22 oktyabr 2021, 13:55

Vüqar Həsənovdan, Qubadlı, Azərbaycan


Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Biz - Qubadlı rayonunun Teymur Müskanlı kənd sakinləri sevincli günlərimizi yaşayırıq. 28 il həsrətini çəkdiyimiz, ancaq yuxularımızda, xəyallarımızda gördüyümüz ata-baba yurdlarımız vandal ermənilərin işğalından azad olunmuşdur. İndi nəinki biz teymur müskanlılılar, qarabağlılar, bütün Azərbaycan rahat nəfəs alır. Buna görə biz ömrümüz boyu Ali Baş Komandan kimi şəxsin Sizə, qüdrətli Ordumuza, Allahın dərgahına qovuşmuş, torpaqlarımıza qanları tökülmüş şəhidlərimizə və qazilərimizə borcluyuq.

Möhtərəm Prezident, Ulu Öndərimiz uzun illər ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənclərə qayğı ilə yanaşmış və onları diqqət mərkəzində saxlamışdır. Bu 44 günlük müharibədə həmin gənclərin rolu hədsiz dərəcədə böyük olmuşdur. Şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə cansağlığı versin. Biz gənclərdə doğma kəndimizə qayıtmaq, orada yaşayıb-ömür sürmək həvəsi hədsizdir.

Rayonumuzun kəndlərinin, o cümlədən doğma kəndimiz Teymur Müskanlının dağıdılıb xarabalığa çevrilmiş evlərinin Sizin rəhbərliyinizlə bərpasında iştirak etmək həvəsimiz ölçüyəgəlməzdir.

Cənab Prezident, kəndimizin bütün gəncləri adından Sizə təşəkkür edir, quruculuq və bərpa işlərinin həyata keçirilməsində uğurlar arzulayırıq.

Hörmətlə,

Vüqar Həsənov

Azərbaycan Respublikası, Qubadlı rayonu, Teymur Müskanlı kəndi.