11 oktyabr 2021, 11:02

Rəna Muradovadan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar əməyimə yüksək qiymət verərək məni "Əməkdar müəllim" fəxri adı ilə təltif etdiyinizə görə Sizə fəxarət, sevinc hissi ilə böyük ehtiramımı və dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıram.

Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi ki, həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.

Siz müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirərək, Azərbaycanın dinamik inkişafı, dünya birliyinə inteqrasiya etməsi üçün xalqını, dövlətini sevən bir rəhbər kimi hamımızın qəlbində əbədi yer tutmusunuz. Sizin rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi və xalqımız tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı. Qazandığımız şanlı Zəfər, möhtəşəm Qələbə Azərbaycanda tarixən formalaşan multikultural və tolerant dəyərlərin, xalq-dövlət-ordu birliyinin təntənəli nəticəsidir. Məhz bu vəhdət nəticəsində hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!" sözləri altında səfərbər olmağı bacardı və erməni vandallarından torpaqlarımızı azad etməklə Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.

Hörmətli cənab Prezident, müəllimlik peşəsini yüksək qiymətləndirərək məni təltif etdiyiniz üçün Sizə bir daha öz adımdan və ailə üzvlərimin adından dərin minnətdarlığımı bildirir, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin tərəqqisi və xalqımızın xoş gələcəyi naminə apardığınız ardıcıl, məqsədyönlü fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Ulu Tanrı Sizi qorusun.

Böyük hörmət və ehtiramla,

Rəna Muradova

“Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif edilmiş ingilis dili müəllimi

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.