“Gülüstan” sarayında Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilmişdir

22 iyul 2010, 22:54
“Gülüstan” sarayında Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilmişdir

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çıxış etmişdir. O demişdir:

- Hörmətli mətbuat nümayəndələri!

Xanımlar və cənablar!


Bu gün Azərbaycan milli mətbuatının 135 ili tamam olur və bu əlamətdar hadisə bütün ölkədə qeyd edilir. Cənab Prezidentin Sərəncamına uyğun olaraq bütün rayon və şəhərlərimizdə, əmək kollektivlərində mətbuatın 135 illiyi münasibətilə təntənəli tədbirlər keçirilib. Bu gün isə biz “Gülüstan” sarayında bu əlamətdar hadisəni qeyd edirik. İstərdim ölkə başçısı adından bütün mətbuat orqanlarının əməkdaşlarını bir daha ürəkdən təbrik edib, sizin hər birinizə böyük uğurlar və xoşbəxtlik arzulayım.

Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşri ilə qoyulub və qəzetin ilk sayında onun məramı bu cür ifadə olunurdu: “Bizim zəmanə dəyişməni tələb edir. O kəslər ki, həmişə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə kökündən tərəqqi edib irəli gedirlər”. Beləliklə, qəzet ilk günlərindən millətimizin inkişaf yoluna işıq saçdı.

Fərəhləndirici haldır ki, Azərbaycanda milli mətbuatın yubileylərinin geniş təntənə ilə qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilmişdir. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ilin martında verdiyi fərman ilə qoyulmuşdur. Ulu öndərin yolunu dönmədən davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il iyun ayının 10-da “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda yubileyin ölkəmizdə geniş qeyd olunması üçün Prezident Administrasiyasına konkret tapşırıqlar verilmişdir. Prezident Administrasiyası təsdiq olunmuş tədbirlər planı əsasında müvafiq qurumlarla birlikdə ölkə ərazisində yubiley tədbirlərinin keçirilməsini təmin etmişdir.

Hörmətli mərasim iştirakçıları!

Azərbaycan milli mətbuatı çox çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçmişdir. 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmış, dini mövhumata və cəhalətə qarşı kəskin çıxışlar etmişdir. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir. Sonrakı illərdə görkəmli ziyalılarımız tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Tazə həyat”, “Həqiqət”, “Tərəqqi”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar məhz “Əkinçi”nin ideya xəttini və ənənələrini davam etdirmiş, ötən əsrin əvvəllərində vüsət alan milli oyanış və özünüdərk proseslərinə mühüm töhfələr vermişlər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli mətbuat azadlıq ideyalarının inkişaf etdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesinin fəal iştirakçısı olmuşdur. Həmin dövrdə söz və mətbuat azadlığını təsbit edən hüquqi sənədlər qəbul edilmiş, Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilərin rəhbərliyi ilə “Azərbaycan” qəzeti fəaliyyətə başlamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu iki il ərzində ölkədə 129 qəzet və jurnal nəşr olunmuşdur.

Sovet hakimiyyəti illərində mətbuat əsasən kommunist dünyagörüşünü ifadə etmiş, ideoloji buxovlar və sərt senzura şəraitində fəaliyyət göstərmişdir. Bununla yanaşı, həmin illərdə qəzet və jurnalların sayı artmış, teleradio jurnalistikası təşəkkül tapmış, mətbuatımızın coğrafiyası genişlənərək respublikanın həyatının bütün sahələrini əhatə etmişdir. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı xalqımızın zəngin milli ənənələrini qoruyub saxlaya bilmiş, öz səhifələrində ölkə həyatının bütün tərəflərini geniş işıqlandırmış, maarifçilik funksiyasını davam etdirərək respublikamızın ictimai-siyasi və mədəni həyatında baş verən hadisələrdən və proseslərdən kənarda qalmamışdır.

Dövlət müstəqilliyi əldə etdikdən sonra Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilmiş, bununla da mətbuata tətbiq edilən senzura aradan qaldırılmış, milli mətbuatın inkişafı yolunda yeni perspektivlər açılmışdır. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunmuş və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilmişdir. 2003-cü ildə Azərbaycan Jurnalistlərinin Birinci Qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaranmışdır.

Azərbaycan Respublikasının Konstitusiyası, 1999-cu ilin dekabrında qəbul olunmuş və sonrakı illərdə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində təkmilləşdirilmiş “Kütləvi informasiya vasitələri haqqında” Qanun, 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” Qanun söz və məlumat azadlığına, mətbuatın və jurnalistlərin müstəqil fəaliyyətinə tam təminat verir.

Bu gün Azərbaycanda Heydər Əliyevin siyasəti və ənənələri uğurla davam etdirilir. Ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin mətbuat siyasətinin əsas xəttini təşkil edir.

Son illər mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişlənmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən redaksiyaların “Azərbaycan” nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənildi. 2005-ci ildən bu günə kimi 300-ə yaxın KİV əməkdaşı dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzet redaksiyasına, yenə də ayrılıqda 10 min manat məbləğində dövlət tərəfindən yardım ayrılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2008-ci il 31 iyul tarixli Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəddir. Konsepsiyada əks olunmuş məsələlərin həlli üçün 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ardıcıl tədbirlər həyata keçirir. 2009-cu ildə bu məqsədlə dövlət büdcəsindən Fonda 1,3 milyon manat, 2010-cu ildə isə 2 milyon manat ayrılmışdır. Gələcəkdə də bu sahəyə lazımi diqqət yetiriləcəkdir.

Söz və məlumat azadlığının təmin olunması sahəsində məqsədyönlü şəkildə həyata keçirilmiş siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Ölkəmizdə 4200-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində uçota götürülmüş, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. Respublikamızda 36 gündəlik, 100-ə yaxın həftəlik və 80-dən artıq aylıq qəzet nəşr olunur.

Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Azərbaycan hökuməti bundan sonra da demokratiyanın inkişaf etdirilməsi sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir.

Bu gün bir daha sizi bayram münasibətilə təbrik edir və müstəqil dövlətçiliyimiz naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətli mərasim iştirakçıları! Diqqətinizə çatdırıram ki, bu gün respublika Prezidenti cənab İlham Əliyev Azərbaycan Mətbuat Şurasının yeni binasının açılışı mərasimində iştirak edib və Şuranın İdarə Heyətinin üzvlərinə dövlət təltiflərini təqdim etmişdir. Cənab Prezident dünən və bu gün imzaladığı sərəncamlarla kütləvi informasiya vasitələrinə maddi yardım ayırmış, mətbuat işçilərinin böyük bir qrupunu mükafatlandırmışdır. Bundan başqa, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat maliyyə vəsaitinin ayrılması haqqında qərar qəbul etmişdir. Həmin sərəncamlarla sizi tanış etmək üçün sözü Prezident Administrasiyası ictimai– siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova verirəm.

X X X

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Azərbaycan Respublikasının mətbuat işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında”, “Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında” 2010-cu il 21 iyul tarixli və “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli sərəncamlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Sonra Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılmışdır. Qurumun icraçı direktoru Vüqar Səfərli müxtəlif mövzular üzrə fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini elan etmişdir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev mükafatları qaliblərə təqdim etmişdir.

Sonda Mətbuat Şurasının milli mətbuatın 135 illiyi münasibətilə təsis etdiyi “Ali media mükafatı”nın ilk təqdimetmə mərasimi olmuşdur.

Tədbir konsert proqramı ilə başa çatmışdır.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51