14 oktyabr 2021, 15:32

Xəyal Hacızadə və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında hundan sonra kitablar yazılacaq, filmlər çəkiləcəkdir. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Sizin son 18 ildə həyata keçirdiyiniz güclü dövlət, güclü ordu strategiyanız, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi olmuşdur.

Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!

Vətən müharibəsi zamanı Azərbaycan torpaqları uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Gəncə şəhər Yeni Gəncə qəsəbəsində, 59 nömrəli binanın yanında sakinlər tərəfindən 44 ağac əkilmiş, yeni işıqlandırma sistemi quraşdırılmış, təmizlik işləri aparılmış və şəhidlərimizin şəkillərini əks etdirən böyük lövhə vurulmuşdur.

Cənab Prezident, xalqımıza yaşatdığınız qürurla anlara görə sakinlər adından Sizə təşəkkür edirik.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Hacızadə Xəyal Faxrəddin oğlu

Şərifova Dilbər Hacı qızı

Mirzəzadə Aliyə Elçin qızı

Xəlilov Cəmil Qaya oğlu

Zülfiqarov Rövşən Nizami oğlu və başqaları (34 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri.