14 oktyabr 2021, 15:57

Hamlet Salahovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

İzn verin, öncə Sizi, doğmalarınızı və yaxınlarınızı səmimi qəlbdən salamlayım, xalqımızın xoşbəxt gələcəyi və məmləkətimizin daha da çiçəklənməsi naminə Sizə əbədi cansağlığı, dağlar ömrü və aramsız uğurlar diləyim.

Mübaliğəsiz demək olar ki, Siz Prezidentliyiniz dövründə əsrə bərabər abadlıq, quruculuq işləri görmüsünüz. Ötən illər ərzində həyatımızın bütün sahələri müasirləşmiş, təkcə paytaxt Bakı yox, bölgələrimiz də öz simasını tanınmaz dərəcədə dəyişmiş, xalqımızın rifahı nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdır. İctimaiyyət nümayəndələri ilə vaxtaşırı və səmimi görüşləriniz, göstərdiyiniz sadəlik nümunələri və həyata keçirdiyiniz məqsədyönlü islahatlar, bunu deməyə əsas verir ki, Siz sözün əsl mənasında hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz.

Yaratdığınız sağlam, münbit, təhlükəsiz cəmiyyətə, ictimai-siyasi sabitliyə və firavan yaşayışa görə xalqımız Sizə borcludur, minnətdardır və həmişə ətrafınızdadır. Uğurlarınızı görməmək və ya görüb dəyərləndirməmək ən azından nadanlıq ola bilər. Sizin uğurlu kadr siyasətiniz xüsusi alqışlara layiqdir. Prezidentliyiniz dövründə vətənini, xalqını ürəkdən sevən, pak əməlləri ilə xalq arasında nüfuz qazanan, savadlı-sanballı insanlardan ibarət monolit kadr korpusu formalaşdırmısınız.

Hörmətli cənab Prezident, hər bir şairin, yazıçının, bəstəkarın və ya heykəltaraşın ən gözəl əsərlərindən biri onun şah əsəri adlanır. Sizin imza atdığınız uğurlarınız yüzlərlədir. Lakin ən böyük uğurunuz - şah əsəriniz doğma Qarabağımızı 30 illik işğaldan sonra çox qısa zaman kəsiyində, az itkilərlə erməni faşistlərindən azad etməyinizdir. Təkcə buna görə hər bir bölgənin görkəmli yerlərində abidəniz ucaldılmalıdır. Vətən müharibəsi savaşında xalqımız, xüsusən də gənclərimiz ətrafınızda monolit kimi birləşərək, torpaqlarımızı yağı düşməndən azad etdilər.

Ömrümün qürub çağlarını yaşasam da, Vətənimiz Azərbaycan üçün lazım gəlsə, polad kimi gərilərəm, torpağına sərilərəm.

Sizə eşq olsun, cənab Prezident! Ulu Yaradanımız Sizi qorusun, kölgənizi xalqımızın başı üstündən əskik etməsin. Amin!

Səmimi hörmətlə,

Salahov Hamlet Salah oğlu

"Azərbaycan Bayrağı" ordenli

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.