təkmilləşdirilməsi,
yeni texnologiyaların tətbiqi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
7.1.3.
Fiber-optik kabel magistralları şəbəkəsinin inkişaf etdirilməsi
Xidmətin yaxşılaşdırılmasının texniki cəhətdən təmin edilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
7.1.4.
Sahə üzrə müstəqil tənzimləyici qurumun yaradılması
Sahə üzrə ədalətli rəqabətin təmin edilmə şəraitinin yaxşılaşdırılması
2010-2012
Nazirlər Kabineti,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi və aidiyyəti dövlət orqanları
7.1.5.
Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üzrə sertifikatlaşdırma mərkəzinin və akkreditasiya olunmuş sınaq laboratoriyalarının müasirləşdirilməsi və funksional imkanlarının genişləndirilməsi
Sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğun həyata keçirilməsi və informasiya sistemlərinin sertifikatlaşdırılmasının təmin edilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
7.1.6.
Universal telekommunikasiya xidmətlərinin təşkili
Əhatə dairəsinin genişləndirilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
7.1.7.
Mərkəzləşdirilmiş avtomatik radiomonitorinq sisteminin yaradılması
Milli radiotezlik resurslarından səmərəli istifadə edilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
7.1.8.
Radio-televiziya (o cümlədən rəqəmli televiziya) yayımının əhatə dairəsinin genişləndirilməsi, radio-televiziya kanallarının səmərəli yayımının və efir məkanının informasiya təhlükəsizliyinin təmin edilməsi
Xidmətin yaxşılaşdırılması və yayımın genişləndirilməsi, efir məkanının qorunması
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Televiziya və Radio Şurası
7.1.9.
Peyk rabitəsi texnologiyaları əsasında xidmətlərin təşkili üzrə tədbirlərin görülməsi
Yeni texnologiyaların tətbiqi və İKT-dən istifadə imkanlarının genişləndirilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
7.1.10.
Müasir informasiya texnologiyalarından istifadə vasitəsilə sahə üzrə xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi
Təqdim olunan xidmətlərin tərkibinin genişləndirilməsi, keyfiyyətinin və əhalinin bu xidmətlərə çıxış imkanlarının artırılması
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
7.1.11.
Respublikada genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi üçün tədbirlərin görülməsi
Respublikada sürətli internetdən istifadənin genişlənməsinə və keyfiyyətin yüksəlməsinə təsir edəcək şəraitin yaradılması
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
7.1.12.
Poçt şəbəkəsində poçt-maliyyə və digər yeni xidmətlərin təşkili və inkişaf etdirilməsi
Müasir poçt xidmətlərinin inkişaf etdirilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mərkəzi Bank
7.1.13.
Universal poçt rabitəsi xidmətlərinin göstərilməsinin genişləndirilməsi
Əhatə dairəsinin genişləndirilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
7.1.14.
Naxçıvan MR kommutasiya şəbəkəsinin modernləşdirilməsi
Xidmətin yaxşılaşdırılmasının texniki cəhətdən təmin edilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
7.1.15.
İşğaldan azad olunan rayonlarda rabitə şəbəkəsinin bərpası
İşğaldan azad olunan bölgələrdə rabitənin bərpası
azad olunandan sonra 1 il ərzində
Nazirlər Kabineti,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
7.2. Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi
7.2.1.
“E-hökumət” həllərinin tətbiqi və “bir pəncərə” prinsipi əsasında elektron xidmətlərin təşkili
Dövlət orqanlarında İKT-nin tətbiqi səviyyəsinin yüksəldilməsi və dövlət xidmətlərinin elektron şəkildə təqdim olunması
2010-2012
Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti dövlət orqanları
7.2.2.
Dövlət informasiya resurslarının formalaşdırılması və inkişaf etdirilməsi:
     
7.2.2.1.
Mədəniyyət və turizm sahəsi üzrə vahid informasiya portalının yaradılması
Sahə üzrə informasiya xidmətinin yaxşılaşdırılması
2010-2012
Mədəniyyət və Turizm Nazirliyi
7.2.2.2.
Dövlət Qulluqçuları Reyestrinin inkişaf etdirilməsi
Dövlət qulluğu sahəsində informasiya təminatının inkişaf etdirilməsi
2010-2012
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
7.2.2.3.
“Elektron bələdiyyə” pilot layihəsinin işlənilməsi və həyata keçirilməsi
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin və onlar tərəfindən fiziki və hüquqi şəxslərə göstərilən xidmətlərin İKT-nin tətbiqi ilə səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, yerli özünüidarəetmə orqanları
7.2.2.4.
Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin növbəti mərhələ üzrə formalaşdırılmasının davam etdirilməsi
Respublika əhalisinin yerləşməsi və tərkibi, miqrasiyanın dairəsi və istiqaməti, demoqrafiya və digər məsələlərə dair məlumatların toplanması və bununla da əhali barədə vahid dövlət informasiya ehtiyatının yaradılması
2010-2012
Ədliyyə Nazirliyi və aidiyyəti dövlət orqanları
7.2.2.5.
Ailə, qadın və uşaq problemləri üzrə vahid informasiya resursunun yaradılması
Ailə, qadın və uşaq problemləri ilə bağlı informasiyaların vahid dövlət portalında mərkəzləşdirilməsi, onların əldə olunmasının asanlaşdırılması və statistik göstəricilərdə olan çatışmazlıqların aradan qaldırılması
2010-2011
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
7.2.3.
Dövlət informasiya sistemlərinin inkişaf etdirilməsi və inteqrasiyası:
     
7.2.3.1.
Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin iştirakı ilə virtual konfransların təşkili üçün müvafiq sistemin yaradılması
Diaspor təşkilatları ilə müxtəlif məsələlər üzrə operativ müzakirələrin təşkili
2010-2012
Diasporla İş üzrə Dövlət Komitəsi
7.2.3.2.
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin inkişaf etdirilməsi
Hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının fəaliyyətləri ilə bağlı işlərin (sənədləşmə, yoxlama, sorğu və s.) avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsi
2010-2012
Daxili İşlər Nazirliyi və aidiyyəti dövlət orqanları
7.2.3.3.
“Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi
Sistem daxilində elektron müşahidə vasitələri ilə dövlət əhəmiyyətli binaların, əhalinin kütləvi toplantı yerlərinin, küçə və meydanların, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin, sosial və nəqliyyat infrastrukturlarına aid obyektlərin və ərazilərin tam əhatə olunmasını təmin edilməsi, bütövlükdə ictimai təhlükəsizliyə nəzarətin daha da gücləndirilməsi
2010-2011
Daxili İşlər Nazirliyi
7.2.3.4.
Banklar və digər kredit təşkilatları ilə vergi orqanları arasında inteqrasiyanın təşkili
Hesabların açılması üçün təqdim olunan şəhadətnamə - dublikatların və hesablanmış vergilər üzrə borclar və faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və digər işlər barədə məlumatların mübadiləsinin elektron şəkildə həyata keçirilməsi
2010-2011
Vergilər Nazirliyi
7.2.3.5.
Vətəndaşların “Elektron sağlamlıq kartı” sisteminin inkişaf etdirilməsi
Tibbi məqsədlər üçün vətəndaşlar barədə məlumatların mərhələlərlə sistemə daxil edilməsi, elektron qeydlərin aparılması, mövcud informasiya sistemlərinin bu sistemlə funksional inteqrasiyası
2010-2012
Səhiyyə Nazirliyi və aidiyyəti dövlət orqanları
7.2.3.6.
Nümunəvi tibbi-informasiya sisteminin dövlət səhiyyə müəssisələrində mərhələlərlə tətbiqi
Dövlət səhiyyə müəssisələrinin fəaliyyətinin, vətəndaşlara göstərilən səhiyyə xidmətlərinin, səhiyyə idarəçiliyinin və maliyyə xərclərinin proqnozlaşdırılmasının səmərəliliyinin yüksəldilməsi
2010-2012
Səhiyyə Nazirliyi
7.2.3.7.
“Dövlət qulluğuna qəbul” informasiya sisteminin yaradılması və inkişaf etdirilməsi
Müsabiqə və müsahibələrdə vətəndaşlardan ərizə qəbulu prosesinin sadələşdirilməsi, test imtahanı mərhələsində interaktivliyin təmin olunması, müsahibə, vəzifəyə təyinat və ehtiyat kadrların idarə edilməsinin həyata keçirilməsi
2010-2012
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
7.2.3.8.
Azərbaycan terminoloji informasiya sisteminin yaradılması və inkişaf etdirilməsi
Azərbaycan dilində terminlərin elektron bazasının yaradılması, Azərbaycan dili kontentlərdə terminoloji monitorinqin həyata keçirilməsi
2010-2012
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu və aidiyyəti qurumlar
7.2.3.9.
Ali Məhkəmənin “Elektron kargüzarlıq və sənəd dövriyyəsi” sisteminin təkmilləşdirilməsi
Ali Məhkəmənin“Elektron kargüzarlıq və sənəd dövriyyəsi” sisteminin yeni texnologiyalardan istifadə etməklə müasirləşdirilməsi və beynəlxalq təcrübəni nəzərə alaraq inkişaf etdirilməsi
2010-2012
Ali Məhkəmə
7.2.3.10.
Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin yaradılması
Fiziki və hüquqi şəxslərin bir mənbədən sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı, fəaliyyət növləri üzrə lisenziyalar, vergilər və s. barədə məlumat almalarının təmin olunması
2010-2011
Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və aidiyyəti dövlət orqanları
7.2.3.11.
Yerli icra hakimiyyəti orqanları üçün nümunəvi informasiya sisteminin yaradılması
Yerli icra hakimiyyəti orqanının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları və aidiyyəti dövlət orqanları
7.2.4.
 Dövlət orqanlarında e-imzanın və e-sənəd dövriyyəsinin mərhələlərlə tətbiqi:
     
7.2.4.1.
Dövlət orqanlarında elektron imza sisteminin tətbiqi üçün tədbirlərin görülməsi
Dövlət orqanlarında elektron imzadan istifadə üçün imkanların yaradılması
2010-2011
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti
7.2.4.2.
Dövlət orqanlarının vahid elektron sənəd dövriyyəsi sisteminin yaradılması və tətbiqi
Dövlət orqanları arasında effektiv sənəd mübadiləsi üçün infrastrukturun yaradılması
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və aidiyyəti dövlət orqanları
7.2.5.
Dövlət orqanlarının vahid konfidensial multiservis rabitə şəbəkəsinin inkişaf etdirilməsi
Dövlət orqanları arasında təhlükəsiz və operativ informasiya mübadiləsinin təmin olunması
2010-2012
Xüsusi Dövlət Mühafizə Xidməti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
7.2.6.
Dövlət orqanlarının lisenziyalı proqramlarla təmin olunması üçün tədbirlərin görülməsi
Dövlət orqanları tərəfindən əqli mülkiyyətin qorunmasının və istifadə edilən proqram təminatının təhlükəsizliyinin təmin edilməsi 
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti dövlət orqanları
7.3. İnformasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması
7.3.1.
Normativ hüquqi bazanın təkmilləşdirilməsi
İnformasiya cəmiyyətinə keçidi təmin edən normativ hüquqi bazanın işlənilməsi və inkişaf etdirilməsi
2010-2012
Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti dövlət orqanları
7.3.2.
E-ticarətin inkişaf etdirilməsi
E-ticarət həllərinin geniş tətbiq edilməsi və elektron iqtisadiyyata keçidin sürətləndirilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti dövlət orqanları
7.3.3.
Vətəndaşların İKT savadlılığının artırılması və "rəqəmsal geriliyin" azaldılması üçün tədbirlərin görülməsi
"Rəqəmsal geriliyin" azaldılması, vətəndaşların İKT-nin imkanlarından istifadə səviyyəsinin yüksəldilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və aidiyyəti qurumlar
7.3.4.
Əhalinin İKT və informasiya cəmiyyəti barədə maarifləndirilməsi üzrə müxtəlif tədbirlərin keçirilməsi, kitabçaların, terminoloji lüğətlərin, öyrədici vəsaitlərin və s. hazırlanması
Əhalinin İKT və informasiya cəmiyyəti barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, İKT imkanlarından bəhrələnməsinə şərait yaradılması 
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti qurumlar
7.3.5.
Məhdud imkanlı qrupların İKT-dən istifadə imkanlarının artırılması üçün tədbirlərin görülməsi
Məhdud imkanlı qrupların cəmiyyətdə rolunun artırılması
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti qurumlar
7.3.6.
İKT və informasiya təhlükəsizliyi sahələrində ixtisaslı kadrların hazırlanması üçün tədbirlərin görülməsi
Yüksəkixtisaslı kadrlara olan tələbatın ödənilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti qurumlar
7.3.7.
İKT üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, sərgilərin, elmi-praktik konfransların, müsabiqələrin, televiktorinaların, olimpiadaların və s. keçirilməsi
Dövlət Proqramına beynəlxalq və ictimai dəstəyin təmin olunması, İKT-nin inkişafının perspektiv və problemlərinin elmi müzakirəsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti qurumlar
                      7.4. Rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi
7.4.1.
İKT sahəsində dövlətstandartlarının hazırlanması və beynəlxalq standartların tətbiqi üçün tədbirlərin görülməsi
İKT-nin inkişafı, rəqabətqabiliyyətli məhsul və xidmətlərin istehsalının normativ hüquqi bazasının təkmilləşdirilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
7.4.2.
Azərbaycan dili üçün tətbiqi-linqvistik proqram təminatlarının yaradılması
Milli elektron informasiya məkanında Azərbaycan dilinin istifadəsi imkanlarının genişləndirilməsi
2010-2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu və aidiyyəti qurumlar
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07