22 oktyabr 2021, 13:13

Allahverdi Haxverdiyevdən, Sumqayıt, Azərbaycan


Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə rəşadətli ordumuz tərəfindən ata-baba yurdlarımızın işğaldan azad edilməsi ilə əlaqədar Qubadlı rayonundan olan keçmiş məcburi köçkünlər, YAP Qubadlı rayon təşkilatında birləşən bütün partiya üzvləri adından Zati-alinizə minnətdarlığımızı bildiririk. Tarixi Qələbəmizin bir illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Hörmətli Prezident, Sizin rəhbərliyinizlə respublikamız tərəqqi yolunda sürətlə irəliləyir. Perspektivlərə hesablanmış mütərəqqi ideyalarınızın həyata keçirilməsi bütün ölkə əhalisi kimi, Qubadlı rayonunun sakinlərini də ürəkdən ruhlandırır. Biz, Qubadlı rayonundan olan keçmiş məcburi köçkünlər Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın diqqət və qayğısını daim hiss edirik. Buna görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı, hörmət və ehtiramımızı bildiririk.

Cənab Prezident, Siz bütün dünya azərbaycanlılarının uzun illər idi düçar olduğu sağalmaz bir yaranın dərmanını tapdınız. Siz yüz minlərlə insanın üzərindən qaçqın-didərgin adını götürdünüz. Siz şəhid ata-analarının göz yaşlarını sevinc göz yaşları ilə əvəz etdiniz. İnanırıq ki, Sizin rəhbərliyinizlə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri tez bir zamanda başa çatacaq və həmin yerlərin köklü sakinləri öz doğma yurdlarına qayıdacaqlar.

Müzəffər Ali Baş Komandan, Sizi doğma torpaqlarımızın, o cümlədən Qubadlı rayonunun işğaldan azad edilməsinin bir illiyi münasibətilə bir daha təbrik edirik. Sizə möhkəm cansağlığı, qüdrətli Azərbaycanın daha da inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Haxverdiyev Allahverdi Sərxan oğlu

Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.