22 oktyabr 2021, 17:45

Zöhrab Rəhimovdan, Füzuli, Azərbaycan


Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin yüksək siyasi bacarığınız, böyük sərkərdəlik qabiliyyətiniz, ordu quruculuğu ilə bağlı gördüyünüz misilsiz işlər sayəsində torpaqlarımız işğaldan azad edildi, düşmən acı məğlubiyyətə uğrayaraq təslim oldu. Siz 30 illik nisgilimizə son qoymaqla yanaşı, xalqımızın milli qürurunu, mənliyini də özünə qaytardınız. İşğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızın vüqarla dalğalandığını görəndə hər bir azərbaycanlı fərəhlənir.

Əziz Prezident, Siz böyük diplomatik məharətlə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırırsınız. Sizin çıxışlarınızı dinlədikcə qürur hissi keçiririk. Siz bütün dünyaya sübut etmisiniz ki, təkcə döyüş meydanında deyil, eyni zamanda söz və informasiya müharibəsində də zəfər qazanmış bir lidersiniz.

Hörmətli Prezident, azad edilmiş torpaqlarımıza hər səfərinizi diqqətlə izləyirik. Bu səfərlər bizi daha da ruhlandırır, qəlbimizi iftixar hissi ilə doldurur. İnanırıq ki, Sizin birbaşa nəzarətinizlə həyata keçirilən abadlıq, quruculuq işləri başa çatdıqdan sonra Qarabağımız dünyanın ən gözəl bölgələrindən birinə çevriləcək. Füzuli rayonunun ictimaiyyəti adından Sizə minnətdarlığımızı bildiririk.

Uca Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Zöhrab Rəhimov

Qarabağ müharibəsi qazisi

Azərbaycan Respublikası, Füzuli rayonu, Qayıdış qəsəbəsi.